Məhkəmə qərarları › İş №1(060)-812/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-812/2025

12.03.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-812/2025 12.03.2026 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Hüseynov İsfahan Abbas oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs və onun müdafiəçisi Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1976-cı ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olan, Sumqayıt şəhəri Nizami küçəsi 111-də qeydiyyatda olan, Sumqayıt şəhəri Dəmiryolu stansiyası küçəsi ev 2, mənzil 2-də yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən, satış məqsədi olmadan, qanunsuz olaraq 01 ədəd bükümdə, xeyli miqdarda, təmiz çəkisi 0,231 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə etməklə əynindəki tünd boz rəngli şalvarının sağ yan cibində daşıyaraq saxlamış, 18 iyun 2025-ci il tarixdə, saat 11:48 radələriııdə Sumqayıt ŞPİ-nin 5-ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri zamanı Sumqayıt şəhəri, St.Sumqayıt qəsəbəsi ərazisində yerləşən 43 saylı orta məktəbin yaxınlığında saxlanılmaqla orada üzərinə keçirilmiş baxış zamanı həmin narkotik vasitə heroin əynindəki tünd boz rəngli şalvarının sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Bundan başqa, o təkrarən istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda bir ədəd bükümdə təmiz çəkisi 9,175 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib daşıyaraq üzərində saxlamış, xx.xx.2025-ci il tarixdə saat 11:50-də Sumqayıt şəhəri, St.Sumqayit qəsəbəsi fərdi evin qarşısında Sumqayıt ŞPİ-nin NMB-nin əməkdaşları tərəfindən saxlanılaraq üzərinə yoxlama keçirilərkən əynindəki qara rəngli qısaqol gödəkçənin sağ yan cibində saxlamış olduğu həmin narkotik vasitə qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək bildirmişdir ki, təxminən 4 ildir ki, narkotik vasitələrdən istifadə edir. Belə ki, 18 iyun 2025-ci il tarixdə, saat 11 radələrində Sumqayıt şəhəri, ST.Sumqayıt qəsəbəsində yerləşən 43 saylı məktəbin yaxınlığında olan zaman polis əməkdaşları ona yaxınlaşıb, nədə şübhəli olduğunu deyib, üzərində qanunla qadağan olunmuş hər hansı əşya olub-olmadığını soruşmuş, o, əynində olan şalvarın cibində saxladığı bükümü çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Həmin büküm elektron tərəzidə çəkilmiş, qablaşdırılmışdır. Polis əməkdaşları tərəfindən saxlanılarkən və polis bölməsində ona qarşı heç bir fiziki və psixi təsir göstərilməmişdir. Bundan başqa, o, məhkəmə iclasında ilk öncə bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə o, Sumqayıt şəhəri, Stansiya Sumqayıt qəsəbəsində yerləşən “Mero” adlanan ərazinin arxasında, yəni yaşayış massivinin arxasında 6 nəfər polis əməkdaşları tərəfindən saxlanılan zaman ona fiziki təzyiq göstərilmiş, lakin onun üzərində narkotik vasitə olmamışdır. Həmin gün o övladını məktəbdən götürməyə və marketə çörək almaq üçün gedərkən həmin polis əməkdaşları tərəfindən avtomobillərinə əyləşdirilib, Sumqayıt şəhər Polis İdarəsinə gətirilmiş, xidməti otaqların birində polis əməkdaşları ona 01 büküm narkotik vasitə verərək onu götürməyini tələb etmişlər. Polis əməkdaşları tərəfindən ona təzyiq göstərildiyi və fiziki güc tətbiq edildiyi üçün o xəsarət almışdır. Onlar ona həmin narkotik vasitəni videoçəkiliş aparılarkən özünə məxsus olmasını, guya onu Sumqayıt şəhəri 9-cu mikrorayon ərazisində tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 20 manata aldığını deməsini bildirmişlər. O, qorxduğu üçün çöldə üzərinə yoxlama aparılarkən, eləcə də Sumqayıt ŞPİ-də üzərinə şəxsi axtarış keçirilərkən videoçəkiliş zamanı onların dediyi kimi demişdir. Eləcə də ilkin izahatında təsdiq etmişdir. Əsl həqiqətdə isə qeyd etdiyi kimi o, saxlanılarkən üzərində heç bir narkotik vasitə olmamışdır. Ona təzyiq göstərən polis əməkdaşlarını üzdən tanısa da, adlarını xatırlamamışdır. O saxlanılan zaman üzərində “Redmi” markalı mobil telefon olmuşdur. Həmin mobil telefonu da o polis əməkdaşlarına təqdim etmişdir. O narkotik vasitə və psixotrop maddələrin satışı ilə heç vaxt məşğul olmamışdır. Sonrakı məhkəmə iclasında o, törətmiş olduğu cinayət əməlini etiraf etmiş, hadisənin həqiqətən də ittiham aktında təsvir edilən edilən qaydada baş verdiyini, narkotik vasitənin ona məxsus olduğunu, polis əməkdaşları tərəfindən heç bir təzyiq və təsirə məruz qalmadığını bildirmişdir. Əməlindən peşmandır. Qeyd edir ki, Şahid7 adlı xanımla faktiki nikahlarından Leyla adlı, 16 yaşlı bir qız övladı var. O, daima imkanı çatdığı qədərilə övladının maddi ehtiyaclarını qarşılamışdır. Göstərilənlərə əsasən “Konstitusiya və Suverenlik İli münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarına uyğun olaraq barəsində olan cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törətməsi məhkəmə iclasında tam, obyektiv və hərtərəfli tədqiq edilmiş iş materialları və dindirilmiş şahid ifadələri ilə təsdiq edilir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin NMB-nin baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz olaraq əldə etməsi, saxlaması və gəzdirməsi barədə daxil olmuş məlumat əsasında həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı sonuncu xx.xx.2025-ci il tarixdə Sumqayıt şəhəri, St.Sumqayıt qəsəbəsi ərazisində yerləşən fərdi evin qarşısında piyada hərəkət edərkən müəyyən edilərək videoçəkiliş aparılmaqla ona yaxınlaşıb özlərini təqdim edib, nədə şübhəli olduğunu bildirərək üzərində qanunla qadağan edilmiş hər hansı predmet vardırsa onları təqdim etməsi təklif edilmiş, o, əynində olan gödəkçənin cibindən bir ədəd bükümü və 01 ədəd mobil telefonu təqdim etmişdir. Həmin büküm elektron tərəzidə çəkilərək qablaşdırılmışdır. Eləcə də, mobil telefon götürülmüşdür. Bundan sonra müvafiq sənədləşmə aparılması üçün Mahir tutulduğu yerdən birbaşa Sumqayıt ŞPİ-yə gətirilmişdir. Təqsirləndirilən şəxs qarşı polis əməkdaşları tərəfindən təziq göstərilməmiş, o könüllü olaraq, törətdiyi cinayət əməlini etiraf etmişdir. Təqsirləndirilən şəxs saxlanılarkən heç bir müqavimət göstərməmişdir. xx.xx.2025-ci il tarixdə saat 11:50-də Sumqayıt şəhəri, St.Sumqayıt qəsəbəsində yerləşən «Mero» adlanan ərazinin arxasında, yəni yaşayış massivinin arxasında 6 nəfər polis əməkdaşları tərəfindən saxlanılan zaman ona fiziki təzyiq göstərilməsi, onun üzərində narkotik vasitə olmaması, həmin gün o övladını məktəbdən götürməyə və marketə çörək almaq üçün getdiyini, daha sonra həmin polis əməkdaşları tərəfindən avtomobillərinə əyləşdirilib, Sumqayıt şəhər Polis İdarəsinə gətirilməsi, orada xidməti otaqların birində polis əməkdaşları ona 01 büküm narkotik vasitə verərək onu götürməyini tələb etməsi, polis əməkdaşları tərəfindən ona təzyiq göstərildiyi və fiziki güc tətbiq edildiyi üçün onun xəsarət alması, onların ona həmin narkotik vasitə olan marixuanım videoçəkiliş aparılarkən özünə məxsus olmasını, onu guya Sumqayıt şəhəri 9-cu mikrorayon ərazisində tanımadığı şəxsdən şəxsi istifadə üçün 20 manata aldığını deməsini izah etmələri, o da qorxduğu üçün çöldə üzərinə yoxlama aparılarkən, eləcə də Sumqayıt ŞPİ-də üzərinə şəxsi axtarış keçirilərkən videoçəkiliş zamanı onların dediyi kimi deməsi, eləcə də ilkin izahatında təsdiq etməsi, əsl həqiqətdə isə o saxlanılarkən üzərində heç bir narkotik vasitə olmaması barədə göstərdiyi xüsusatları təkzib edərək bildirmişdir ki, polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs saxlanılarkən, üstü yoxlanılarkən və üzərinə şəxsi axtarış keçirilərkən ona hər hansı bir təziq, təsir göstərilməmişdir. O könüllü olaraq üzərindəki narkotik vasitə olan qurudulmuş marixuananı təqdim etmişdir. Mahir məsuliyyətdən yaxa qurtarmaq üçün, özünü müdafiə etmək məqsədi ilə bu cür həqiqətə uyğun olmayan ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş əməliyyat müvəkkili polis mayoru Şahid3 da Şahid1 ifadəsinə oxşar ifadə vermişdir. Məhkəmə iclasında tərəflərin fikri dinlənildikən sonra şahid Sumqayıt ŞPİ-nin NMBnin baş əməliyyat müvəkkili, polis mayoru X2 ibtidai istintaq zamanı verdiyi ifadəsi tədqiq edilmiş, onun da polis əməkdaşı Şahid1la eyni məzmunlu ifadə verdiyi müəyyən edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 5-ci PB-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid4 ifadəsində göstərmişdir ki, 18 iyun 2025-ci il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitələri əldə etməsi, üzərində gəzdirməsi və istifadə etməsi barədə əməliyyat məlumatı daxil olmuş, əməliyyat məlumatını yoxlamaq məqsədi ilə əməliyyat qrupu yaradılmışdır. Təqsirləndirilən şəxs həmin gün saat 11 radələrində Sumqayıt şəhəri, St.Sumqayit qəsəbəsi ərazisində yerləşən 43 saylı orta məktəbin qarşısında videoçəkiliş aparmaqla saxlanılmış, özlərini ona təqdim etmişlər. Təqsirləndirilən şəxs nədə şübhəli olmasını bildirmiş və üzərində qanunla qadağan olunmuş hər hansı əşya və ya maddə varsa təqdim etməsini təklif etmiş, Təqsirləndirilən şəxs əynində olan şalvarının cibindən bir bükümü çıxarıb təqdim etmişdir. Aşkar olunmuş həmin maddə elektron tərəzidə çəkilərək çəkisi müəyyən edildikdən sonra qablaşdırılıb götürülmüşdür. Bundan sonra digər sənədləşmə işləri aparılması üçün Təqsirləndirilən şəxs 5-ci PB-nə gətirilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş həmin maddə ekspertizaya göndərilməsi üçün qablaşdırılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 5-ci PB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid5 Şahid4 ifadəsinə oxşar ifadə vermişdir. Məhkəmə iclasında tərəflərin fikri dinlənildikən sonra Sumqayıt ŞPİ-nin CA üzrə kiçik inspektoru, polis baş serjantı Şahid6 ibtidai istintaq zamanı verdiyi ifadəsi tədqiq edilmiş, onun da polis əməkdaşı Şahid4lə eyni məzmunlu ifadə verdiyi müəyyən edilmişdir. Məhkəmə iclasında müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxsla aralarında faktiki nikah münasibəti olmuşdur. Belə ki, onların faktiki nikah münasibətlərindən xx.xx.2010-cu il təvəllüdlü Leyla Xəlilova adlı qız övladları doğulmuşdur. 2017-ci ildə Təqsirləndirilən şəxs qızının saxlanılması üçün onun xeyrinə aliment tutulması üçün məhkəməyə müraciət etmiş, Sumqayıt şəhər məhkəməsinin xx.xx.2027-ci il tarixli qətnaməsi ilə hər ay 136.6 manat məbləğində alimentin Təqsirləndirilən şəxs alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmışdır. Ona qarşı heç bir ədavət və ya düşmənçiliyi yoxdur, münasibətləri yaxşıdır, Mahir ata kimi övladının ehtiyaclarını daima qarşılamışdır. Təqsirləndirilən şəxs barəsində amnistiya qərarının tətbiq edilməsinə etiraz etir. Şahid7 eyni zamanda məhkəməyə təqdim etdiyi ərizəsində Təqsirləndirilən şəxsla birgə nikahlarından doğulan qızları Leyla Xəlilovanın onunla birlikdə yaşadığını, atası ilə ünsiyyət saxladığını və onunla görüşdüyünü, qızı ilə daima maraqlandığını, imkanı yetdiyi qədər onun qayğısına qaldığını bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 23 oktyabr 2025-ci il tarixdə (saat 10:00) fakta görə Təqsirləndirilən şəxs barəsində CM-nin 234.1-ci maddəsilə ********* saylı cinayət işi başlanmış, icraata qəbul edilməklə istintaqı aparılmışdır (i.v.1); “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 22 oktyabr 2025-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə, saat 11:50 dəqiqədə Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (i.v. 21); “Təqsirləndirilən şəxsin dindirilməsi” haqqında 24 oktyabr 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsi ilə bağlı ifadəsi alınmışdır (i.v. 63-65; 76-77); Sumqayıt Şəhər Məhkəməsinin 4(060)-320/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində 03 ay müddətinə, yəni 22 yanvar 2026-cı il tarixədək “həbs” qətimkan tədbiri seçilmişdir.(i.v.72-75); “Əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair” xx.xx.2025-ci il tarixli protokoldan və protokola əlavə edilmiş 01 ədəd DVD diskdə olan videogörüntülərdən müəyyən olunur ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz olaraq əldə etməsi, saxlaması və gəzdirməsi barədə daxil olmuş məlumat əsasında həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı sonuncu xx.xx.2025-ci il tarixdə saat 11:50-də Sumqayıt şəhəri, St.Sumqayit qəs. ərazisində yerləşən fərdi evin qarşısında piyada hərəkət edərkən müəyyən edilərək videoçəkiliş aparılmaqla polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim edib, polis əməkdaşları olduqlarını bildirir, ona narkotik vasitələrin qəbulu və üzərində gəzdirilməsində şübhəli olduğunu bildirib, hüquq və vəzifələri, o cümlədən tutulan andan müdafiəçiyə malik olmaq hüququ izah olunur. Mahirin üzərinə yoxlama keçirilməyə başlanılır. Yoxlamadan öncə Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və ya qanunla qadağan edilmiş predmet və əşya vardırsa təqdim etməsi təklif edilir. O, əynində olan gödəkçənin cibindən bir ədəd şəffaf rəngli sellofan bükümdə narkotik vasitə olan qurudulmuş marixuananı və açıq mavi rəngli 01 ədəd “Redmi” markalı mobil telefonu təqdim edir. Mahir həmin narkotik vasitə olan qurudulmuş marixuananı Sumqayıt şəh 9-cu mikr ərazisində tanımadığı şəxsdən 20 manata şəxsi istifadə üçün aldığını bildirir. Daha sonra həmin büküm qablaşdırılır. (i.v.9-10); ƏN Məhkəmə Ekspertizası Mərkəzinin 20/921 nömrəli, 22 oktyabr 2025-ci il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “İçərisində bir büküm narkotik maddəyə bənzər marixuana, saxlanılan şəxs: Təqsirləndirilən şəxs...” yazılar və imzalar olan kağız paketdəki, 01 ədəd şəffaf sellofan kəsiyi bükümündə təmiz çəkisi 9,175 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Qurudulmuş marixuana Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in siyahısına (Siyahı İ) daxildir ( i.v. 41-44); AR Səhiyyə Nazirliyi məhkəmə-tibbi ekspertizasının xx.xx.2025-ci il tarixli, 1656 və xx.xx.2025-ci il tarixli 901 nömrəli rəylərindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində xəsarət və xəsarət izləri aşkar olunmamışdır. (i.v.49-51; 163-165); “Cinayət işinin icraata qəbul edilməsi, cinayət işlərinin bir icraatda birləşdirilməsi barədə” 25 oktyabr 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi təqsirləndirilməsinə dair ********* saylı cinayət işi sonuncunun CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* saylı cinayət işinə birləşdirilmiş, cinayət işi ********* nömrə altında davam etdirilmişdir. (i.v.82-83); “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 19 iyun 2025-ci il tarixdə (saat 10:00) fakta görə Təqsirləndirilən şəxs barəsində CM-nin 234.1-ci maddəsilə ********* saylı cinayət işi başlanmış, icraata qəbul edilməklə istintaqı aparılmışdır (i.v.86); “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 18 iyun 2025-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə, saat 11:48 dəqiqədə Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (i.v. 106); Təqsirləndirilən şəxs 20 iyun 2025-ci il tarixdə CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin maddədə nəzərdə tutulmuş ittiham ona elan edilmiş, həmin tarixdə Sumqayıt ŞPİ-nin MSY-dən azad edilmiş və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. (i.v 138-139; 150-151); ƏN Məhkəmə Ekspertizası Mərkəzinin 20/514 nömrəli, 18 iyun 2025-ci il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən təqdim olunan kütlə götürüldü...” sözlər və imzalar olan kağız paketdəki, 01 ədəd gümüşü rəngli kağız bükümdə təmiz çəkisi 0,231 qram maddə, kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Heroin Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in siyahısına (Siyahı İ) daxildir ( i.v. 128-130); “Əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair” 18 iyun 2025-ci il tarixli protokoldan və protokola əlavə edilmiş 01 ədəd DVD diskdə olan videogörüntüdən müəyyən olunur ki, həmin tarixdə, saat 11:48 radələrində Təqsirləndirilən şəxs Sumqayıt şəh, St.Sumqayıt qəs, 43 nömrəli məktəbin yaxınlığında piyada hərəkətdə olarkən Sumqayıt ŞPİ-nin 5-ci PB-nin əməkdaşları sonuncuya yaxınlaşaraq saxlamaqla özlərini təqdim etmiş, sonra Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinərək saxlanıldığı və üzərində baxış aparılacağı, üzərində qanunla qadağan olunmuş hər hansı predmet varsa təqdim etməsi təklif olunur. O, əynində olan cins şalvarın cibindən bir ədəd gümüş rəngli kağız bükülünü çıxararaq təqdim edir, həmin bükülüdə “heroin” olduğunu, xx.xx.2025-ci il tarixdə Bakı şəhəri, Şamaxinka deyilən ərazidə üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən 10 manata şəxsi istifadəsi üçün aldığını bildirir. Həmin bükülü açıldıqda içərisində narkotik maddə olan heroinə bənzər kütlə olması aşkar olunur, həmin kütlə elektron tərəzidə çəkilərək çəkisinin 0,40 qram olması müəyyən edilir və zərfə qoyularaq qablaşdırılır. Təqsirləndirilən şəxs üzərində baxış aparılsa da, üzərindən qanunla qadağan edilmiş hər hansı əşya və ya maddə aşkar olunmur. (i.v.93-94; 153-154); “Telefona baxış keçirilməsi haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, baxış keçirilən “Redmi” markalı mobil telefonda iş üçün sübut əhəmiyyətli telefon danışıqları, sms-lər, səs yazıları, fotoşəkillər, videoçəkilişlər müəyyən edilməmişdir. (i.v.216); “Maddi sübut kimi tanıma barədə” 21 noyabr 2025-ci il tarixdə Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş təmiz çəkisi 0,231 qram narkotik vasitə heroin, təmiz çəkisi 9,175 qram narkotik vasitə olan qurudulmuş marixuana maddi sübut kimi tanınmış və tədqiqatdan sonra qalıq qalmış 0,181 qram heroin, 9,155 qram marixuana saxlanılması üçün Sumqayıt ŞPİ-nin məsul saxlanışına verilmişdir. (i.v.217-218); Səhiyyə Nazirliyi Respublika X4 Hüquqi şəxsin Ambulator Məcburi-Narkoloji Tibbi yoxlama barədə xx.xx.2025-ci il tarixli, 6335 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs eyni zamanda bir neçə narkotik vasitənin və digər psixoaktiv maddələrin qəbulu nəticəsində yaranan asılılq Sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. VSİS-ndən alınan məlumata əsasən o, xx.xx.2007-ci il tarixdən Sumqayıt şəhər ND-də (F11x2) diaqnozu ilə dispanser qeydiyyatdadır. (i.v. 219-220); DİN BƏSİİ-dən alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs sonuncu Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə CM-in 234.2-ci maddəsi ilə təqsirli bilinərək 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, xx.xx.2024-cü il tarixdə Salyan rayon Məhkəməsinin qərarı ilə 02 ay 14 gün müddətinə vaxtından əvvəl şərti azad edilmiş və xx.xx.2024-cü il tarixdə cəzasını çəkib qurtarmışdır. Təqsirləndirilən şəxs sözügedən cinayətə görə məhkumluğu olan, məhkumluğu ödənilməmiş hesab olunur. (i.v. 199-202); Salyan Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı iş materiallarına əlavə edilmişdir. (i.v.203-205); “Sübutların qiymətləndirilməsi haqqında” 01 dekabr 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə yenidən ittiham elan edilmiş və barəsində seçilmiş “həbs” qətimkan tədbiri öz qüvvəsində saxlanılmış, barəsində CMnin 234.2-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmişdir. tədqiqatdan sonra qalıq qalmış 9,155 qram marixuana, 0,181 qram heroin Sumqayıt ŞPİ-nin məsul saxlanışına təhvil verilmiş, 04 ədəd DVD disk iş üzrə əhəmiyyət kəsb etdiyi üçün maddi sübut kimi tanınmış, 04 ədəd DVD diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmış, 01 ədəd “Redmi” markalı mobil telefon iş üçün əhəmiyyət kəsb etmədiyindən saxlanılması üçün ailə üzvlərinə təhvil verilmiş, ********* saylı cinayət işi üzrə təqsirləndirilən şəxs qismində dindirilərkən ifadəsində göstərdiyi xüsusatlar özünü müdafiə xarakteri daşıdığından və öz təsdiqini tapmadığından həmin xüsusat üzrə cinayət işinin başlanılması rədd edilmiş, iş üzrə “əməliyyat-axtarış tədbirinin keçirilməsinə, şübhəli şəxsin üstünün yoxlanılması, şəxsi axtarışın keçirilməsi və təqdim olunmuş əşyanın götürülməsi, disklərə baxış keçirilməsi haqqında protokollar, şahidlərin dindirmə protokolları, ekspert rəyləri və digər sənədlər sübut kimi qiymətləndirilmişdir. (i.v. 233-242); “Elektron məhkəmə informasiya sistemi” vasitəsilə əldə edilmiş məlumatdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2010-cu il təvəllüdlü Leyla Xəlilova adlı yetkinlik yaşına çatmayan övladı vardır. İş materiallarında olan Sumqayıt şəhər Məhkəməsinin 30 noyabr 2017-ci il tarixli qətnaməsindən görünür ki, 12 aprel 2010-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün cavabdeh Təqsirləndirilən şəxs hər ay 136,6 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçı Şahid7 verilməsi qət edilmişdir. Məhkəmə iclasında əlavə şahid qismində çıxış etmiş Təqsirləndirilən şəxs keçmiş həyat yoldaşı Şahid7 ərizə təqdim edərək, Təqsirləndirilən şəxsla birgə nikahda olduqlarını, onunla hal-hazırda faktiki ayrı yaşadığını, birgə nikahlarından doğulan qızları Leyla Xəlilovanın onunla birlikdə yaşadığını, atası ilə ünsiyyət saxladığını və onunla görüşdüyünü, Təqsirləndirilən şəxs övladı ilə maraqlandığını, imkanı yetdiyi qədər onun qayğısına qaldığını bildirmişdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsinə şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Odur ki, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda göstərilən əməlin törədilməsi onun sonradan verdiyi etirafedici ifadəsi ilə bərabər, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, ekspert rəyləri, istintaq hərəkətinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). CM-nin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddəni xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma-bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs müdafiəçisinin ərizə təqdim edərək Təqsirləndirilən şəxs barəsində “Konstitusiya və Suverenlik İli münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarına uyğun olaraq barəsində olan cinayət təqibinə xitam verilməsinə dair xahiş etməsini nəzərə alaraq hesab edir ki, həmin qərarın 1.16-cı bəndinə əsasən onun barəsində CM-nin 234.1-ci maddəsi ilə olan cinayət təqibinə xitam verilməli və o, cinayət məsuliyyətindən azad olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin: 39.1 və 39.1.12-ci maddələrinə əsasən amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir); 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. “Konstitusiya və Suverenlik İli münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının 1.16-cı bəndinə əsasən öhdəsində (himayəsində) yetkinlik yaşına çatmayan övladı, yaxud orqanizmin funksiyalarının 61–100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş övladı olan şəxslər, o cümlədən bu Qərar qüvvəyə mindiyi günədək atalığı, övladlığa götürməsi, qəyyumluğu və himayəçiliyi qanunvericilikdə nəzərdə tutulmuş qaydada müəyyən olunmuş şəxslər. Həmin qərarın 5-ci bəndinə əsasən icraatında olan bu qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1–1.16-cı bəndlərində nəzərdə tutulan şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarırlar (bu Qərarın 6cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla); Həmin qərarın 24-cü hissəsinə əsasən birinci instansiya məhkəmələrinin icraatında olan, bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə amnistiyanın tətbiqi məsələlərinə baxılarkən cinayət təqibinə xitam verilməsinə müdafiə tərəfinin razılığı olduqda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.3-cü maddəsinə əsasən cinayət təqibinə xitam verilməsi haqqında qərar qəbul edilir, amnistiya tətbiq edilməklə cinayət təqibinə xitam verilməsinə müdafiə tərəfinin razılığı olmadıqda Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 44.2-ci maddəsinə əsasən şəxsə təyin edilmiş cəzadan onu azad etməklə ittiham hökmü çıxarılır. Təqsirləndirilən şəxs himayəsində xx.xx.2010-cu il təvəllüdlü Leyla adlı yetkinlik yaşına çatmayan qız övladının olması, onun qayğısına qalması, atalıq öhdəliklərini yerinə yetirməsi “Konstitusiya və Suverenlik İli münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının 1.16-cı bəndinə əsasən onun barəsində cinayət təqibinə CM-nin 81.2-ci maddəsinə əsasən xitam verilməsinə və cinayət məsuliyyətindən azad edilməsinə əsas verir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs əməlində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının 6 və 7-ci bəndlərində qeyd edilən məhdudiyyətlər müəyyən edilməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, “Konstitusiya və Suverenlik İli münasibətilə amnistiya elan edilməsi haqqında” adı çəkilən qərarın 1.16-cı bəndinə əsasən Təqsirləndirilən şəxs barəsində CM-nin 234.1-ci maddəsi ilə olan cinayət təqibinə xitam verilməli və o, cinayət məsuliyyətindən azad olunmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilməli, məhkəmə iclas zalından dərhal həbsdən azad edilməli, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməli və qərar qüvvəyə minənə qədər dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs xx.xx.2007-ci il tarixdən Sumqayıt şəhər Narkoloji Dispanserində F11x2 diaqnozu ilə qeydiyyatda olması nəzərə alınmalıdır. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut, “əməliyyat-axtarış tədbirlərinin keçirilməsini, şübhəli şəxsin üstünün yoxlanılmasını” və “şəxsi axtarışın keçirilməsi və təqdim olunmuş əşyanın götürülməsini” əks etdirən 04 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı, tədqiqatdan sonra qalıq qalmış 9,155 qram qurudulmuş marixuana və 0,181 qram heroin məhv edilməli və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 126 manat Təqsirləndirilən şəxs tutularaq Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmiş, hüquqlarının müdafiəsi üçün Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 17 iş saatı məsrəf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara xx.xx.2025-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından vəkil Müdafiəçi 187 manat məbləğində pul ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının CPM-in 39.1.12, 43.3, 175.5, 321.2.1, 346, 347.1 maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: “Konstitusiya və Suverenlik İli münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli qərarının 1.16-cı bəndinə əsasən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə olan cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və məhkəmə iclas zalından dərhal həbsdən azad edilsin, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin və qərar qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyatda olması nəzərə alınsın. İş üzrə maddi sübut, Sumqayıt Şəhər Polis İdarəsinin saxlanc anbarına təhvil verilmiş, qalıq çəkisi 9,155 qram olan qurudulmuş marixuana və qalıq çəkisi 0,181 qram olan heroin məhv edilsin. İş üzrə maddi sübut 04 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci 126 (bir yüz iyirmi altı) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardım ödəməkdən azad edilsin. Müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardıma görə 187 (bir yüz səksən yeddi) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan elan olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Ramiz Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar