Məhkəmə qərarları › İş №1(060)-785/2025

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-785/2025

16.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-785/2025 16.12.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Hüseynov İsfahan Abbas oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs və onun müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1989-cu ildə Bakı şəhərində doğulmuş, evli, orta təhsilli, işləməyən, əvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, Bakı şəhəri, ünvan 1 ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddəni xeyli miqdarda əldə edib özündə saxlamışdır. Belə ki, o, istintaqa məlum olmayan vaxtda və mənbədən, satış məqsədi olmadan, qanunsuz olaraq xeyli miqdarda, 01 bükümdə təmiz çəkisi-0,234 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini əldə edərək üzərində saxlamaqla daşımış, 14 avqust 2025-ci il tarixdə saat 15:06-da Sumqayıt ŞPİ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Sumqayıt şəhəri, Bulvar küçəsi, 30-cu məhəllədə yerləşən “Büllur” restoranının yaxınlığında saxlanılaraq üstünün yoxlanılması zamanı əynində olan göy rəngli cins şalvarının sağ yan cibliyindən həmin bükümdə psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 5 ildir ki, fasilələrlə narkotik və psixotrop maddələr qəbul edir. Belə ki, 14 avqust 2025-ci il tarixdə səhər saatlarında Bakı şəhəri “20 Yanvar” metrostansiyası yaxınlığında üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən 15 manata 01 büküm metamfetamin almış, həmin gün saat 15:06 radələrində tanışı Şahid4 ilə birlikdə Sumqayıt şəhəri, Bulvar küçəsi, 30-cu məhəllədə yerləşən “Büllur” restoranının yaxınlığında olarkən mülki geyimli şəxslər onlara yaxınlaşıb saxlayıb videoçəkilişlə özlərini təqdim edib Sumqayıt ŞPİ-nin polis əməkdaşları olduqlarını, nədə şübhəli olduğunu bildirib üstünün yoxlanılacağı bildirmiş və üzərində qanunsuz əşya və ya predmet varsa təqdim etməsi təklif olunmuşdur. O, əynində olan şalvarın cibliyindən 01 ədəd bükümdə olan maddəni çıxarıb təqdim edərək içərisində “metamfetamin” olduğunu bildirmişdir. Həmin büküm elektron tərəzidə çəkilmiş və çəkisi müəyyən edilərək qablaşdırılmışdır. Bundan sonra Sumqayıt ŞPİ-nə gəlmiş, idarədə xidməti otaqların birində hüquq və vəzifələri izah olunaraq müdafiəçi ilə təmin edilmişdir. Müdafiəçinin və polis əməkdaşlarının iştirakları ilə üzərindən biraz əvvəl aşkar olunaraq götürülmüş və qablaşdırılmış zərf təhqiqatçı tərəfindən açılmış, zərfin içərisində olan bükümdə “metamfetamin” tərəzidə çəkilərək həmin maddə yenidən zərfə qablaşdırılmışdır. Bundan başqa şəxsi axtarış zamanı əynində olan şalvarın cibindən pulqabı və həmin şalvarın digər cibindən mobil telefon aşkar olunmuşdur. Törətmiş olduğu əməldən peşmandır, himayəsində iki azyaşlı övladı var, bu səbəbdən məhkəmədən yüngül cəza təyin edilməsini xahiş edir. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törətməsi özünün etirafedici ifadəsi ilə bərabər, məhkəmə iclasında tam, obyektiv və hərtərəfli tədqiq edilmiş iş materialları və dindirilmiş şahid ifadələri ilə təsdiq edilir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 15:06 radələrində tanışı Təqsirləndirilən şəxs ilə birlikdə Sumqayıt şəhəri, Bulvar küçəsi, 30-cu məhəllədə yerləşən “Büllur” restoranının yaxınlığında olarkən mülki geyimli şəxslər videoçəkiliş ilə yaxınlaşaraq polis əməkdaşları olduqlarını, Təqsirləndirilən şəxs nədə şübhəli olduğu bildirib onları saxlamışlar. Videoçəkilişlə onun üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyanı təqdim etməsi təklif olunmuş, Fətulla əynində olan şalvarın cibində saxladığı bükümü çıxardıb təqdim etmiş, həmin büküm açıldıqda içərisində ağ rəngli maddənin olduğu müəyyən edilmişdir. Fətulla maddənin özünə məxsus olduğunu şəxsi istifadəsi üçün 15 manata aldığını bildirmişdir. Həmin maddə polis əməkdaşları tərəfindən elektron tərəzidə çəkilmiş, qablaşdırılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin CAŞ-nin əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr qəbul etməsi və üzərində gəzdirməsi barədə əməliyyat məlumatları daxil olmuş, əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə razılıq verilərək əməliyyat qrupu yaradılmışdır. Belə ki, 14 avqust 2025-ci il tarixdə, saat 15 radələrində Fətulla və yanında olan bir nəfər şəxslə Sumqayıt şəhəri, 30-cu məhəllə, Bulvar küçəsi, “Büllur” restoranın yaxınlığında olması müəyyən edilmiş, aparılan videoçəkilişlə yaxınlaşıb özlərini təqdim edərək onları saxlamışlar. Onlar özlərini təqdim etmiş, Təqsirləndirilən şəxs nədə şübhəli olduğu bildirilmiş, üstünün yoxlanılacağı izah edilmişdir. Ona üzərində qanunsuz əşya və ya predmet varsa təqdim etməsi təklif olunmuş, o, əynində olan şalvarının cibindən 01 ədəd bükümü təqdim etmişdir. Xatırladığı qədərilə həmin bükümdə metamfetamin olmuşdur. Həmin büküm elektron tərəzidə çəkilmiş, çəkisi müəyyən edilməklə qablaşdırılmışdır. Bu barədə həmin yerdə protokol tərtib etməyə şərait olmadığından birlikdə Sumqayıt ŞPİ-nə gəlmiş, müdafiəçinin iştirakı təmin edildikdən sonra videoçəkilişlə Fəttahovun üzərinə şəxsi axtarış keçirilmişdir. Bundan sonra biraz əvvəl sonuncunun saxlanıldığı yerdə üstünün yoxlanılması zamanı üzərindən aşkar olunaraq götürülmüş içərisində metamfetaminə bənzər maddə olan qablaşdırılaraq möhürlənmiş vəziyyətdə zərf və içərisində 01 ədəd mobil telefon olan qablaşdırılaraq möhürlənmiş vəziyyətdə zərf təhqiqatçıya təqdim olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş kiçik inspektor, polis serjantı Şahid3 Şahid2 ifadəsində göstərdikləri xüsusatları təsdiq edərək eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında tərəflərin fikri dinlənildikdən sonra ibtidai istintaq zamanı şahid qismində ifadə vermiş Şahid1 ifadəsi elan edilməklə tədqiq edilmiş, digər şahidlərlə eyni məzmunlu ifadə verdiyi müəyyən edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, fakta görə Təqsirləndirilən şəxs barəsində CM-nin 234.1-ci maddəsilə ********* saylı qərarı ilə cinayət işi başlanmış, icraata qəbul edilməklə istintaqı aparılmışdır. (i.v.1); “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, 14 avqust 2025-ci il tarixdə, saat 15:06-da Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. (i.v.22); Təqsirləndirilən şəxs 16 avqust 2025-ci il tarixdə CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir. (i.v 58-59); “Təqsirləndirilən şəxsin dindirilməsi” haqqında 16 avqust 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsi ilə bağlı həmin tarixdə, saat 14:20 radələrində ifadəsi alınmışdır. (i.v.69-70); Təqsirləndirilən şəxs 16 avqust 2025-ci il tarixdə saxlanıldığı Sumqayıt ŞPİ-nin X4 dərhal azad edilmiş və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (i.v.71-72); “Əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair” xx.xx.2025-ci il tarixli protokol və protokola əlavə edilmiş 1 ədəd DVD diskdə olan videogörüntüdən görünür ki, 14 avqust 2025-ci il tarixdə Sumqayıt şəhəri, 30cu məhəllə, Bulvar küçəsi, “Büllur” restoranının yaxınlığında Təqsirləndirilən şəxs Sumqayıt ŞPİ-nin CAŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində saxlanılmış və üstünün yoxlanılması keçirilmiş, üstünün yoxlanılmasından əvvəl ona hüquq və vəzifələri izah olunaraq tutulduğu andan müdafiəçiyə malik olmaq hüququ izah edilmiş, üzərində qanunsuz əşya və predmet varsa təqdim etməyi təklif olunmuş, Təqsirləndirilən şəxs əynində olan göy rəngli şalvarının sol arxa cibindən içərisində olan 01 manatlıq pul əskinası və şəxsiyyət vəsiqəsi ilə birlikdə qara rəngli pul qabını, sağ arxa cibindən 01 ədəd qara rəngli “Honor” markalı mobil telefonu, sağ yan cibliyindən 01 ədəd ağ kağız bükümdə psixotrop maddə metamfetaminə bənzər maddəni təqdim edərək həmin bükümün içərisində metamfetamin olduğunu, həmin maddəni həmin gün əvvəl Bakı şəhəri “20 yanvar” metrostansiyası yaxınlığından tanımadığı şəxsdən 15 manata öz istifadəsi üçün aldığını bildirmiş, həmin büküm elektron tərəziyə qoyulub çəkilmiş və selofanla birlikdə çəkisi 0,45 qram olduğu, həmin büküm zərfə qoyulararaq qablaşdırılmış, möhürlənmiş, üzərində qeydlər aparılaraq imzalanmış, bundan başqa Təqsirləndirilən şəxs üstündən aşkar olunmuş 01 ədəd “Honor” markalı mobil telefon da götürülmüş və zərfə qoyularaq qablaşdırılmışdır. (i.v.8-9); AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 20/732 nömrəli, 15 avqust 2025-ci il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində «AR DİN “Zərflər üçün №124 möhür əksi, “Təqsirləndirilən şəxs...» sözlər və imzalar olan kağız paketdəki, 01 (bir) ədəd ağ rəngli kağız bükümündə təmiz çəkisi 0,234 qram ağ rəngli kristalşəkilli maddə, kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. (i.v.44-48); Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələri”-in siyahısına (Siyahı İ) daxildir. SN-nin MTE və PAB X8 tərəfindən verilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2025-ci il tarixli, 1255 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində xəsarət aşkar olunmamışdır. (i.v.49-51); AR Səhiyyə Nazirliyi Respublika X5 X7 X2 barədə 5127 nömrəli, xx.xx.2025-ci il tarixli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs OPİOİDLƏRİN və PSİXOSTİMULYATORLARİN birgə qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. VSİS-ndən alman məlumata əsasən o, xx.xx.2022-ci il tarixdən Bakı şəhər Narkoloji Mərkəzində F19.2 diaqnozu ilə dispanser qeydiyyatdadır. (i.v.92-93); “Mobil telefona baxış keçirilməsi haqqında” 17 avqust 2025-ci il tarixli protokoldan görünür ki, baxış keçirilən 01 ədəd “Honor” markalı mobil telefondur. Mobil telefona baxış keçirilərkən iş üçün sübut əhəmiyyətli foto şəkil, audio, video material, sms yazışmaları müəyyən edilməmişdir. (i.v.76); İş materiallarında olan qəbzdən görünür ki, Təqsirləndirilən şəxs əməliyyat axtarış tədbirləri zamanı saxlanıldıqdan sonra, üzərindən aşkar edilərək götürülmüş 01 ədəd “Honor” markalı mobil telefonu qəbul etmişdir. (i.v.75); Məhkəmə istintaqı zamanı tədqiq edilən diskə baxış zamanı Təqsirləndirilən şəxs psixotrop maddə daşıyaraq üzərində saxlaması öz təsdiqini tapmışdır. DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə təqsirli bilinərək 02 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, xx.xx.2025-ci il tarixdə cəzasını çəkib qurtarmışdır. (i.v. 86-87); CM-nin 83.3.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində-onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Göründüyü Təqsirləndirilən şəxs bu cinayət əməlini törədərkən məhkumluğu ödənilməmişdir. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)-456/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü iş materiallarına əlavə edilmişdir. (i.v.88-91); “Sübutların qiymətləndirilməsi haqqında” 20 oktyabr 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 16 avqust 2025-ci il tarixdə CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham qüvvəsində saxlanılmış və barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri nəzərə alınmışdır. Barəsində CM-nin 234.2-ci maddəsi ilə cinayət təqibi rədd edilmişdir. Cinayət işi üzrə dindirmə protokolları, əməliyyat-axtarış tədbirinin keçirilməsi və şübhəli şəxsin üstünün yoxlanılmasına dair protokol, şəxsi axtarış keçirilməsi haqqında protokol, DVD disklərdə olan videogörüntülər, götürülmüş maddi sübut, məhkəmə-kimyəvi, məhkəmə-tibbi və məhkəmə-narkoloji ekspertiza rəyləri, ilkin təhqiqat materialları, eləcə də digər istintaq sənədləri cinayət işi üzrə sübut növü kimi qiymətləndirilmişdir. Cinayət işinin materiallarında olan təqsirləndirilən şəxs barəsində əməliyyat-axtarış tədbirinin keçirilməsi və üstünün yoxlanılması, həmçinin şəxsi axtarışın keçirilməsi videotəsvirlərini əks etdirən 01 ədəd DVD disk maddi sübut qismində tanınmış və cinayət işinə əlavə olunmuşdur. Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 0,234 qram psixotrop maddə metamfetaminin maddi sübut kimi tanınmış (ekspert tədqiqatına sərf edildikdən sonra qalıq 0,204 qram) və saxlanılması üçün Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilməsi nəzərə alınmışdır. (i.v. 104-111). Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” İnsan Hüquqlarının və X3 haqqında Avropa Konvensiyasının 6.2-ci maddəsinə əsasən “Cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir.” Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda göstərilən əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, ekspert rəyləri, istintaq hərəkətinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). CM-nin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma-bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 14 iyun 2024-cü il tarixli, 8 №-li qərarının 5-ci bəndinə narkotik vasitələri və ya psixotrop maddələri qanunsuz olaraq saxlama uzanan cinayət olmaqla şəxs özü əməllərinə son verdiyi (məsələn gəlib təqsirini boynuna aldığı) və yaxud onun iradəsindən asılı olmayaraq əmələ son verildiyi, məsələn qeyd olunan əməllə əlaqədar keçirilən əməliyyat-axtarış tədbirinin gedişində yaxalandığı andan başa çatmış hesab edilir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il tarixli 28 iyun tarixli Qanunun 1.0.8-ci maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsinə dair, 1.0.9-cu maddəsində qanunsuz əldə edilməsinin izahları verilmişdir. Saxlama - bu həmin maddələrin saxlanılmasının yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Narkotik vasitənin, psixotrop maddənin və prekursorların şəxsin özündə nəqliyyat vasitələri ilə və ya belə vasitələrdən istifadə etməməklə yerinin dəyişdirilməsi onların daşınması kimi qiymətləndirilməlidir. 2005-ci il 28 iyun tarixli 961-İİQ saylı Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya” əsasən narkotik vasitə heroin və metamfetaminin 0.15 qram daxil olmaqla yuxarı hədləri xeyli miqdarın minimum həddindən artıq miqdar hesab edilir. “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmiş, həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarında qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə də, məhkumun azadlıqdan məhrum edilməsi üçün qanuni penoloji əsaslar sırasına cəzalandırma, çəkindirmə, cəmiyyətin müdafiəsi və islah məqsədləri daxildir (Vinter və Başqaları Birləmiş Krallığa qarşı [BP], № 66069/09, § 111, 9 iyul 2013-cü il). “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 2 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını, himayəsində 02 azyaşlı övladının olmasını CM-nin 59.1.4 və 59.2-ci maddələrinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə qeyd edir ki, cəza cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictimai təsir gücüdür və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Bu, güclü çəkindirici təsirə malik olmalı, əksinə, yüngül cəzaların təyin edilməsi yalnız cəzasızlıq mühiti yarada bilər. Məhkumluğun ödənilmədiyi və ya götürülmədiyi dövrdə şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi həmin şəxsdə qəsdən cinayət törədilmənin vərdişə çevirilməsinə, fərdi maraqları ilə cəmiyyətin maraqları arasında davamlı ziddiyyətin olmasına dəlalət edir ki, bu da həmin şəxsin törətdiyi əməlin ictimai təhlükəliliyinə və onun şəxsiyyətinə adekvat qiymətin verilməsini zəruri edir. Belə ki, bu şəxs barəsində artıq ittihamedici hökm çıxarılmış və cəza təyin edilmişdir. Dövlətin adından çıxarılmış bu hökmlə cinayət törətmiş şəxsə və onun davranışına mənfi mənəvi-hüquqi qiymət verilmiş, faktiki olaraq gələcəkdə bu cür cinayətkar davranışın yolverilməz olmasına dair xəbərdarlıq edilmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs yenidən qəsdən az ağır cinayət törətməklə, ona edilmiş dövlət məcburiyyətinə qarşı aşkar etinasızlıq göstərmişdir. Məhkəmə cəza təyini, xüsusən cəzanın növünün və müddətinin müəyyən edilməsi zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə metamfetaminin miqdarının xeyli miqdarın minimum həddinə yaxın olmasını, əvvəllər də CM-nin 234.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilərək barəsində məhkəmənin hökmü ilə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməsinə baxmayaraq, yenidən eyni kateqoriyalı cinayət əməli törətməsini, cəzasını yüngülləşdirən halları, məsuliyyəti ağırlaşdıran halların olmamasını, onun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır, təqsirləndirilən şəxsə azadlıqdan məhrumetmə növündə cəza təyin etməyi qanuni və ədalətli hesab edir və beləliklə cəzanın məqsədlərinə çatmaq mümkündür. Məhkəmə təqsirləndirilən şəxsə bu cür cəza təyin etməyi cəzanın məqsədlərinə nail olmaq baxımından ədalət mühakiməsinin tələblərinə uyğun hesab edir. Məhkəmənin cəza təyin edərkən cəzanın həm də ümumi xəbərdarlıq (başqa şəxslər tərəfindən cinayətin törədilməsinin qarşısının alınması) məqsədinə xidmət etməsi faktını da nəzərə alır. Belə ki, məhkəmə tərəfindən Təqsirləndirilən şəxs yüngül həddə cəzanın təyin edilməsi cəzanın xəbərdarlıq təsirinin bu qəbildən olan şəxslər üzərindəki effektivliyini azaldacaq, cəzanın həmin şəxsləri cinayətdən çəkindirmək hədəsinə xələl gətirəcəkdir. Qeyd olunan hədəf qrupu isə sadə vətəndaşlardır. Cəzanın ümumi xəbərdarlıq təsirinin bu qəbildən olan şəxslər üzərində zəifləməsi isə, təkcə cinayətkarlıqla mübarizə üçün deyil, həmçinin milli və dövlət maraqları üçün də təhlükəlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinməli, ona azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, ibtidai istintaq zamanı 14 avqust 2025-ci il tarixdən 16 avqust 2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu müddət ona təyin edilmiş cəzaya hesablanmalı (CM-69.3), barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri seçilməli, ona məcburi müalicə təyin edilməli, ərazi narkoloji tibb müəssisəsində dispanser qeydiyyatda olması nəzərə alınmalı, iş üzrə maddi sübut kimi tanınan Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmiş, qalıq çəkisi 0,204 qram metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, “əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair” və “şəxsi axtarış keçirilməsi və götürmə haqqında” videogörüntünüləri əks etdirən 01 ədəd “DVD-R” formatlı disk iş materiallarında saxlanılmalı, 60 manat ekspertiza tədqiqatının dəyəri ondan tutulub dövlət büdcəsinə keçirilməlidir. (CPM-198.1). Təqsirləndirilən şəxs CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli 16 dekabr 2025-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri seçilməlidir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmiş, hüquqlarının müdafiəsi üçün Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 12 iş saatı məsrəf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 29 aprel 2025-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından vəkil Müdafiəçi 132 manat məbləğində pul ödənilməlidir. CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM həmin məcəllənin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinsin və o, 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 14 avqust 2025-ci il tarixdən 16 avqust 2025-ci il tarixədək tutulub saxlanıldığı 02 gün müddət təyin edilən cəzadan çıxılsın və onun çəkəcəyi azadlıqdan məhrum etmə cəzasının müddəti qəti olaraq 11 ay 28 gün müəyyən edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzanın əvvəli 16 dekabr 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək barəsində “həbs” qətimkan tədbiri seçilsin o, məhkəmə iclas zalından dərhal həbs edilsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və onun xx.xx.2022-ci il tarixdən Bakı şəhər Narkoloji Dispanserində “F19.2” diaqnozu ilə dispanser qeydiyyatda olması nəzərə alınsın. Təqsirləndirilən şəxs 60 (altmış) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE**********0002088501 saylı hesabına (VÖEN **********) köçürülsün. İş üzrə maddi sübut, Sumqayıt Şəhər Polis İdarəsinin saxlanc anbarına təhvil verilmiş, qalıq çəkisi 0,204 qram psixotrop maddə metamfetamin məhv edilsin. Təqsirləndirilən şəxs üzərində “əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair” və “şəxsi axtarışın keçirilməsi və təqdim olunmuş əşyanın götürülməsi barədə” videogörüntüləri əks etdirən 01 ədəd disk iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardım ödəməkdən azad edilsin. Vəkil Müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardıma görə 132 (bir yüz otuz iki) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə təqdim edildiyi andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Ramiz Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar