Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-786/2023 16.11.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı1, Zərərçəkmiş şəxs, müdafiəçi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1990-cı il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat üzrə materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qəsdən sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərər vurmuşdur. Belə ki, o, xx.xx.2023-cü il tarixdə saat 18 radələrində yaşadığı ünvan 2 ünvanda yaşayan arvadı X3 ilə aralarında olan şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı şüşə bakal ilə Şəbinə Ağayevanın ayağından, «filttiryatorla» isə kürəyindən vuraraq Şəbinə Ağayevaya sağ bud-çanaq oynağının hərəkətin çətinliyinə səbəb olan yumşaq toxmaların əziyi-qançırı, onurğanın bel şöbəsinin qançırı İlə müşayət olunan dərəcəsinə görə sağlamlığının qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarəti yetirmişdir. Məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs qismində dindirilən Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, X3 onun arvadıdır, onlar təxminən 7 ildir ki, evlidir, birgə evliliklərindən 6 və 2 yaşlı uşaqları var. xx.xx.2023-cü il tarixdə saat 18 radələrində evinə gəlmiş, həyat yoldaşı Səbinədən yemək istəmiş, Səbinədə ona öz bişirdiyi yeməyin olmadığını demiş, o da Səbinəyə nə üçün ayrı seçkilik edərək ayrıca yemək bişirirsən demiş, bu səbəbdən Səbinə ilə arasında mübahisə olmuş, həmin vaxt o masanın üzərində olan şüşə stəkanı Səbinəyə tərəf atmış, səkanda Səbinənin sağ yan tərəfinə dəymiş, bundan sonra Şəbinə ona atası evinə getmək istədiyini bildirmiş, o da Səbinəyə getmək istəyirsən atana de gəlsin aparsın, ancaq uşaqlarını evdə qoy get demişdir. Səbinədə atasına zəng edərək onu aparmasını istəmiş, bir qədər sonra qayınatası Sakit onun evinə gələrək Səbinəni öz evinə aparmış, uşaqlar isə onun yanında evdə qalmışdır. Hazırda əməlindən peşmandır, zərərçəkmiş şəxs olan həyat yoldaşı ilə aralarında barışıq olmuş, zərərçəkmiş şəxsin ona qarş hər hansı bir şikayət və tələbi yoxdur. Odur ki, qeyd olunanların nəzərə alınaraq barəsində olan cinayət işinin icraatına xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs ilə 7 ildir ki ailəlidirlər, birgə Sumqayıt şəhəri 13-cü mikrorayon ev 43, mənzil 8-də yaşayırlar. Onlarla bərabər həmin evdə qayınanası Sərüngül, baldızı Zülfiyyə, qayınatası Mizayim, 6 və 2 yaşlı azyaşlı uşaqları da yaşayır. xx.xx.2023-cü il tarixdə saat 18 radələrində əri Tahir evdə olduğu zaman, qayınanası yalandan ərinə onun evdə başqa qazan asdığını demiş, bu səbəbdən Tahir əsəbləşərək evdə olan şüşə bakalı onun sağ ayağından vurmuş, sonra fiitiryatorla kürəyinə vurmuşdur, o həmin gün şikayət etməmiş, atasına döyülməsi ilə bağlı xəbər etmiş, atası da onun yaşadığı evə gələrək onu öz evinə Qaradağ rayonu Lökbatan qəsəbəsinə aparmışdır. Hadisə zamanı hadisə yerinə ətrafdan kənar şəxslər toplaşmamış, hadisə təxminən 2 dəqiqə davam etmişdir. Hazırda həyat yoldaşı Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəymiş ziyanın ödənildiyini, Təqsirləndirilən şəxs qarşı şikayətinin və tələbinin olmadığını nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Elmi-Təcrübi və X4 Hüquqi şəxsin xx.xx.2023-cü il tarixli, 1403 saylı ekspert rəyindən görünür ki, X2 məhkəmə-tibbi müayinəsi zamanı bədən üzərində sağ bud- çanaq oynağının hərəkətin çətinliyinə səbəb olan yumşaq toxmaiarın əziyi-qançırı, onurğanın bel şöbəsinin qançırı xəsarətləri aşkar olunmuş və həmin xəsarətlər dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər (i.v.8-10); - şəxsin zərərçəkmiş qismində tanınması barədə xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs iş üzrə zərərçəkmiş şəxs şəxs qismində tanınmışdır (i.v.14); - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, DİN BƏSİİ Əməliyyat-sorğu kartotekasında Təqsirləndirilən şəxs məhkumluğu barədə məlumat yoxdur (i.v.43); - Zərərçəkmiş şəxs məhkəmə iclasında təqdim etdiyi ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş ziyanı tamamilə ödəmiş, hazırda Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi olmadığından cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. - Təqsirləndirilən şəxs məhkəmə iclasında təqdim etdiyi ərizəsindən görünür ki, o, özünü təqsirli bildiyini, əməlindən peşiman olduğunu, zərərçəkmiş şəxslə barışdığını, bu səbəbdən iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən yekun protokolda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin, zərərçəkmiş şəxsin ifadələri, ekspert rəyi, təhqiqat hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144- 146). Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli düzgün olaraq təhqiqat orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə iclasında müdafiə tərəfi məhkəməyə müraciət edərək təqsirləndirilən şəxs barəsində cinayət təqibinə zərərçəkmiş şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxslə barışması ilə əlaqədar xitam verilməsinə razı olduğunu bildirmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqbinə isə xitam verilməlidir. Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən Bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin və zərərçəkmiş şəxsin ifadələrini dinləyərək, iş materiallarını araşdıraraq, müdafiə tərəfinin cinayət təqibinə zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslə barışması ilə əlaqədar xitam verilməsinə razılığını, Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxslə barışmasını və ona dəymiş ziyanı tamamilə ödəməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını və onun barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat üzrə materialı üzrə icraata xitam verilməsinə dair xahişini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi və barəsində olan Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə xitam verilməsi məqsədə uyğundur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia, maddi sübut və müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 39, 43, 321, 321.2.1 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən xitam verilsin və Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin. İş üzrə mülki iddia, maddi sübut və müsadirə edilməli əmlak yoxdur. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hakim: Samir İsmayılov
Məhkəmə qərarları › İş №1(060)-786/2023
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-786/2023
16.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver