Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-787/2024 24.10.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Sumqayıt Regional Vəkil Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1976-cı il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, Sumqayıt Şəhər Məhkəməsinin 21 sentyabr 2022-ci il tarixli 1(060)- 244/2022 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, üzərində çəkilməmiş 01 (bir) il 10 (on) ay 13 (on üç) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası olan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda psixotrop maddə olan metamfetamini əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan xeyli miqdarda yəni, 01 ədəd kağız bükümdə təmiz çəkisi 0,443 qram çəkidə psixotrop maddə olan metamfetamin qanunsuz olaraq əldə edib daşıyaraq üzərində saxlamış, 13 iyul 2024cü il tarixdə saat 14:30 dəqiqədə Sumqayıt ŞPİ-nin 3-cü PB-nin əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində ünvan 3 ünvanının arxasında saxlanılaraq Sumqayıt ŞPİ-nin 3-cü PB-nə gətirilib orada üzərinə şəxsi axtarış keçirilərkən əynindəki qara rəngli şortun sağ yan cibindən 01 ədəd qızılı rəngli siqaret kağız bükümündə təmiz çəkisi 0.443 qram olan psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, xx.xx.2024-cü il tarixdə saat təxminən 14:30 radələrində Sumqayıt şəhəri, 2-ci mikrorayon, ev 39/16A ünvanının arxasında olarkən iki nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq polis əməkdaşları olduqlarını və onun narkotik vasitələrlə bağlı şübhəli olmasını bildirmişlər. Buna görə də üzərində şəxsi axtarış keçirilməsi üçün onu Sumqayıt ŞPİ-nin 3-cü PB-nə dəvət etmişlər. O polis əməkdaşlarına etiraz etmədən onlarla bilrikdə 3-cü PB-nə gəlmişdir. Polis Bölməsində xidməti otaqların birində videoçəkiliş aparılmaqla ona hüquq və vəzifələri ilə bağlı bildiriş verilmiş, eləcə də hüquqlarını müdafiə etmək üçün vəkil təqdim olunmuşdur. Bundan sonra ona üzərində olan əşyaları təqdim etməyini təklif etmişlər. O, əynindəki qara rəngli şortun sağ yan cibindən bir bükümü çıxararaq masanın üzərinə qoymuşdur. Təqdim etdiyi bükümün içərisindəki “şüşə” kimi tanıdığı psixotrop maddə olan metamfetamin olmasını, onu həmin tarixdə Corat qəsəbəsində tanımadığı şəxsdən 10 manata alaraq üzərində saxladığını bildirmişdir. Təqdim etdiyi metamfetamin elektron tərəziyə qoyulub çəkilmiş, kağız zərfdə qablaşdırılaraq möhürlənmiş və üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Bununla əlaqədar protokol tərtib edilmiş və onlar protokolu imzaları ilə təsdiq etmişlər. Daha sonra özünü təqsirli bilməsini və əməlindən peşman olmasını nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, şahid ifadələri, ekspert rəyləri, şəxsi axtarış zamanı qeydə alınmış videogörüntülər və iş materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt şəhər polis idarəsinin 3-cü PB-nin əməliyyat müvəkkili X4 ifadəsində göstərmişdir ki, Sumqayıt şəhər sakini Təqsirləndirilən şəxs mütəmadi olaraq narkotik vasitə qəbul etməsi və üzərində gəzdirməsi ilə bağlı əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumatı rəhbərliyə məruzə etdikdən sonra bununla bağlı əməliyyat-axtarış tədbirlərinin keçirilməsi üçün xx.xx.2024-cü il tarixdə əməliyyat qrupu yaradılmışdır. Həmin gün əməliyyat qrupunun üzvü Şahid2 ilə birlikdə günorta saatlarında Sumqayıt şəhəri, 2-ci mikrorayon, ev 39/16a arxasında yaxınlaşaraq özlərini təqdim etmişlər, onun narkotik vasitələrin qəbulu və üzərində gəzdirilməsi ilə bağlı şübhəli olmasını bildirmişlər, buna görə də onu Sumqayıt ŞPİ-nin 3-cü PB-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs etiraz etmədən onlarla bilrikdə 3cü PB-nə gəlmişdir. Bölmədə xidməti otaqların birində ona hüquq və vəzifələri barədə bildiriş verilmiş, həmçinin vəkil təqdim edilmişdir. Daha sonra isə əməliyyat qrupunun üzvlərinin və vəkilin iştiakı ilə video çəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı üzərində qanunsuz hər hansı əşya və ya predmet varsa təqdim etməsi Təqsirləndirilən şəxs təklif edilmiş, sonuncu isə əynində olan qara rəngli şortun cibində saxlamış olduğu 01 ədəd bükümü çıxarıb təqdim etmişdir. Aşkar olunmuş 01 ədəd büküm açılan zaman içərisində psixotrop maddə olan metamfetamin olduğu müəyyən edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs aşkar olunan maddəni maddəni Corat kəndində, tanımadığı şəxsdən 10 manata aldığını və şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş maddə elektron tərəzidə çəkilmiş, kağız zərfə qoyularaq xüsusi qaydada qablaşdırılmış və üzəri möhürlənmişdir. Daha sonra isə şəxsi axtarışla bağlı protokol tərtib edilərək iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 3-cü Polis Bölməsinin əməliyyat müvəkkili Şahid2 ondan öncə məhkəmə iclasında ifadə vermiş X1 ifadəsinə oxşar, eyni məzmunlu ifadə verərək bildirmişdir ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli şortun cibindən bir ədəd bükümdə olan maddəni təqdim edərək həmin maddənin psixotrop maddə olan metamfetamin olduğunu bildirmişdir. Cinayət işinin 20-ci vərəqəsində olan xx.xx.2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 68-ci vərəqəsində olan qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs müvəqqəti saxlama yerindən azad edilərək barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 27-28-ci vərəqələrində olan şəxsi axtarış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokola və həmin baxış zamanı qeydə alınmış video görüntülərə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 15:30 radələrində Sumqayıt ŞPİ-nin 3-cü Polis Bölməsinin inzibati binasında videoçəkiliş aparılmaqla polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarışdan öncə Təqsirləndirilən şəxs hüquq və vəzifələri haqqında bildiriş verilmiş, həmçinin vəkil təqdim edilmişdir. Şəxsi axtarış zamanı üzərində qanunla qadağan olunmuş hər hansı əşya və ya predmet varsa təqdim etməsi Təqsirləndirilən şəxs təklif edilmiş, o da qara rəngli qısa şortun sağ yan kiçik cibində saxlamış olduğu 1 ədəd siqaret kağızından ibarət bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Həmin bükülü açılan zaman içərisində psxiotrop maddə olan metamfetaminə bənzər maddənin olduğu müəyyən edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs aşkar olunan maddənin “şüşə" olduğunu, həmin maddəni həmin gün səhər saatlarında Corat qəsəbəsi ərazisində tanımadığı şəxsdən 10 manata aldığını və şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş həmin maddə tərəziyə qoyulub çəkilən zaman həmin maddənin çəkisinin büküm ilə birlikdə 0,59 qram olduğu müəyyən edilmişdir. Aşkar olunaraq götürülmüş psixotrop maddəyə bənzər kütlə xüsusi qaydada qablaşdırılaraq üzəri möhürlənmişdir. Zərfin üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs oğlunun üzərindən əlavə hər hansı qadağan edilmiş əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs psixotrop maddənin özünə məxsus olduğunu, saxlanılarkən və daha sonra heç bir təsirə və ya təzyiqə məruz qalmadığını bildirmişdir. Cinayət işinin 43-44-cü vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 14 iyul 2024-cü il tarixli, 3-16-16/2-6/3640 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün N127” dairəvi möhür əksi olan, “Təqsirləndirilən şəxs götürülmüş ...” sözləri soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi 0,443 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Qeyd: Metamfetaminin təmiz çəkisi 0,443 qram olmuş, tədqiqata 0,05 qram sərf edilmiş, 0,393 qram qalıq qalmışdır. Cinayət işinin 42-ci vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 65 (altmış beş) manat müəyyən edilmişdir. Cinayət işinin 74-cü vərəqəsində olan xx.xx.2024-cü il tarixli maddi sübut kimi tanınma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş və ekspertiza tədqiqatından sonra qalmış 0,393 qram çəkidə psixotrop maddə olan metamfetamin maddi sübut kimi tanınmış və saxlanılması üçün Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmiş, həmçinin onun üzərində şəxsi axtarış zamanı qeydə alınmış görüntüləri özündə əks etdirən 01 ədəd disk maddi sübut kimi tanınaraq iş materiallarına əlavə edilmişdir. Cinayət işinin 79-80-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X2 ekspert komissiyasının 24 iyul 2024-cü il tarixli, 5039 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 83-84-cü vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin 21 sentyabr 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən 01 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Cinayət işinin materiallarında olan Sumqayıt şəhər Probasiya Şöbəsinin xx.xx.2024cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin 21 sentyabr 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən 01 il 11 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Məhkum Təqsirləndirilən şəxs cəzasından 01 ay 13 gününü çəkmiş, çəkilməmiş cəzası isə 01 il 10 ay 13 gün təşkil edir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün etirafı, şahidlərin ifadələri, ekspert rəyləri, şəxsi axtarış zamanı qeydə alınmış videogörüntülər və digər iş materialları ilə onun satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda psixotrop maddə olan metamfetamini əldə etmə, saxlama və daşıma cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Ona görə də Təqsirləndirilən şəxs həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən təqsiləndirilən şəxs Təqsirləndirilən şəxs özünü təqsirli bilməsini cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən təqsiləndirilən şəxs Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Belə ki, Təqsirləndirilən şəxs üzərində ödənilməmiş məhkumluğu və çəkilməmiş cəzası olsa da, müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs çəkilməmiş cəzası azadlığın məhdudlaşdırılması növündə cəza ilə bağlıdır. Bu səbəbdən də onun əməlində cinayətlərin residivi yaranmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsinə əsasən residivin müəyyən edilməsi zamanı azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar nəzərə alınmır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzanı yüngülləşdirən halın olmasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Ona görə də onun barəsində azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. İş üzrə həmçinin müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin 21 sentyabr 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən 01 il 11 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Həmin hökmün icrası üzrə cəzasından 01 ay 13 gününü çəkmiş, çəkilməmiş cəzası isə 01 il 10 ay 13 gün gün təşkil edir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 21 sentyabr 2022-ci il tarixli 1(060)-244/2022 hökmü ilə təyin edilmiş və çəkilməmiş 01 (bir) il 10 (on) ay 13 (on üç) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən 11 (on bir) ay 06 (altı) gün müddətə azadlıqdan məhrum etmə cəzasına bərabər tutularaq həmin müddəti Təqsirləndirilən şəxs hazırki hökmlə təyin ediləcək azadlıqdan məhrum etmə cəzası ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən qismən birləşdirmək yolu ilə ona azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 13 iyul 2024-cü il tarixdən 15 iyul 2024cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı hazırki hökmün qəbul edildiyi 16 may 2024-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilərək, barəsində həbs qətimkan tədbiri seçilməli, o, məhkəmə iclas zalından həbsə alınmalı və saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına göndərilməli, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslərin cəzasını ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Həmin Məcəllənin 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulur. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X2 ekspert komissiyasının 24 iyul 2024-cü il tarixli, 5039 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicəyə təyin olunmalı və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutlarla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq Sumqayıt ŞPİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan ekspertiza tədqiqatından sonra qalmış 0,393 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə digər maddi sübut olan 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş vəkilə dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara və AzərbaycanRespublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin 21 sentyabr 2022-ci il tarixli 1(060)-244/2022 hökmü ilə təyin edilmiş və çəkilməmiş 01 (bir) il 10 (on) ay 13 (on üç) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən 11 (on bir) ay 06 (altı) gün müddətə azadlıqdan məhrum etmə cəzasına bərabər tutularaq həmin müddəti Təqsirləndirilən şəxs hazırki hökmlə təyin edilmiş 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən qismən birləşdirmək yolu ilə ona 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 13 iyul 2024-cü il tarixdən 15 iyul 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 24 oktyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilərək, barəsində həbs qətimkan tədbiri seçilsin o, məhkəmə iclas zalından həbsə alınsın və saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına göndərilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Sumqayıt ŞPİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,393 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci cəmi – 65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X3, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Sumqayıt Regional Vəkil Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 15 saata görə 90 (doxsan) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Sumqayıt Regional Vəkil Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunandan (həbsdə olan təqsirləndirilən şəxsə təqdim edildiyi gündən) 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Samir İsmayılov
Məhkəmə qərarları › İş №1(060)-787/2024
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-787/2024
24.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver