Məhkəmə qərarları › İş №1(060)-794/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-794/2025

05.03.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-794/2025 05.03.2026 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılova Günel Rza qızının sədrliyi, Əhmədli Amid Yusif oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X4, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1976-cı il tarixdə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, fəhlə işləyən, orta təhsilli, üzərində məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda psixotrop maddə olan metamfetamini əldə edərək saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq, xeyli miqdarda 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,644 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib üzərində saxlayaraq daşımış, 29 oktyabr 2025-ci il tarixdə saat 11:07 radələrində Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci PB-nin əməkdaşları tərəfindən Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində yerləşən 506 saylı evin qarşısında saxlanılmış və üzərinə baxış keçirilən zaman əynindəki şalvarının sağ yan cibindən 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,644 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində qeyd etmişdir ki, polis əməkdaşları tərəfindən saxlanıldığı gün yəni, xx.xx.2025ci il tarixdə səhər saatlarında Bakı şəhəri, 20 Yanvar metrostansiyası yaxınlığında tanımadığı şəxsdən 5 manat məbləğində 1 ədəd bükümdə psixotrop maddə metamfetamin almış və əynində olan şalvarın yan cibinə qoymuşdur. Bundan sonra Sumqayıt şəhərinə gəlmişdir. Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində özünə münasib yer axtarmışdır ki, aldığı psixotrop maddə metamfetamindən istifadə etsin. Daha sonra həmin tarixdə Corat qəsəbəsində piyada hərəkətdə olduğu zaman mülki geyimli şəxslər ona yaxınlaşmış və özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmişlər. Ona üzərində narkotik vasitə vardırsa, təqdim etməyi təklif olunmuş, o da əynində olan şalvarının cibində saxladığı bir büküm metamfetamini təqdim etmişdir. Bundan sonra polis əməkdaşları bir büküm metamfetamini tərəzidə çəkmiş və zərfə qablaşdırmışlar. Daha sonra isə polis əməkdaşları ilə birlikdə Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci PB-yə getmişlər. Həmçinin, məhkəmədə suala cavab olaraq saxlanıldığı vaxtdan 3 ay əvvəldən metamfetamin istifadə etdiyini bildirmişdir. O, bir müddətdir ailəsi ilə ayrı yaşasa da rəsmi olaraq evlidir. Uşaqlarının yetkinlik yaşına çatdığını, uşaqlarından birinin 1-ci qrup əlilliyi olduğunu söyləmiş və barəsində amnistiya qərarının tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Eyni zamanda, barəsində amnistiya qərarının tətbiq edilməsinə dair ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci PB-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid1 ifadəsində göstərmişdir ki, bölmənin əməkdaşları Şahid2 və Şahid3 iştirakları ilə keçirdikləri əməliyyat tədbiri nəticəsində xx.xx.2025-ci il tarixdə saat 11:07 radələrində Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, Corat qəsəbəsi, 506 saylı evin qarşısında küçədə saxlanmış, onu saxlamaqda məqsədlərini, hüquq və vəzifələrini izah etmişlər. Daha sonra videoçəkiliş vasitəsilə üzərinə baxış keçirmək istədiklərini bildirmişlər, Təqsirləndirilən şəxs etiraz etməmiş, ondan üzərində qanunla qadağan edilmiş əşyanın olub-olmadığını soruşduqda Təqsirləndirilən şəxs əynində olan şalvarın yan cibindən bir ədəd ağ rəngli kağız bükümü çıxarıb təqdim etmişdir. O, həmin kütlənin içərisində patı deyilən psixotrop maddə metamfetamin olduğunu, səhər saatlarında Bakı şəhəri 20 yanvar ərazisində tanımadığı bir şəxsdən şəxsi istifadəsi üçün 5 manata alıb üstündə saxladığını söyləmişdir. Sonra həmin kütlə elektron tərəzidə çəkilmiş, çəkisinin 0,93 qram olması müəyyən olunmuş, ağ rəngli zərfə qablaşdırılaraq möhürlənmiş və imzalamışlar. Daha sonra Təqsirləndirilən şəxs müvafiq sənədləşdirmə işlərinin aparılması üçün Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci PB-yə gətirmişlər. Bölmədə ona hüquq və vəzifələri izah edilmiş, bu barədə bildiriş və müdafiəçi təqdim edilmişdir. Daha sonra üzərindən aşkar edilərək götürülmüş müvafiq qaydada qablaşdırılmış içərisində psixotrop maddəyə bənzər kütlə olan zərf videoçəkiliş altında təhqiqatçıya təqdim olunmuşdur. Həmin təqdim edilən zərfə təhqiqatçı tərəfindən baxış keçirilmiş, sonra isə videoçəkiliş dayandırılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş digər şahid Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci PB-nin kiçik inspektoru, polis baş serjantı Şahid2 məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsi ilə eyni məzmunda ifadə vermişdir. Məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci PB-nin kiçik inspektoru, polis serjantı Şahid3 ifadəsi elan edilməklə tədqiq edilmiş və müəyyən olunmuşdur ki, məhkəmə iclasında iştirak edən digər şahidlər Şahid1 və Şahid2 ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və icraata qəbul edilmişdir. (i.v.1) Əməliyyat axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair xx.xx.2025-ci il tarixli protokola və həmin əməliyyat axtarış tədbirinin həyata keçirilməsi zamanı qeydə alınmış video görüntüyə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələri gəzdirməsi və daşıması barədə daxil olmuş məlumat əsasında həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı o, xx.xx.2025-ci il tarixdə, saat 11:07 dəqiqədə Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində, 506 saylı evinin qarşısında hərəkətdə olan zaman saxlanılmışdır. Təqsirləndirilən şəxs hüquq və vəzifələri, o cümlədən tutulan andan müdafiəçiyə malik olmaq hüququ izah olunmuşdur. Həmin şəxsin saxlanılan zaman paltarında, əşyalarında və ya bədənində narkotik vasitənin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan saxlanıldığı yerdə üstünü yoxlamağa başlanılmışdır. Üstünü yoxlama və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs paltarlarında,əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri ve psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki qara rəngli şalvarının sağ yan cibindən çıxardığı ağ rəngli kağız bükümün içərisindən şəffaf rəngli, kristal şəkilli spesifik iyə malik, psixotrop maddə olan “metamfetamin”-ə bənzər kütlə aşkar edilmiş, elektron tərəzidə çəkilmiş və bükümlə birlikdə 0,93 qram olması müəyyən olunmuşdur. Sonra həmin kütlə qablaşdırılmış, iştirakçılar tərəfindən imzalanaraq götürülmüşdür. Daha sonra şəxsin üzəri yoxlanılmış, qanunla qadağan edilmiş hər hansı bir əşya predmetə rast gəlinməmişdir. (i.v.7-8) “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə, saat 11:07 radələrində Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində 506 saylı evin qarşısında Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. (i.v.21) Şəxsi axtarış aparma haqqında xx.xx.2025-ci il tarixli qərara əsasən, Təqsirləndirilən şəxs üzərində narkotik vasitə saxlamaqda şübhəli bilindiyi üçün üzərində şəxsi axtarış keçirilməsi nəzərdə tutulmuşdur. (i.v. 27) Təqdim olunan əşyanın götürülməsi, baxışın keçirilməsi və şəxsi axtarış haqqında xx.xx.2025-ci il tarixli protokola və baxış keçirmə zamanı qeydə alınmış video yazıya baxış keçirilərkən müəyyən edilmişdir ki, həmin tarixdə saat 12:38-dən 12:45-dək aşkar edilmiş kütləyə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs hüquq və vəzifələri barədə bildiriş, eləcə də müdafiəçi təqdim olunmuşdur. Sonra videoçəkiliş vasitəsilə Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq təhqiqata təqdim olunmuş 1 ədəd zərfdə nə olduğu soruşulduqda Təqsirləndirilən şəxs 1 ədəd zərfdə ağ rəngli kağız bükümdə psixotrop maddə olan metamfetamin olduğunu, özü istifadə etməsi üçün üzərində, yəni əynində olan qara rəngli şalvarının sağ yan cibində saxladığını, səhər saatlarında Bakı şəhərindən, 20 Yanvar metrosunun yaxınlığından tanımadığı şəxsdən 5 manata aldığını, özü istifadə etmək üçün üzərində saxladığını, polis əməkdaşları tərəfindən üzərinə baxış keçirilən zaman üzərindən aşkar olunan kütlənin tərəzidə çəkildikdə bükümlə bir yerdə 0,93 qram olduğunu və həmin kütlənin onun iştirakı ilə bir ədəd ağ rəngli zərfə qablaşdırıldığını, üzəri möhürləndiyini, zərfin üzərini imzaladığını, sonra üzərinə baxış keçirildiyini üzərindən hər hansı bir narkotik vasitə, psixotrop maddə və qanunsuz əşya aşkar olunmadığını bildirmişdir. Daha sonra səxsin üzərində şəxsi axtarış aparılmış və üzərindən əlavə olaraq hər hansı bir qanunsuz əşya, narkotik vasitə və psixotrop maddə aşkar olunmamışdır. (i.v.29-30) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli 20/941 nömrəli ekspert rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş üzərində: Azərbaycan Respublikasının DİN “Zərflər üçün № 125”, “Arayışlar üçün № 125” möhür əksi, “Saxlanılan şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş kütlə;

1. Saxlanılan şəxs: /imza/ Təqsirləndirilən şəxs; 2. ə/müvəkkili /imza/ Şahid1;3. k/inspektor /imza/Şahid2; İştirak etdi: vəkil /imza/ M.Cəlalzadə; təhqiqatçı /imza/ R.Məhərrəmov” əl yazıları olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi: 0,644 qram olan ağ rəngli, kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Tədqiqata təqdim edildi 0,644 qram, nümunə götürüldü 0,05 qram, 0,594 qram kütlə geri qaytarıldı. Ekspertiza tədqiqatının dəyəri 60 (altmış) manat məbləğində müəyyən edilmişdir. (i.v.38-41) Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında xx.xx.2025-ci il tarixli qərara əsasən ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin tarixdə ona ittiham elan edilmişdir. (i.v.47-48) Qətimkan tədbirinin seçilməsi barədə xx.xx.2025-ci il tarixli qərara əsasən, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs dərhal saxlanıldığı Sumqayıt ŞPİ-nin X6 azad edilmiş və barəsində “polisin nəzarəti altına vermə” haqqında qətimkan tədbiri seçilmişdir. (i.v.59-60) Maddi sübut kimi tanınma haqqında xx.xx.2025-ci il tarixli qərara əsasən ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş ilkin çəkisi 0,644 qram olan psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmış, aparılmış kimyəvi tədqiqatdan sonra 0,594 qram qalığı cinayət işinə əlavə edilməklə məsul saxlanış üçün Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmişdir.(i.v.66) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X8 şəxsin Ambulator X2 barədə xx.xx.2025-ci il tarixli, 6972 nömrəli rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. (i.v.71-72) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt Rayon Xalq Məhkəməsinin xx.xx.1996-cı il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 105-ci maddəsi ilə təqsirləndirilərək 02 (iki) il islah işləri cəzasına məhkum edilmişdir. (i.v.74-75) Sübutların qiymətləndirilməsi haqqında xx.xx.2025-ci il tarixli qərara əsasən iş üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə verilmiş ittiham qanuni və əsaslı olduğundan qüvvəsində saxlanılmış, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri nəzərə alınmış, iş üzrə ilkin yoxlama materialları, şahid ifadələri, Təqsirləndirilən şəxs etirafedici ifadəsi, kimyəvi ekspertizanın xx.xx.2025-ci il tarixli, 20/941 saylı rəyi, narkoloji ekspertizanın xx.xx.2025-ci il tarixli 6972 nömrəli rəyi, xx.xx.2025-ci il tarixli əməliyyat axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair protokol, xx.xx.2025-ci il tarixli təqdim olunan əşyanın götürülməsi, baxış keçirilməsi, şəxsi axtarış haqqında protokol, DVD diskə baxış keçirilməsi barədə protokol sübut növü kimi tanınmış, iş üzrə 02 (iki) ədəd DVD formatlı disk iş üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut hesab edilərək cinayət işinin istintaq materiallarına əlavə edilməsi nəzərə alınmışdır. (i.v.88-92) Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.1997-ci il təvəllüdlü X11 oğlu və xx.xx.2002-ci il təvəllüdlü X9 oğlu adlı uşaqları var. Məhkəməyə təqdim edilmiş Tibbi-Sosial Ekspert Komissiyasında X9 oğlunun sonuncu müayinəsinə dair məlumatdan görünür ki, xx.xx.2023-cü il tarixli qiymətləndirmə ilə X9 oğlunda ümumi xəstəlik –dərin əqli gerilik diaqnozu səbəbindən orqanizmin funksiyalarının 85 faiz pozulmasına görə müddətsiz birinci qrup əlillik dərəcəsi verilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(060)-2363/2024 nömrəli qətnaməsi ilə X9 oğlu fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmişdir. Sumqayıt Şəhər İcra Hakimiyyətinin xx.xx.2026-cı il tarixli 5-6/2-485/2026 nömrəli məktubundan görünür ki, məhkəmə qətnaməsinə əsasən fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmiş xx.xx.2002-ci il təvəllüdlü X9 oğlunun üzərində qəyyum təyin edilmə ilə bağlı müraciət daxil olmadığı üçün şəxs üzərində qəyyum edilməsi mümkün olmamışdır. Beləliklə, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda psixotrop maddə olan metamfetamini əldə etmə, saxlama və daşıma cinayətini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə - özünün etirafı, şahidlərin ifadələri, ekspert rəyləri, əməliyyat-axtarış tədbirinin keçirilməsi və şübhəli şəxsin üstünün yoxlanılması, həmçinin şəxsi axtarış və təqdim olunmuş əşyaya baxış keçirilməsi zamanı qeydə alınmış video görüntülər və digər iş materialları ilə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmçinin, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi və onun barəsində cinayət təqibinə xitam verilməsi üçün əsaslar yaranmışdır. Belə ki, Təqsirləndirilən şəxs övladının orqanizmin funksiyalarının 85 faiz pozulmasına görə 1-ci qrup əlil olması müəyyən edilmiş və bu səbəbdən də “Konstitusiya və Suverenlik ili” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının 1.16 və 5.1-ci bəndlərinin onun barəsində tətbiq edilməsi əsasları yaranmışdır. “Konstitusiya və Suverenlik ili” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının 1.16-cı bəndinə əsasən öhdəsində (himayəsində) yetkinlik yaşına çatmayan övladı, yaxud orqanizmin funksiyalarının 61–100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş övladı olan şəxslər, o cümlədən bu Qərar qüvvəyə mindiyi günədək atalığı, övladlığa götürməsi, qəyyumluğu və himayəçiliyi qanunvericilikdə nəzərdə tutulmuş qaydada müəyyən olunmuş şəxslər təyin edilmiş cəzanın müddətindən asılı olmayaraq, müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasından azad edilsinlər (bu Qərarın 6-cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla). Həmin Qərarın 6-cı bəndinə əsasən “Amnistiya aktlarının tətbiqinin məhdudlaşdırılması haqqında” Azərbaycan Respublikasının 1994-cü il 24 fevral tarixli 793 nömrəli Qanununda nəzərdə tutulmuş şəxslər barəsində amnistiya tətbiq edilmir. Həmin Qərarın 6-cı və 7-ci bəndlərində amnistiyanın tətbiqinə məhdudiyyətlər nəzərdə tutulmuşdur ki, Təqsirləndirilən şəxs əməli həmin məhdudiyyətlərin tətbiqi dairəsinə düşmür. Həmin Qərarın 5.1-ci bəndinə əsasən məhkəmələr icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1–1.16-cı bəndlərində nəzərdə tutulan şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarırlar. (bu Qərarın 6-cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla). Həmin Qərarın 24-cü bəndinə əsasən birinci instansiya məhkəmələrinin icraatında olan, bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə amnistiyanın tətbiqi məsələlərinə baxılarkən cinayət təqibinə xitam verilməsinə müdafiə tərəfinin razılığı olduqda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.3-cü maddəsinə əsasən cinayət təqibinə xitam verilməsi haqqında qərar qəbul edilir, amnistiya tətbiq edilməklə cinayət təqibinə xitam verilməsinə müdafiə tərəfinin razılığı olmadıqda Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 44.2-ci maddəsinə əsasən şəxsə təyin edilmiş cəzadan onu azad etməklə ittiham hökmü çıxarılır. Azərbaycan Respublikası CPM-in 39.1.12-ci maddəsinə əsasən amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Həmin Məcəllənin 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Beləliklə, məhkəmə “Konstitusiya və Suverenlik ili” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının 1.16-cı bəndinə uğun olaraq Təqsirləndirilən şəxs övladının orqanizmin funksiyalarının 85 faiz pozulmasına görə 1-ci qrup əlil olmasını, həmin qərarın 6-cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlərin onun barəsində müəyyən edilməməsini və cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsinə müdafiə tərəfinin razılığının olmasını nəzərə alaraq hesab edir ki, qeyd edilən Amnistiya qərarının 1.16 və 5.1-ci bəndlərinə əsasən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə olan cinayət təqibinə xitam verilərək o, cinayət məsuliyyətindən azad edilməli və barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika X5 X2 ekspert komissiyasının xx.xx.2025-ci il tarixli, 6972 nömrəli rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır. Maddi sübutlarla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq Sumqayıt ŞPİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan ekspertiza tədqiqatından sonra qalmış 0,594 qram psixotrop maddə olan metamfetamin qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə digər maddi sübut olan 02 (iki) ədəd disk cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 60 (altmış) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin dövlət hesabına hüquqlarını müdafiə etmiş X4 məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 28 saata görə 308 (üç yüz səkkiz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 nömrəli qərarına (həmin qərara xx.xx.2025-ci il tarixli 141 nömrəli qərarı ilə edilmiş dəyişikliklərə əsasən) 11 (on bir) manat miqdarında müəyyən edilmişdir. İş üzrə xüsusi müsadirə edilməli əmlak və mülki iddia yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39, 43, 356, 381 və 383-384-cü maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə R A R A A L D İ:

“Konstitusiya və Suverenlik ili” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının 1.16 və 5.1ci bəndlərinə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. Sumqayıt Şəhər Polis İdarəsinin maddi sübutların saxlama kamerasında saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,594 qram psixotrop maddə olan metamfetamini qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 02 (iki) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci cəmi – 60 (altmış) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X3, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxsə göstərilmiş hüquqi xidmətə görə Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X4 məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 28 saata görə 308 (üç yüz səkkiz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə xüsusi müsadirə edilməli əmlak və mülki iddianın olmaması nəzərə alınsın. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Hakim: Günel İsmayılova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar