Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-787/2023 21.09.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, Qurbanlı Elnur Qubad oğlunun katibliyi ilə, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, müdafiəçi-Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1978-ci ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, natamam-orta təhsilli, işləməyən, məhkum olunmamış, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və Sumqayıt şəhəri, Tuk zavod ərazisindəki fərdi evdə yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 18:30 radələrində yaşadığı Sumqayıt şəhəri, Tuk zavod ərazisində yerləşən fərdi yaşayış evində aralarında ailə münaqişəsi zəmnində yaranmış mübahisə zamanı qaynı Zərərçəkmiş şəxs sol göz nahiyyəsindən baş zərbəsi ilə vuraraq, ona sol üst göz qapağının, sol qaş nahiyyəsini əhatə edən cərrahi tikişə ehtiyacı olan əzilmiş-cırılmış yarası kimi sağlamlığın qısa müddətdə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarətlər yetirmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə özünü təqsirli bilərək göstərdi ki, 2009-cu ildə Şahid ilə evlənmişdir. Birgə nikahlarından iki övladları var. Övladları xx.xx.2009-cu il təvəllüdlü X2 oğlu və xx.xx.2012-ci il təvəllüdlü X1r. xx.xx.2023-cü il tarixdə oğlu Heybət Sumqayıt şəhəri, 5-ci mikrorayon ərazisində saxladığı xoruzu isti havada dəmir hinə saldığı üçün xoruz istidən ölmüşdür. Bundan əsəbləşərək həmin gün saat 20:30 radələrində yaşadıqları evdə Heybəti döymüşdür. Buna görə də arvadı Səyyarə ondan polisə şikayət etmiş, həmin iş Sumqayıt ŞPİ-nin 5-ci PB-də araşdırılmışdır. xx.xx.2023-cü il tarixdə təxminən saat 16 radələrində Bakı şəhərində yaşayan qaynı Feyzulla onların evinə gəlmiş, oğlunu nə üçün döydüyünü soruşmuş və aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı arvadı Səyyarə ondan boşanmaq istədiyini demiş, o da boşanacağını bildirmiş və təxminən saat 18:30 radələrində Səyyarə öz əşyalarını yığmağa başlamış, o isə Səyyarəyə aldığı əşyaları aparmasına icazə vermədiyindən aralarında mübahisə yaranmışdır. O da, əsəbləşərək Səyyarəyə aldığı qızıl boyunbağını boynundan dartaraq qırıb götürmüşdür. Feyzulla buna görə onun boğazından tutub sıxmağa başlamış, o da yumruqla Feyzullanın sifətindın vurmuş, sonra Feyzullanı fəndlə yerə yıxıb başı ilə onun sol göz nahiyyəsindən bir zərbə ilə vurmuşdur. Bu vaxt Səyyarə onun sağ qulağından dişləmiş, kürəyində və başının arxasından nə iləsə vurmağa başlamışdır. Bundan sonra da ondan polisə şikayət etmişlər. Təqsirləndirilən şəxs əməlindən peşman olduğunu və zərərçəkmiş şəxslə barışdığını bildirərək barəsində olan iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmədə Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, xx.xx.2023-cü il tarixdə gecə saatlarında Sumqayıt şəhəri, Tuk zavod ərazisində yerləşən fərdi yaşayış evində yaşayan bacısı Şahid ilə telefonla danışan zaman bacısı bildirmişdir ki, əri Faiq oğlu Heybəti döymüş və buna görə ondan polisə şikayət etmişdir. xx.xx.2023-cü il tarixdə təxminən saat 14 radələrində bacısı ona zəng vuraraq bildirmişdir ki, Faiq Səyyarəyə zəng vurmuş, onu evdə gözlədiyini demiş və hədələmişdir. Buna görə də o, təxminən saat 16 radələrində Səyyarəgilin yaşadığı ünvana gəlmiş və Faiqin evin yaxınlığında küçədə dayandığını görmüşdür. Təxminən saat 16:15 radələrində Səyyarə və oğlu Heybət evə gəlmişlər. O, Faiqdən nə üçün oğlunu döydüyünü soruşduqda, Faiq oğlunun hərəkətindən əsəbləşərək onu döymüşdür. O, Faiqə öyüd-nəsihət versə də, onun sözlərinə qulaq asmamış, Səyyarədən boşanacağını demişdir. Təxminən saat 18:30 radələrində Səyyarə əşyalarını evdən götürən zaman Faiq Səyyarənin boynunda olan qızıl boyunbağını onun aldığını demiş və boyunbağını dartaraq qırmışdır. Bu vaxt Səyyarə ilə Faiqin arasında mübahisə yaranmış, Səyyarə Faiqin sağ qulağını dişləmişdir. O, isə onları ayırmaq istədikdə, Faiq onunla da münaqişə edərək başı ilə onun sol gözündən bir zərbə ilə vurmuş, geri çəkiləndə Faiq yumruqla onun sifətinin sol tərəfindən də vurmuşdur. Faiqin zərbələrindən xəsarətlər aldıqdan sonra o da, Faiqin boğazından tutaraq onu bir daha vurmasına imkan verməmişdir. Bundan sonra da polisə müraciət etmişdir. Zərərçəkmiş şəxs təqsirləndirilən şəxslə barışdığını, ona vurulmuş maddi zərərin ödənildiyini bildirərək sonuncunun barəsində olan cinayət təqibinə xitam verilməsini xahiş etdi. İş materiallarında olan xx.xx.2023-ci il tarixli, 1409 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşağıdakı xəsarətlər vardır: sol üst göz qapağının, sol qaş nahiyyəsini əhatə edən cərrahi tikişə ehtiyacı olan əzilmiş-cırılmış yarası və sol gicgah nahiyyənin qançır-şişkinliyi. Qeyd olunan xəsarətlər küt əşyanın (əşyaların) təsirindən yaranmışdırlar, müayinədən bir günə qədər əvvəl olmaqla qərarda göstərilən vaxtda və şəraitdə yəni, xx.xx.2023-cü il tarixdə əmələ gələ bilərdilər və dərəcəsinə görə-sol üst göz qapağının, sol qaş nahiyyəsini əhatə edən cərrahi tikişə ehtiyacı olan əzilmiş-cırılmış yarası sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərərvurmaya, sol gicgah nahiyyənin qançır-şişkinliyi isə sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilmir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi tam sübuta yetirilir. Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək, Təqsirləndirilən şəxs ilə barışdıqlarını və ona dəyən ziyanın ödənildiyini bildirərək sonuncunun barəsində olan cinayət təqibi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxs ərizə ilə məhkəməyə müraciət edərək özünü təqsirli bildiyini, zərərçəkmişə vurulan ziyanı ödəməklə onunla barışdığını bildirərək barəsində olan cinayət təqibi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan Sumqayıt şəhər Narkoloji Dispanserinin 3139 saylı, xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər Narkoloji Dispanserində qeydiyyatda yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törədən zaman məhkumluğu olmamışdır. İşdə olan arayışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2009-cu il və xx.xx.2012-ci il təvəllüdlü 2 uşağı vardır. Məhkəmə, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsini, himayəsində azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4, 59.1.12, və 59.2-ci maddələrinə əsasən cəzanı yüngülləşdirən hallar hesab edir. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanılmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlanıla bilməz, başlanılmış cinayət işi üzrə icraata xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılır. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Sumqayıt Regional Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt Şəhər Məhkəməsinin qərarını icra edərək, vəkil Müdafiəçi onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 08 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 48 manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia, məhkəmə xərci və maddi sübut yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40, 43, 321, 346, 347, 381, 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 08 saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 48 manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Qərar elan olunduğu andan 20 (iyirmi) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Elçin Məmmədov
Məhkəmə qərarları › İş №1(060)-787/2023
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-787/2023
21.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver