Məhkəmə qərarları › İş №1(060)-799/2025

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-799/2025

28.01.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-799/2025 28.01.2026 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Elşad İbiş oğlunun sədrliyi, Əhmədli Amid Yusif oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Onun vəkili və etibarnamə üzrə nümayəndəsi Müdafiəçi2, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, Müdafiəçi: Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə xx.xx.1979-cu ildə Füzuli rayonu, Qarqabazar kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Füzuli rayonu, Qarqabazar kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, cavabdeh kimi ondan xx.xx.2020-ci il tarixli kredit müqaviləsinə əsasən 22225 manat məbləğində pul, iddianın və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş cəmi 45 manat dövlət rüsumunun alınaraq Zərərçəkmiş şəxs xeyrinə ödənilməsinə dair Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(105)-478/2022 saylı qanuni qüvvəyə minmiş qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 20 (iyirmi) gün müddətinə inzibati qaydada həbs edilməsinə, icra sənədindəki tələbi icra etməsi üçün ona yeni müddət təyin edilərək xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərdə məsuliyyəti elan olunmaqla rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq öz hərəkətlərini davam etdirməklə, şəxsi maraq niyyətilə, cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilən xx.xx.2025-ci il tarixədək 20970,00 (iyirmi min doqquz yüz yetmiş) manat məbləğində borcunu Zərərçəkmiş şəxs ödəməyərək sonuncuya maddi ziyan vurmaqla yanaşı, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq qəsdən icra etməməklə, ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsi ilə elan edilmiş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs mərhum bacısının həyat yoldaşıdır. Uzun illər ərzində Məhəmmədlə birlikdə ticarətlə, yəni şərikli olaraq kişi paltarlarının satışı ilə məşğul olmuşlar, devalvasiya dövründə bankrot olduğu üçün Məhəmmədə 11000,00 manat borcu yaranmış, bunu görən Məhəmməd əvəzində xx.xx.2020-ci il tarixdə etibarından sui-istifadə etməklə onu notariusa aparmış və orada aralarında 22225,00 manat məbləğində borc müqaviləsi bağlanılmışdır. Sumqayıt şəhər 1 saylı notariat ofisində bağlanmış müqaviləyə əsasən həmin borcu 02 il müddətinə, ayda 900,00 manat olmaqla xx.xx.2021-ci il tarixə qədər hissə-hissə qaytarmağı öhdəsinə götürmüşdür. Aralarında bağlanmış müqaviləyə baxmayaraq borcu ödəyə bilməmiş, belə olan halda Məhəmməd məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Sonra icra idarəsinə dəvət olunaraq izahatı alınmış və borcunu tam ödəyə bilmədiyini qeyd etdiyi üçün barəsində inzibati protokol tərtib olunaraq baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə verilmiş və Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə təqsirli bilinərək barəsində 500 manat cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. İcra sənədi üzrə ona dəfələrlə xəbərdarlıq olunmasına baxmayaraq barəsində yenidən inzibati protokol tərtib olunaraq Sumqayıt Şəhər Məhkəməsinə təqdim olunmuş və Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə təqsirli bilinərək 10 (on) gün müddətinə inzibati qaydada həbs edilmişdir. Daha sonra isə təkrarən İcra idarəsinə dəvət olunaraq izahatı alınmış və borcunu tam ödəyə bilmədiyi üçün barəsində təkrarən inzibati protokol tərtib olunaraq baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə verildi və Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə təqsirli bilinərək 20 (iyirmi) gün müddətinə inzibati qaydada həbs edilmişdir. Fərdi əməklə məşğul olmaqla ayda təxminən 800,00-1000,00 manat məbləğində qazanc əldə etdiyini, qeyd edilən məhkəmə qətnaməsindən yuxarı instansiya məhkəmələrinə şikayət vermədiyini, məhkəmənin çıxardığı qətnamə ilə razı olmadığını, həmin qətnaməni ədalətsiz hesab etdiyini qeyd edərək, məhkəmə qətnamə çıxaran zaman devalvasiyanı, ticarətlə məşğul olduğu dövrdə müflis olduğunu nəzərə alıb tələbkarın xeyrinə 22225,00 manat məbləğində deyil, 11000,00 manat məbləğində borcun ödənilməsinə dair qətnamə çıxartmalı olduğunu bildirmişdir. Məhkəmə qətnaməsi üzrə tələbkarın xeyrinə təqdimat verilən tarixədək 900,00 manat məbləğində, təqdimatdan sonra isə 400,00 manat məbləğində pul vəsaiti ödəmişdir. Kifayət qədər öz problemi var, kənar insanlara olan borcları ilə əlaqədar, həmçinin, həyat yoldaşından ayrıldığı üçün uşaqlarla birlikdə onların da kirayə pulunu ayda 300,00 manat ödədiyindən qətnamə üzrə icra tələbini yerinə yetirməmişdir. Borcunu ödəməsi üçün məşğul xidməti ona aylıq maaşı az olan –yəni 500-600 manat olan iş təklif etdyindən həmin işlərdən imtina etmişdir. Bundan başqa bankdan 26000 manat kredit götürmüşdür. Hazırda həmin krediti ödəyir. Müflis olduğu üçün Məhəmmədin borcunu ödəyə bilmir. Məhəmmədə hər ay 200-300 manat ödəməyi təklif etsədə bununla razılaşmamışdır. Zərərçəkmiş borcun tam ödəməsəni istəyir. Lakin borcu tam ödəməyə imkanı yoxdur. Özünün iki azyaşlı uşağı var. Ailəsində ondan başqa işləyən yoxdur. 5 il ərzində zərərçəkmişə ümumilikdə 1200 manat ödəmişdir. Artığını ödəməyə maddi imkanı yoxdur. Hazırda əgər zərərçəkmiş şəxs razılaşarsa hər ay 200 manat ödəyə bilər. Daha sonra Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olduğunu, ailəsinə ondan başqa baxan, qazanc gətirən olmadığını nəzərə alaraq ona yüngül cəza verilməsini xahiş etdi. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi özünün etirafedici ifadəsi, zərər çəkmiş şəxsin, şahidlərin ifadəsi, protokollar və işin digər istintaq materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmədə zərərçəkmiş şəxs kimi dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs qayınıdır. xx.xx.2020-ci il tarixdə Rəhmanın xahişi ilə ona 22225,00 manat məbləğində borc pul vermiş, Sumqayıt şəhər 1 saylı notariat ofisində bağlanmış müqaviləyə əsasən Rəhman həmin borcu 02 il müddətinə, ayda 900,00 manat olmaqla xx.xx.2021-ci il tarixə qədər hissə-hissə qaytarmağı öhdəsinə götürmüşdür. Lakin, bağlanmış müqavilə 02 il müddəti əhatə etdiyi üçün Təqsirləndirilən şəxs arxayınçılıq yaranmış və borcundan heç bir məbləğdə ödəniş etməmişdir. Belə olan halda məhkəməyə müraciət etmiş, Sumqayıt Apellyasiya Məhkəməsi borclu Təqsirləndirilən şəxs 22225,00 manat məbləğində pul və ödənilmiş 45 manat dövlət rüsumunun tutularaq ona ödənilməsinə dair xx.xx.2022-ci il tarixli, 2(105)-478/2022 saylı qətnamə qət etmişdir. Borclu Təqsirləndirilən şəxs İcra idarəsinə dəvət olunaraq izahatı alınmış və borcunu tam ödəyə bilmədiyini qeyd etdiyi üçün onun barəsində inzibati protokol tərtib olunaraq baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə verilmiş və Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə o, təqsirli bilinərək barəsində 500 manat cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. İcra sənədi üzrə borcluya dəfələrlə xəbərdarlıq olunmasına baxmayaraq barəsində yenidən inzibati protokol tərtib olunaraq Sumqayıt Şəhər Məhkəməsinə təqdim olunmuş və Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə borclu Təqsirləndirilən şəxs təqsirli bilinərək 10 (on) gün müddətinə inzibati qaydada həbs edilmişdir. İnzibati tənbehdən sonra tələblə bağlı Təqsirləndirilən şəxs məsuliyyəti elan olunmaqla bir daha xəbərdarlıq edilmişdir. Tələb yenə icra olunmamışdır. Borclu yenidən İcra idarəsinə dəvət olunaraq izahatı alınmış və borcunu tam ödəyə bilmədiyi üçün onun barəsində təkrarən inzibati protokol tərtib olunaraq baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə verilmiş və Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə borclu Təqsirləndirilən şəxs təqsirli bilinərək barəsində 20 (iyirmi) gün müddətinə inzibati qaydada həbs edilmişdir. Borclu Təqsirləndirilən şəxs onun xeyrinə 1300,00 manat pul vəsaitini Sumqayıt şəhəri üzrə İcra idarəsinin depozit hesabına ödəmiş, lakin, onun ödənilməmiş 20970,00 manat borcu qalmışdır. Təqsirləndirilən şəxs hər dəfə yalan vədlər verərək onu aldatmış, dövlət adından çıxarılmış məhkəmə qətnaməsi üzrə tələbi yerinə yetirməkdən qərəzli olaraq yayınmışdır. Ona görə də hazırda borcunun tam ödənilməsini tələb edir. Təqsirləndirilən şəxs borcundan heç bir ödəniş etməmiş, əksinə onunla barışmağa belə cəhd göstərməmişdir. Ona gördə hazırda Rəhmandan şikayətçidir. Borcunu ödəməsə Təqsirləndirilən şəxs barəsində ciddi tədbir görülməsini xahiş edir. Məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru Şahid1 ifadəsində göstərdi ki, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(105)-478/2022 saylı qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən borclu Təqsirləndirilən şəxs 22225 manat məbləğində pul və ödənilmiş 45 manat dövlət rüsumu tutularaq tələbkar Zərərçəkmiş şəxs verilməlidir. İcra sənədi xx.xx.2022-ci il tarixində Füzuli rayon İcra və probasiya Şöbəsinin icraatına daxil olmuş və həmin tarixdə müvafiq qaydada icraata başlama haqqında qərar qəbul edilərək dərhal icra olunması üçün tərəflərə göndərilmişdir. Borclunun müraciətinə əsasən xx.xx.2022-ci il tarixində icra sənədinin aidiyyəti üzrə göndərilməsi haqqında qərar qəbul edilərək, Sumqayıt şəhəri üzrə İcra idarəsinə göndərilmişdir. Borclu İcra idarəsinə dəvət olunaraq izahatı alınmış və borcunu tam ödəyə bilmədiyini qeyd etmişdir. Belə ki, icra sənədi üzrə tələb könüllü müddət ərzində icra olunmadığı üçün məcburi icra tədbiri olaraq borclunun əmlak və gəlirlərinin yoxlanılması məqsədi ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Elektron İcra İnformasiya Sistemi” vasitəsilə aidiyyəti qurumlara sorğular verilmiş, borcluya məxsus hər hansı daşınar və ya daşınmaz əmlakın, əmək haqqı və digər gəlirlərinin olmadığı müəyyən edilmişdir. Bundan əlavə icra məmurunun № 190/37 saylı, xx.xx.2022-ci il tarixli “borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə” təqdimatı Sumqayıt Şəhər Məhkəməsinə təqdim olunmuş və Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-675/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə borclu Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Borclu yenidən İcra idarəsinə dəvət olunaraq izahatı alınmış və borcunu tam ödəyə bilmədiyini qeyd etdiyi üçün barəsində inzibati protokol tərtib olunaraq baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə verilmiş və Sumqayıt Şəhər Məhkəməsinin 3(060)- 2588/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə borclu Təqsirləndirilən şəxs təqsirli bilinərək barəsində 500 manat cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. İcra sənədi üzrə borcluya dəfələrlə xəbərdarlıq olunmasına baxmayaraq barəsində yenidən inzibati protokol tərtib olunaraq Sumqayıt Şəhər Məhkəməsinə təqdim olunmuş və Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-1401/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə borclu Təqsirləndirilən şəxs təqsirli bilinərək 10 (on) gün müddətinə inzibati qaydada həbs edilmişdir. İnzibati tənbehdən sonra tələblə bağlı Təqsirləndirilən şəxs məsuliyyəti elan olunmaqla bir daha xəbərdarlıq edilmişdir. Tələb yenə icra olunmamışdır. Borclu yenidən İcra idarəsinə dəvət olunaraq izahatı alınmış və borcunu tam ödəyə bilmədiyi üçün onun barəsində bir il ərzində təkrarən inzibati protokol tərtib olunaraq baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə verilmiş və Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-740/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə borclu Təqsirləndirilən şəxs təqsirli bilinərək barəsində 20 (iyirmi) gün müddətinə inzibati qaydada həbs edilmişdir. Borclu Təqsirləndirilən şəxs tələbkarın xeyrinə 1300,00 manat pul ödəmiş, lakin, onun ödənilməmiş 20970,00 manat borcu qalmışdır. Bu səbəbdən də tələbkar Zərərçəkmiş şəxs Sumqayıt şəhəri üzrə İcra İdarəsinə ərizə ilə müraciət edərək borclunun cinayət məsuliyyətinə cəlb edilməsi üçün təqdimatla Ədliyyə Nazirliyinin İstintaq idarəsinə müraciət olunmasını xahiş etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru Şahid2 da Şahid1 ifadəsində göstərilən xüsusatları təsdiq etmişdir. Cinayət işinin materiallarına əlavə edilən məhkəmə qətnaməsinin icrası ilə bağlı Təqsirləndirilən şəxs adına ünvanlanmış borcun könüllü ödənilməsinə dair bildiriş və Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət məsuliyyəti barədə xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərdə xəbərdarlıq məktublarından, Sumqayıt Şəhər Məhkəməsinin 3(060)- 740/2024 saylı, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında iş üzrə qərarından və digər sənədlərdən görünür ki, o, həqiqətən də Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(105)-478/2022 saylı qanuni qüvvəyə minmiş qətnaməsini qərəzli olaraq icra etməmişdir. Cinayət işində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarında olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2016-cı il təvəllüdlü bir azyaşlı uşağı vardır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs ona ona verilmiş ittiham üzrə olan 20970,00 manat borcdan heç bir məbləği ödəməmişdir. Cinayət işinin 240-cı vərəqəsində olan təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında 12 noyabr 2025-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün etirafı, zərərçəkmiş şəxsin ifadəsi, şahidlərin ifadələri və digər iş materialları ilə onun məhkəmənin qərarını icra etməməsi tamamilə sübuta yetirildi. Onun əməli düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə tövsif edilmiş və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini icra etməmə və ya həmin aktın icrasına maneçilik törətmə-iki min manatdan dörd min manatadək miqdarında cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz səksən saatadək islah işləri və ya iki ilədək islah işləri, və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-in 59..1.4-cü maddəsinə əsasən himayəsində azyaşlı uşağının olması Təqsirləndirilən şəxs oğlünün cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar yoxdur. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, yüngülləşdirici halı, cinayətin törədildiyi vaxtdan beş ildən artıq vaxt keçməsinə baxmayaraq təqsirləndirilən şəxsin zərərçəkmişə vurduğu zərərin ödənilməməsi, ziyanın ödənilməsinə cəhd belə edilməməsini, zərərçəkmiş şəxsin ondan şikayətçi olmasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Ona görə də onun barəsində azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin başlanğıcı hazırki hökmün qəbul edildiyi tarixdən, yəni 28 yanvar 2025-ci il tarixdən hesablanmalıdır. Həmçinin Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilərək, barəsində həbs qətimkan tədbiri seçilməli, o məhkəmə iclas zalından həbsə alınmalı, saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına göndərilməli və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum edilməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzasını ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş vəkilə dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 nömrəli qərarına (xx.xx.2025-ci il tarixli 141 nömrəli qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat miqdarında müəyyən edilmişdir. İş üzrə mülki , məhkəmə xərci və maddi sübut yoxdur. Şərh olunanlara və AzərbaycanRespublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 02 (iki) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilərək, barəsində həbs qətimkan tədbiri seçilsin o, məhkəmə iclas zalından həbsə alınsın və saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına göndərilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 28 yanvar 2026-cı il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut, mülki iddia və ekspertiza xərcləri yoxdur. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 10 saata görə 110 (yüz on) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunandan (həbsdə olan təqsirləndirilən şəxsə təqdim edildiyi gündən) 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elşad Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar