Məhkəmə qərarları › İş №1(060)-803/2025

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-803/2025

05.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-803/2025 05.02.2026 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılova Günel Rza qızının sədrliyi, Əhmədli Amid Yusif oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X2, Təqsirləndirilən şəxs Azatxan oğlunun iştirakları ilə, xx.xx.1974-cü il tarixdə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, evli, əvvəllər məhkum olunmayan, ünvan 1 ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azatxan oğlunun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs Azatxan oğlu satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda psixotrop maddə olan metamfetamini əldə edərək saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs Azatxan oğlu satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan vaxtda və mənbədən xeyli miqdarda 01 ədəd bükümdə təmiz çəkisi 0,260 qram olan ağ rəngli, kristalşəkilli, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin əldə edib üzərində saxlayaraq daşımış və Sumqayıt Şəhər Polis İdarəsinin CAŞ-ın əməkdaşları tərəfindən 09 sentyabr 2025-ci il tarixdə, saat 19:33-də keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Sumqayıt şəhəri, 9-cu məhəllə, TTYX-nın yaxınlığında piyada olarkən saxlanılaraq üzəri yoxlanılan zaman həmin çəkidə və bükümdə olan psixotrop maddə metamfetamin əynindəki şalvarın sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azatxan oğlu ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək qeyd etmişdir ki, xx.xx.2025-ci il tarixdə, saat 19:00 radələrində Sumqayıt şəhəri, 9-cu məhəllə, TTYX-nın qarşısında piyada hərəkətdə olan zaman polis əməkdaşları tərəfindən saxlanılmışdır. Polis əməkdaşları ona üzərində qanunla qadağan edilmiş əşya olub-olmamasını soruşmuş, o da “patı” adlanan metamfetamini çıxarıb təqdim etmişdir. O, yalnız metamfetamin istifadəçisi olduğunu, onu da arada bir istifadə etdiyini bildirmişdir. Təqdim etdiyi metamfetamini Bakı şəhərindən 10-15 manata əldə etmiş, öz istifadəsi üçün üzərində saxlamışdır. Saxlanılarkən və ya polis idarəsində ona qarşı heç bir fiziki və psixi təsir göstərilməmişdir. Sumqayıt Şəhər Polis İdarəsində müdafiəçi ilə təmin edilmişdir. Məhkəmənin sualına cavab olaraq bildirmişdir ki, 1992-1994-cü illərdə hərbi xidmətdə olarkən Laçın və Şuşa istiqamətlərində gedən döyüşlərdə iştirak etmiş və 1994cü il tarixdə Laçından hospitala gəlmişdir. Hərbi biletində isə müharibədə iştirak etməsi ilə bağlı qeydlər yoxdur. Son söz olaraq o, əməlindən peşman olduğunu bildirmiş və məhkəmədən nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt Şəhər Polis İdarəsinin CAŞın əməliyyat müvəkkili Şahid3 ifadəsində bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə Təqsirləndirilən şəxs Azatxan oğlunun narkotik vasitələri əldə etməsi, üzərində gəzdirməsi və istifadə etməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Əməliyyat məlumatını yoxlamaq məqsədi ilə əməliyyat qrupu yaradılmış, daha sonra isə tərəflərindən Təqsirləndirilən şəxs ola biləcəyi yer müəyyən edilərək Sumqayıt şəhəri, 9-cu məhəllə, TTYX-nın yaxınlığında əməliyyat müşahidəsinə götürülmüşdür. Həmin gün saat 19:33 radələrində Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, 9-cu məhəllə, TTYX-nın yaxınlığında piyada keçən zaman videoçəkiliş aparmaqla sonuncuya yaxınlaşaraq saxlamış və özlərini təqdim etmişlər. Sonra isə Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olmasını bildirib üzərində qanunla qadağan olunmuş hər hansı əşya və ya maddə varsa təqdim etməsini təklif etmişlər. Təqsirləndirilən şəxs əynində olan şalvarının cibindən bir ədəd şəffaf rəngli sellefon bükülünü çıxarıb təqdim etmişdir. Həmin bükülüyə baxan zaman içərisində ağ rəngli, kristalşəkilli psixotrop maddə olan metamfetaminə bənzər maddənin olması müəyyən olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin maddəni saxlanılan gün Bakı şəhəri, 20 Yanvar ərazisində tanımadığı şəxsdən şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş həmin maddə elektron tərəzi vasitəsilə çəkilərək çəkisi müəyyən edildikdən sonra qablaşdırılıb götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs üzərində baxış keçirilmiş, 01 ədəd telefon aşkarlanmış, təhqiqatçıya verilməsi üçün geri qaytarılmışdır. Sonra isə digər sənədləşmə işləri aparılması üçün Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Polis İdarəsinə aparmışlar. Polis İdarəsində müdafiəçinin iştirakı ilə videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmasına başlanılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq qablaşdırılmış metamfetaminə bənzər maddə təhqiqatçıya təqdim olunmuşdur. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən “Samsung” markalı mobil telefon aşkar olunmuş, qanunla qadağan olunmuş əşya və ya maddə aşkar olunmamışdır. Şəxsi axtarış aparılması haqqında protokol tərtib olunaraq ucadan oxunmuş, həmin protokolu imzalarla təsdiq etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt Şəhər Polis İdarəsinin CAŞın əməliyyat müvəkkili Şahid2 CAŞ-ın əməliyyat müvəkkili Şahid3 ifadəsinə oxşar eyni məzmunlu ifadələr vermişdir. Məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən Sumqayıt Şəhər Polis İdarəsinin CAŞ-ın əməliyyat müvəkkili Şahid1 məhkəmə iclasında dindirilmiş şahidlər Sumqayıt Şəhər Polis İdarəsinin CAŞ-ın əməliyyat müvəkkilləri Şahid3 və Şahid2 ifadələrinə uyğun eyniməzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azatxan oğlunun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və icraata qəbul edilməklə istintaqı aparılmışdır. (i.v.1) “Əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair” xx.xx.2025-ci il tarixli protokol və həmin yoxlama zamanı qeydə alınmış video görüntülər məhkəmə iclasında tədqiq edilərkən müəyyən edilmişdir ki, Sumqayıt Şəhər Polis İdarəsinin CAŞ-na Təqsirləndirilən şəxs narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması, üzərində gəzdirməsi və saxlaması barədə daxil olmuş məlumat əsasında həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı sonuncu xx.xx.2025-ci il tarixdə, saat 19:33-də Sumqayıt şəhəri, 9-cu məhəllə, TTYX-nın yaxınlığında piyada hərəkətdə olan zaman saxlanılmışdır. Üstünü yoxlama və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və ya qanunla qadağan edilmiş, predmet və əşya vardırsa, təqdim edilməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarının sağ yan cibindən 1 ədəd şəffaf rəngli büküm təqdim etmiş, saxlanılan şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi 1 ədəd bükümün nə olması soruşulduqda həmin kütlənin “patı” yəni, psixotrop maddə metamfetamin olduğunu, Bakı şəhərindən öz istifadəsi üçün 10 manata əldə etdiyini bildirmişdir. Həmin kütləyə baxış zamanı şəffaf rəngli sellofanın içərisində ağ rəngli, kristal şəkilli, psixotrop maddə metamfetaminə bənzər kütlə olması müəyyən edilmişdir. Həmin büküm elektron tərəzidə çəkilmiş və çəkisinin 0,34 qram olması müəyyən edilmişdir. (i.v.8- 9) “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azatxan oğlu xx.xx.2025-ci il tarixdə, saat 19:33 dəqiqədə Sumqayıt şəhəri, 9-cu məhəllə, TTYX-nın yaxınlığında Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. (i.v.27) Şəxsi axtarış və götürmə aparılması haqqında xx.xx.2025-ci il tarixli qərara əsasən Təqsirləndirilən şəxs Azatxan oğlunun üzərində sübut əhəmiyyəti kəsb edə biləcək, saxlanılması və gəzdirilməsi qanunla qadağan edilmiş hər hansı bir əşya, predmet, eləcə də narkotik vasitə və ya psixotrop maddə aşkar edilərsə qablaşdırılaraq götürülməsi qərara alınmışdır. (i.v. 29) “Şəxsi axtarış keçirilməsi və təqdim edilmiş əşyanın götürülməsi” haqqında xx.xx.2025-ci il tarixli protokol və həmin axtarış zamanı qeydə alınmış video görüntülər məhkəmə iclasında tədqiq edilərkən müəyyən edilmişdir ki, həmin tarixdə saat 20:54-dən saat 21:00-dək Təqsirləndirilən şəxs Azatxan oğlunun üzərinə şəxsi axtarış keçirilmişdir. Təqsirləndirilən şəxs Azatxan oğlunun üzərinə şəxsi axtarışa başlanmazdan əvvəl ona hüquq və vəzifələri barədə bildiriş və hüquqlarının müdafiəsini təmin edəcək vəkil təqdim olunmuşdur. Bundan sonra baxışda iştirak etmiş Sumqayıt Şəhər Polis İdarəsinin CAŞ-ın baş əməliyyat müvəkkili, polis kapitanı Şahid1 üzərində müvafiq qeydlər aparılmış və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 124 saylı möhürü ilə möhürlənmiş 01 ədəd zərfi təqdim edərək Təqsirləndirilən şəxs saxlanılan zaman üzərindən aşkar edilmiş 01 ədəd şəffaf sellofana bükülmüş, içərisində metamfetaminə bənzər maddə olan bükümün elektron tərəzidə çəkildiyini, həmin bükümün çəkisinin 0,34 qram olduğunu, daha sonra həmin bükümün 01 ədəd zərfdə qablaşdırılaraq üzərində müvafiq qeydlər aparıldıqdan sonra Daxili İşlər Nazirliyinin möhürü ilə möhürləndiyini bildirmişdir. Daha sonra təqdim edilmiş 01 ədəd zərf götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs Azatxan oğlu aşkar edilmiş 01 ədəd şəffaf sellofana bükülmüş bükümün içərisində olan maddənin “patı” olduğunu, həmin bükümü saxlanıldığı gün günorta saatlarında Bakı şəhəri 20 Yanvar metrosunun yaxınlığında tanımadığı şəxsdən 10 manata aldığını və şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs Azatxan oğluna üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilərək hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyanı təqdim etmək təklif edilmiş və o, əynində olan göy rəngli şalvarın sol yan cibində saxlamış olduğu 01 ədəd üzərində ***-***-**-** mobil nömrəsi olan “Samsung” markalı mobil telefonu təqdim edərək üzərində başqa heç bir qanunsuz əşya, predmet və ya narkotik vasitə olmadığını bildirmişdir. (i.v.31-32) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli 20/821 nömrəli ekspert rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində AR DİN “Zərflər üçün 124” möhür əksi, “Saxlanılan şəxs: /imza/ Təqsirləndirilən şəxs Azatxan; İştirakçılar: Şahid1 /imza/; Şahid2 /imza/; Şahid3 /imza/” əl yazıları olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi: 0,260 qram olan ağ rəngli, kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Tədqiqata 0,260 qram təqdim edilmiş, 0,05 qram nümunə götürülmüş, 0,210 qram qalıq kütlə geri qaytarılmışdır. Ekspertiza tədqiqatının dəyəri 60 (altmış) manat müəyyən edilmişdir. (i.v.41-45) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X5” X9 xx.xx.2025-ci il tarixli, 1434 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs Azatxan oğlunun bədəni üzərində xəsarət aşkar olunmamışdır. (i.v 47-48) Təqsirləndirilən şəxs qismində cəlb edilməklə ittihamın elan edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərara əsasən Təqsirləndirilən şəxs Azatxan oğlu Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin tarixdə saat 10:00-da həmin maddədə nəzərdə tutulmuş ittiham ona elan edilmişdir. (i.v.56-57) Təqsirləndirilən şəxsin dindirilməsi haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azatxan oğlunun həmin tarixdə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində ifadəsi alınmışdır. (i.v.68-69) Polisin nəzarəti altına vermə tədbirinin seçilməsi haqqında xx.xx.2025-ci il tarixli qərara əsasən Təqsirləndirilən şəxs Azatxan oğlu həmin tarixdə saxlanıldığı Sumqayıt Şəhər Polis İdarəsinin Müvəqqəti Saxlama Yerindən azad edilmiş və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. (i.v.70) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Azatxan oğlunun məhkumluğu barədə məlumat mövcud deyildir. (i.v.78) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X10 şəxsin Ambulator X1 barədə xx.xx.2025-ci il tarixli, 5807 nömrəli rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs Azatxan oğlunda opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji tibb müəssisəsində dispanser qeydiyyata alınması məsləhət görülür. (i.v.101-102) Sübutların qiymətləndirilməsi haqqında xx.xx.2025-ci il tarixli qərara əsasən Təqsirləndirilən şəxs Azatxan oğluna xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham və həmin tarixli qərarla barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmış, Təqsirləndirilən şəxs Azatxan oğlunun üzərindən aşkar edilmiş 01 (bir) ədəd bükümdə psixotrop maddə olan metamfetaminin təmiz çəkisinin məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2025-ci il tarixli, 20/821 nömrəli rəyinə uyğun olaraq 0,260 qram olması əsas götürülmüş, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,260 qram psixotrop maddə olan metamfetamin və 02 (iki) ədəd DVD disk iş üzrə əhəmiyyət kəsb etdiyi üçün maddi sübut kimi tanınmış, 02 (iki) ədəd DVD diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmış, ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq 0,210 qram metamfetaminin saxlanılması üçün Sumqayıt Şəhər Polis İdarəsinin saxlanc anbarına təhvil verilməsi qərara alınmışdır. (i.v.105-111) Beləliklə, Təqsirləndirilən şəxs Azatxan oğlunun törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, təqsirləndirilən şəxsin etirafedici ifadələri, şahidlərin ifadələri, ekspert rəyləri, məhkəmə istintaqı zamanı baxış keçirilmiş əməliyyat-axtarış tədbirinin keçirilməsi və şübhəli şəxsin üsütünün yoxlanılması, həmçinin şəxsi axtarış aparılması və təqdim edilən əşyaya baxış keçirilməsi zamanı qeydə alınmış video görüntülər və digər iş materialları ilə onun satış məqsədi olmadan, xeyli miqdarda psixotrop maddə olan metamfetamini qanunsuz olaraq əldə edərək saxlama və daşıma cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Ona görə də Təqsirləndirilən şəxs Azatxan oğlu həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Bundan başqa, cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamı da nəzərə alınmalıdır. Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının CM-in 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs Azatxan oğlunun ilk dəfə məhkum edilməsini, əməlini səmimi etiraf edərək təqsirini boynuna almasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Azatxan oğlunun əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs Azatxan oğluna cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən psixotrop maddənin növünü və miqdarını, eləcə də, cəzanı yüngülləşdirən halı, yəni ilk dəfə məhkum edilməsini və əməlini səmimi etiraf edərək təqsirini boynuna almasını, cəzanı ağırlaşdıran halların isə olmamasını nəzərə alaraq hesab edir ki, onu cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də, o, təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilməli, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən onun xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddətin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, 04 (dörd) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Cəzaçəkmə müddətinin başlanğıcı onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, hökmün icrası təqsirləndirilən şəxsin yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılmalı, həmçinin Təqsirləndirilən şəxs Azatxan oğlu barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 23:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı Sumqayıt şəhəri, 8-ci mikrorayon, ev 23/5, mənzil 8 ünvanını tərk etməmək, Sumqayıt və Bakı şəhərlərinin, həmçinin Abşeron rayonunun hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Bundan başqa, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Məhkəmə, həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika X4 X1 ekspert komissiyasının xx.xx.2025-ci il tarixli, 5807 nömrəli rəyində Təqsirləndirilən şəxs Azatxan oğlunun narkomaniyadan məcburi müalicəyə ehtiyacının olması qeyd edilməklə, onun ərazi narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Məhkəmə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika X4 X1 ekspert komissiyasının xx.xx.2025-ci il tarixli, 5807 nömrəli rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azatxan oğlu barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs Azatxan oğluna tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanımış və hazırda Sumqayıt Şəhər Polis İdarəsinin maddi sübutların saxlama kamerasında saxlanılan keçirilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,210 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə digər maddi sübut olan 02 (iki) ədəd disk cinayət işinin materiallarında saxlanılmalı, iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 60 (altmış) manat Təqsirləndirilən şəxs Azatxan oğlundan tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azatxan oğluna məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş vəkilə dövlət büdcəsi hesabına xidmət haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 nömrəli qərarına (həmin qərara xx.xx.2025-ci il tarixli 141 nömrəli qərarı ilə edilmiş dəyişikliklərə əsasən) 11 (on bir) manat miqdarında müəyyən edilmişdir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-in 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi : Təqsirləndirilən şəxs Azatxan oğlu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 03 (üç) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs Azatxan oğlunun xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddətin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, 04 (dörd) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 02 (iki) il 02 (iki) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin başlanğıcı onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası təqsirləndirilən şəxsin yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs Azatxan oğlunun barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxsin üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 23:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı Sumqayıt şəhəri, 8-ci mikrorayon, ev 23/5, mənzil 8 ünvanını tərk etməmək, Sumqayıt və Bakı şəhərlərinin, Abşeron rayonunun hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs Azatxan oğlunun barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Sumqayıt ŞPİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,210 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 02 (iki) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 60 (altmış) manat Təqsirləndirilən şəxs Azatxan oğlundan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X3, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs Azatxan oğluna göstərilmiş hüquqi xidmətə görə Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X2 məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 18 saata görə 198 (bir yüz doxsan səkkiz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Günel İsmayılova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar