Məhkəmə qərarları › İş №1(060)-811/2023

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-811/2023

23.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-811/2023 23.11.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1985-ci il tarixdə Cəlilabad şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli olmaqla himayəsində üç azyaşlı övladı olan, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum edilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Sumqayıt şəhəri, St.Sumqayıt qəsəbəsi, Dəmir yolu yük heyəti yaşayış massivində fərdi evdə yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə olan metamfeamini əldə edərək saxlamış və daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 02 (iki) ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,061 qram və 0,155 qram, ümumi təmiz çəkisi 0,216 qram eyni tərkibli psixotrop maddə metamfetamini əldə edib daşıyaraq üzərində saxlamış, 19 iyun 2023-cü il tarixdə, saat 18:30-da Sumqayıt şəhəri, St. Sumqayıt ərazisində yerləşən “Sement” zavodunun yaxınlığında Sumqayıt ŞPİ-nin 5-ci PB-nin əməkdaşları tərəfindən saxlanılaraq 5-ci PB-yə gətirilib orada üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan göy rəngli cins şalvarın sağ cibindən 02 ədəd bükümdə, ümumi çəkisi 0,216 qram eyni tərkibli psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bildiyini qeyd edərək ifadəsində göstərmişdir ki, o, xx.xx.2023-cü il tarixdə saat 18:30-da Sumqayıt şəhəri, St.Sumqayıt qəsəbəsi ərazisində yerləşən “Sement” zavodunun yaxınlığında olan zaman polis əməkdaşları yaxınlaşıb özlərini təqdim etmişlər və onun narkotik vasitələrin qəbulu və üzərində gəzdirilməsində şübhəli bilindiyi üçün Sumqayıt ŞPİ-nin 5-ci PB-yə dəvət etmişlər. O da etiraz etmədən onlarla birlikdə Sumqayıt ŞPİ-nin 5-ci PB-yə gəlmişdir. O bölməyə gətirildikdən sonra xidməti otaqlardan birində videoçəkiliş aparılmaqla üzərinə şəxsi axtarış aparılmışdır. Çəkilişdən əvvəl polis əməkdaşı Şahid2 özünə məxsus kaşilokdan bir büküm çıxararaq ona vermiş, o da çəkiliş zamanı həmin bükümü çıxararaq təqdim etmişdir. Həmin vaxt ona hər hansı fiziki təzyiq və ya işgəncə olmasa da, polis əməkdaşlarının əhatəsində özünü psixoloji təsir altında hiss edərək əslində ona məxsus olmayan metametaminin üzərində olmasını bildirmişdir. Saxlanılan zaman onun üzərində çox cuzi miqdarda heroin olmuş, həmin heroini isə daha öncədən istifadə etdiyi üçün kağız bükümdə onun yalnız tozu qalmışdır. Üzərində saxlamışdır ki, sonra atar, çünki orada qalan qalıq istifadə etməyə belə yetərli olmamışdır. Həmçinin bildirmişdir ki, o ərazidə saxlanılan zaman polis əməkdaşı Şahid1 orada olmamışdır. Şahid1 yalnız şəxsi axtarış zamanı çəkilişdə iştirak etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs verilmiş suallara cavab olaraq bildirmişdir ki, ittiham aktında və şahidlərin ifadəsində göstərildiyi kimi onu xx.xx.2023-cü il tarixdə saat 18:30-da Sumqayıt şəhəri, St.Sumqayıt qəsəbəsi ərazisində yerləşən “Sement” zavodunun yaxınlığında saxlamışlar və polis əməkdaşlarının hərəkətləri barədə hər hansı orqana şikayət və vəsatət verməmiş, PB-də sənədləri psixolji təsir altında imzalamış, istintaq zamanı müstəntiq tərəfindən ona heç bir təsir və ya təzyiq olmamış, bütün sənədləri könüllü formada imzalamışdır. Şəxsi axtarış zamanı qeydə alınmış görüntülərə baxış keçirildikdən sonra əlavə ifadə verən Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, şəxsi axtarış zamanı videoçəkilişdə olan aşkar edilmiş iki bükülünün biri özünə məxsus olmuş, digərini polis əməkdaşı Şahid2 ona vermişdir. Özündə olan bükümdə isə metamfetamin deyil, heroin olmuşdur. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı vediyi ifadələrlə məhkəmə iclasında verdiyi ifadələr arasında qismən ziddiyyətli hallar yaranmışdır. İfadələrin ziddiyyət yaranmış hissəsi elan edilməklə tədqiq edilmiş və müəyyən edilmişdir ki, həmin hissələr üzrə Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı bildirmişdir ki, 5-ci PB-də üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyanı təqdim etməsi təklif edilmişdir. O da əynində olan tünd göy rəngli şalvarının sağ yan cibindən “Keno club” markalı siqaret qutusunun içərisində 02 ədəd ağ kağıza bükülmüş 02 ədəd sellofan bükümü təqdim etmişdir. Həmin sellofan bükümlər açılan zaman içərisində psixotrop maddə olan metamfeminin aşkar olunmuşdur. Sorğu zamanı o üzərindən aşkar olunmuş metamfetaminin xx.xx.2023-cü il tarixdə saat 18:30 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, Masazır dairəsi yaxınlığında tanımadığı şəxsdən 25 manata şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Aşkar edilmiş həmin metamfetaminlər hər biri elektron tərəziyə qoyulub çəkilən zaman 1-ci maddənin çəkisi 0,19 qram, 2-ci maddənin çəkisi 0,11 qram ümumilikdə hər iki bükülünün çəkisinin isə 0,31 qram olduğu müəyyən olunınıış və həmin maddələr qablaşdırılaraq möhürlənmişdir. Bundan başqa üzərinə şəxsi axtarış keçirilən zaman başqa qanunla qadağan olunmuş hər hansı bir əşya və ya maddi sübut aşkar olunmamışdır. Daha sonra müvafiq sənədləşmə aparılmış və o da həmin sənədlərlə tanış olaraq, sənədlərə imza etmişdir. Psixotrop maddə olan metamletamini aldığı şəxsin adını və digər anket məlumatlarını bilməmiş, onunla təsadüf nəticəsində tanış olmuşdur. Həmin metamletamini əldə etmək üçün tanımadığı şəxsə vermiş olduğu 25 manat məbləğində pul vəsaiti özünə məxsus olan pul olmuşdur. Həmin metamfetamini özü istifadə edəcəkdi. Metamletamini almaqda ona kömək edən olmamış, bunu tək etmişdir. Ona qarşı heç kim heç bir psixi və ya fiziki zor tətbiq etməmiş, heç bir hüququ pozulmamışdır. Təqsirləndirilən şəxs son sözündə özünü qismən təqsirli bilməsini, əməlindən səmimi peşman olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, ailəli olmaqla himayəsində iki azyaşlı övladının olmasını nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün qismən etirafı ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyləri, DVD-R diskdə olan videogörüntülər və iş materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 5-ci PB-nin əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə Sumqayıt səhərində Samid adlı şəxsin narkotik vasitələrin qəbulu və üzərində gəzdirilməsi barədə məlumat daxil olmuşdur. Daxil olmuş məlumat əsasında anket məlumatları bəlli olan Təqsirləndirilən şəxs həmin gün saat 18:30-da Sumqayıt şəhəri St.Sumqayıt ərazisində yerləşən “Sement” zavodunun yaxınlığında saxlanılaraq ona narkotik vasitələrin qəbulu, üzərində gəzdirilməyində şübhəli bilindiyi üçün saxlanıldığını bildirərək aidiyəti üzrə Sumqayıt ŞPİ-nin 5-ci PB-nə dəvət etmişlər, o da etiraz etmədən onlarla birlikdə PB-nə gəlmişdir. Bölməyə gətirildikdən sonra xidməti otaqlardan birində videoçəkiliş aparılmaqla təhqiqatçı Ramin Əhmədov tərəfindən ona hüquq və vəzifələriizah edilmiş, vəkil təqdim edilmiş, sonuncu isə vəkilə etiraz etməmişdir. Daha sonra isə videoçəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyanı təqdim edilməsi təklif edilmişdir. Samid də əynində olan tünd göy rəngli şalvarın sağ yan cibindən “Keno club” markalı siqaret qutusunun içərisində 02 ədəd ağ kağıza bükülmüş 02 ədəd sellofan bükümü təqdim etmişdir. Həmin sellofan bükümlər açılan zaman içərisində psixotrop maddə olan metamfetamin aşkar olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş metamletamini xx.xx.2023-cü il tarixdə saat 18:30 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, Masazır dairəsi yaxınlığında tanımadığı şəxsdən 25 manata şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Aşkar edilmiş həmin melamfeiaminlər hər biri elektron tərəziyə qoyulub çəkilən zaman 1-ci maddənin çəkisi 0.19 qram, 2-ci maddənin çəkisi 0,11 qram, ümumilikdə hər iki bükülünün çəkisinin isə 0.31 qram olduğu müəyyən olunmuş və həmin maddələr qablaşdırılaraq möhürlənmişdir. Bundan başqa Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman başqa qanunla qadağan olunmuş hər hansı bir əşya və ya maddi sübut aşkar olunmamışdır. Daha sonra müvafiq sənədləşmə aparılmış və o da həmin sənədlərlə tanış olaraq, sənədlərə imza etmişdir. Təqsirləndirilən şəxs qarşı polis əməkdaşları tərəfindən hər hansı bir təziq göstərilməmiş, o, könüllü olaraq, törətdiyi cinayət əməlini etiraf etmişdir. Təqsirləndirilən şəxs saxlanılarkən heç bir müqavimət göstərməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 5-ci PB-nin əməliyyat müvəkkili Şahid1 ondan əvvəl şahid qismində ifadə vermiş Şahid2 ifadəsinə oxşar, eyni məzmunlu ifadə verərək bildirmişdir ki, həqiqətən də Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki tünd göy rəngli şalvarın sağ yan cibindən “Keno club” markalı siqaret qutusunun içərisində 02 ədəd ağ kağıza bükülmüş 02 ədəd sellofan bükümdə olan maddəni təqdim etmiş və bükümün içərisində psixatrop maddə olan metamfetamin olduğunu bildirmişdir. Həmçinin bildirmişdir ki, Təqsirləndirilən şəxs saxlaılması zamanı o da əməliyyatda iştirak etmişdir. Cinayət işinin 18-ci vərəqəsində olan xx.xx.2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 61-62-ci vərəqələrində olan qətimkan tədbirinin seçilməsi və şəxsin MSY-dən azad edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs müvəqqəti saxlama yerindən azad edilərək barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 37-40-cı vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 20 iyun 2023-cü il tarixli, 6/3413 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “saxlanılan şəxs (imza) Təqsirləndirilən şəxs ...” sözləri yazılmış zərfdəki 2 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,061 qr, 0,155 qr., ümumi təmiz çəkisi 0,216 qram olan ağ rəngli kristallik hissəciklərlərdən ibarət maddələr kustar üsulla hazırlanmış eyni tərkibli psixotrop maddə-metamfetamindir. Qeyd: metamfetaminin təmiz çəkisi 0,216 qram, sərf edidi 0,050, qalı 0,166 qram. Cinayət işinin 38-ci vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 81 (səksən bir) manat müəyyən edilmişdir. Cinayət işinin 103-104-cü vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X2 ekspert komissiyasının xx.xx.2023-cü il tarixli 4159 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs psixostimulv anaların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 93-97-ci vərəqələrində olan xx.xx.2023-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatından sonra qalmış təmiz çəkisi 0,166 qram psixotrop maddə olan metamfetamin maddi sübut kimi tanınaraq Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmiş, həmçinin Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışın aparılması barədə görüntüləri özündə əks etdirən bir ədəd DVD-R disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işinin 24-25-ci vərəqələrində olan xx.xx.2023-cü il tarixli şəxsi axtarış keçirilməsi haqqında protokol tədqiq edilərkən və şəxsi axtarışın keçirilməsi barədə görüntüləri özündə əks etdirən DVD-R diskə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixdə Sumqayıt ŞPİ-nin 5-ci PB-də xidməti otaqların birində təhqiqatçı Ramin Əhmədov özünü şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim edərək, onun da təqdim etməsini xahiş edir, saxlanmasının səbəbini bildirir. Təqsirləndirilən şəxs də özünü təqdim edir. Daha sonra iştirak edən digər polis əməkdaşları da özlərini təqdim edir. Təqsirləndirilən şəxs təhqiqatçı Ramin Əhmədov tərəfindən hüquq və vəzifələri barədə bildiriş və hüquqlarının müdafiəsini təmin edəcək vəkili İsməli Kazımov təqdim olunur, o bildirişlə tanış olub, vəkilə etiraz etmir. Daha sonra isə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçiriləcəyi bildirilir və sonuncuya üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyanı təqdim etməsi təklif edilir. Təqsirləndirilən şəxs isə əynində olan tünd göy rəngli şalvarın sağ yan cibindən “Keno club” markalı siqaret qutusunun içərisində 02 ədəd ağ kağıza bükülmüş 02 ədəd sellofan bükümü təqdim edir. Həmin sellofan bükümlər açılan zaman içərisində psixotrop maddə olan metamfetamin oxşar maddə aşkar olunur. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş maddənin metamfetamin olmasını, onu xx.xx.2023-cü il tarixdə saat 18:30 radələrində Abşeron rayonu Xırdalan şəhəri Masazır dairəsi yaxınlığında tanımadığı şəxsdən 25 manata şəxsi istifadəsi üçün aldığını bildirir. Aşkar edilmiş həmin maddələr hər biri elektron tərəziyə qoyulub çəkilən zaman 1-ci bükümün çəkisi 0,19 qram, 2-ci bükümün çəkisi 0,11 qram ümumilikdə hər iki bükülünün çəkisinin isə 0,31 qram olduğu müəyən olunur və həmin maddələr qablaşdırılaraq DİN-nin 242 saylı möhürü ilə möhürlənir. Bundan başqa Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman başqa qanunla qadağan olunmuş hər hansı bir əşya və ya predmet aşkar olunmur. Cinayət işinin 74-cü vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin 83-cü vərəqəsində olan Sumqayıt Çay Stansiyası ərazisi üzrə 1 saylı Məhəllə Komitəsi tərəfindən verilmiş ailə tərkibi haqqında xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs ailə tərkibi həyat yoldaşı X4, həmçinin xx.xx.2009, xx.xx.2010 və xx.xx.2015-ci il təvəllüdlü övladları Əliyeva Selcan, Əliyeva Nərgiz və Əliyev Tunardan ibarətdir. Cinayət işinin 85-ci vərəqəsində olan Sumqayıt Çay Stansiyası ərazisi üzrə 1 saylı Məhəllə Komitəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə edilir. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Avropa İnsan Hüquqları Məhkəməsinin «Van Mexelen və başqalarının Niderlanda qarşı» işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən mili qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhs mili məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Məhkəmənin (İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin) vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilibkeçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. B.Yusifavanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız Cinayət Prosesual Məcəlləsində (bundan sonra - CPM) göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-nin həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olubolmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericirik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosesual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPMnin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə ictintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM-nin 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. Beləliklə, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə olan metamfetamini əldə etmə, saxlama və daşıma cinayətini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün məhkəmə iclasında verdiyi ziddiyətli ifadələri, şahidlərin verdikləri ifadələri, ekspert rəyləri, cinayət işinə əlavə edilmiş və məhkəmə istintaqı zamanı baxış keçirilmiş DVD-R diskdə olan video görüntülərlə və digər iş materialları ilə onun təqsirli olması tam sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif olunmalı və həmin maddənin sanksiyası həddində cəzalanmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi bəzi ifadələri (üzərində metamfetamin deyil, heroin olması, metamfetaminin polis əməkdaşı tərəfindən ona verilməsi) həqiqətə uyğun olmamaqla yanaşı, eyni zamanda işin həqiqi halları ilə uyğunluq təşkil etmir. Belə ki, cinayət işinin materiallarında olan təqsirləndirilən şəxs qismində cəlb etmə barədə qərardan, şəxsi axtarış və götürmə, şübhəli şəxsin dindirilməsi, təqsirləndirilən şəxsin dindirmə protokollarından və görünür ki, təqsirləndirilən şəxs, məhkəməyədək istintaq dövründə törətdiyi və ona istinad edilən əməli könüllü olaraq tam etiraf etmiş, protokolları və digər sənədləri könüllü olaraq imzalamışdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, məhkəməyədək icraat dövründə Təqsirləndirilən şəxs tərəfindən polis əməkdaşlarının ona qarşı hər-hansı qanunsuz hərəkətlər etməsi barədə heç bir orqana şikayət və vəsatət verməmiş və həmçinin məhkəmə iclasında ifadəsində polis əməkdaşları tərəfindən ona qarşı heç bir fiziki təzyiq və zorakılıq göstərilmədiyi bildirmişdir. Yalnız, saxlanlan zaman 5-ci PB-də özünü psixoloji təsir altında hiss etdiyini bildirmiş, istintaq zamanı isə belə təsirlərin də olmadığnı bildirmişdir. Bundan başqa məhkəmə iclasında baxış keçirilmiş DVD-R diskində olan video görüntülərdə də müəyyən edilmişdir ki, Sumqayıt ŞPİ-nin inzibati binasında Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən o, əynindəki tünd göy rəngli şalvarın sağ yan cibindən “Keno club” markalı siqaret qutusunun içərisində 02 ədəd ağ kağıza bükülmüş 02 ədəd sellofan bükümdə olan maddəni təqdim edir, bükümün içərisində psixatrop maddə olan metamfetamin olduğunu bildirir və həmin maddəni xx.xx.2023-cü il tarixdə saat 18:30 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, Masazır dairəsi yaxınlığında tanımadığı şəxsdən 25 manata şəxsi istifadəsi üçün aldığını bildirir. Məhkəmə iclasında da şəxsi axtarış götürülməsi barədə görüntülərə baxılarkən orada olan bükümlərdən birinin ona məxsus olmasını etiraf etmiş, yalnız həmin bükümdə olan maddənin metamfetamin deyil, heroin olmasını bildirmişdir. Lakin, həm görüntülərdə olan maddələrin xarici xüsusiyyətlərinə görə oxşar olması müəyyən edilmiş, həm də məhkəmə-kimyəvi ekspertizasının rəyi ilə də müəyyən edilmişdir ki, həmin bükümlərdə olan maddələr eyni təkibli olmaqla psixotrop maddə olan metamfetamindir. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəri ilə ibtidai istintaq zamanı verdiyi ifadələri arasında olan bəzi ziddiyyətlər özünü müdafiə xarakteri xarakeri daşıyır və məhkəmə iclasında bu ifadələri (üzərində metamfetamin deyil heroin olması, metamfetaminin polis əməkdaşı tərəfindən ona verilməsi) cinayət məsuliyyətindən yaxa qurtarmaq üçün vermişdir. Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Bundan başqa, cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamıda nəzərə alınmalıdır. Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfındən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb edilərək məhkum edilməsini, ailəli olmaqla himayəsində üç azyaşlı övladının olmasını və barəsində verilmiş müsbət xasiyyətnaməni cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halları, yəni ilk dəfə cinayət məsuliyyətinə cəlb edilərək məhkum edilməsini, ailəli olmaqla himayəsində üç azyaşlı övladının olmasını və barəsində verilmiş müsbət xasiyyətnaməni, cəzanı ağırlaşdıran halların isə olmamasını nəzərə alaraq hesab edir ki, onu cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də, o, təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilməli, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 19 iyun 2023-cü il tarixdən 21 iyun 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddətinin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, 04 (dörd) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti qəti cəza saxlanılmalıdır. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, hökmün icrası təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılmalı, həmçinin Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 00:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı Sumqayıt şəhəri, St.Sumqayıt qəsəbəsi, Dəmir yolu yük heyəti yaşayış massivində fərdi evi tərk etməmək, Sumqayıt, Bakı şəhərlərinin və Abşeron rayonunun hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Bundan başqa, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X2 ekspert komissiyasının xx.xx.2023-cü il tarixli 4159 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanımış və hazırda Sumqayıt ŞPİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,166 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə digər maddi sübut olan 01 (bir) ədəd DVD-R disk cinayət işinin materiallarında saxlanılmalı, iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 81 (səksən bir) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2008-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 19 iyun 2023-cü il tarixdən 21 iyun 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddətinin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, 04 (dörd) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxsin üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 00:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı Sumqayıt şəhəri, St.Sumqayıt qəsəbəsi, Dəmir yolu yük heyəti yaşayış massivində fərdi evini tərk etməmək, Sumqayıt, Bakı şəhərlərinin və Abşeron rayonunun hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Sumqayıt ŞPİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,166 qram psixotrop madəd olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd DVD-R disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 81 (səksən bir) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X3, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 16 saata görə 96 (doxsan altı) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Samir İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar