Məhkəmə qərarları › İş №1(060)-798/2024

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-798/2024

10.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-798/2024 10.10.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs və onun müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1996-ci it tarixdə Sumqayıt səhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, əvvəllər məhkum olunmamış, Zəngilan rayonu, Yenikənd ə/d, Rəbənd kəndində qeydiyyatda olmaqla Sumqayit səhəri, 40-cı məhəllə, ev 1, mənzil 8 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs 10 may 2024-cü il tarixdə, saat 08:47 radələrində BC kateqoriyalı, AE014906 seriyalı sürücülük vəsiqəsi ilə etibarnamə əsasında idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan “Kia Sorento” minik markalı, ** ZG *** dövlət qeydiyyat nişanlı avtomobillə Sumqayıt şəhəri, Bulvar küçəsində üzü sürücülük məktəbi istiqamətində təxminən 50 km/saat sürətlə hərəkətdə olarkən "Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 50-ci maddəsinin 3-cü hissəsinin tələblərini pozaraq, yəni qarşıda onunla eyni istiqamətdə hərəkətdə olan “Opel Vita” markalı avtomobil ilə toqquşmanın qarşısını ala bilmək üçün hərəkətin təhlükəsizliyini təmin edən lazımi ara məsafəni saxlayaraq hərəkət etməli olduğu halda bunlara riayət etməyərək və həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda heç bir tədbir görməyib yol hərəkəti qaydalarını pozaraq, həmin vaxt “Levent” yaşayış kompleksinin qarşısında onunla eyni hərəkət zolağında sola dönmə əməliyyatını həyata keçirən “Opel Vita” markalı **-SU-*** dövlət qeydiyyat nişanlı avtomobillə ara məsafəni düzgün tənzimləyə bilmədiyindən avtomobilin ön hissəsi ilə “Opel Vita” markalı avtomobilin arxa hissəsindən vurması nəticəsində ehtiyatsızlıqdan həmin avtomobilin sürücüsü Zərərçəkmiş şəxs sol kürək sümüyünün qapalı yerdəyişən sınığı, sol körpücük sümüyünün akrominal birləşməsinin cırılması ilə müşayiət olunan dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş sağlamlığa az ağır dərəcəli bədən xəsarətləri yetirməklə yol nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsili bilərək bildirdi ki, BC kateqoriyalı sürücülük vəsiqəsi vardır. Dostu Şahid1 məxsus “Kia Sorento” minik markalı, **-ZG-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında idarə edir. Həmin avtomobilin idarə edilməsinə dair onun etibarnaməsi vardır. Belə ki, xx.xx.2024-cü il tarixdə səhər radələrində o, Habil və həyat yoldaşı Şahid2 ilə birlikdə Sumqayıt şəhəri, Bulvar küçəsi istiqamətində hərəkətdə olmuş, həmin vaxt Habil yorğun olduğu üçün avtomobili o, idarə etmişdir. Saat təxminən 08:45 radələrində Sumqayıt şəhəri, Bulvar küçəsi ilə üzü sürücülük məktəbi istiqamətində yolun sağdan ikinci hərəkət zolağı ilə təxminən 40-50 km/saat sürətlə hərəkətdə olan zaman o, "Levent" yaşayış kompleksinin yaxınlığında sola dönmə əməliyyatını həyata keçirən ‘’Opel” markalı, **-SU-*** dövlət qeydiyyat nişanlı avtomobillə ara məsafəni düzgün tənzimləyə bilmədiyindən avtomobilin ön hissəsi ilə həmin avtomobilin arxa hissəsindən ehtiyatsızlıqdan vurmuşdur. Hadisədən sonra "Opel" markalı avtomobilin sürücüsü xəsarət aldığından hadisə yerinə gələn TTYS avtomobili ilə Sumqayıt şəhər TTYX-na çatdırılmışdır. O, həmin vaxt spirtli içki, narkotik vasitə təsiri altında olmamışdır. Hadisə zamanı idarə etdiyi avtomobildə olan sərnişinlər və o, hər hansı xəsarət almamış, hadisə onun ehtiyatsızlığı səbəbindən baş vermişdir. Hadisə nəticəsində xəsarət almış sürücü Zərərçəkmiş şəxs əməliyyat xərclərini ödəmişdir. O, hadisədən əvvəl spirtli içki və ya narkotik vasitə istifadə etməmişdir. Hadisədən əvvəl və hadisə zamanı avtomobili texniki cəhətdən saz vəziyyətdə olmuşdur. O, və ya sərnişinlər hadisə zamanı heç bir xəsarət almamışlar. Əməlindən peşmandır, hazırda zərərçəkmiş şəxs ilə barışmış, vurmuş olduğu ziyanı tam ödəmiş, sonuncunun ona qarşı heç bir şikayət və tələbi yoxdur. Qeyd olunanlara əsasən cinayət işi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs məhkəmə iclasında vermiş olduğu ərizəsindən görünür ki, Zərərçəkmiş şəxsla barışmış, ona dəymiş ziyan tam şəkildə ödənmiş, Bədəlin ona qarşı heç bir şikayəti və iddiası yoxdur. Qeyd olunanlara əsasən iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində bildirdi ki, onun "Opel Vita”minik markalı, **-SU-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək üçün etibarnaməsi olmuşdur. Belə ki, xx.xx.2024-cü il tarixdə təxminən saat 08:45 radələrində o, adı çəkilən avtomobillə Sumqayıt şəhəri, Bulvar küçəsi “Levent” yaşayış kompleksinin qarşısında yolun sağdan ikinci hərəkət zolağında dönmə yerində dayanaraq geriyə dönmə əməliyyatını həyata keçirərkən arxadan gələn “Kia Sorento” markalı, **-ZG-*** dövlət qeydiyyat nişanlı avtomobil ara məsafəsini düzgün tənzimləyə bilməmiş, anidən onun avtomobilinin arxa hissəsindən vurmuşdur. Hadisə baş verdikdən sonra qəza törədən avtomobilin sürücüsü Təqsirləndirilən şəxs onun avtomobilinə yaxınlaşmış, daha sonra oraya polis əməkdaşları gəlmişlər. Hadisə yerinə TTYS avtomobili yaxınlaşmış, onu müayinə üçün Sumqayıt şəhər TTYX-na çatdırmışlar. Hadisə baş verən zaman spirtli içki, narkotik vasitə təsiri altında olmamışdır. O, hadisə vaxtı avtomaşını təxminən 5 km/saatla idarə etmişdir. Hazırda Təqsirləndirilən şəxs ona dəymiş ziyanı tam ödəmiş, onunla barışmış, heç bir şikayəti və tələbi qalmamışdır. Odur ki, qeyd olunanlara əsasən iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Zərərçəkmiş şəxs məhkəmə iclasında vermiş olduğu ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ona dəymiş ziyanı tam şəkildə ödəmiş, onunla barışmış, ona qarşı heç bir şikayəti və iddiası yoxdur. Qeyd olunanlara əsasən iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Proses iştirakçılarının razılığı ilə məhkəmə iclasında ifadəsi elan edilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsində bildirmişdir ki, o, “Kia Sorento” markalı, **-ZG-*** dövlət qedyiyyat nişanlı avtomobili etibarnamə əsasında idarə edir. Dostu Təqsirləndirilən şəxs da həmin avtomobili idarə etməyə dair etibarnamə hüququ vardır. Belə ki, xx.xx.2024-cü il tarixdə o, yorğun olduğundan avtomobili İmranın idarə etməsini xahiş etmiş, bundan sonra onlar təxminən saat 08:45 radələrində İmran, onun arvadı Şahid2 ilə Sumqayıt şəhəri, Bulvar küçəsi ilə üzü sürücülük məktəbi istiqamətində hərəkətdə olan zaman “Levet” yaşayış kompleksinin yaxınlığında İmran sola dönmə yerində dayanmış “Opel” markalı avtomobillə ara məsafəni düzgün tənzimləyə bilmədiyi üçün avtomobilin ön hissəsi ilə həmin avtomobilin arxa hissəsindən vurmuşdur. Hadisədən sonra “Opel”-in sürücüsü xəsarət aldığında hadisə yerinə gələn TTYŞ avtomobili ilə o müayinə olunmaqdan ötrü Sumqayıt şəhər TTYX-na çatdırılmışdır. Hadisə zamanı heç bir xəsarət almamış, aparılan araşdırma ilə əlaqədar olaraq heç bir şikayət və tələbi yoxdur. Proses iştirakçılarının razılığı ilə məhkəmə iclasında ifadəsi elan edilmiş Şahid2 da oxşar məzmunlu ifadə verərək, Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “cinayət işinin başlanması haqqında” 29 may 2024-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 263.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanmış və icraata qəbul edilməklə istintaqı aparılmışdır (i.v. 1); 24 avqust 2024-cü il tarixdə Təqsirləndirilən şəxs CM-nin 263.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin maddədə nəzərdə tutulmuş ittiham ona elan edilmişdir. (i.v 88-89) “təqsirləndirilən şəxsin dindirilməsi haqqında” 24 avqust 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə CM-nin 263.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsi ilə bağlı ifadəsi alınmışdır (i.v. 100- 102); “qətimkan tədbirinin seçilməsi barədə” 24 avqust 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. (i.v.103-104); “yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokoldan, protokola əlavə edilmiş hadisə yerinin sxemi və fotoşəkillərindən görünür ki, yol nəqliyyat hadisəsi baş vermiş yer Sumqayıt şəhəri, Bulvar küçəsi, “Levent” yaşayış massivinin qarşısıdır. Hadisə baş verən yerdə yol örtüyünün eni 15.50 metr, yolun hərəkət hissəsinin eni 14 metr olmaqla yol 4 hərəkət zolağından ibarət yoldur. Hadisə baş vermiş yerdə yol ötrüyü asfaltbeton olmaqla quru və düzdür. Bu barədə fotoşəkillər çəkilərək iş materiallarına əlavə edilmişdir (i.v. 06-15) "Sərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında” xx.xx.2024-cü il tarixli, 2208 saylı aktdan görünür ki, sürücü Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə, saat 10:10-da müayinə olunmuş, müayinə zamanı sonuncuda alkoqol sərxoşluğu vəziyyəti aşkar olunmamışdır. (i.v. 05) İş materiallarına əlavə edilmiş sənədlərin surətindən görünür ki, Təqsirləndirilən şəxs “BC” kateqoriyalı sürücülük vəsiqəsinə malikdir, həmin vəsiqə xx.xx.2024-cü ilədək qüvvədədir. (i.v. 16) Cinayət işinin materiallarından görünür ki, 29 may 2024-cü il tarixli protokolla baş vermiş yol-nəqliyyat hadisənin videogörüntüsünü əks etdirən 01 ədəd CD disk toplanmış materiala əlavə edilmişdir. Cinayət işinin materiallarında olan 01 iyun 2024-cü il tarixli “Təhlükəsizlik şəhər kamerasından götürülərək DVD diskə yazılmış görüntülərə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, 10 may 2024-cü il tarixdə saat 08:47 radələrində Təqsirləndirilən şəxs idarə etdiyi “Kia Sorento” minik markalı avtomobillə Sumqayıt şəhəri, Bulvar küçəsi ilə üzü sürücülük məktəbi istiqamətində yolun sağdan ikinci hərəkət zolağı ilə hərəkətdə olan zaman “Levent” yaşayış kompleksinin girişinin qarşısında sola dönmə yerində dönmə əməliyyatını həyata keçirən Zərərçəkmiş şəxs idarə etdiyi “Opel Astra” markalı avtomobilin arxa hissəsindən vurmaqla yol-nəqliyyat hadisəsini törətmişdir. (i.v. 31) DİN BDYPİ-nin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs məxsus BD 074751 nömrəli sürücülük vəsiqəsi mərkəzi informasiya sistemində sürücülük hüququndan məhrum edilənlər sırasında yoxdur. (i.v. 55) Sumqayıt şəhər MTE və PA şöbəsinin məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli, 755 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində sol kürək sümüyünün qapalı yerdəyişən sınığı. Sol körpücük sümüyünün akromial birləşməsinin cırılması. Qeyd olunan xəsarətlər bərk küt əşya (əşyalar) təsirindən yaranmışdırlar, tibbi yardım üçün Sumqayıt Hospitala müraciət etdiyi vaxtdan bir günə qədər əvvəl olmaqla qərarda göstərilən xx.xx.2024-cü il tarixdə YNH-si zamanı əmələ gələ bilərdilər və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş sağlamlığa AZ AĞİR zərərvurmaya aiddir. (i.v. 26-29) Azərbaycan Respublikası ƏN-nin MEM-i tərəfindən verilmiş məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının xx.xx.2024-cü il tarixli, 8/1699 saylı rəyindən görünür ki, İstintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən “Kia Sorento” markalı, **-ZG-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Qanunun 50-ci maddəsinin 3-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İstintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən “Opel” markalı, **-SU- *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs hadisənin qarşısının alınması ilə əlaqədar hərəkətlərinin tədqiqi xüsusi texniki bilik tələb etmir. (i.v. 73-76) Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunması barədə əməliyyat kartotekasında məlumat mövcud deyil. (i.v. 25); “sübutların qiymətləndirilməsi haqqında” 26 avqust 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 263.1-ci maddəsi ilə elan edilmiş ittiham və barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılmış, “yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokol, hadisə yerinin sxemi, ƏN-nin MEM-i tərəfindən verilmiş məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının xx.xx.2024-cü il tarixli, 8/1699 saylı rəyi, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin ifadəsi sübut kimi qiymətləndirilmiş Təqsirləndirilən şəxs barəsində CM-nin 264-cü maddəsi ilə cinayət təqibinin başlanması rədd edilməsi qərara alınmışdır (i.v. 107-110); Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-cı maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X2 haqqında Avropa Konvensiyasının 6.2-ci maddəsinə əsasən “Cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir.” Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyası, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. Məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Ədalətli cəzanın təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02 aprel 2012-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75- ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 15 mart 2022-ci il tarixli qərarları). Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin ifadəsi, ekspert rəyləri, istintaq hərəkətinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). CM-nin 263.1-ci maddəsinə əsasən Avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda-iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Azərbaycan Respublikası CM-nin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Başqa bir Qərarında isə Konstitusiya Məhkəməsinin Plenumu göstərmişdir ki, hüquq normalarının dəqiqliyi, aydınlığı, birmənalılığının ümumhüquqi meyarları hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipindən irəli gəlir (Konstitusiyanın 25-ci maddəsinin İ hissəsi). Belə ki, bu cür bərabərlik normaların bütün hüquqtətbiqedicilər tərəfindən yalnız vahid anlaşılması və şərhi nəticəsində mümkündür. Əksinə, hüquq normalarının məzmununun qeyri-müəyyənliyi hüquq tətbiqetmə prosesində hədsiz (qeyriməhdud) mülahizələrə və özbaşınalığa gətirib çıxarar. Bununla da bərabərlik, qanunun aliliyi prinsipi pozulmuş olar. Hər bir cinayət, habelə onun törədilməsinə görə cinayət məsuliyyəti qanunda dəqiq müəyyən olunmalıdır. Hər kəs müvafiq normanın məzmunundan çıxış edərək öz hərəkətlərinin (hərəkətsizliyinin) cinayət-hüquqi nəticələrini qabaqcadan görmək imkanına malik olmalıdır (“Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli qərar). “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli 5 saylı Qərarının 2-ci bəndində göstərilmişdir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının hüquqi və təşkilati əsasları “Yol hərəkəti haqqında” 08 noyabr 1968-ci il tarixli Vyana Konvensiyası, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının 03 iyul 1998-ci il tarixli Qanunu ilə və digər normativ hüquqi aktlarla tənzimlənir və bu qaydaların pozulması nəticəsindən asılı olaraq mülki, inzibati və cinayət məsuliyyətinə səbəb olur. Həmin Qərarın 11-ci bəndində göstərilmişdir ki, nəzərə alınmalıdır ki, CM-nin 263, 263-1 və 351-ci maddələri blanket normalardır və həmin maddələrdə nəzərdə tutulmuş cinayətlərin obyektini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Nizamnamələrində, digər normativ hüquqi aktlarda nəzərdə tutulmuş yol hərəkətini və ya nəqliyyat vasitələrinin istismarını, habelə döyüş, xüsusi və ya hərbi nəqliyyat maşınlarının idarə edilməsini və istismarını tənzimləyən qaydalar təşkil edir. Buna görə həmin cinayətləri törətmiş şəxslərin haqqında çıxarılan ittiham hökmlərində mütləq qaydada “Yol hərəkəti haqqında” Qanunun və digər normativ hüquqi aktların tələblərinə istinad edilməklə belə şəxslərin qanunvericiliyin məhz hansı tələblərini pozması göstərilməlidir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinə görə sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şərati, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməlidir. Sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir. Həmin qanunun 3-cü hissəsində qeyd edilmişdir ki, sürücü sürətdən və hərəkət şəraitindən asılı olaraq elə ara məsafəsi seçməlidir ki, eyni zolaqda özündən qabaqda gedən nəqliyyat vasitəsi sürəti kəskin azaltdıqda və ya gözlənilmədən dayandıqda, onunla toqquşmanın qarşısını almaq mümkün olsun. CM-də ehtiyatsızlıqdan törədilmiş cinayətlərə anlayış verilmişdir. Həmin Məcəllənin 26.2-ci maddəsinə görə Şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli nəticələr verə biləcəyi imkanını qabaqcadan görmüş, lakin kifayət qədər əsas olmadan onların qarşısını alacağını güman etmişdirsə, bu əməl (hərəkət və ya hərəkətsizlik) cinayətkarcasına özünəgüvənmə nəticəsində törədilmiş cinayət hesab olunur. Göründüyü kimi, Təqsirləndirilən şəxs öz əməlinin ictimai təhlükəli nəticələr verə biləcəyi imkanını qabaqcadan görmüş, lakin kifayət qədər əsas olmadan onların qarşısını alacağını güman edərək, cinayətkarcasına özünəgüvənmə nəticəsində ehtiyatsılıqdan qeyd olunan cinayət əməlini törətmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 263.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. CM-nin 263-cü maddəsinin “Qeyd” hissəsinə əsasən bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunun müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad olunması üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6- 39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməlin xarakterini, zərərçəkmiş şəxsin onunla barışmasını, ona qarşı heç bir şikayət və tələbinin olmamasını, zərərçəkmiş şəxsin ərizəsini nəzərə alaraq belə nəticəyə gəlir ki, CM-nin 263-cü maddəsinin “Qeyd” hissəsinə əsasən Təqsirləndirilən şəxs barəsində həmin maddə ilə cinayət təqibinə xitam verilməli, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin “Qeyd” hissəsinin və “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublaksı Konstitusiya Məhkəməsinin 09 mart 2022-ci il tarixli Plenum qərarında göstərilmişdir ki, Cinayət Məcəlləsinin 263-cü maddəsində nəzərdə tutulan cinayət tərkibinin ikiobyektli olması nəzərə alınmalıdır. Belə ki, bu cinayət ilk növbədə yol hərəkətinin və nəqliyyat vasitələrinin istismarının təhlükəsizliyinə qəsd edir. Əlavə obyekt qismində isə insanın həyat və sağlamlığı çıxış edir. Qeyd etmək lazımdır ki, ikiobyektli cinayətlərə qəsd zamanı təqsirkar əsas obyektə ziyan vurduqda, zərərçəkən isə bu qəsdin əlavə obyekti qismində çıxış etdikdə, zərərçəkmiş şəxslə barışıq əsas obyektə dəymiş zərəri ortadan qaldırmır. Cinayət Məcəlləsinin 263-cü maddəsilə əlaqədar qeyd etmək olar ki, cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışaraq onun şəxsi maraqları bərpa edilir, ictimai maraqların bərpa olunması isə onun CM-nin 263.1 və 263.1-ci maddələrində nəzərdə tutulmuş nəticələrə səbəb olan yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına görə inzibati məsuliyyətə cəlb edilməsi ilə baş verə bilər. Bundan əlavə Cinayət Məcəlləsinin 263-cü maddəsinin “Qeyd” hissəsinin tələblərinə əsasən cinayət törətmiş və sonra zərərçəkmiş şəxslə barışmış şəxsin məhz həmin Məcəllənin 263.1 və 263.1-ci maddələrində nəzərdə tutulmuş nəticələrə səbəb olan yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozmasına görə inzibati məsuliyyətə cəlb edilməməsi ümumi hüquqi və konstitusiya prinsipləri olan ədalət və bərabərlik prinsipləri ilə uyğun gəlmir. Belə ki, CM-nin 263.1 və 263.1-1-ci maddələrində nəzərdə tutulan nəticələrə səbəb olmayan yol hərəkəti qaydalarının sadə pozuntusu hər bir halda inzibati xətalara dair qanunvericiliyin tələblərindən irəli gələrək inzibati məsuliyyətə səbəb olmalıdır. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində inzibati xəta tərkibinin əlamətləri olduğundan qərarın surəti Sumqayıt Şəhər Prokurorluğuna göndərilməlidir. Cinayət işi üzrə məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının keçirilməsi ilə əlaqədar 85 (səksən beş) manat məbləğində məhkəmə məsrəfi vardır. Həmin pul Azərbaycan Respublikası CPM-nin 195 və 196-cı maddələrinə əsasən təqsirləndirilən şəxsdən tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmiş, hüquqlarının müdafiəsi üçün Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 8 (səkkiz) iş saatı məsrəf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Sumqayıt şəhər Regional Vəkil Bürosunun vəkili Müdafiəçi 48 (qırx səkkiz) manat məbləğində pul ödənilməlidir. CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40, 43.3, 321, 346-347, 356 və 358-ci maddələrini rəhbər tutaraq Qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 263-cü maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə əsasən o, cinayət məsuliyyətindən azad edilsin və həmin maddə ilə işin icraatına xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs 85 (səksən beş) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) hesabına köçürülsün. Təqsirləndirilən şəxs əməlində inzibati məsuliyyət məsələsinin həll olunması üçün qərarın surəti Sumqayıt Şəhər Prokurorluğuna göndərilsin. Təqsirləndirilən şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardım ödəməkdən azad edilsin. Vəkil Müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardıma görə 48 (qırx səkkiz) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Ramiz Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar