Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-796/2024 16.09.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, Əhmədli Amid Yusif oğlunun katibliyi, Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X5, Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X6 müdafiəçisi Sumqayıt Regional Vəkil Bürsounun vəkili X1 iştirakı ilə, X6 Azərbaycan Respublikası CM-nin 147 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi barədə X5 xüsusi ittiham qaydasında şikayətinə məhkəmənin hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X11 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək X6 Azərbaycan Respublikası CM-nin 147 və 148-ci maddələri ilə cinayət məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Şikayətini onunla əsaslandırmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin 06 iyun 2023cü il tarixli, l(060)-340/2023 nömrəli hökmü ilə onun əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə nəzərdə tutulmuş cinayətin tərkibi olmadığına görə bəraət verilərək təqsirsiz elan edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 1(105)-461/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə Sumqayıt Şəhər Məhkəməsinin 06 iyun 2023-cü il tarixli, 1(060)-340/2023 nömrəli hökmündən xüsusi ittihamçı X12 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş və Sumqayıt Şəhər Məhkəməsinin 06 iyun 2023-cü il tarixli, l(060)-340/2023 nömrəli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. X12 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək, onun və qızı Rəqsanə barəsində “TikTok” internet saytında “@ilhamekərimova361” adlı səhifənin ona, X7 məxsus olmaqla bu məlumatların onun tərəfindən yayıldığını və bu məlumatlar əsasında onun və qızının şərəf və ləyaqətinə ləkə gətirən hərəkətlərə yol verildiyini göstərmiş, lakin nəzərdə tutulmuş əməlləri onun törətməsini heç bir vasitə ilə sübuta yetirməmişdir. TikTok internet saytında olan “@ilhamekərimova361” adlı profil ona aid deyil və nalayiq ifadələr onun tərəfindən yazılmamışdır. “Tik-tok” sosial şəbəkəsində olan bu profilin ona məxsus olması, nalayiq ifadələrin X12 tərəfindən yazılması və böhtan atması barədə heç bir mötəbər sübut təqdim etməmişdir.Bu səbəbdən, onun hərəkətlərində qeyd edilən cinayətin tərkib əlamətləri müəyyən edilməmişdir. Ona görə də barəsində verilmiş hökmün nəticəsi tamamilə qanuni və əsaslıdır. Bu hadisə onun həyatına mənfi təsir göstərmiş, normal yaşayışında əziyət çəkməsinə səbəb olmuşdur. Heç bir təqsiri olmadığı halda neçə müddət məhkəmələrdə iştirak etmişdir. Hesab edir ki, barəsində Azərbaycan Respublikası CM-nin 147.1 və 148-ci maddələri ilə xüsusi ittiham qaydasında şikayət verilməsi onun şərəf və ləyaqətini alçaldan hərəkətlərdir. Bu səbəbdən də şikayətlə müraciət edir. Məhkəmə hazırlıq iclasında iştirak edən xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X11 şikayətinin məzmununa uyğun çıxış edərək şikayətinin icraata götürülməsini xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında iştirak edən barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X6 müdafiəçisi Sumqayıt Regional Vəkil Bürsounun vəkili X3 iş üzrə qanuna müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hazırlıq iclasının yeri və vaxtı barəsində lazimi qaydada məlumat verilməsinə baxmayaraq barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X12 məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verilməmişdir. Məhkəmə şikayətlə tanış olaraq, habelə xüsusi ittiham qaydasında şikayət vermiş şəxsin ittihamı səciyyələndirdiyi dəlilləri nəzərdən keçirərək hesab edir ki, şikayət üzrə məhkəmə baxışının keçirilməsi qeyri-mümkündür, ona görə də şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 88.4.1-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayət üzrə materialların hazırlanmasını həyata keçirmək xüsusi ittihamçının vəzifəsidir. Həmin Məcəllənin 302.1-ci maddəsinə əsasən aşağıdakı hallarda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir: 302.1.1. şikayət həmin məhkəməyə aid olmadıqda; 302.1.2. şikayət xüsusi ittiham qaydasında cinayət təqibinə hüququ olmayan şəxs tərəfindən verildikdə; 302.1.3. şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda; 302.1.4. cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdikdə; 302.1.5. barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməl ictimai və ya ictimai-xüsusi qaydada təqib edilməli olduqda; 302.1.6. cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda; 302.1.7. şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli Qərarının 5-ci bəndində göstərilir ki, qeyd edilsin ki, böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. Lakin, CM-nin 147 və 148-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür. Kütləvi nümayiş etdirilən əsər dedikdə, ən azı iki nəfər kənar şəxsin görə və ya qavraya biləcəyi şəraitdə nümayiş etdirilən əsərlər (fotoşəkillər, rəsm əsərləri, kinematoqrafıya əsərləri, reklam və sair) başa düşülür. Kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür. Böhtan və təhqir xarakterli məlumatların müxtəlif orqan və təşkilatlara ünvanlanmış ərizə və şikayətlərdə əks olunması və ya ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatların kütləvi çıxış şəklində yayılması sayılmır və belə hallarda onları yaymış (bildirmiş) şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsi istisna edilir. Məhkəmə şikayət ərizəsini nəzərdən keçirərək qeyd edir ki, xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasında istinad əmələ mahiyyəti üzrə qiymət verilməsə də, ilkin olaraq həmin əməldə cinayət əlamətlərinin olub-olmamasına diqqət yetirilməlidir. Bu Azərbaycan Respublikası CPM-in 302.1.6-cı maddəsinin imperativ tələbidir. Hazırda xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X2 Gülafət Vəli qızını ona görə ittiham edir ki, sonuncu onun barəsində xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət etmiş və o həmin şikayət üzrə bəraət almışdır. X12 qeyd edilən hərəkətləri ilə, yəni məhkəməyə şikayət verməklə Azərbaycan Respublikası CM-nin 147 və 148-ci maddələrində nəzərdə tutulmuş əməlləri törətmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, hazırki şikayət ərizəsi üzrə X6 əməllərində cinayət əlamətləri mövcud deyil. Belə ki, hər hansı şəxsin məhkəməyə şikayət etməsi ilə bağlı əməllərinin cinayət kimi qiymətləndirilməsi istisna edilir. Yuxarıda da qeyd edildiyi kimi iş üzrə hazırlıq iclasında məhkəmə əmələ mahiyyəti üzrə qiymət verməsə də, ilkin olaraq şikayət verilmiş əməldə cinayət əlamətlərinin olubolmamasına mütləq diqqət yetirməlidir. Məhz istinad edilən əməldə cinayət əlamətləri olduqda, şikayət əsaslı olmaqla şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirdikdə və işin məhkəmə baxışına təyin edilməsini istisna edən digər hallar olmadıqda şikayətin məhkəmənin icraatına götürülməsi mümkün ola bilər. İş icraata götürülərək məhkəmə baxışında təyin edildiyi halda isə artıq barəsində şikayət verilmiş şəxs təqsirləndirilən şəxs statusu almış olur və bu qərar öz prosessual əhəmiyyətinə görə ictimai ittiham qaydasında icraatı aparılan cinayət işləri üzrə cinayət işinin başlanması və təqsirləndirilən şəxs qismində cəlb etmə qərarlarını bir növ əvəz edir. Bu baxımdan xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə hazırlıq iclasında qeyd edilən məsələlərin yoxlanılması olduqca əhəmiyyətlidir. Qeyd edildiyi kimi şikayət icraata götürüldüyü halda bu barəsində şikayət verilmiş şəxs üçün ciddi məhrumiyyətlər yaradır. Bu baxımdan hazırlıq iclası mərhələsində şəxsin hüquq və mənafelərinin təmini baxımından qeyd edilən məsələlər ciddi yoxlama və qiymətləndirmə tələb edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadığından şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 302.2.3-cü maddəsinə əsasən bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. Məhkəmə həmçinin hesab edir ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsin məhkəmə iclasında dövlət hesabına hüquqlarını müdafiə etmiş vəkilə dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası CMM-in 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 302.1.6 və 302.2.3-cü maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: X6 Azərbaycan Respublikası CM-nin 147 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi barədə X5 xüsusi ittiham qaydasında şikayətinin icraata qəbul edilməsindən imtina edilsin. X9 göstərilmiş hüquqi xidmətə görə Sumqayıt Regional Vəkil Bürosunun vəkili X1 məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 03 saata görə 18 (on səkkiz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün Qərardan elan olunandan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Samir İsmayılov
Məhkəmə qərarları › İş №1(060)-796/2024
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-796/2024
16.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver