Məhkəmə qərarları › İş №1(060)-801/2024

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-801/2024

29.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-801/2024 29.10.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1984-cü il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, "xxxx" MMC-də sürücü işləyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, 5-ci məhəllədə fərdi evdə yaşayan Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə məhkəməyədək sadələşdirilmiş icraat materiallarına açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin sağlamlığının qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərərvurmaya aid xəsarət yetirmişdir. Belə ki, o, xx.xx.2024-cü il tarixdə saat 19 radələrində Sumqayıt şəhər, H.Zeynalabdin qəsəbəsi, 5-ci məhəllə ərazisində birgə yaşadıqları fərdi evdə keçmiş arvadı Zərərçəkmiş şəxs ilə aralarında ailə məişət münasibətləri zəminində baş vermiş mübahisə zamanı Zərərçəkmiş şəxs döyərək sonuncuya sol alın və sol gözətrafını əhatə edən dərialtı hematoması, sol diz oynağının ön səthinin, sağ diz oynağının ön səthinin, alt çənənin sağ və orta hissələrinin səthi yaralarıdan ibarət sağlamlığın qısa müddətdə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərərvurmaya aid xəsarətlər yetirmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Zərərçəkmiş şəxs ilə 2006-ci ildə ailə qurmuş, birgə nikahlarından iki azyaşlı övladları var. Ailə qurduqdan sonra normal münasibətləri olmamış və 2013-cü ildə rəsmi qaydada boşanmqlarına baxmayaraq birgə yaşayırlar. Son vaxtlar o, Zərərçəkmiş şəxs uşaqlarının adına xələl gətirəcək hərəkətlər etdiyini görmüşdür. Belə ki, dəfələrlə Ayselin evdə ayrı-ayrı şəxslərlə telefonla danışaraq görüşdüyünün şahidi olmuş, lakin uşaqlarına görə Ayselə bir söz deməmişdir. Sonuncu dəfə xx.xx.2024-cü il saat 19 radələrində işdən gələn zaman sakit həyətə daxil olmuş, Ayselin gülümsəyərək kiminləsə telefonla danışdığını görmüş və onu dinləmişdir. Belə ki, Aysel kiminləsə əxlaqsız formada danışaraq gülürmüş. O, özünü saxlaya bilməmiş və qapını bərkdən döymüşdür. Aysel qapını açdıqda ona kiminlə danışmağından xəbərdar olduğunu bildirmiş, Aysel heç nə demədən səs-küy salmaq istədikdə əsəbləşib əli ilə onun sifətinə, ağzına, gözünə vurmuş, saçından tutub yıxmış, sonra isə evdən çıxıb getmişdir. Sonradan Ayselin onun barəsində şikayət etməsini öyrənmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı və zərərçəkmiş şəxsin ifadəsi, həmçinin ekspert rəyi və iş materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxslə 2006-cı ildə evlənmiş, birgə nikahlarından iki azyaşlı övladları var. Ailə qurduqdan sonra onların münasibətləri normal olmadığı üçün 2013-cü il tarixdə rəsmi qaydada boşanmışlar. Lakin, yaşadıqları evibirgə tikdikləri üçün eyni evdə, ayrı-ayrı otaqlarda yaşayırlar. Birgə nikahdan olan azyaşlı uşaqları onun himayəsindədir. xx.xx.2024-cü il tarixdə saat 19 radələrində o, evdə olan zaman qapının döyüldüyünü eşitmiş, o, qapını açmaq üçün çıxanda qapının Raminin döydüyünü görmüşdür. Qapını açandan sonra Ramin onun ünvanına nalayiq sözlər deyərək telefonla kiminlə danışdığını soruşmuş, o, Raminə bacısı ilə danışdığını bildirmişdir. Ramin isə əsəbi halda onun üzərinə gələrək saçından tutub onu yerə yıxmış, yerdə sürükləmiş, yumruqla başına, sol gözümün üstünə vurmuşdur. Sonra başını mətbəx otağında olan paltaryuyan maşına və barıya vurmuşdur. O, huşunu itirmiş, Ramin əsəbi halda təpiklə bir neçə dəfə belinə zərbələr vurmuş və özündən getmişdir. Sonra birtəhər özünə gəlib evdən bayıra qaçıb polis bölməsinə gəlmiş və Raminin onu döyməsi barədə şikayət etmişdir. Hazırda təqsirləndirilən şəxslə barışmamışdır və ondan şikayətçidir. Sadələşdirilmiş icraat materiallarının 13-15-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X2 xx.xx.2024-cü il tarixli, 1528 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşağıdakı xəsarətlər vardır: Sol alın və sol gözətrafım əhatə edən dərialtı hematoması, sol diz oynağının ön səthinin, sağ diz oynağının ön səthinin, alt çəninin sağ və orta hissələrin səthi yaraları. Qeyd olunan xəsarətlər küt əşyanın (əşyaların) təsirindən törənmişdirlər, törənmə müddəti zərərçəkmişin müayinəsindən bir gün əvvəl olmaqla 02.09.24-cü il tarixdə əmələ gələ bilərdi və dərəcəsinə görə - sol alın və sol gözətrafım əhatə edən dərialtı hematoması sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərərvurmaya, digər xəsarətləri, yəni sol diz oynağının ön səthinin, sağ diz oynağının ön səthinin, alt çəninin sağ və orta hissələrin səthi yaraları isə sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilmir. Sadələşdirilmiş icraat materiallarının 27-ci vərəqəsində olan Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən xx.xx.2024-cü il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları araşdırıb, onlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxsin özünün etirafı, zərərçəkmiş şəxsin ifadəsi, ekspert rəyi və digər iş materialları ilə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin sağlamlığının qısa müddətə pozulmasına səbəb olan sağlamlığa qəsdən yüngül zərər vurma cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. Onun əməli düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif edilmiş, o həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi və barəsində olan cinayət təqibinə xitam verilməsi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsinə əsasən sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma - min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-nın 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Bundan başqa, cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamıda nəzərə alınmalıdır. Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfındən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs özünü təqsirli bilməsini və ilk dəfə məhkum edilməsini cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 nömrəli Qərarının 2-ci bəndi ilə məhkəmələrə tövsiyə edilmişdir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Həmin Qərarın 3-cü bəndində izah edilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların halların olmamasını nəzərə alaraq hesab edir ki, sonuncunu cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də, ona təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, hökmün icrası onun yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılmalıdır. Təqsirləndirilən şəxs üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 00:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, 5-ci məhəllədə yerləşən fərdi evi tərk etməmək, Sumqayıt və Bakı şəhərlərinin, həmçinin Abşeron rayonunun hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsi gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Hazırki halda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş vəkilə dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. İş üzrə maddi sübut, ekspertiza xərci və mülki iddia yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının CPM-nin 197-198, 341-349, 351-353, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinərək 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 00:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, 5-ci məhəllədə yerləşən fərdi evi tərk etməmək, Sumqayıt və Bakı şəhərlərinin, həmçinin Abşeron rayonunun hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsi gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 15 saata görə 90 (doxsan) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə maddi sübut, ekspertiza xərci və mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Samir İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar