Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-785/2023 29.11.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, X11 oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X3 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxs, müdafiəçi “Şimal” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1994-cü il tarixində, Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, işsiz, orta təhsilli, məhkumluğu olmayan, ünvan 1, mənzil 168də qeydiyyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 0,827 qram narkotik vasitə olan heroini 30 may 2023-cü il tarixdə, saat 16 radələrində tanışı X7 Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində 10 manat müqabilində əldə edib, üzərində qanunsuz daşıyaraq saxlamış, Sumqayıt şəhər polis İdarəsinin Narkotiklərlə mübarizə bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində 31 may 2023-cü il tarixdə, saat 01:50-də Sumqayıt şəhəri, Üzeyir Hacıbəyov küçəsində yerləşən «Bravo» marketin qarşısında olan zaman saxlanılıb Sumqayıt ŞPİ-yə gətirilərək üzərində şəxsi axtarış aparılan zaman əynində olan qara rəngli şalvarının sağ yan cibindən 01 ədəd bükümdə 0,827 qram olan qəhvəyi rəngli toz şəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Bundan başqa, o, satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 0,266 qram narkotik vasitə olan heroini istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz əldə edib üzərində qanunsuz daşıyaraq saxlamış, Sumqayıt şəhər polis İdarəsinin İstintaq şöbəsində istintaq olunan cinayət işi üzrə barəsində axtarış elan edilməsi ilə bağlı Sumqayıt ŞPİ-nin 3-cü polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 14 iyun 2023-cü il tarixdə saat 09:45-də yaşadığı ünvan 1 ünvanının qarşısında saxlanılıb 3-cü polis bölməsinə gətirilərək üzərində şəxsi axtarış aparılan zaman əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən «sobranie» markalı siqaret qutusunun üzərindəki sellofan üzlükdən 01 ədəd bükümdə 0,266 qram olan qəhvəyi rəngli toz şəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, ünvan 1, mənzil 168- də qeydiyyatda olmaqla yaşayır. Əvvəllər Azərbaycan Respublikası CM-nin 177.2.2 və 29,177.2.2-ci maddələri ilə məhkum olunmuşdur. Halhazırda daimi olaraq heç bir yerdə işləmir. O, bədənində ağrılar olduğu üçün uzun müddətdir ki, narkotik vasitə heroin qəbul edir. xx.xx.2023-cü il tarixində günorta saat 16da X8 Sumqayıt şəhəri, Corat qəsəbəsində olarkən 10 manata bir ədəd şəffaf sellofona bükülmüş bükümdə narkotik vasitə olan heroin almışdır. xx.xx.2023-cü il tarixdə, saat 01 radələrində Sumqayıt şəhəri, Üzeyir Hacıbəyov küçəsi, “Bravo” marketin qarşısında olarkən narkotik vasitə heroin onun üzərində olmuşdur. xx.xx.2023-cü il tarixdə, saat 01:50 radələrində o, Sumqayıt şəhəri, Üzeyir Hacıbəyov küçəsi, “Bravo” marketin qarşısında olarkən mülki geyimli şəxslər yaxınlaşaraq polis əməkdaşları olduqlarını deyib onu narkotik vasitələrin qəbulu və üzərində gəzdirilməsində şübhəli olduğu üçün Sumqayıt ŞPİ-nə dəvət etmişlər və o, etiraz etmədən onlarla birlikdə getmişdir. Pİ-də olan zaman ona üzərinə şəxsi axtarış keçiriləcəyi elan edilmiş və o, buna etiraz etməmişdir. Daha sonra ona müdafiəçinin iştirakı ilə videogörüntü ilə üzərinə şəxsi axtarış keçiriləcəyini demişlər. Şəxsi axtarış zamanı ona üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyanı təqdim etməyi təklif edilmişdir. Həmin vaxt o, özü əynində olan qara rəngli şalvarının sağ yan cibində saxladığı 1 ədəd sarı rəngli kağız şəffaf rəngli sellofan bükümündə bükümü və sol yan cibində saxlamış olduğu 3 manat pulu təqdim etmişdir. Həmin büküm açılan zaman bükümün içərisində spesifik iyə malik qəhvəyi rəngli narkotik vasitə olan “heroin”ə bənzər olan maddənin olduğu müəyyən olunmuşdur. Sorğu zamanı üzərindən aşkar olunmuş maddənin narkotik vasitə olan “kakos” olduğunu bildirmişdir. Həmin vaxl üzərindən aşkar olunmuş maddə tərəziyə qoyulub çəkilən zaman həmin maddənin sarı rəngli kağız bükümlə birlikdə ümumi çəkisinin 0,92 qram olduğu müəyyən edilmiş və aşkar olunmuş həmin maddə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinə göndərilməsi üçün xüsusi qaydada qablaşdırılaraq möhürlənmişdir. Daha sonra onun barəsində Sumqayıt ŞPİ-nin İstintaq şöbəsində cinayət işi başlanılmış, o, həmin iş üzrə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və saxlanıldığı X9 azadlığa buraxılmışdır. Azadlıqda olduğu müddətdə yenə də narkotik vasitə istifadə etməyə başlamışdır. 12 iyun 2023-cü il tarixdə Bakı şəhərində 20 Yanvar dairəsi deyilən yerdə olan zaman tanımadığı şəxsdən 10 manata istifadə etmək üçün narkotik vasitə heroin almışdır. Həmin heroindən az miqdarını istifadə etmiş və bir qədər miqdarı üzərində qalmışdır. 14 iyun 2023-cü il tarixdə saat 09:45 radələrində ünvan 1 ünvanının qarşısında olan zaman 2 nəfər mülki geyimdə olan şəxslər ona yaxınlaşıb özlərini polis əməkdaşı kimi təqdim edərək bildirmişlər ki, Sumqayıt ŞPİ-nin İstintaq şöbəsində barəsində istintaq olunan cinayət işi üzrə müstəntiqin çağırışlarına gəlmədiyi üçün barəsində axtarış elan edilmiş, buna görə onlarla polis idarəsinə getməlidir. Polis əməkdaşları onunla söhbət edən zaman könüllü olaraq üzərində narkotik vasitə olduğunu etiraf etmiş və polis əməkdaşları onun 3-cü polis bölməsinə dəvət etmişlər. O da etiraz etməmiş və polis əməkdaşları ilə polis bölməsinə gəlmişlər. PB-də olan zaman ona üzərinə şəxsi axtarış keçiriləcəyi elan edilmiş və o, buna etiraz etməmişdir. Daha sonra ona müdafiəçinin iştirakı ilə videogörüntü ilə üzərinə şəxsi axtarış keçiriləcəyini demişlər. Daha sonra isə videoçəkiliş vasitəsilə üzərinə şəxsi axtarış keçirilməyə başlanmışdır. Şəxsi axtarış zamanı ona üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyanı təqdim etməyi təklif edilmişdir. Həmin vaxt o, özü əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən bir ədəd «sobranie» markalı siqaret qutusunu çıxarıb, həmin siqaret qutusunun üzərindəki sellofanın altında saxladığı 1 ədəd qızılı rəngli siqaret kağızına bükülmüş bükümü təqdim etmişdir. Həmin büküm açılan zaman bükümün içərisində spesifik iyə malik qəhvəyi rəngli narkotik vasitə olan “heroin”ə bənzər olan maddənin olduğu müəyyən olunmuşdur. Sorğu zamanı üzərindən aşkar olunmuş maddənin narkotik vasitə olan "kakos” olduğunu, həmin maddəni 2 gün əvvəl 20 Yanvar dairəsi deyilən yerdə tanımadığı şəxsdən 10 manata aldığını və üzərində gəzdirdiyini bildirmişdir. Həmin vaxt üzərindən aşkar olunmuş maddə tərəziyə qoyulub çəkilən zaman həmin maddənin bükümlə birlikdə ümumi çəkisinin 0,51 qram olduğu müəyyən edilmiş və xüsusi qaydada qablaşdırılaraq möhürlənmişdir. Məhkəmə iclasında şahid Sumqayıt ŞPİ-nin Narkotiklərlə mübarizə bölməsinin əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərdi ki, xx.xx.2023-ci il tarixdə Sumqayıt şəhərində Şahnəzər adlı şəxsin narkotik vasitələrin qəbulu və üzərində gəzdirilməsi barədə daxil olmuş məlumat əsasında həmin gün saat 01:50-də Sumqayıt şəhəri Üzeyir Hacıbəyov küçəsi “Bravo” marketin qarşısında saxlanılaraq Sumqayıt ŞPİ-yə gətirilmiş və orada xidməti otaqlardan birində videoçəkiliş aparılmaqla təhqiqatçı Elnur Feyzullayev sonradan anket məlumatları bəlli olan Təqsirləndirilən şəxs özünü təqdim edərək, onun da özünü təqdim etməsini xahiş edib, saxlanmasının səbəbini bildirmişdir. Təqsirləndirilən şəxs də özünü təqdim etmişdir. Daha sonra polis əməkdaşları da özlərini təqdim etmişlər, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışa başlamazdan əvvəl təhqiqatçı Elnur Feyzullayev tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələri barədə bildiriş və hüquqlarının müdafiəsini təmin edəcək vəkili X2 təqdim olunmuş, Təqsirləndirilən şəxs bildirişlə tanış olub, vəkilə etiraz etməmişdir. Daha sonra isə videoçəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilərək sonuncuya üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyanı təqdim edilməsi təklif edilmişdir, Şahnəzər də özü əynində olan qara rəngli şalvarın sağ yan kiçik cibində saxladığı 1 ədəd şəffaf rəngli sellofan bükümündə bükümü təqdim etmişdir. Həmin büküm açılan zaman bükümün içərisində narkotik vasitə olan heroin müəyyən olunmuşdur. Sorğu zamanı Şahnəzər üzərindən aşkar olunmuş heroini Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində şəxsi istifadəsi üçün 10 manata aldığını və üzərində gəzdirdiyini bildirmişdir. Həmin vaxt Şahnəzərin üzərindən aşkar olunmuş maddə tərəziyə qoyulub çəkilən zaman həmin maddənin şəffaf rəngli sellofan bükümü birlikdə ümumi çəkisinin 0,92 qram olduğu müəyyən edilmiş və aşkar olunmuş həmin maddə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinə göndərilməsi üçün xüsusi qaydada qablaşdırılaraq möhür ilə möhürlənmişdir. Daha sonra şəxsi axtarış keçirilməsi barədə protokol tərtib olunmuş, o da digər iştirakçılar kimi protokolla tanış olub, protokolun doğruluğunu öz imzası ilə təsdiq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı üzərindən aşkar edilmiş 3 manat pul sonuncuya qaytarılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 3-cü polis bölməsinin əməkdaşı Şahid4 ifadəsində göstərmişdir ki, bölmənin əməliyyat müvəkkili Şahid3 icraatında olan Sumqayıt ŞPİ-nin İstintaq şöbəsinin baş müstəntiqi Tural Əhmədli tərəfindən qəbul edilmiş «təqsirləndirilən şəxsin barəsində axtarış elan edilməsi haqqında» 08 iyun 2023-cü il tarixli qərara açılmış axtarış işi üzrə Təqsirləndirilən şəxs yerinin müəyyən edilməsi istiqamətində əməliyyat tədbirləri həyata keçirilməyə başlanmışdır. 14 iyun 2023-cü il tarixdə Sumqayıt ŞPİ-nin 3-cü polis bölməsinin əməliyyat müvəkkili Şahid3 ilə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs saat 09:45-də yaşadığı Sumqayıt şəhəri, Corat qəsəbəsi 76 saylı evin qarşısında saxlanılmışdır. Təqsirləndirilən şəxs saxlanılmasının səbəbi izah olunduqda və sonuncu ilə şifahi söhbət aparılan zaman üzərində narkotik vasitə olduğunu etiraf etmişdir. Bu səbəbdən Təqsirləndirilən şəxs tərəflərindən Sumqayıt ŞPİ-nin 3-cü polis bölməsinə dəvət olunaraq gətirilmişdir. PB-də olarkən raportla rəhbərliyə müraciət olunmuş, raportla bağlı araşdırma aparılması təhqiqatçı Zamiq Quliyevə həvalə olunmuşdur. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularaq sonuncuya hüquqlarının müdafiə olunması üçün vəkil təyin olunmuş, sonra isə Təqsirləndirilən şəxs üzərinə videoçəkilişlə şəxsi axtarış keçirilməyə başlanılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya və ya predmet olduğu təqdirdə onları təqdim etməsi təklif olunduqda, sonuncu əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən bir ədəd «sobranie» qutusunu çıxarıb həmin qutunun üzərindəki sellofanın altında olan qızılı rəngli kağız bükümü çıxarıb təqdim etmiş və həmin büküm açılan zaman içərisində qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər maddə olması müəyyən olunmuşdur. Daha sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, lakin başqa hər hansı bir qanunsuz əşya aşkar olunmamışdır. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümdə olan maddənin nə olması və onu haradan əldə etməsini soruşduqda, bükümdə olan maddənin narkotik vasitə heroin olduğunu, həmin maddəni 2 gün əvvəl 20 Yanvar dairəsi deyilən yerdə tanımadığı şəxsdən 10 manata öz istifadəsi üçün aldığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd büküm təhqiqatçı tərəfindən qablaşdırılmaqla götürülmüşdür. Sonra protokol tərtib olunmuş və bütün iştirakçılar həmin protokola imza etmişlər. Digər şahidlər Şahid1 və Şahid3 məhkəmə iclasında üzrlü səbəbdən iştirak etmədiyi üçün məhkəmə tərəfindən onun ibtidai istintaq zamanı vermiş olduğu ifadələr elan edilmişdir. Məhkəmə tərəfindən iş üzrə aşağıdakı sübutlar tədqiq edilmişdir. Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, fakta görə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – Cinayət Məcəlləsi) 234.1-ci maddəsi ilə cinayət işi başlanmış və icraata qəbul edilməklə istintaqı aparılmışdır. “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə, saat 01:50-də Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. “Şəxsi axtarışın keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokolundan görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, Üzeyir Hacıbəyov küçəsi, «Bravo» marketin qarşısında Sumqayıt ŞPİ-nin NMB-nin əməkdaşları tərəfindən xx.xx.2023-cü il tarixdə, saat 01:50-də tanışı X10 ilə birlikdə saxlanılaraq Sumqayıt ŞPİ-yə gətirilmişdir. Təqsirləndirilən şəxs Pi-nə gətirildikdən sonra inspektor-kriminalist rəqəmsal tipli ”Panasonic” markalı videokameranı işə salmış və iştirakçılarla birlikdə həmin tarixdə Pİ-də, xidməti otaqların birində onun üzərinə şəxsi axtarış keçirilmişdir. Şahnəzər Bəxtiyar oğlunun üzərinə şəxsi axtarışa başlanmazdan əvvəl ona hüquq və vəzifələr barədə bildiriş və hüquqlarının müdafiəsini təmin edəcək vəkili X1 təqdim olunmuş, daha sonra isə videoçəkiliş vasitəsilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilərək sonuncuya üzərində hər hansı bir əmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vvardırsa, həmin əşyanı təqdim edilməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs özü əynində olan ara rəngli idman şalvarının sağ yan cibində saxlamış olduğu 01 ədəd şəffaf sellofana bükülmüş bükümü və 3 manat pulu təqdim etmişdir.Daha sonra həmin 01 ədəd şəffaf sellofan bükülmüş büküm açılan zaman içərisində qəhvəyi rəngli toz halında olan maddənin olduğu müəyyən edimişdiri. Sorğu zamanı Təqsirləndirilən şəxs ondan aşkar olunan bükümün içərisində olan maddənin “kakos” olduğunu, həmin maddəni xx.xx.2023-cü il tarixdə, günorta saatlarındaa onunla birlikdə saxlanılan X8 Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində 10 manata aldığını, bundan əvvəl də ondan bir neçə dəfə narkotik vasitə aldığını, saxlanılan zaman isə Elçinin başqa bir şəxsə narkotik vasitə satmaq üçün getdiyindən onunla birgə Sumqayıt şəhəri, Üzeyir Hacıbəyov küçəsində yerləşən “Bravo” marketin qarşısına getməsini xahiş etdiyini, üzərindən aşkar olunan maddəni şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş həmin büküm tərəziyə qoyulub çəkilən zaman həmin bükümün çəkisinin 0,92 qram olduğu müəyyən edilmiş və aşkar olunmuş həmin maddələr Azərbaycan Respublikası ƏN-nin MEM-nə göndərilməsi üçün xüsusi qaydada qablaşdırılaraq Azərbaycan Respublikasının DİN-nin 124 saylı möhürü ilə möhürlənmişdr. xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin maddədə nəzərdə tutulmuş ittiham ona elan edilmişdir. Təqsirləndirilən şəxsin dindirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs kimi ifadəsi alınmışdır. Təqsirləndirilən şəxsin X9 azad edilməsi, qətimkan tədbirinin seçilməsi barədə xx.xx.2023-cü il tarixli qərara əsasən Təqsirləndirilən şəxs həmin tarixdə saxlanıldığı Sumqayıt ŞPİ-nin X9 azad edilmiş və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin materialların məhkəmə ekspertizasının xx.xx.2023-cü il tarixli, 6/3103 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün № 124» dairəvi möhür əksi olan, «imza» Saxlanılan şəxs: Təqsirləndirilən şəxs...» sözləri, ad, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdəki 1 (bir) ədəd sellofan bükümdə təmiz çəkisi 0,827 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr’in siyahısına daxildir. Heroinin təmiz çəkisi 0,827 qram, tədqiqata sərf edildi 0,05 qram, qalıq 0,777 qram. Təqsirləndirilən şəxsin barəsində şəxsi axtarış elan edilməsi barədə xx.xx.2023-cü il tarixli qərarla Təqsirləndirilən şəxs seçilmiş qətimkan tədbirinin şərtlərini pozduğu üçün barəsində axtarış elan edilmişdir. Şübhəli şəxsin tutulması haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə, saat 09:45-də ünvan 1-nın qarşısında saxlanılaraq 3-cü Polis bölməsinə gətirilmişdir. “Şəxsi axtarış və götürülmə aparılması haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində iştirakçıların və müdafiəçinin iştirakı ilə axtarış keçirilmiş, axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən «sobranie» markalı siqaret qutusunun sellofan üzlüyünün arasından qızılı rəngli kağız bükümü çıxarıb təqdim edərək kakos olduğunu bildirmişdir. Həmin “kakosu” 2 gün əvvəl 20 Yanvar dairəsi deyilən yerdə tanımadığı şəxsdən 10 manata aldığını bildirmiş, həmin maddə elektron tərəzi vasitəsi ilə ölçülmüş və 0,51 qram olması müəyyən edilmişdir. İş üzrə təyin edilmiş məhkəmə-kimyəvi ekspertizasının 14 iyun 2023-cü il tarixli, 6/3350 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində «Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №127» dairəvi möhür əksi olan, «Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş...» sözləri və imzalar olan bir ədəd zərfin içərisində bir ədəd bükümdə təmiz çəkisi 0,266 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına daxildir. Heroinin təmiz çəkisi 0,266 qram, tədqiqata sərf edildi 0,05 qram, qalıq 0,216 qram. xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs üzərindən 0,266 qram narkotik vasitə heroin aşkar edilməsi ilə bağlı Sumqayıt ŞPİ-nin 3-cü Polis bölməsində toplanmış material sabiq baş müstəntiq Tural Əhmədli tərəfindən cinayət işinin materiallarına birləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” Publik hüquqi şəxsin 919 saylı, xx.xx.2023-cü il tarixli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs bədəni üzərində xəsarət və ya xəsarət izi aşkar edilməmişdir. Təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında xx.xx.2023-cü il tarixli qərarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə yeni məzmunda ittiham elan edilmişdir. Təqsirləndirilən şəxsin X9 azad edilməsi, qətimkan tədbirinin seçilməsi barədə xx.xx.2023-cü il tarixli qərara əsasən Təqsirləndirilən şəxs həmin tarixdə saxlanıldığı Sumqayıt ŞPİ-nin X9 azad edilmiş və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş üzrə təyin edilmiş məhkəmə-narkoloji ekspertizasının 26 iyul 2023-cü il tarixli, 4742 nömrəli rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asıllıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 177.2.2, 29, 177.2.2, 69.4 maddələri ilə 2 500 manat məbləğində cərimə olunmuşdur. O, xx.xx.2016-cı ildə Sumqayıt Şəhər Məhkəməsinin qərarı ilə Azərbaycan Respublikası CM-də dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası xx.xx.2016-cı il tarixli qanunun tələblərinə uyğun olaraq törətdiyi əməllər CM-in 177-ci madəsi ilə məsuliyyət yaratmadığı üçün barəsində olan cinayət işi xitam olunmuş və təyin edilmiş cərimə cəzasında azad edilmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilən video disklərə baxış zamanı Təqsirləndirilən şəxs narkotik vasitələri daşıyaraq üzərində saxlaması öz təsdiqini tapmışdır. “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə elan edilmiş 15 iyun 2023-cü il tarixli ittiham düzgün və əsaslı olduğundan dəyişdirilmədən öz qüvvəsində saxlanılmış və 15 iyun 2023-cü il tarixdə sabiq baş müstəntiq Tural Əhmədli tərəfindən barəsində polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi nəzərə alınmış, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd olunmuş və bu barədə material ayrılaraq saxlanılmasından ötrü Sumqayıt şəhər prokurorluğunun dəftərxanasına verilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini təkrar törətməsi Azərbaycan Respublikası CM- nin 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal kimi qəbul edilmiş, Təqsirləndirilən şəxs üzərindən 31 may 2023-cü il tarixdə aşkar olunmuş narkotik vasitə hesab edilən təmiz çəkisi 0,827 qram heroin, 14 iyun 2023-cü il tarixdə aşkar olunmuş narkotik vasitə hesab edilən təmiz çəkisi 0,266 qram heroin və 02 ədəd disk iş üzrə mühüm sübut əhəmiyyəti kəsb etdiyinə görə maddi sübut kimi tanınmış, ekspertiza tədqiqatlarından sonrakı çəkisi 0,777 qram və 0,216 qram qalmış heroinlər təqsirləndirilən şəxs müdafiəçisi ilə birlikdə cinayət işi materialları və maddi sübutlarla tanış olduqdan sonra saxlanması üçün Sumqayıt şəhər polis idarəsinin saxlanc otağına verilmiş, 02 ədəd diskin isə cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmış, qərarın təsviri hissəsində göstərilən və ittihamı təsdiq edən Təqsirləndirilən şəxs və şahidlərin ifadələri, şəxsi axtarış və götürmə aparılması haqında və digər istintaq hərəkəti protokolları, məhkəmə-kimyəvi və məhkəmənarkoloji ekspertizalarının rəyləri və istintaq zamanı toplanmış digər sənədlər onların həqiqiliyinə, yaranma mənbələrinə və əldə edilmə hallarına şübhələr olmadığından, həmin cinayət işi üzrə mötəbər sübutlar kimi qiymətləndirilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi ilə əlaqədar istintaqla müəyyən edilməli hallar üzrə toplanmış mümkün sübutların həcmi cinayət işi üzrə mötəbər və yekun nəticəyə gəlməyə imkan verdiyindən həmin sübutlar kifayət etmiş hesab edilmişdir. Beləliklə, məhkəmə toplanmış sübutları araşdıraraq və onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli onun özünün ifadəsi ilə yanaşı, şahid ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir. İnsan Hüquqlarının və X6 haqqında Avropa Konvensiyasının 5.1-ci maddəsinə əsasən “Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır”. Həmin Konvensiyanın 6.2-ci maddəsinə əsasən “Cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02 aprel 2012-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75- ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 15 mart 2022-ci il tarixli qərarlarında belə bir hüquqi mövqelər əks olunmuşdur ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyası, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. Məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Ədalətli cəzanın təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – Cinayət Məcəlləsi) 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma-bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o, törətdiyi cinayətə görə cəzalandırılmalıdır. Cinayət Məcəlləsində göstərilmişdir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır (8.1). Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir (41.2). Cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir (58.1). Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır (58.3). Hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır (69.3). Cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir (93.1.2). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. 2005-ci il 28 iyun tarixli 961-İİQ saylı Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarın görə siyahı”ya əsasən heroinin 0,15 qram və ondan yuxarı həddi şəxsi istehlak miqdarından artıq miqdar hesab edilir. Cinayət Məcəlləsinin 16.1-ci maddəsinə əsasən bu Məcəllənin eyni bir maddəsi ilə nəzərdə tutulmuş cinayətin iki dəfə və ya iki dəfədən çox törədilməsi, cinayətin təkrar törədilməsi hesab edilir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 18-ci maddəllərinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16-cı maddəsində nəzərdə tutulan cinayətlərin təkrarlığı zamanı ona daxil olan cinayətlər vahid niyyət və ümumi məqsədlə birləşmir və hər bir ayrı əməl digərləri ilə faktiki əlaqədə olmur. Göründüyü kimi Təqsirləndirilən şəxs 0,827 qram narkotik vasitə olan heroini 30 may 2023-cü il tarixdə əldə edib, üzərində qanunsuz daşıyaraq saxlamış, bundan başqa, o, satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 0,266 qram narkotik vasitə olan heroini istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz əldə edib üzərində qanunsuz daşıyaraq saxlamış 14 iyun 2023-cü il tarixdə saxlanılaraq polis bölməsinə gətirildikdən sonra həmin narkotik vasitə onun üzərindən aşkar edilmişdir. Bununla da Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməli təkrar törətmişdir. Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsində cinayətlərin təkrar törədilməsi cəzanı ağırlaşdıran hal kimi nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 61.3-cü maddəsində göstərilmişdir ki, bu məcəllənin xüsusi hissəsinin müvafiq maddəsində cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hal, cəza təyin edilərkən təkrar nəzərə alına bilməz. Cinayət Məcəlləsinin 234.1-ci maddəsində cinayətin təkrar törədilməsi cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hal kimi göstərilmədiyindən, məhkəmə həmin halı cəzanı ağırlaşdıran hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini səmimi olaraq etiraf etməsini, əməlindən peşiman olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4 və 59.2-ci maddələrinə əsasən cəzanı yüngülləşdirən hallar hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünü təyin etmək məsələsi ilə belə nəticəyə gəlir ki, onun narkomaniya xəstəliyindən əziyyət çəkməsi və narkomaniyadan məcburi müalicəyə ehtiyacının olması nəzərə alınmaqla, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyası həddində 1 il müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 1 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməlidir. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 2 (iki) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin olunacaq cəzadan çıxılmalı və üzərində qəti olaraq 11 ay 28 gün azadlıqdan məhrumetmə cəzası saxlanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiridəyişdirilərək, onun barəsində həbs qətimkan tədbiri seçilməli və məhkəmə iclas zalından həbs edilməlidir. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təyin olunacaq cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilməli və o, ərazi üzrə Sumqayıt şəhər Narkoloji Dispanserində qeydiyyata alınmalıdır. Sumqayıt şəhər polis idarəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,777 qram və 0,216 qram qalmış narkotik vasitə olan heroinlər hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan iki ədəd disk cinayət işində saxlanılmalıdır. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 145 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab AZ 34CTRE********************) keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması üçün “Şimal” Vəkil Bürosunun vəkili Müdafiəçi onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün Müdafiəçi 10 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 60 manat dövlət büdcəsindən tutularaq “Şimal” Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinsin və o, 01 (bir) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulduğu 02 (iki) gün cəzadan çıxılsın və üzərində qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzanın əvvəli 29 noyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək barəsində “həbs” qətimkan tədbiri seçilsin və məhkəmə iclas zalından dərhal həbs edilsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs 145 (yüz qırx beş) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. İş üzrə maddi sübut, Sumqayıt Şəhər Polis İdarəsinin saxlanc anbarına təhvil verilmiş, qalıq çəkisi 0,777 qram və 0,216 qram narkotik vasitə heroin məhv edilsin. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi barədə video görüntünü əks etdirən iki ədəd disk iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardım ödəməkdən azad edilsin. Müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardıma görə 60 (altmış) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına “Şimal” Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №1(060)-785/2023
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-785/2023
29.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver