Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-795/2024 17.09.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X7 və onun vəkili Sumqayıt Regional Vəkil Bürosunun vəkili X2, Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X8 iştirakı ilə, X8 X7 barəsində Azərbaycan Respublikası CM-nin 147.1 və 148-ci maddələri ilə xüsusi ittiham qaydasında şikayətinə məhkəmə hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X12 xüsusi ittiham qaydasında şikayətlə X4 Azərbaycan Respublikası CM-nin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. Xüsusi ittiham qaydasında şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixdə, axşam saatlarında Sumqayıt şəhəri, Qala restoranın həyətində olan parkda istirahət məqsədilə getdiyi, “toqquşan maşınlara” minərkən X3 adlı 14-15 yaşlı qız uşağı ilə aralarında mübahisə yaranmışdır. O və ailəsi “toqquşan maşınlara” minmək üçün sıra gözləyirdilər. Sıra onlarda olarkən Fatimə İbrahimova onun minməli olduğu maşına onunla eyni zamanda minmişdir. O, ona sıranın onda olduğunu, onun sırasını gözləməli olduğunu bildirmişdir. Bu zaman uşaq bir addım geri çəkilmiş, onun sağ çiynindən 1 yumruq vurmuş və o, şokda ikən anası “Fatimə dayan, telefonu çıxarıram” deyə qışqırmağa başlamışdır və yenidən sözügedən qız bir addım geri çəkilərək qarın nahiyəsinə 1 təpik zərbəsi vurmuş və o, uşağa “nə edirsən” dedikdə o, ikinci təpiyi qarnına vurmuşdur. Bununla bağlı ekspert tərəfindən rəy verilmiş və rəydə onun dedikləri öz əksini taparaq qeyd olunmuşdur ki, bədəni üzərində xəsarətlər-qarnın ön səthinin, sağ çiyin nayihəsinin qançır-küt əşyanın təsirindən yaranmışdır, müddəti müayinədən 3-5 gün əvvəl olmaqla xx.xx.2024-cü il tarixə uyğun gələ bilər və sağlamlığa zərər vurmaya-xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilmir. Xəsarətin özü-özünə yetirilməsi istisna edilir. Bundan sonra atası onu qucaqlayaraq sakitləşdirməyə çalışmış və bu sırada qızın anası əlində telefonla üstünə gəlmiş, hər kəsin içində qışqıraraq sən mənim qızımı niyə döydün dedi. Qız isə anasının yanında dayanaraq ona “başıbağlı keçəl”, “rədd ol az burdan” deyib, onu təhqir etmiş, insanların içərisində onun şərəf və ləyaqətini alçaltmış, anası da ona böhtan ataraq qızını döyməkdə onu ittiham etmişdir. X1 anası X7 qeyd etdiyi hadisənin videolarını çəkmiş, həmçinin öz mənafelərinə uyğun şəkildə paylaşaraq onun şərəf və ləyaqətini sosial şəbəkələr vasitəsilə alçaltmış və bu ona psixoloji sarsıntılar gətirərək ona mənəvi zərər vurmuşdur. O, onlardan icazəsiz videoları çəkmiş və onları “tik-tok” və “instagram” sosial şəbəkələrində paylaşaraq onun barəsində təhqiredici ifadələr yazmışdır. Onun xəbəri belə olmadan güya “mənim ondan üzr istədiyimi, ona özümü bağışlatmaq istədiyimi” bildirmiş, insanlara şərhlərdə yalnış məlumat vermiş, onun şəxsi nüfuzuna xələl gətirərək ona mənəvi-psixoloji sarsıntılar yaşatmışdır. Həmçinin həmin videoları “İnstagram” sosial şəbəkəsində “Baku.s”, “Bakufact.az” kimi səhifələrə göndərmiş və heç bir əsas olmadan onun videolarını “damla.yaqmur” “tik-tok” sosial şəbəkəsində paylaşdırmışdır. Həmin videoları və təhqiredici şərhləri iş materiallarına əlavə etmək üçün şikayətə əlavə etmişdir. Baş vermiş hadisədən sonra onlar 4-cü polis bölməsinə çağırılmışlar, iş obyektiv şəkildə araşdırılmış və cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Həmin qərarı iş materiallarına əlavə etmək üçün şikayətə əlavə etmişdir. Həmçinin bildirmək istəyir ki, qohum-qonşuların içərisində onu nüfuzdan salmış, bu da onun psixoloji vəziyyətinə mənfi təsir göstərmişdir. Küçədə, yolda, iş yerində, ətrafında olan hər kəs ona “sənə ayıb olsun, qızı niyə döymüsən” deyərək onu təhqir etmiş, həmçinin iş yeri rəhbərliyi onu işdən çıxarmaqda hədələmişdir. Yuxarıda qeyd etdiklərini də nəzərə alaraq bildirmək istəyir ki, X7 ona məxsus videoları “İnstagram” sosial şəbəkəsində “Baku.s”, “Bakufact.az” kimi səhifələrə göndərmiş, həmin səhifələr sözügedən videoları paylaşmış və özü də həmçinin özünə məxsus “damla.yaqmur” “tik-tok” sosial şəbəkəsində paylaşmışdır. xx.xx.1984-cü ildə Sisiyan rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan X4 hərəkətlərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələrinin tərkibləri olduğunu nəzərə alaraq Xüsusi ittiham qaydasında şikayət icraata qəbul edilərək onun həmin maddələrlə təqsirləndirilən şəxs qismində cəlb olunması barədə qərar qəbul edilməsini, təqsirləndirilən şəxs X4 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə təqsirli bilərək azadlıqdan məhrum etmə cəzası ilə məhkum olunması barədə hökm çıxarılmasını xahiş edir. Məhkəmə hazırlıq iclasında xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X12 xüsusi ittiham qaydasında şikayəti müdafiə edərək bildirdi ki, “Labqo” Medical Center-də genetik mütəxəssis işləyir, hadisə şikayət ərizəsində qeyd olunduğu kimi baş vermiş, hadisə nəticəsində qohum-qonşu arasında biabır olmuş, işdən çıxarılmaq həddinə çatmışdır. Məhkəmədən şikayətin icraata götürülüb baxılmasını xahiş etdi. Məhkəmə hazırlıq iclasında barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X7 bildirdi ki, şikayət ərizəsində qeyd olunanların əksəriyyəti yalandır. Belə ki, ilk öncə Maya onun uşağının saçından tutaraq şillə vurmuş, daha sonra uşaq özünü müdafiə etmək üçün ona təpik vurduqda ayağı maşına dəymişdir. O da uşağın qışqırdığını gördükdə ona yaxınlaşmışdır. Uşağı vuranlar qaçmış, o da həmin adamları tapmaq və sonradan onların əməllərini sübut etmək üçün telefonu çıxararaq çəkmişdir. Orada olan zaman DİN-nin 102 xidmətinə zəng edərək şikayət etmiş, həmin şəxslərin tapılmasında ona köməklik göstərilməsini xahiş etmişdir. Sonra ona bölmədən zəng gələrək araşdırılacağını bildirmişlər. İki-üç gün sonra tanışları ona tik-tokdan video göstərmişlər, o da evə gələrək uşaqdan niyə həmin videoları paylaşdığını soruşmuş, uşaq da həmin şəxslərin tapılması üçün paylaşdığını demişdir. Sonra bölməyə zəng etdikdə həmin şəxslərin tapıldığını demişlər, o da uşağa həmin videonu silməsini demiş, uşaq da silmişdir. Bölmədə olarkən polis ona izah etmiş, o da barışıq ərizəsi vermişdir. Məhkəmədən xüsusi ittiham qaydasında olan şikayəti əsassız hesab edərək icraata götürülməməsini xahiş etdi. Məhkəmə hazırlıq iclasında barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsin vəkili X5 şikayətin icraata götürülməməsini xahiş etdi. Məhkəmə şikayəti və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 302.1.3, 302.1.6 və 302.2.3-cü maddələrinin mahiyyətindən görünür ki, şikayətin məzmunu Məcəllənin 293.1 - 293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda və cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. Qanunun tələbinə görə xüsusi ittiham qaydasında icraatın başlanmasına səbəb yalnız zərərçəkmiş şəxs tərəfındən xüsusi ittiham qaydasında verilmiş şikayət ola bilər. Xüsusi ittiham qaydasında şikayət yazılı şəkildə cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsinə verilir. Şikayətdə şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi), törədilmiş cinayət barəsində məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği), cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfındən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfındən törədilməsinin nə ilə təsdiq edildiyi, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş, şikayətin verildiyi tarix (il, ay və gün), şikayəti vermiş şəxsin imzası göstərilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” 21 fevral 2014-cü il tarixli qərarının 5-ci bəndində qeyd edilmişdir ki, böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. Böhtan və təhqir xarakterli məlumatların müxtəlif orqan və təşkilatlara ünvanlanmış ərizə və şikayətlərdə əks olunması və ya ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatların kütləvi çıxış şəklində yayılması sayılmır və belə hallarda onları yaymış (bildirmiş) şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsi istisna edilir. Həmin Qərarın 11-ci bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-nin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olubolmamasını yoxlasınlar. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-nin 302.1.2-302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir. Məhkəmənin hazırlıq iclası zamanı müəyyən edildi ki, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs tərəfindən qanunvericiliyin yuxarıda göstərilən tələblərinə riayət edilməmişdir. Belə ki, şikayət ərizəsində şikayət verən şəxsin məşğuliyyət növü, vəzifəsi, eyni zamanda şikayət ərizəsinin tarixi qeyd olunmamışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 30 (otuz) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası CPM-nin 293, 302, 321 və 384.1.7-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: X8 X7 barəsində Azərbaycan Respublikası CM-nin 147.1 və 148-ci maddəsi ilə xüsusi ittiham qaydasında şikayətinin icraata qəbul edilməsindən imtina edilsin. X6 Sumqayıt Regional Vəkil Bürosunun vəkili X2 göstərdiyi 05 (beş) saat hüquqi yardıma görə 30 (otuz) manat Azərbaycan Respublikası dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan 20 gün müddətində Sumqayıt şəhər məhkəməsi vasitəsi ilə Sumqayıt şəhər Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. HAKİM: Zaur Hacıyev
Məhkəmə qərarları › İş №1(060)-795/2024
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-795/2024
17.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver