Məhkəmə qərarları › İş №1(060)-817/2022

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-817/2022

01.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-817/2022 01.11.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, məhkəmə iclas katibi İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi ilə, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs-Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs, müdafiəçi-Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1990-cı ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olmayan, “Qəsr İnşaat”da qəlibçi işləyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Republikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materiallarına açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: xx.xx.2022-ci il tarixdə saat 22 radələrində Zərərçəkmiş şəxs ilə əri Təqsirləndirilən şəxs arasında ünvan 1 ünvanında Abbasovlar ailəsinin yaşadığı mənzilin içərinsində ailə-məişət zəminində baş verən mübahisə zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs sifətinə, qollarına yumruq və əl zərbələri ilə qəsdən ardıcıl zərbələr vuraraq ona dərəcəsinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarətləri yetirmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, Zərərçəkmiş şəxs ilə xx.xx.2022-ci il tarixdən rəsmi nikaha daxil olmaqla evlənmişlər. Birgə nikahlarından övladı yoxdur. Evləndikdən sonra onun evində yaşamışlar. Anası ona arvadının qardaş-bacı arasında nifaq salmağa çalışması barədə məlumat vermişdir. xx.xx.2022-ci il tarixdə axşam saat 19 radələrində bir neçə ədəd “GO”, “YAGUAR” içkiləri qəbul edib sərxoş vəziyyətində olmuş və saat təqribən 21 radələrində sərxoş vəziyyətində evə gəlmişdir. Həmin vaxt arvadı Afət evdə olmuşdur. Evdə toplanan zibili atmaq üçün evdən çıxmış və geri qayıtmışdır. Evə qayıdandan sonra anası ona zəng vurmuş və arvadını başa salmağını istəmişdir. Bundan sonra o, dilxor olmuş, marketə düşüb 1 ədəd də “YAGUAR” içkisi alıb qəbul etmiş və sərxoş vəziyyətdə evə qayıtmışdır. Arvadı Afətə ayrı-seçkilik salan hərəkətlərə yol verdiyini soruşanda Afət anasının onun başını doldurduğunu deyərək ona acıqlanmışdır. O da, sərxoş vəziyyətində olduğundan Afətin ona acıqlanmasından bərk əsəbləşmiş, arvadının üstünə gedib onun saçından tutmuş və yerə yıxıb əsəblərini soyutmaq üçün əli ilə Afətin sifət nahiyyəsinə, qollarına bir neçə dəfə ardıcıl zərbələr vurmuşdur. Afəti bir qədər döyəndən sonra əsəbləri sakitləşmiş və onu buraxmışdır. Bundan sonra yataq otağına keçib yatmışdır. Hadisədən sonrakı gün o, Afətdən axşam etdiyi hərəkətlərinə görə üzr istəmişdir. Sonradan bilmişdir ki, Afət onun barəsində Sumqayıt ŞPİ-nin 3-cü polis bölməsinə şikayət etmişdir. Təqsirləndirilən şəxs ərizə ilə məhkəməyə müraciət edərək hazırda törətdiyi cinayət əməlindən səmimi peşman olduğunu, zərərçəkmiş şəxslə barışdığını bildirərək barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmədə Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, şikayətçi olduğu Təqsirləndirilən şəxs onun əridir. Onunla xx.xx.2022-ci il tarixdə rəsmi nikaha daxil olmaqla evlənmişlər. Birgə nikahlarından övladı yoxdur. Əri Təqsirləndirilən şəxs həddindən artıq spirtli içkiyə meylli şəxsdir. Mütamadi olaraq evə sərxoş vəziyyətdə gəlib əsaslı bir səbəb olmadan onunla mübahisə edir, onu təhqir edərək döyür. Artıq onun davranışlarından bezmişdir. Sonuncu dəfə xx.xx.2022-ci il tarixdə əri Zahid saat 21 radələrində yenə də sərxoş gəlmişdir. Evdə toplanan zibilləri atdıqdan sonra yenidən evə qayıtmışdır. Əsassız olaraq onu kimlərləsə gəzməkdə, əxlaqsızlıqda günahlandırmağa başlamışdır. Bu məzmunda ona böhtanlar ata-ata əsəbləşməyə başlamışdır. O, isə “pisəmsə boşa məni” deyə cavab verdikdə Zahid onun üstünə gələrək saçından tutub yerə yıxmışdır. Sinəsinin üstündə oturub əli ilə onun sifət nahiyyəsinə zərbələr vurmağa başlamışdır. Sifət nahiyyəsinə vurduğu zərbələr nəticəsində sol gözaltı nahiyyəsindən xəsarət almışdır. Bundan sonra başını əlləri ilə tutub divara vurmağa başlamışdır. Bundan əlavə hər iki qoluna bir neçə zərbə vurmaqla onu döymüşdür. Sərxoş olduğu üçün ondan əl çəkərək yataq otağına keçib yatmışdır. Əvvəlcə ondan şikayət etmək istəməmiş, xoşluqla ayrılmaqları üçün icazə verməsini istəmişdir. Lakin Zahidin ondan boşanmaq fikrinin olmadığını görüb xx.xx.2022-ci il tarixdə DİN-nin 102 xidmətinə zəng vurub məlumat vermişdir. Zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək təqsirləndirilən şəxslə barışdığını bildirərək sonuncunun barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etdi. İş üzrə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli, 1543 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşağıdakı xəsarətlər vardır: Sol gözətrafını, sol almacıq və sol yanaq nahiyyəsini əhatə edən dərialtı hematoma, sağ bazunun orta 1/3-nin bayır səthinin qançırı, sol kürək nahiyyənin 4 (dörd) ədəd sıyrıqları. Qeyd olunan xəsarət küt əşyanın (əşyalar) təsirindən törənmişdir, törənmə müddəti zərərçəkmişin müayinəsindən 2-3 gün əvvəl olmaqla xx.xx.2022ci il tarixdə qərarın təsviri hissəsində göstərilən şəraitdə təkrari əl zərbələri nəticəsində əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərərvurmaya aiddir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif olunmuş və o, törətdiyi cinayətə görə cəzalandırılmalıdır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alır. İş materiallarında olan Azərbaycan Respublikası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-nin xx.xx.2022-ci il tarixli tələbnaməsindən və Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası CMnin 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilmiş və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1 və 128-ci maddələri ilə barəsində olan cinayət işinin icraatına xitam verilmişdir. Həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndində göstərilmişdir ki, şəxs bu Məcəllənin 72 - 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Qeyd edilən müddəa 01 dekabr 2017-ci il tarixdən qüvvəyə minmiş «Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» Azərbaycan Respublikasının 20 oktyabr 2017-ciil tarixli Qanunu əsasında Cinayət Məcəlləsinə daxil edilmişdir. Qanunun bu normasının tələbi ondan ibarətdir ki, əgər hər hansı şəxs 1 dekabr 2017-ci il tarixdən sonra CM-in 72-73-2-ci və 74-1-ci maddələrinə əsasən cinayət məsuliyyətindən azad edilərsə, lakin bundan sonra məsuliyyətdən azad edildiyi cinayəti yenidən törədərsə, onun növbəti dəfə cinayət məsuliyyətindən azad edilməsi mümkün deyil. Belə hallarda şəxsin qeyd olunan maddələrdə nəzərdə tutulmuş şərtlərə əməl etməsi cəzanı yüngülləşdirən hallar kimi cəza tədbirinin seçilməsi zamanı nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsini və əməlindən səmimi peşman olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12 və 59.2-ci maddələrinə əsasən cəzanı yüngülləşdirən hallar hesab edir. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünü təyin etmək məsələsi ilə bağlı belə nəticəyə gəlir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt Şəhər Məhkəməsinin qərarını icra edərək Müdafiəçi onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 10 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 60 manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə xərci yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinərək 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya şöbəsinə tapşırılsın. Cəza çəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqana qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Sumqayıt şəhər Probasiya şöbəsinə məlumat vermədən saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşadığı ünvan 2 ünvanını tərk etməmək, Sumqayıt, Bakı şəhərlərinin və Abşeron rayonunun hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 10 saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 60 manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elçin Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar