Məhkəmə qərarları › İş №1(060)-80/2021

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-80/2021

09.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-80/2021 09.02.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1985-ci ildə Dəvəçi rayonu, Kolanı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmuş, məhkumluğu ödənilməyən, Sumqayıt şəhəri H.Zeynalabdin qəsəbəsi, Dəmiryolu Y/M, ev 6, mənzil 22-də qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs xx xxxxxxxx 2020-ci il tarixdə saat 10:00 radələrində Bakı şəhəri “20 Yanvar” ərazisində istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, 450,0 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib daşıyaraq üzərində saxlamış, xx xxxxxxxx 2020-ci il tarixdə, saat 15:05 radələrində Sumqayıt ŞPİ-nin 2-ci PB-nin əməkdaşlarının Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, Yaşma bağlar massivi ərazisində keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan tünüd qəhvəyi rəngli qolsuz gödəkçəsinin sol qoltuq hissəsində gizlətdiyi bir ədəd yaşıl rəngli polietilen torbanın içərisində olan 450 qram çəkidə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək göstərdi ki, təxminən 2010-cu ildən narkotik vasitə olan marixuanadan istifadə edir və əvvəllər Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə üç dəfə məhkum olumuşdur. xx.xx.2020-ci il tarixdə, saat 10:00 radələrində şəxsi işi ilə bağlı Bakı şəhərində olan zaman “20 Yanvar” adlanan ərazidə təsədüfən tanış olduğu bir nəfər 30-32 yaşlarında olan kişi ilə söhbət əsnasında ona narkotik vasitə marixuana istifadəçisi olduğunu söyləmiş və onunla söhbət zamanı həmin şəxs onda narkotik vasitə olan marixuana olduğunu bildirmişdir. O, həmin şəxslə razılaşıb 40 (qırx) manat pul verərək yaşıl rəngli sellofan torbada olan təxminən 450 qram çəkidə olan marixuananı alıb əynində olan tünd qəhvəyi rəngli qolsuz gödəkçəsinin sol qoltuqaltı hissəsində gizlədərək Sumqayıt şəhərinə gəlmişdir. Həmin tarixdə saat 15:05 radələrində aldığı marixuanadan çəkmək üçün eləcə də münasib yerdə gizlətmək üçün Sumqayıt şəhəri H.Zeynalabdin qəsəbəsi Yaşma bağları ərazisində münasib yer axtaran zaman mülki və polis geyimdə olan bir neçə nəfər şəxs ona yanınlaşmış və özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmişdir. Polis əməkdaşları ona narkotik vasitələrin qəbulunda və üzərində gəzdirməkdə şübhəli bilindiyi üçün saxlanıldığını söyləmişlər və həmin vaxt ona hüquq və vəzifələri barədə bildiriş təqdim etmişlər. Sonra polis əməkdaşları video çəkilişlə üzərində şəxsi axtarış aparılacağını söyləyib şəxsi axtarış aparılmasına etirazının olub-olmadığını soruşmuş, o, polis əməkdaşlarına videoçəkilişlə üzərində şəxsi axtarış aparılmasına etiraz etmədiyini bildirmişdir. Polis əməkdaşları şəxsi axtarış aparılmazdan əvvəl ona üzərində hər hansı qanunsuz əşya və ya maddənin olub-olmamasını sual edib, əgər varsa təqdim etməyini bildirmiş, o əynində olan tünd qəhvəyi rəngli qolsuz gödəkçənin içərisində, sol qoltuq hissəsində gizlətdiyi yaşıl rəngli sellofan torbada olan marixuananı çıxarıb polis əməkdaşlarına təqdim etmiş, həmin marixuananı xx.xx.2020-ci il tarixdə səhər saatlarında Bakı şəhərində tanımadığı şəxsdən 40 (qırx) manata şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Daha sonra onu Sumqayıt ŞPİ-nin 2-ci PB-yə dəvət etmişlər. O da buna etiraz etməyərək, həmin bölməyə getmişdir. Üzərindən aşkar olunan həmin narkotik vasitə həmin bölmədə tərəzidə çəkilərək qablaşdırılmış, daha sonra müvafiq sənədləşmə aparılmış və o da həmin sənədlərlə tanış olaraq imza etmişdir. Həmin narkotik vasitəni özünə məxsus olan pulla almış, ondan özü istifadə edəcəkdi. Hazırda etdiyi əmələ görə peşmandır, məhkəmədən ağır ailə vəziyyətini nəzərə almağı xahiş etmişdir. Təqsirləndirilən şəxs ona isnad edilən cinayət əməlini törətməsi öz ifadəsi ilə bərabər, məhkəmə iclasında tam, obyektiv və hərtərəfli tədqiq edilmiş iş materialları və dindirilmiş şahid ifadələri ilə təsdiq edilir. Belə ki, məhkəmə iclasında Şahid2 göstərdi ki, Sumqayıt ŞPİ-nin 2-ci PB-də əməliyyat müvəkkili vəzifəsində xidmət edir. xx.xx.2020-ci il tarixdə Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, Dəmiryol yaşayış masssivi, ev 6, mənzil 22-də qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin qəbulu və üzərində gəzdirməsi barədə məlumat daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədi ilə ondan, Sumqayıt ŞPİ-nin 2-ci PB-nin baş əməliyyat müvəkkili Şahid3 Zeynalabdin oğlundan, həmin bölmənin əməliyyat müvəkkili Şahid1, 2-ci PB-nin təhqiqatçısı X1 və Sumqayıt ŞPİ KTB-nin inspektor-kriminalisti Qocayev Elnur Əlövsət oğlundan ibarət əməliyyat qrupu təşkil etmişlər. Həmin gün saat 14:50 radələrində Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, Yaşma bağları ərazisində olması barədə təkrar məlumat daxil olmuş, məlumat əsasında xx.xx.2020-ci il tarixdə saat 15:03 radələrində əməliyyat qrupu ilə birlikdə Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, Yaşma bağları ərazisinə getmişlər və orada olan zaman inspektor-kriminalist Elnur Qocayev tərəfindən “Panasonik” markalı videokamera işə salınmış, bir neçə dəqiqədən sonra əlamətləri Təqsirləndirilən şəxsla üst-üstə düşən bir nəfər şəxsin gəldiyini görmüşlər. Həmin şəxsi saxlamışlar və özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmişlər, ondan da özünü təqdim etməsini xahiş etmişlər. Həmin şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Onlar Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə etmə, saxlama və gəzdirməkdə şübhəli olduğunu bildirmiş, bundan sonra Təqsirləndirilən şəxs hüquq və vəzifələri barədə bildiriş təqdim olunmuş və videoçəkilişlə onun üzərində şəxsi axtarış aparılacağı izah edilərək, ondan videoçəkilişlə üzərində şəxsi axtarış aparılmasına dair etirazının olub-olmamasını soruşmuşlar, sonuncu heç bir etirazının olmadığını bildirdikdən sonra videoçəkiliş davam etməklə üzərində olan əşyaları təqdim etməsi ondan xahiş edilmişdir. Təqsirləndirilən şəxs əynində olan tünd qəhvəyi rəngli qolsuz gödəkçənin içərisində, sol qoltuq hissəsində gizlətdiyi yaşıl rəngli sellofan torbanı çıxardaraq təqdim etmişdir. Təqsirləndirilən şəxs sellofan torbanın içərisində nə olduğu soruşulduqda o, həmin torbanın içərisində narkotik vasitə olan marixuana olduğunu bildirmişdir. Həmin torbaya baxarkən orada spesifik iyə malik narkotik vasitə olan marixuanaya oxşar maddə aşkar olunmuşdur. Onlar Təqsirləndirilən şəxs həmin narkotik vasitəni haradan əldə etdiyini və nə məqsədlə üzərində saxladığını soruşmuş, o həmin marixuananı xx.xx.2020-ci il tarixdə səhər saatlarında Bakı şəhərində “20 Yanvar” adlanan ərazidə tanımadığı şəxsdən 40 (qırx) manata şəxsi istifadəsi üçün aldığını və özü istifadə etmək üçün üzərində gəzdirdiyini söyləmişdir. Sonra onlar müvafiq sənədləşmə aparılması üçün Təqsirləndirilən şəxs ilə birlikdə Sumqayıt ŞPİ-nin 2-ci polis bölməsinə getmiş, bölmədə xidməti otaqda Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlə elektron tərəziyə qoyularaq çəkilmiş və həmin maddənin 455 qram çəkidə olması müəyyən edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlə qablaşdırılaraq möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmış, bundan sonra protokol tərtib olunaraq ucadan oxunmuş və onlar həmin protokolu imzaları ilə təsdiq etmişlər. Təqsirləndirilən şəxs qarşı polis əməkdaşları tərəfindən heç bir təzyiq göstərilməmişdir, o, könüllü olaraq törətdiyi cinayət əməlini etiraf etmişdir. Təqsirləndirilən şəxs saxlanılarkən heç bir müqavimət göstərməmişdir. Məhkəmə iclasında şahid Sumqayıt ŞPİ-nin 2-ci PB-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid3 da Şahid2 ilə eyni məzmunlu ifadə verdi, onun göstərdiklərini təsdiq etdi. Cinayət işinin istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 eyni məzmunlu ifadə verərək digər şahidlər Şahid2 və Şahid3 ifadəsində göstərilən xüsusatları təsdiq etmişdir. İş materiallarında olan Məhkəmə-bioloji ekspertizasının xx.xx.2020-ci il tarixli, 7/602 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş ağ kağız üzərində «...Şübhəli şəxs: imza Təqsirləndirilən şəxs xx.xx.2020» sözləri yazılmış skoçla bağlanmış polietilen torbada təmiz çəkisi 450,0 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. (i.v.29-31) İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2020-ci il tarixli, 2713 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindiromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (i.v.109-110) İş materiallarında olan "Sübutların qiymətləndirilməsi haqqında" qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş təmiz çəkisi 450,0 qram olan, tədqiqat və istintaq zamanı aparılmış ekspertizalar nəticəsində qalıq çəkisi 449,95 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana və Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsini əks etdirən 01 ədəd DVD-R formatlı disk maddi sübut kimi tanınmışdır.(i.v. 120-125) İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən Təqsirləndirilən şəxs barəsində verilmiş tələbnamədən və Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasının əvvəli xx xxxxxx 2017-ci ildən hesablanmış, Qaradağ rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə 01 ay 24 gün vaxtından əvvəl şərti azad olunub və xx.xx.2019-cu il tarixdə cəzası bitmişdir. (i.v.80-83, 94-96) Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsindən görünür ki, az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən 2 (iki) il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Ona görə də Təqsirləndirilən şəxs yenidən qəsdən cinayət törətdiyindən Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən onun əməli cinayətlərin residivi kimi qiymətləndirilir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsin əvvəli xx xxxxxxxx 2020-ci il tarixdən hesablanmışdır.(i.v 63-64) İş materiallarında olan, məhkəmə iclasında nümayiş etdirilmiş 1 ədəd diskdə Sumqayıt ŞPİ-nin 2-ci PB-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılan Təqsirləndirilən şəxs onda aşkar olunaraq götürülmüş maddənin narkotik vasitə mariuxana olduğunu etiraf etməsi əks etdirilmişdir. .(i.v. 98-100) İş materiallarında olan xx.xx.2020-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur.(i.v 110) İş materiallarında olan məlumatlardan görünür ki, Təqsirləndirilən şəxs 2009-cu il tarixdən Sumqayıt Şəhər Narkoloji Dispanserində “narkomaniya” diaqnozu ilə qeydiyyatdadır. Beləliklə, Təqsirləndirilən şəxs cinayət əməlini yuxarıda şərh olunan qaydada törədərək istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, 450 qram çəkidə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana əldə edib daşıyaraq üzərində saxlaması tam sübuta yetirildi. Onun əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikasının Cinayət Qanunu cəza təyin edərkən, habelə cəzanın və digər cinayət-hüquqi xarakterli tədbirlərin ədalətliliyini müəyyən edərkən diqqəti törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə, təyin olunmuş cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə ola biləcək təsirinə, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara diqqət çəkmiş, bu halların nəzərə alınmalı olmasının vacibliyini önə çəkmiş, yalnız bu cinayət-hüquqi kriteriyalara əməl edildiyi halda ədalətli cəzadan söhbət gedə biləcəyini müəyyən etmişdir. Eyni zamanda Cinayət Qanunu ədalətli cəzanın təyin edilməsi zamanı cəzanın məqsədlərinin də nəzərdən qaçırılmamasını diqqətə almış, yalnız sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa yönəlmiş cəzanın ədalətli hesab edilməsini təsbit etmişdir (CM-nin 8.1, 41.2 və 58.3-cü maddələri). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" xx xxxx 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, cəza təyin edilərkən hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Plenum həmin Qərarında CM-nin 8.1 və 58.3-cü maddələrində nəzərdə tutulmuş və cəza təyininin əsasını təşkil edən kriteriyaları da izah edərək göstərmişdir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən, az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluğu ödənilmiş hesab edilirlər. Həmin Məcəllənin 18.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin resedivini yaradır. Həmçinin, o da qeyd olunmalıdır ki, cəzanı yüngülləşdirən halları müəyyən edən CM-nin 59.1-ci maddəsində nəzərə alınması məcburi olan cəzanı yüngülləşdirən hallar, 59.2-ci maddəsində isə Cinayət Qanununda göstərilməyən, lakin cinayət hadisəsi və onu törətmiş şəxslə bağlı olan və məhkəmənin qiymətləndirməsinə bağlı olan cəzanı yüngülləşdirən hallar təsbit edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs yaşayış yerindən müsbət xarakterizə edilməsini, əməlindən peşman olmasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən məsuliyyətini yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən, cinayətlərin təkrar törədilməsi, cinayətlərin residivi cəzanı ağırlaşdıran hallardır. Həmin Məcəllənin 65.1-ci maddəsinə əsasən, residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən, cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslər ciddi rejimli cəzaçəkmə müəssisələrində cəza çəkməlidirlər. İş materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasının əvvəli xx xxxxxx 2017-ci ildən hesablanmış, Qaradağ rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə 01 ay 24 gün vaxtından əvvəl şərti azad olunub və xx.xx.2019-cu il tarixdə cəzası bitmişdir. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş və məhkum olunmuş hesab olunur. Təqsirləndirilən şəxs əvvəllər qəsdən törətdiyi həmin cinayət əməlinə görə məhkumluğu ödənilmədən və ya götürülmədən yenidən qəsdən cinayət törətdiyindən məhkəmə Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsində nəzərdə tutulan cinayətlərin residivini onun məsuliyyətini ağırlaşdıran hal kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, onun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır, ancaq onun cəmiyyətdən təcrid edilmədən islah edilməsini qeyri-mümkün hesab edir. Ona görə də, ona Azərbaycan Respublikası CM-in 65.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə bu cür cəza təyin etməyi cəzanın məqsədlərinə nail olmaq baxımından ədalət mühakiməsinin tələblərinə uyğun hesab edir. Təqsirləndirilən şəxs əvvəllər azadlıqdan məhrumetmə növündə cəza çəkdiyi üçün cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs artıq ərazi narkoloji dispanserində qeydiyyatda olduğu nəzərə alınmalıdır. Təqsirləndirilən şəxsin cəzasının əvvəli faktiki olaraq onun azadlığının məhdudlaşdırıldığı gündən, yəni tutulduğu xx xxxxxxxx 2020-ci il tarixdən hesablanmalıdır. Cinayət işi üzrə məhkəmə-bioloji ekspertizasının keçirilməsi ilə əlaqədar 89 (səksən doqquz) manat məbləğində məhkəmə məsrəfi vardır. Həmin pul Azərbaycan Respublikası CPM-nin 195 və 196-cı maddələrinə əsasən təqsirləndirilən şəxsdən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin nəfinə tutulmalıdır. İş üzrə maddi sübut - Sumqayıt Şəhər Polis İdarəsinin saxlanc anbarında saxlanılan, 449,95 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana məhv edilməli, əməliyyat-axtarış tədbirini özündə əks etdirən 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 381, 384.1 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs cəzasının əvvəli xx xxxxxxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilməsin. Təqsirləndirilən şəxs 89 (səksən doqquz) manat məbləğində ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. Sumqayıt Şəhər Polis İdarəsinin saxlanc anbarında saxlanılan iş üzrə maddi sübut –ekspertiza tədqiqatından sonra çəkisi 449,95 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana məhv edilsin. İş üzrə maddi sübut - əməliyyat-axtarış tədbirini özündə əks etdirən 01 ədəd DVD-R disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən, elan olunduğu andan 20 gün müddətinə Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM FİKRƏT ƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar