Məhkəmə qərarları › İş №1(060)-79/2025

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-79/2025

16.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-79/2025 16.01.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılova Günel Rza qızının sədrliyi, Əhmədli Amid Yusif oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1987-ci ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməyən, ünvan 1 ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitə mariuxuana əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, o, satış məqsədi olmadan, qanunsuz olaraq, istintaqa məlum olmayan vaxtda və mənbədən öz istifadəsi üçün, xeyli miqdarda, bir bükümdə təmiz çəkisi- 19,33 qram qram bitki mənşəli, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana əldə edərək üzərində saxlamaqla daşımış, 19 iyul 2024-cü il tarixdə saat 18:30-da Sumqayıt ŞPİ-nin CAŞ-ın əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində yerləşən Məşğulluq İdarəsinin yaxınlığında küçədə saxlanılaraq idarənin inzibati binasına gətirilmiş və şübhəli şəxs qismində tutularaq üzərinə keçirilən şəxsi axtarış zaman əynində olan göy rəngli cins şalvarının sağ yan cibində saxladığı "Maqna" siqaret qutusunun içərisindən təmiz çəkisi 19,33 qram narkotik vasitə qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, bir müddətdir ki, fasilələrlə, narkotik maddələr qəbul edir. Tutulmazdan 5-6 gün əvvəl Abşeron rayonu, Saray qəsəbəsi ərazisində olan zaman orada təsadüfən rastlaşdığı tanımadığı şəxsdən 100 manata 1 ədəd "Maqna" siqaret qutusunda qurudulmuş marixuana almış, həmin qurudulumuş marixuananı əynində olan göy rəngli cins şalvarının sağ yan cibinə qoyub saxlamış və istəyən zaman qəbul edirmiş. xx.xx.2024-cü il tarixdə saat 18:30 radələrində Sumqayıt şəhəri, 9-cu mkr ərazisində yerləşən Məşğulluq İdarəsinin yaxınlığında küçədə olan zaman ona mülki geyimdə olan şəxslər yaxınlaşıb özlərini təqdim edərək Sumqayıt Şəhər Polis İdarəsinin polis işçiləri olduqlarını bildirmişlər və onu qanunsuz olaraq narkotik vasitə istifadə etməkdə və üzərində gəzdirməkdə şübhəli olduğunu bildirərək üzərində şəxsi axtarış keçirilməsindən ötrü polis idarəsinə dəvət etmişlər. O, etiraz etməmiş və birlikdə polis idarəsinə gəlmişlər. İdarədə xidməti otaqların birində ona hüquq və vəzifələri izah olunaraq müdafiəçilərin siyahısı təqdim edilmiş və o, həmin siyahıdan özünə Müdafiəçi hüquqlarını müdafiə etməsi üçün seçmişdir. Bundan sonra isə müdafiəçinin və polis əməkdaşlarının iştirakları ilə üzərinə videoçəkilişlə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirməzdən əvvəl ona üzərində qanunsuz əşya və ya predmet varsa təqdim etməyi təklif olunmuşdur. O, da əynində olan göy rəngli cins şalvarının sağ yan cibində saxladığı 1 ədəd "Maqna" siqaret qutusunu çıxarıb təqdim etmiş və verilən suallara cavab olaraq təqdim etdiyi siqaret qutusunun içərisində qurudulmuş marixuana olduğunu bildirmişdir. Həmin siqaret qutusunun içərisinə təhqiqatçı tərəfindən baxılanda qurudulumuş marixuana aşkar olunmuşdur. Bundan sonra üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan cins şalvarının sol yan cibindən çıxarıb təqdim etdiyi içərisində papiroslar olan siqaret qutusu özünə qaytarılmış, şəxsi axtarış zamanı üzərindən başqa heç bir cinayət xarakterli əşya və ya predmet aşkar olunmamış və götürülməmişdir. Şəxsi axtarış zamanı üzərindən 1 ədəd "Maqna" siqaret qutusunda olan qurudulmuş marixuanaya baxmaq istədiyini dedikdə, təhqiqatçı tərəfindən həmin siqaret qutusunda olan qurudulmuş marixuana ağ kağız üzərinə boşaldılmış və həmin kağıza bükülərək elektron tərəzidə çəkildikdə kağızla birlikdə çəkisi 24,27 qram olmuşdur. Bundan sonra həmin maddə ekspertizaya göndərilməsindən ötrü zərfə qablaşdırılıb möhürlənmiş, zərfin üzərində qeydlər aparılmış və tərəfindən imzalanmışdır. Sonra təhqiqatçı tərəfindən protokol tərtib edilmiş, protokolun məzmunu onlara ucadan oxunmuş, doğruluğunu imzalarla təsdiq etmişlər. Üzərindən aşkar olunaraq götürülmüş qurudulmuş marixuana özünə məxsusdur, öz şəxsi istifadəsi üçün üzərində saxlamışdır. Qurudulmuş marixuananı aldığı şəxsi üzdən görsə tanıyıram, adını ünvanını və mobil nömrəsini bilmir. Heç kimə narkotik maddə verməmiş və satmamış, satışı ilə heç vaxtı məşğul olmamış, özü qəbul etmişdir. Polis işçiləri onu saxlayan və idarəyə gətirən zaman üzərinə şəxsi axtarış keçirilməmiş, sadəcə sorğu-sual olunurmuş. Onun üzərində ilk dəfə şəxsi axtarış Sumqayıt ŞPİ-də ona təqdim olunmuş vəkil Müdafiəçi iştirakı ilə videoçəkilişlə keçirilmişdir. Mobil telefon istifadə etmir və nömrəsi də yoxdur. Polis əməkdaşları tərəfindən ona qarşı heç bir zor və qanunsuz hərəkətlər olmayıb, heç bir şikayət və tələbi yoxdur. Daha sonra özünü təqsirli bilməsini və əməlindən peşman olmasını nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, şahid ifadələri, ekspertiza rəyləri, şəxsi axtarış zamanı qeydə alınmış video görüntülər və iş materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin CAŞ-ın əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, icraatına Sumqayıt şəhəri, Təzə Kotec qəsəbəsi, məhəllə 14, mənzil 137 ünvanda yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr qəbul etməsi və üzərində gəzdirməsi barədə əməliyyat məlumatları daxil olmuşdur. Bununla bağlı idarə rəisinə raportla məruzə olunaraq əməliyyat-axtarış tədbirlərinin keçirilməsi xahiş edilmişdir. Rəhbərlik tərəfindən Təqsirləndirilən şəxs cinayət əməllərinin ifşa edilməsi üçün əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə razılıq verilərək əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupuna ondan başqa CAŞ-ın kiçik inspektoru, polis baş serjantı Şahid2 da daxil edilmişdir. Əməliyyat qrupuna rəhbərliyi özü etmişdir.Təqsirləndirilən şəxs barəsində daxil olmuş əməliyyat marağı kəsb edən məlumatların yoxlanılması məqsədilə 19 iyul 2024-cü il tarixdə onun ola biləcəyi yerlər tərəflərindən müşahidəyə götürülmüş, saat 18:30 radələrində Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, 9-cü mikrorayonda yerləşən Məşğulluq İdarəsinin yaxınlığında küçədə olmasını görmüşlər və yaxınlaşıb özlərini təqdim edərək onu saxlamışlar. Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq narkotik vasitə gəzdirməsində şübhələr olduğundan üzərində şəxsi axtarış keçirilməsini bildirmişlər və həmin yerdə şəxsi axtarış keçirilməsi üçün normal şərait olmadığına görə polis idarəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs etiraz etmədən onlarla birlikdə idarəyə gəlmişdir. İdarədə Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilərək Sumqayıt Regional Vəkillər bürosunun vəkillərinin siyahısı təqdim edilmiş, Təqsirləndirilən şəxs siyahıdan özünə vəkil Müdafiəçi kimi seçmişdir. Müdafiəçinin iştirakı təmin edildikdən sonra videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmişdir. Videoçəkilişi Sumqayıt ŞPİ-nin KTB-nin ekspert-kriminalisti, polis mayoru Asəf Həbibov çəkmişdir. Şəxsi axtarış keçirməzdən əvvəl Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya və predmet varsa təqdim etməyi təklif olunmuş, Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən çıxartdığı 1 ədəd «Magna» siqaret qutusunu təqdim etmiş və verilən suallara cavab olaraq həmin siqaret qutusunun içərisində qurudulumuş marixuana olduğunu, həmin qurudulmuş marixuananı tutulmazdan bir neçə gün əvvəl Abşeron rayonu Saray qəsəbəsində üzdən tanıdığı adını bilmədiyi şəxsdən öz şəxsi istifadəsi üçün 100 manata aldığını bildirmişdir. Həmin siqaret qutusunun içərisinə baxılan zaman narkotik vasitə qurudulmuş marixuanaya bənzər maddə aşkar olunmuşdur. Bundan başqa şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan cins şalvarının sol yan cibindən çıxarıb təqdim etdiyi içərisində papiroslar olan siqaret qutusu özünə qaytarılmış, başqa heç bir cinayət xarakterli əşya və ya predmet aşkar olunmamış və götürülməmişdir. Bundan başqa şəxsi axtarış zamanı Yunus Məhhərmov təqdim etdyii 1 ədəd "Maqna" siqaret qutusunda olan qurudulmuş marixuanaya baxmaq istədiyini dedikdə, təhqiqatçı tərəfindən həmin siqaret qutusunda olan qurudulmuş marixuana ağ kağız üzərinə boşaldılmış və həmin kağıza bükülərək elektron tərəzidə çəkildikdə kağızla birlikdə çəkisi 24,27 qram olmuş, həmin kütlə ekspertizaya təqdim edilməsi məqsədilə zərfə qoyularaq qablaşdırılmış və möhürlənmiş, zərfin üzərində qeydlər aparılaraq imzalanmışdır. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi ilə bağlı tərtib edilmiş protokolun məzmunu onlara ucadan oxunmuş, protokolun doğruluğunu imzalarla təsdiq etmişlər. Məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş, məhkəmə iclasında iştirak etməyən şahid Sumqayıt ŞPİ-nin CAŞ-ın kiçik inspektoru, polis baş serjantı Şahid2 ifadəsi elan edilməklə tədqiq edildi və müəyyən edildi ki, o məhkəmə iclasında ifadə vermiş Şahid1 ifadəsinə oxşar eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – Cinayət Məcəlləsi) 234.1-ci maddəsi ilə cinayət işi başlanmış və icraata qəbul edilməklə istintaqı aparılmışdır. (i.v.1) “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə, saat 18:30-da Sumqayıt şəhəri, 9-cu mikrorayon, Məşğulluq İdarəsinin yaxınlığında Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. (i.v.18) “Şəxsi axtarışın keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokolundan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin qəbulu və üzərində gəzdirməsi barədə Sumqayıt ŞPİ-nin CAŞ-nə etibarlı və qərəzsiz mənbədən məlumat daxil olmuşdur. Daxil olmuş məlumat əsasında Təqsirləndirilən şəxs, Sumqayıt şəhəri 9-cu mikrorayon ərazisində yerləşən Məşqulluq İdarəsinin yaxınlığında Sumqayıt ŞPİ-nin NMB-nin əməkdaşları tərəfindən xx.xx.2024-cü il tarixdə saat 18:30-də saxlanılaraq Sumqayıt ŞPİnə gətirilmişdir. Təqsirləndirilən şəxs Pİ-nə gətirildikdən sonra inspektor-kriminalist rəqəmsal tipli “Panasonic” markalı videokameranı işə salmış və iştirakçılarla birlikdə həmin tarixdə, saat 20:20-də Pİ-də, xidməti otaqların birində onun üzərinə şəxsi axtarış keçirilmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışa başlanmazdan əvvəl ona hüquq və vəzifələri barədə bildiriş və hüquqlarının müdafiəsini təmin edəcək vəkili Müdafiəçi təqdim olunmuş, daha sonra isə vidoçəkiliş vasitəsilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilərək sonuncuya üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa, həmin əşyanı təqdim etməyi təklif edilmişdir. Təqsirləndirilən şəxs özü əynindəki göy rəngli cins şalvarın sağ yan cibində saxlamış olduğu 1 ədəd «Maqna» siqaret qutusunu təqdim etmiş, həmin qutu açıldıqda qutunun içində yaşıl rəngli qurudulmuş, spesifik iyə malik narkotik vasitə olan «marixuana”ya bənzər olan bitki kütləsinin olduğu müəyyən olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs, üzərindən aşkar olunmuş bitki kütləsinin “marixuana” olduğunu, həmin bitki kütləsini xx.xx.2024-cü il tarixdə tutulmamışdan bir neçə gün əvvəl Abşeron rayonu, Saray qəsəbəsində üzdən tanıdığı adını bilmədiyi şəxsdən şəxsi istifadəsi üçün 100 manata aldığını və üzərində saxlayaraq, gəzdirdiyini bildirmişdir. Həmçinin, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 ədəd «Maqna» siqaret qutusunun içərisində olan bitki kütləsinə baxılması üçün ağ kağıza tökülmüş və həmin kağızda da bükülmüşdür. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş kütlə tərəziyə qoyulub çəkilən zaman həmin maddənin kağızla birlikdə çəkisinin 24,27 qram olduğu müəyyən edilmiş və aşkar olunmuş həmin maddə Azərbaycan Respublikası ƏN-nin MEMnə göndərilməsi üçün xüsusi qaydada qablaşdırılaraq Azərbaycan Respublikasının DİNnin 124 saylı möhürü ilə möhürlənmişdir. (i.v.26-27) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-7/1174 nömrəli rəyinin nəticə hissəsində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş kağız paketdə bir ədəd kağız bağlamada təmiz çəkisi 19,33 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. 19,33 qram qəbul edildi, 0,02 qram nümunə götürüldü,19,31 qram kütlə geri qaytarıldı. (i.v.37-40) Təqsirləndirilən şəxs qismində cəlb edilməklə ittiham elan olunması haqqında xx.xx.2024-cü il tarixli qərara əsasən Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin maddədə nəzərdə tutulmuş ittiham ona elan edilmişdir. (i.v. 48-49) Təqsirləndirilən şəxsin dindirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs kimi ifadəsi alınmışdır. (i.v.61-62) Maddi sübut kimi tanınma haqqında xx.xx.2024-cü il tarixli qərara əsasən Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş bir bağlamada təmiz çəkisi 19,33 qram narkotik vasitə qurudulmuş marixuana (ekspertizaya təqsim olunduqdan sonra qalıq 19,31 qram) iş üzrə əhəmiyyət kəsb etdiyi üçün maddi sübut kimi tanınmış və saxlanılması üçün Sumqayıt şəhər polis idarəsinin saxlanc anbarına təhvil verilmişdir.(i.v.78) Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 4(060)-230/2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmaqla 3 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. (i.v. 68-70) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X4 şəxsin Ambulator X1 barədə xx.xx.2024-cü il tarixli, 5444 nömrəli rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərin, opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. (i.v.83-84) Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 11 ay 28 gün müddətinə azadlıqdan məhrum edilmişdir. (i.v.86-89) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2013-cü i tarixli hökmü ilə CM-nin 177.3.2-ci maddəsi ilə təqsirli bilinərək 07 il azadlıqdan məhrum edilmiş, Xəzər Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı ilə əməl CM-nin 177.2.1,177.2.3 və 177.2.4-cü maddələri ilə tövsif edilərək cəzası 05 ilə endirilmişdir. O, xx.xx.2018-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Təqsirləndirilən şəxs Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə CM-nin 177.2.2, 177.2.3 və 177.2.3-1-ci maddələri ilə təqsirli bilinərək 03 il azadlıqdan məhrum edilmiş, AR Milli Məclisinin xx.xx.2021-ci il tarixli “Amnistiya” qərarının 2.4-cü bəndinə əsasən xx.xx.2021-ci il tarixdə azadlıqdan məhrumetmə cəzasından azad edilmişdir. Təqsirləndirilən şəxs sonuncu dəfə Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 11 ay 28 gün müddətinə azadlıqdan məhrum edilmiş, Salyan rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə vaxtından əvvəl şərti azad olunmuşdur. Göründüyü kimi, Təqsirləndirilən şəxs hazırda ittiham olunduğu cinayəti törədərkən məhkumluğu ödənilməmişdir.(i.v.94-95) “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərarda göstərilmişdir ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 19,33 qram narkotik vasitə qurudulmuş marixuananın maddi sübut kimi tanınması (ekspert tədqiqatına sərf edildikdən sonra qalıq 19,31 qram) və saxlanılması üçün Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilməsi nəzərə alınmışdır. (i.v.96-100) Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün etirafı, şahidlərin ifadələri, ekspert rəyləri, şəxsi axtarış zamanı qeydə alınmış video görüntülər və digər iş materialları ilə onun satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitə olan heroini əldə etmə, saxlama və daşıma cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmiş və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs özünü təqsirli bilməsini cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi yaranmışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəlləsinin 83.3.1-ci maddəsinə əsasən şərti məhkum edilmiş şəxslər barəsində - sınaq müddəti başa çatdıqda, çəkilməmiş əlavə cəzası olduğu hallarda isə həmçinin əlavə cəza icra olunub qurtardıqda; 83.3.3-cü maddəsinə əsasən isə az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluğu olmayan hesab edilir. Belə ki, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 11 ay 28 gün müddətinə azadlıqdan məhrum edilmiş, Salyan Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə vaxtından əvvəl şərti azad olunmuş və xx.xx.2024-cü il tarixdə hazırki cinayət işi üzrə tutulmuşdur. Göründüyü kimi, Təqsirləndirilən şəxs hazırda ittiham olunduğu cinayəti törədərkən məhkumluğu ödənilməmişdir Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Məhkəmə həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin olmasını cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, ağırlaşdırıcı və yüngülləşdirici halları, təqsirləndirilən şəxsin əməlində cinayətlərin residivinin olmasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Ona görə də onun barəsində azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. İş üzrə həmçinin müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 11 ay 28 gün müddətinə azadlıqdan məhrum edilmiş, Salyan Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə cəzadan şərti olaraq vaxtından əvvəl azad olunmuş və cəzanın çəkilməmiş hissəsi ərzində qəsdən az ağır cinayət törətmişdir. Məhkəmə göstərilənlərə əsasən qeyd edir ki, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə məhkum edildiyi iş üzrə Salyan Rayon Məhkəməsinin 27 iyun 2024-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan 02 (iki) ay 07 (yeddi) gününü çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilməsi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 76.6.3-cü maddəsinə əsasən ləğv edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 76.6.3-cü maddəsinə əsasən cəzanın çəkilməmiş hissəsi ərzində məhkum qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə cəzadan şərti olaraq vaxtından əvvəl azad etməni ləğv edir və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırki hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə təyin edilmiş və çəkilməmiş qalan 02 (iki) ay 7 (yeddi) gün müddətə azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilməklə ona azadlıqdan məhrum etmə cəzası təyin edilməli, cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı 19 iyul 2024-cü il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün - ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 ekspert komissiyasının xx.xx.2024-cü il tarixli, 5444 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutlarla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq Sumqayıt ŞPİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan ekspertiza tədqiqatından sonra qalmış 19,31 qram çəkidə olan narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə digər maddi sübut olan 01 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizaları tədqiqatının xərci cəmi 72 (yetmiş iki) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə, həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş vəkilə dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara və AzərbaycanRespublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 07 (yeddi) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə məhkum edildiyi iş üzrə Salyan Rayon Məhkəməsinin 27 iyun 2024-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan 02 (iki) ay 07 (yeddi) gününü çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilməsi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 76.6.3cü maddəsinə əsasən ləğv edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırki hökmlə təyin edilmiş 01 (bir) il 07 (yeddi) ay müddətə azadlıqdan məhrum etmə cəzası Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə təyin edilmiş və çəkilməmiş qalan 02 (iki) ay 07 (yeddi) gün müddətə azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilməklə ona 01 (bir) il 08 (səkkiz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 19 iyul 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut Sumqayıt Şəhər Polis İdarəsinin maddi sübutların saxlama kamerasında saxlanılan ekspertiza tədqiqatından sonra qalmış 19,31 qram narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci cəmi – 72 (yetmiş iki) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 24 saata görə 144 (yüz qırx dörd) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürsosunun hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunandan (həbsdə olan təqsirləndirilən şəxsə təqdim edildiyi gündən) 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Günel İsmayılova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar