Məhkəmə qərarları › İş №1(060)-816/2022

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-816/2022

06.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-816/2022 06.12.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 katibliyilə, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs, müdafiəçi-Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1976-cı ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, fərdi işlə məşğul olan, məhkumluğu olmayan, Sumqayıt şəhəri, Sumqayıt Dəmir Yol yaşayış massivi 26 ünvanında qeydiyyatla yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq bir ədəd 16 kalibrli, İJB-46 modelli, C-4526 nömrəli, keçmiş SSRİ dövlətində İjevsk silah zavodunda istehsal olunmuş lüləsi və qundağı sonradan kustar üsulla kəsilmiş, təyinatını itirmiş, texniki cəhətdən saz vəziyyətdə olan, hər iki lülədən atəş üçün yararlı olan ov tüfənginin kəsiyi, yivsiz odlu silahını əldə edib yaşadığı Sumqayıt şəhəri, Sumqayıt Dəmir Yol yaşayış massivi 26 ünvanına daşıyaraq həmin ünvanda saxlamış və xx.xx.2022-ci il tarixdə saat 12.22 radələrində həmin ünvanda yaşayan qızı vət.Şahid2 Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə daxil olmuş məlumatı əsasında Sumqayıt ŞPİ-nin 5-ci PB-nin əməkdaşları tərəfindən Sumqayıt şəhəri, Sumqayıt Dəmir Yol yaşayış massivi 26 ünvanına baxış keçirilən zaman evdən həmin bir ədəd odlu silah aşkar edilərək götürülmüşdür Məhkəmədə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, Sumqayıt şəhəri, Sumqayıt dəmiryol yaşayış massivi 26 ünvanında iki övladı ilə bir yerdə yaşayır. Ailəsindən rəsmi olaraq ayrılmış, lakin uşaqlar anasının deyil onun himayəsində qalmış, uşaqları özü saxlamışdır. xx.xx.2022-ci il tarixdə təxminən saat 18.01 radələrində yaşadığı ünvanda olan zaman polis əməkdaşları gəlmiş, polis əməkdaşları özlərini təqdim etdikdən sonra qızı Şahid2 onun yaşadığı ünvanda odlu silah saxladığı barədə DİN-nin 102 xidmətinə vermiş olduğu məlumat və Sumqayıt ŞPİ-nin 5-ci PB-nə daxil olmuş müraciəti ona elan edilmiş və ona yaşadığı ünvana videoçəkiliş vasitəsilə baxış keçiriləcəyi bildirilərək bu barədə hər hansı bir etirazının olub olmadığı soruşulmuş, yaşadığı ünvana polis əməkdaşlarının baxış keçirməsinə etiraz etməmiş, bu barədə rəsmi ərizə yazmışş, polis əməkdaşlarını yaşadığı evə dəvət etmişdir. Ona yaşadığı ünvanda odlu silahın olub olmadığı, müsbət halda təqdim etməyi təklif olunmuşdur. O, bundan sonra yaşadığı evin yataq otağındakı paltar dolabından dəstəyi taxtadan, lüləsi isə dəmirdən olan bir ədəd silahı polis əməkdaşlarına təqdim etmişdir. Sorğu zamanı təqdim etdiyi silahın tüfəng olduğu, həmin tüfəngi 4-5 il əvvəl Sumqayıt şəhəri, St.Sumqayıt qəsəbəsi ərazisindən keçən Sumqayıtçay çayının kənarından tapdığını, onda maraq yaratdığı üçün yaşadığı ünvana gətirdiyini, evdə onu təmizləyərək yataq otağında rəfdə saxladığını, bu günə kimi həmin silahdan istifadə etmədiyini, atəş açmadığını bildirmişdir. Bundan sonra həmin silah polis əməkdaşları tərəfindən götürülərək qablaşdırılmışdır. Həmin silahın heç vaxt gülləsi onda olmamışdır. Qızı Səmayə həmin silahı görən vaxt ondan nə oduğunu və haradan aldığını soruşmuş, o da cavabında həmin silahı tapdığını bildirmişdir. Həmin silahı tapandan sonra evə gətirib saxlamaqda hər hansı məqsədi olmamış, sadəcə marağı yarandığı üçün gətirib təmizləyib evdə saxlamışdır. Həmin silahla hər hansı hadisə törətməmiş, həmin silahın istifadəyə yararlı olmasını bilməmiş, evində silahı qanunsuz saxlamış, səhv etdiyini başa düşmüşdür. O, qorxduğu üçün həmin silahı gətirib polisə təqdim etməmişdir. Silahın qundağını və lüləsini o kəsməmiş, tapanda kəsilmiş vəziyyətdə olmuşdur. Təqsirləndirilən şəxs əməlindən peşman olduğunu bildirərək barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmədə Şahid2 ifadəsində göstərdi ki, Sumqayıt şəhəri, Sumqayıt dəmiryol yaşayış massivi 26 ünvanında atası Rüstəm və qardaşı İlkin ilə bir yerdə yaşayır. Uzun müddətdir ki, anası onları tərk edib getmişdir. O, atasının evdə silah saxladığını görmüş, həmin silahla atasının davranarkən ehtiyyatsızlıq edəcəyindən qorxduğu üçün DİN-nin 102 xidmətinə bu barədə məlumat vermişdir. İbtidai istintaq zamanı isə ifadəsində göstərdiklərini yalnız atasının həmin silahı aparıb polisə təhvil verməsi və ya polis əməkdaşlarının gəlib həmin silahı aparması məqsədi ilə qeyd etmişdir. Məhkəmədə şahid Sumqayıt ŞPİ-nin 5-ci PB-nin cinayət axtarış üzrə kiçik inspektoru polis baş serjantı Şahid1 elan olunmuş ifadəsindən görünür ki, o, ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə Şahid2 AR DİN-nin 102 xidmətinə zəng edərək yaşadığı Sumqayıt şəhəri, Dəmir yol yaşayış massivi 26 ünvanında atası Təqsirləndirilən şəxs silah saxladığını bildirmişdir. Bu məlumat əsasında 5-ci PB-nin əməkdaşları ilə birlikdə qeyd edilən ünvanda olmuşlar. Həmin ünvana Təqsirləndirilən şəxs icazəsi ilə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs özü evində həqiqətən də silah olduğunu, həmin silahı evdə yataq otağında olan şkafın dolabından çıxardaraq onlara təqdim etmişdir. Sorğu zamanı bildirmişdir ki, həmin silahı 4-5 il əvvəl Sumqayıt şəhəri, Sumqayıtçay çayının Sumqayıt şəhəri ərazisindən keçən hissəsində çay kənarında heyvanları otararkən tapmışdır. Həmin silahı tapdıqdan sonra maraq doğurduğundan təmizləyərək evində saxlamışdır. Lakin həmin silahdan istifadə etməmiş, qorxduğu üçün gətirib polisə təqdim etməmişdir. Həmin silah onların iştirakı ilə Sumqayıt ŞPİ-nin 5-ci PB-nin təhqiqatçısı, polis kapitanı X6 tərəfindən sübut əhəmiyyəti kəsb etdiyindən xüsusi qaydada qablaşdırılıb, möhürlənmişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı baxış keçirilmiş 06 sentyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs yaşadığı mənzildə Sumqayıt şəhər polis idarəsinin əməkdaşları tərəfindən şəxsi axtarış keçirilərkən qeydə alınmış video görüntülərdə də şahidlər Şahid2 və X4 ifadələrində göstərdikləri bir daha təsdiq olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə–ballistik ekspertizasının xx.xx.2022-ci il tarixli 3/1247 №li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd C-4526 №-li 16 kalibrli İJB-46 modelli, lüləsi və qundağı kustar üsulla kəsilmiş yivsiz ov tüfənginin kəsiyinin ilkin tədqiqatı Azərbaycan Respublikası DİN Kriminalistik Tədqiqatlar İdarəsinin eksperti tərəfindən tədqiq edilərək xx.xx.2022-ci il tarixli 22/575R №-li rəy verilmişdir və tədqiqat zamanı tüfəng kəsiyində eksperimental atəşlər açılmışdır. Bu səbəbdən də qərarda qoyulmuş “220730657” saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş bir ədəd C-4526 nömrəli, 16 kalibrli İJB-46 modelli, lüləsi və qundağı kustar üsulla kəsilmiş yivsiz ov tüfəngindən atəş açılıbmı, sonuncu dəfə nə vaxt açılmışdır, son 4 il müddətində atəş açılıbmı?” sualı cavablandırılmadı. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin xx.xx.2022-ci il tarixli 22\575R saylı rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş 01 ədəd C-4526 nömrəli silah, keçmiş SSRİ dövlətində İjevsk silah zavodunda istehsal olunmuş 16 kalibrli İJB-46 modelli, çaxmaqsız, hamar qoşa lüləli ov tüfəngidir, yivsiz odlu silahdır. Lakin həmin ov tüfənginin lüləsi və qundağı sonradan kustar üsulu ilə kəsilmişdir, hal hazırda öz təyinatını itirmiş 16 kalibrli ov tüfənginin kəsiyidir, yivsiz odlu silahdır, texniki cəhətdən sazdır və hər iki lülədən atəş üçün yararlıdır. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirliliyi özünün təqsirini tam etiraf etməsi, şahidlərin ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Onun cinayət məsuliyyətindən azad edilməsi üçün heç bir əsas yoxdur və o, təqsirləndirildiyi maddədə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, maddənin sanksiyasında nəzərdə tutulmuş cəza həddində cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8 və 58.3-cü maddələrinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-nin xx.xx.2022-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs hazırkı cinayət əməlini törədən zaman məhkuluğu olmamışdır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Qeyd olunanları nəzərə almaqla məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünü təyin etmək məsələsi ilə bağlı belə nəticəyə gəlir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddələsin sanksiyası həddində azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və ibtidai istintaq orqanının 08 sentyabr 2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 02 (iki) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən cəza müddətinə daxil edilməklə çıxılmalı və qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təyin olunacaq cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəza çəkmə müddətinin əvvəli 06 dekabr 2022-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilərək barəsində “həbs” qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalından dərhal həbsə alınmalıdır. Cinayət işi üzrə maddi sübut kimi tanınaraq və Sumqayıt şəhər polis idarəsinin saxlanc anbarında saxlanılan 16 kalibrli, İJB-46 modelli, C-4526 nömrəli yivsiz qoşalüləli ov tüfəngi müsadirə olunaraq, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Təchizat İdarəsinə təhvil verilməlidir. İş üzrə maddi sübut olan bir ədəd disk cinayət işində saxlanılmalıdır. İş üzrə aparılmış məhkəmə ekspertizalarının ümumi dəyəri 64 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab Z 34CTRE********************) keçirilməlidir. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt Şəhər Məhkəməsinin 19 oktyabr 2022-ci il tarixli (iş № 1(060)-816/2022) qərarını icra edərək, 21 oktyabr 2022-ci il tarixli 1608 saylı orderə əsasən vəkil X3 onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə hazırlıq iclasında iştirak etmiş, cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün cəmi 05 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 30 manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddələri ilə təqsirli bilinərək 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 02 (iki) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilərək barəsində həbs qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalından dərhal həbsə alınsın. Sumqayıt şəhər polis idasrəsinin saxlanc anbarında saxlanılan iş üzrə maddi sübut 16 kalibrli, İJB-46 modelli, C-4526 nömrəli yivsiz qoşalüləli ov tüfəngi müsadirə olunaraq, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Təchizat İdarəsinə təhvil verilsin. İş üzrə maddi sübut olan bir ədəd disk cinayət işində saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizalarının ümumi dəyəri 64 (altmış dörd) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab Z 34CTRE********************) köçürülsün. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs müdafiəçi X2 göstərdiyi 05 saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 30 manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elçin Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar