Məhkəmə qərarları › İş №1(060)-792/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-792/2025

21.01.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-792/2025 21.01.2026 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Elşad İbiş oğlunun sədrliyi, Cəfərova Süsənbər Fariz qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1979-cu ildə Bakı şəhərində doğulmuş, evli, himayəsində üç azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, Bakı şəhəri, Yasamal rayonu, Cəlil Məmmədquluzadə küçəsi, ev 43-də qeydiyyatda olan, Sumqayıt şəhəri, Corat bağları fərdi evdə yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs, istintaqa məlum olmayan vaxtda və mənbədən, satış məqsədi olmadan, qanunsuz olaraq xeyli miqdarda, 1 bükümdə təmiz çəkisi-0,324 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edərək üzərində saxlamaqla daşımış, 24 oktyabr 2025-ci il tarixdə saat 15:08-də Sumqayıt ŞPİ-nin CAŞ-ın əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Sumqayıt şəhəri, Corat qəsəbəsi, Corat qəbristanlığın içərisində saxlanılaraq üstünün yoxlanılması zamanı əynində olan şalvarının sağ yan cibindən 1 bükümdə təmiz çəkisi-0,324 qram olan psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona CM-in 234.1-ci maddəsi ilə elan edilmiş ittihamla özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, 24 oktyabr 2025-ci il tarixdə evinə gedərkən polis əməkdaşları tərəfindən saxlanılmış, lakin həmin vaxt üzərində narkotik vasitə olmamışdır. Lakin məhkumluğu olduğundan, həmçinin narkotik vasitə istifadəçisi olduğundan polis əməkdaşlarının təklifi ilə razılaşmış, narkotik vasitənin ona məxsus olması barədə etirafedici ifadələr vermişdir. Məhkəmədə elan olunmaqla tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, əvvəllər narkotik vasitələrə məhkum olunmuş, təxminən 5-6 ildir ki, fasilələrlə narkotik və psixotrop maddələr qəbul edir. xx.xx.2025-ci il tarixdə səhər saatlarında Abşeron rayonu Saray qəsəbəsində olan zaman orada təsadüfən rastlaşdığı üzdən tanıdığı adını bilmədiyi şəxsdən 20 manata 1 ədəd ağ kağız bükümdə metamfetamin almışdır. Həmin metamfetamini əynində olan şalvarının sağ yan cibin üzərindəki kiçik cibə qoyub saxlamışdır ki, istəyəndə qəbul etsin. Bir qədər sonra saat 15:08 radələrində Sumqayıt şəhəri, Corat qəsəbəsi, Corat qəbristanlığının içərisində piyada gedən zaman mülki geyimdə olan şəxslər yaxınlaşıb onu saxlamışlar və videoçəkilişlə özlərini təqdim edib Sumqayıt polis idarəsinin polis işçiləri olduqlarını, ounn qanunsuz olaraq narkotik vasitələrin qəbulu və üzərində gəzdirməkdə şübhəli olduğunu bildirib onun hüquq və vəzifələrini, saxlanılma səbəbi və müdafiəçiyə malik olmaq hüququ izah olunaraq üstünün yoxlanılacağı bildirilmiş və ona üzərində qanunsuz əşya və ya predmet varsa təqdim etməyi təklif olunmuşdur. O, da əynində olan qara rəngli şalvarının sağ yan cibindən 1 ədəd bükümü çıxarıb təqdim edərək içərisində metamfetamin olduğunu bildirmişdir. Təqdim etdiyi həmin büküm elektron tərəziyə qoyulub çəkilmiş və olduğu bükülü ilə birlikdə çəkisi 0,55 qram olmuş, həmin büküm zərfə qoyulararaq qablaşdırılmış, möhürlənmiş, üzərində qeydlər aparılaraq imzalanmışdır. Bundan sonra üstünün yoxlanılması zamanı üzərindən aşkar olunmuş içərisində pul, şəxsiyyət vəsiqəsi və bank kartı olan pul qabı, alışqan, sabun və mobil telefonu özünə qaytarılmış, başqa bir şey aşkar olunmamışdır. Bundan sonra polis idarəsinə gəlmişlər, saxlanılmağı və üstünün yoxlanılması ilə bağlı protokol tərtib edilmiş, ucadan oxunmuş və doğruluğunu imzası ilə təsdiq etmişdir. Bundan sonra idarədə xidməti otaqda təhqiqatçıya təqdim olunmuş, ona hüquq və vəzifələri izah olunaraq müdafiəçilərin siyahısı təqdim edilmiş və o, həmin siyahıdan özünə X2 hüquqlarını müdafiə etməsi üçün seçmişdir. Bundan sonra isə müdafiəçinin və polis əməkdaşlarının iştirakları ilə videoçəkilişlə üzərində qanunla qadağan olunmuş hər hansı bir əşyanın olub-olmadığı soruşulanda o, qanunsuz heç bir əşyanın olmadığını bildirmişdir. Bundan sonra təhqiqatçıya təqdim olunmuş möhürlənmiş vəziyyətdə olan içərisində biraz əvvəl saxlanıldığı yerdə üstünün yoxlanılması zamanı üzərindən aşkar olunmuş 1 bükümdə metamfetamin olan zərf təhqiqatçıya təqdim olunmuş və verilən suallara cavab olaraq həmin zərfə üzərindən aşkar olunmuş 1 bükümdə metamfetamin qoyularaq qablaşdırıldığını təsdiq etmişdir. Üzərindən aşkar olunmuş metamfetamin ekspertizaya göndəriləcəyi izah olunmuşdur. Üzərində olan mobil telefonu və pul qabındakı bank kartı təhqiqatçı tərəfindən götürülmüş, pul qabı, pulları və sabun özünə qaytarılmışdır. Sonra şəxsi axtarış keçirilməsi ilə bağlı protokol tərtib edilmiş, protokolun məzmunu onlara ucadan oxunmuş, doğruluğunu imzaları ilə təsdiq etmişlər. Üzərindən aşkar olunaraq götürülmüş metamfetamin özünə məxsusdur, öz şəxsi istifadəsi üçün üzərində saxlamışdır. Metamfetamini aldığı şəxsi üzdən tanıyır, adını, ünvanını, mobil nömrəsini bilmir. Heç kimə psixotrop maddə verməmiş və satmamış, satışı ilə heç vaxtı məşğul olmamış, özü qəbul etmişdir. Polis əməkdaşları tərəfindən ona qarşı heç bir zor və qanunsuz hərəkətlər olmayıb, heç bir şikayət və tələbi yoxdur. Daha sonra Təqsirləndirilən şəxs ərizə ilə məhkəməyə müraciət edərək törətdiyi cinayət əməlinə görə özünü təqsirli bildiyini, əməlindən peşiman olduğunu, himayəsində üç azyaşlı uşağı olmasını nəzərə alaraq barəsində 19 oktyabr 2025-ci il tarixli amnistiya qərarının tətbiq edilməsini, cinayət işinə xitam verilməsini və onun cinayət məsuliyyətindən azad olunmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1 -ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi özünün etirafedici ifadələri, şahidlərin ifadələri, əməliyyat-axtarış tədbirinin keçirilməsi və şübhəli şəxsin üstünün yoxlanılmasına dair protokol, şəxsi axtarış keçirilməsi və təqdim olunmuş əşyanın götürülməsi haqqında protokol və DVD disklərdə olan videogörüntülər, götürülmüş maddi sübut, məhkəməkimyəvi və məhkəmə-narkoloji ekspertizaların rəyləri, əməliyyat tapşırığına verilmiş cavab, ilkin təhqiqat materialları və digər sübütlarla kifayət qədər təsdiq edilərək sübuta yetirilmişdir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr qəbul etməsi və üzərində gəzdirməsi barədə əməliyyat məlumatları daxil olmuş, bununla bağlı əməliyyat-axtarış tədbirləri həyata keçirmişlər. 24 oktyabr 2025-ci il tarixdə onun ola biləcəyi yerlər tərəflərindən müşahidəyə götürülmüş, saat 15:08-də Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, Corat qəsəbəsi, Corat qəbristanlığın içərisində piyada getməsini görmüşlər və aparılan videoçəkilişlə yaxınlaşıb özlərini təqdim edərək onu saxlamışlar. Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin qəbulu və üzərində gəzdirməkdə şübhəli olduğunu bildirilərək hüquq və vəzifələri, saxlanılma səbəbi və müdafiəçiyə malik olmaq hüququ izah olunaraq üstünün yoxlanılacağı bildirilmiş və ona üzərində qanunsuz əşya və ya predmet varsa təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarının sağ yan cibindən ağ rəngli kağız bükümü təqdim edərək həmin bükümün içərisində metamfetamin olduğunu bildirmişdir. Həmin bükümün içərisinə baxılan zaman metamfetaminə bənzər maddə aşkar olunmuşdur. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs həmin metamfetamini Saray qəsəbəsində tanımadığı şəxsdən 20 manata öz istifadəsi üçün əldə etdiyini bildirmişdir. Həmin büküm elektron tərəziyə qoyulub çəkilmiş və olduğu bükülü ilə birlikdə çəkisi 0,55 qram olmuş, həmin büküm zərfə qoyulararaq qablaşdırılmış, möhürlənmişdir. Sonra Təqsirləndirilən şəxs müvafiq sənədləşmə aparılması üçün polis idarəsində təqdim olunmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 və Şahid2 Şahid1 ifadəsində göstərdikləri xüsusatları təsdiq edərək eyni məzmunlu ifadə vermişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 24 oktyabr 2025-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Təqsirləndirilən şəxs saxlanıldığı Sumqayıt ŞPİ-nin X5 26 oktyabr 2025-ci il tarixdə azad edilmiş və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan “Əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair'’ xx.xx.2025-ci il tarixli protokola əlavə edilmiş 1 ədəd DVD diskdə olan videogörüntüdən görünür ki, 24 oktyabr 2025-ci il tarixdə Sumqayıt şəhəri, Corat qəsəbəsi, Corat qəbristanlığın içərisində Təqsirləndirilən şəxs Sumqayıt ŞPİ-nin CAŞ-ın əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində saxlanılması və üstünün yoxlanılmasının keçirildiyi, üstünün yoxlanılmasında əvvəl Təqsirləndirilən şəxs hüquq və vəzifələrinin izah olunaraq tutulduğu andan müdafiəçiyə malik olmaq hüququnun izah edildiyi, bundan sonra üzərində qanunsuz əşya və predmet varsa təqdim etməyi təklif olunduğu, Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarının sağ yan cibindən ağ rəngli kağız bükümü təqdim edərək həmin bükümün içərisində metamfetamin olduğunu bildirdiyi, həmin bükümün içərisinə baxılan zaman metamfetaminə bənzər maddə aşkar olunduğu, verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs həmin metamfetamini Saray qəsəbəsində tanımadığı şəxsdən 20 manata öz istifadəsi üçün əldə etdiyini bildirdiyi, həmin büküm elektron tərəziyə qoyulub çəkildiyi və olduğu bükülü ilə birlikdə çəkisi 0,55 qram olduğu, həmin büküm zərfə qoyulararaq qablaşdırıldığı, möhürləndiyi, üzərində qeydlər aparılaraq imzalandığı, Təqsirləndirilən şəxs üstünün yoxlanılması zamanı aşkar olunmuş sabun, içərisində pullar olan pul kisəsi, alışqan və mobil telefonu özünə qaytarıldığı müəyyən olunmuşdur. Cinayət işinin materiallarında olan “Şəxsi axtarış keçirilməsi və təqdim olunmuş əşyanın götürülməsi haqqında” xx.xx.2025-ci il tarixli protokoldan və protokola əlavə edilmiş istintaq hərəkətinin videoçəkilişi əks etdirilmiş 1 ədəd DVD diskdə olan videogörüntüdən görünür ki, 24 oktyabr 2025-ci il tarixdə Təqsirləndirilən şəxs üzərində Sumqayıt ŞPİ-də xidməti otaqların birində təhqiqatçı, polis polkovnik-leytenantı tərəfindən Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə edən Sumqayıt 1 Saylı Vəkil bürosunun vəkili X6 və Sumqayıt ŞPİ-nin CAŞ-ın əməkdaşlarının iştirakı ilə videoçəkilişlə şəxsi axtarış keçirildiyi, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən cinayət xarakterli bir şey aşkar olunmadığı, bundan sonra biraz əvvəl Təqsirləndirilən şəxs saxlanıldığı yerdə üstünün yoxlanılması zamanı üzərindən aşkar olunaraq götürülmüş içərisində metamfetaminə bənzər maddə olan qablaşdırılaraq möhürlənmiş vəziyyətdə zərf baş təhqiqatçıya təqdim olunduğu, Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq zərfin içərisində üzərindən aşkar olunmuş 1 bükümdə metamfetamin olduğunu təsdiqlədiyi müəyyən olunmuşdur. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası ƏN-nin MEM Sumqayıt Regional Bölməsi tərəfindən verilmiş məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2025-ci il tarixli 3- 16-16/2-20/927/2025 nömrəli rəyindən görünür ki, Tədqiqata təqdim edilmiş, üzərində: AR DİN «Zərflər üçün №124» möhür əksi, «Təqsirləndirilən şəxs aşkar olunmuş büküm; Təqsirləndirilən şəxs/imza/; Şahid1/imza/; Şahid2/imza/; Şahid3/imza/» əl yazıları olan zərfdəki, 01 ədəd bükümdə təmiz çəkisi: 0,324 qram ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin "Respublika Narkoloji Mərkəzi X12" tərəfindən verilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2025-ci il tarixli, 6763 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. VSİS-dən alınan məlumata əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən Bakı şəhər Narkoloji Mərkəzində F 11.2 diaqnozu ilə dispanser qeydiyyatdadır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nə edilmiş sorğuların cavabından görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Yasamal rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə CM-nin 234.1 -ci maddəsi ilə təqsirli bilinib 02 il müddətə azadlıqdan məhrum edilmiş, Xətai rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarı ilə AR MM xx.xx.2016-cı il tarixli Amnistiya qərarının 4-cü bəndi tətbiq edilməklə cəzası 06 ay azaldılaraq 01 il 06 ay cəza saxlanılmış, Xətai rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarı ilə çəkilməmiş 02 ay 23 gün cəzadan vaxtından əvvəl şərti azad edilmişdir. İş materiallarına əlavə edilmiş Sumqayıt şəhər Məhkəməsinin 14 noyabr 2025-ci il tarixli 1(060)-715/2025 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək ona 2 il 5 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. İş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamələrin surətindən və məhkəmə elektron sistemdən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 2021, 2023 və 2025-ci il təvəllüdlü üç azyaşlı uşağı vardır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində 2021 -ci il təvəllüdlü X4, 2023-cii il təvəllüdlü X3 və 2025-ci il təvəllüdlü X7 adlı azyaşlı uşaqlarının olması onun cəzasını yüngülləşdirən hallar kimi müəyyən edilmişdir. Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsinə şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin, şahidləin ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Onun törətmiş olduğu cinayət əməli «Konstitusiya və Suverenlik İli münasibətilə amnistiya elan edilməsi haqqında» Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarın 1.16-cı bəndinin təsiri altına düşür. Məhkəmə Təqsirləndirilən şəxs ərizə təqdim edərək «Konstitusiya və Suverenlik İli münasibətilə amnistiya elan edilməsi haqqında» Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarına uyğun olaraq barəsində olan cinayət təqibinə xitam verilməsini xahiş etməsini nəzərə alaraq hesab edir ki, «Konstitusiya və Suverenlik İli münasibətilə amnistiya elan edilməsi haqqında» Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarın 1.16-cı bəndinə əsasən onun barəsində CM-nin 234.1ci maddəsi ilə olan cinayət təqibinə xitam verilməli və o, cinayət məsuliyyətindən azad olunmalıdır. Azərbaycan Respublikası CPM-nin 515.2-ci maddəsinə əsasən amnistiya aktının tətbiq edilməməsi və ya düzgün tətbiq edilməməsi haqqında məhkumun ərizəsinə amnistiya aktı və cinayət qanununun müddəalarına müvafiq olaraq cəzanı icra edən müəssisə və ya orqanın mülahizəsi nəzərə alınmaqla cəzanın çəkildiyi yer üzrə birinci instansiya məhkəməsi tərəfindən baxılır. «Konstitusiya və Suverenlik İli münasibətilə amnistiya elan edilməsi haqqında» Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının 5-ci bəndinə əsasən icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1–1.16-cı bəndlərində nəzərdə tutulan şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarırlar (bu Qərarın 6-cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla); Həmin Qərarın 24-cü hissəsinə əsasən Birinci instansiya məhkəmələrinin icraatında olan, bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə amnistiyanın tətbiqi məsələlərinə baxılarkən cinayət təqibinə xitam verilməsinə müdafiə tərəfinin razılığı olduqda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.3-cü maddəsinə əsasən cinayət təqibinə xitam verilməsi haqqında qərar qəbul edilir, amnistiya tətbiq edilməklə cinayət təqibinə xitam verilməsinə müdafiə tərəfinin razılığı olmadıqda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2-ci maddəsinə əsasən şəxsə təyin edilmiş cəzadan onu azad etməklə ittiham hökmü çıxarılır. Bunlara əsasən məhkəmə hesab edir ki, «Konstitusiya və Suverenlik İli münasibətilə amnistiya elan edilməsi haqqında» Azərbaycan Respublikasının Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının 1.16-cı bəndinə əsasən Təqsirləndirilən şəxs barəsində CM-nin 234.1-ci maddəsi ilə olan cinayət təqibinə xitam verilməli və o, cinayət məsuliyyətindən azad olunmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilməlidir. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut, “Əməliyyat-axtarış tədbirinn keçirilməsi və şübhəli şəxsin üstünün yoxlanılmasına dair” protokol və “təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə” aparılmasını əks etdirən 02 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı, tədqiqatdan sonra qalıq qalmış 0,274 ram psixotrop maddə metamfetamin məhv edilməli və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 60 (altmış) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 28 aprel 2025-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 110 ( yüz on) manat məbləğində pul ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının CPM-in 39.1.12, 43.3, 175.5, 321.2.1, 346, 347.1 maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: “Konstitusiya və Suverenlik İli münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli qərarının 1.16-cı bəndinə əsasən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə olan cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübut, Sumqayıt Şəhər Polis İdarəsinin saxlanc anbarına təhvil verilmiş, qalıq çəkisi 0,274 qram psixotrop maddə metamfetamin məhv edilsin. İş üzrə maddi sübut 02 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci 60 (altmış) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardım ödəməkdən azad edilsin. Müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardıma görə 110 (yüz on) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan, elan olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Elşad Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar