Məhkəmə qərarları › İş №1(060)-791/2024

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-791/2024

25.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-791/2024 25.09.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Rafiq oğlunun sədrliyi, Bəşirov Şahin Məmmədsala oğlunun katibliyi ilə, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi iştirakı ilə, xx xxxxx 1987-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan, faktiki olaraq ünvan 2nvanında yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İş üzrə Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən, satış məqsədi olmadan, qanunsuz olaraq, xeyli miqdarda, 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,304 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə etməklə əynində olan qara rəngli cins şalvarının sağ yan cibində daşıyaraq gizlətməklə saxlamış, 21 may 2024-cü il tarixdə, saat 23 radələrində Sumqayıt ŞPİ-nin NMB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri zamanı Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, Kamran Hüseynov küçəsində yerləşən “Oba” marketin yaxınlığında saxlanılmaqla şəhər polis idarəsinə aparılaraq üzərinə keçirilmiş şəxsi axtarış zamanı həmin metamfetamin əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bildi və ifadə verərək göstərdi ki, 21 may 2024-cü il tarixdə Sumqayıt şəhəri, Kotec qəsəbəsi ərazisində olduğu zaman əvvəllər bir dəfə metafetamin alaraq istifadə etdiyi, lakin adını bilmədiyi şəxslə rastlaşmış və həmin şəxslə söhbət edən zaman ondan istifadə etmək üçün yenə də metamfetamin istəmişdir. Həmin şəxs ona 10 manat qarşılığında bir bükümdə metafetamin vermişdir. Aldığı metamfetamini sonra istifadə etmək məqsədilə şalvarının sağ yan cibinə qoyaraq saxlamış və həmin gün axşam saatlarında Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsində yerləşən “Oba” marketin yaxınlığında hərəkət edərkən iki nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq xidməti vəsiqələrini göstərib Sumqayıt şəhər polis idarəsinin əməkdaşları olduqlarını bildirmiş və narkotik vasitələrin, psixotrop madələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib onu Sumqayıt ŞPİ-yə dəvət etmişlər. Polis idarəsində, xidməti otaqların birində vəkilin və polis əməkdaşlarının iştirakı ilə videoçəkilişlə üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı şalvarının sağ yan cibində saxladığı bir ədəd gümüşü rəngli siqaret kağızı bükümdə olan metamfetamini aşar edərək götürmüşlər. Həmin maddə elektron tərəzidə çəkilmiş və daha sonra qablaşdırılmışdır. Hazırda o, etdiyi əməldən peşman olduğunu və himayəsində 4 azyaşlı uşağı olduğunu nəzərə alaraq barəsində həbslə bağlı olmayan yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin X1 əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, 21 may 2024-cü il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitə əldə etməsi, saxlaması, daşıması və istifadə etməsi barədə idarəyə əməliyyat məlumatı daxil olmuşdur. Bununla əlaqədar əməliyyat qrupu yaradılmış və Təqsirləndirilən şəxs ola biləcəyi yer müəyyən edilərək Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, Kamran Hüseynov küçəsində yerləşən “Oba” marketin yaxınlığında piyada hərəkətdə olarkən saxlanılmış və ona özlərini təqdim edərək narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirmişlər. Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsi məqsədilə onu Sumqayıt şəhər polis idarəsinə dəvət etmiş və idarədə müdafiəçinin iştirakı ilə və videoçəkiliş aparılmaqla onun üzərində şəxsi axtarış keçirilmişdir. Axtarış zamanı onun şalvarının sağ yan cibindən bir ədəd gümüşü rəngli kağız bükülü aşkar olunmuşdur. Həmin bükülü açıldıqda içərisində ağ rəngli kristalardan ibarət psixotrop maddə olan metamfetaminə bənzər maddənin olması müəyyən edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunan maddənin metamfetamin olduğunu, həmin maddəni xx.xx.2024-cü il tarixdə Sumqayıt şəhəri, Kotec qəsəbəsində tanımadığı şəxsdən 10 manat pul verərək şəxsi istifadəsi üçün aldığını və üzərində gəzdirdiyini bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş həmin kütlə elektron tərəzidə çəkilmiş, ekspertizaya göndərilməsi üçün qablaşdırılmış, üzərində qeydlər aparılmış və imzalanmışdır. Məhkəməyəqədər icraat zamanı şahid qismində dindirilmiş Şahid2 məhkəmə iclasında dindirilmiş Şahid1 ilə oxşar məzmunlu ifadə vermişdir. İş üzrə keçirilmiş məhkəmə-kimyəvi ekspertizasının 22 may 2024-cü il tarixli 3-16- 16/2-6/2872 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün 124” sairəvi möhür əksi olan, “Saxlanılan şəxs: “imza” Təqsirləndirilən şəxs” Və digər yazı, ad, soyad, imzalar qeyd edilmiş bir ədəd zərfdəki 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,304 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. İş üzrə keçirilmiş məhkəmə-narkoloji ekspertizasının 24 iyul 2024-cü il tarixli 5049 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs psixostimulyatorlardan istifadə etmə halları olub. Lakin, hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur, narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 256.1-ci maddəsi ilə təqsirli bilinib barəsində 6 ay müddətində azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, Sumqayıt apelyasiya məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə xx.xx.2019-cu il tarixli hökm dəyişdirilərək barəsində təyin edilmiş 6 ay azadlığın məhdudlaşdırılması cəzası 320 saat ictimai işlər cəzası ilə əvəz edilmiş və Sumqayıt şəhər məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarına əsasən Sumqayıt apelyasiya məhkəməsi tərəfindən təyin edilmiş ictimai işlər cəzasından azad edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsi və şahidi dindirib, iş materiallarını tam, hərtərəfli və obyektiv surətdə araşdıraraq, təqsirləndirilən şəxsin əməlinə hüquqi qiymət verərək, həmçinin yuxarıda qeyd olunan və məhkəmə istintaqında tədqiq edilən sübutlara əsaslanaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o, həmin maddə ilə təqsirli bilinməlidir. Belə ki, məhkəmə istintaqı zamanı sübut olundu ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən, satış məqsədi olmadan, qanunsuz olaraq, xeyli miqdarda, 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,304 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə etməklə əynində olan qara rəngli cins şalvarının sağ yan cibində daşıyaraq gizlətməklə saxlamış, 21 may 2024-cü il tarixdə, saat 23 radələrində Sumqayıt ŞPİ-nin NMB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri zamanı Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, Kamran Hüseynov küçəsində yerləşən “Oba” marketin yaxınlığında saxlanılmaqla şəhər polis idarəsinə aparılaraq üzərinə keçirilmiş şəxsi axtarış zamanı həmin metamfetamin əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Göstərilən hərəkəti ilə o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir və ona həmin maddənin sanksiyası hədləri daxilində cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, məhkəmə cəza təyin edərkən, təqsirkarın şəxsiyyətini, törətmiş olduğu əməlin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, iş üzrə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Təqsirləndirilən şəxs əməlindən peşman olmasını və himayəsində dörd azyaşlı uşağının olmasını məhkəmə iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. İş üzrə cəzanı ağırlaşdıran hal müəyyən edilmədi. Azərbaycan Respublikasının CM-nin 58.1-ci maddəsinə əsasən törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı ağırlaşdıran halın olmamasını, cəzanı yüngülləşdirən halların mövcudluğunu nəzərə alaraq ona ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan cəza növü – azadlığın məhdudlaşdırılması cəzasının tətbiq edilməsi qənaətinə gəlir və hesab edir ki, bu cəza ilə cəzanın məqsədlərini təmin etmək mümkündür. Həmçinin, məhkəmə hesab edir ki, CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 21 may 2024-cü il tarixdən 23 may 2024-cü il tarixədək tutulduğu müddət ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasına bir günə iki gün hesabı ilə hesablanmaqla üzərində qəti cəza müəyyən edilməlidir. Təyin edilmiş cəzanı təqsirləndirilən şəxs yaşadığı yer üzrə çəkməlidir. Cəzanın icrası təqsirləndirilən şəxsin yaşadığı yer üzrə probasiya şöbəsinə həvalə edilməli, cəzaçəkmənin əvvəli təqsirləndirilən şəxsin cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə Sumqayıt şəhərinin hüdudlarını tərk etməmək, axşam saat 23:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, cəza çəkdiyi müddət ərzində elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, habelə cəzanın icrasına nəzarət edən orqanı yaşayış, iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalıdır. Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonra ümumi qalıq çəkisi 0,254 qram təşkil edən metamfetamin qanuna müvafiq qaydada məhv edilməlidir. İş üzrə məhkəmə xərci olan 89 (səksən doqquz) manat məbləğində ekspertiza tədqiqatının dəyəri Azərbaycan Respublikası CPM-in 198.1-ci maddəsinə əsasən məhkum Təqsirləndirilən şəxs üzərinə qoyularaq ondan tutulub dövlət büdcəsinə keçirilməlidir. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. İş materiallarından müəyyən edildi ki, Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 10 (on) saat vaxt sərf etmişdir. Ona görə də 60 (altımış) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi sübut olan bir ədəd “DVD” disk cinayət işində saxlanılmalıdır. Məhkəmə şərh olunanlara əsasən, Azərbaycan Respublikası CPM-nın 351-354, 356 və 358-ci maddələrini rəhbər tutub, Hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 21 may 2024-cü il tarixdən 23 may 2024-cü il tarixədək tutulduğu müddət ona təyin edilmiş cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təyin edilmiş cəzanı yaşadığı yer üzrə çəksin. Cəzanın icrası təqsirləndirilən şəxsin yaşadığı yer üzrə Sumqayıt şəhər probasiya şöbəsinə həvalə edilsin. Cəzasının əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə Sumqayıt şəhərinin hüdudlarını tərk etməmək, axşam saat 23:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, habelə cəzanın icrasına nəzarət edən orqanı yaşayış, iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs yaşadığı ərazi üzrə narkoloji dispanserdə profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonra ümumi qalıq çəkisi 0,254 qram təşkil edən metamfetamin qanuna müvafiq qaydada məhv edilsin. İş üzrə məhkəmə xərci olan 89 (səksən doqquz) manat məbləğində ekspertiza tədqiqatının dəyəri məhkum Təqsirləndirilən şəxs üzərinə qoyularaq ondan tutulub dövlət büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi xidmətə görə Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi 60 (altımış) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına ödənilsin. İş üzrə maddi sübut olan bir ədəd “DVD” disk cinayət işində saxlanılsın. Hökmdən 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar