Məhkəmə qərarları › İş №1(060)-817/2024

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-817/2024

03.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-817/2024 03.12.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxx 1981-ci ildə Göyçay rayonu, İnçə kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsili, evli, himayəsində yetkinlik yaşına çatmayan iki uşağı olan, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, Göyçay rayonu, İnçə kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda psixotrop maddə olan metamfetamini əldə edərək saxlamış və daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda, yəni, 0,766 qram çəkidə ağ rəngli, kristalşəkilli kütlə, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin əldə edib daşıyaraq üzərində saxlamış, Sumqayıt Şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsinə daxil olmuş əməliyyat məlumatı əsasında 24 may 2024-cü il tarixdə saat 16:00-da həmin Bölmənin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi, “Simurq” şadlıq sarayının arxa tərəfində piyada hərəkətdə olan zaman saxlanılaraq ünvan 2 ünvanında yerləşən Sumqayıt ŞPİ-nin 4-cü polis bölməsinin inzibati binasına gətirilib həmin tarixdə orada üzərində videoçəkiliş aparılmaqla şəxsi axtarış aparılan zaman əynində olan boz rəngli şalvarının sağ yan cibindən 01 (bir) ədəd gümüşü rəngli siqaret kağızı bükümündə saxladığı ümumi təmiz çəkisi 0,766 qram olan həmin psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs oğu ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, xx.xx.2024-cü il tarixdə səhər saatlarında tanımadığı şəxsdən 15 manata psixotrop maddə olan metamfetamin almışdır. Həmin tarixdə saat 16:00 radələrində Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi, Xəzər bağları yaşayış massivində yerləşən “Simurq” şadlıq sarayının yaxınlığında piyada hərəkət edən zaman mülki geyimli şəxslər yaxınlaşıb onu saxlamışlar. Bundan sonra həmin şəxslər özlərini təqdim edib, polis əməkdaşları olduqlarını, qanunsuz olaraq narkotik maddə əldə etməkdə şübhəli olduğundan saxlanıldığını, onlarla birlikdə Sumqayıt ŞPİ 4-cü Polis Bölməsinə getməli olduğunu bildirmişlər. Etiraz etmədən polis əməkdaşları ilə birlikdə bölməyə getməyə razılıq vermişdir. Bölmədə ona vəkil təqdim edilmiş və hüquq və vəzifələri izah edilmişdir. Bundan sonra vəkilin iştirakı ilə, həmçinin video çəkiliş aparılmaqla üzərinə şəxsi axtarış keçirilərkən polis əməkdaşlarının təklifi ilə əynində olan boz şalvarın cibindən 01 (bir) ədəd bükümdə olan psixotrop maddə olan metafetamini təqdim etmişdir. Sorğu zamanı aşkar edilmiş maddəni həmin tarixdə səhər saatlarında Sumqayıt şəhəri, Xəzər bağları yaşayış masivində olarkən tanımadığı şəxsdən öz şəxsi istifadəsi üçün 15 manata aldığını bildirmişdir. Təqdim etdiyi psixotrop maddə tərəzidə çəkilmiş və qablaşdırılaraq götürülmüşdür. Polis əməkdaşları daha sonra üzərinə şəxsi axtarış aparılması ilə bağlı protokol tərtib etmiş, o da öz növbəsində tərtib edilmiş protokolla tanış olaraq protokolu imzalamışdır. Ona qarşı hər hansı təsir və ya təzyiqə yol verilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs ilk dəfə məhkum edilməsini, özünü təqsirli bilməsini və əməlindən peşman olmasını və evli olmaqla himayəsində yetkinlik yaşına çatmayan iki uşağının olmasını nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyləri, şəxsi axtarış zamanı qeydə alınmış video görüntülər və iş materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 4-cü Polis Bölməsinin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə xidmət etdiyi bölməyə Təqsirləndirilən şəxs narkotik tərkibli maddələrin qanunsuz olaraq əldə edilməsi, saxlanması və qəbulu ilə məşğul olması ehtimalı olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Bununla bağlı əməliyyat qrupu yaradılmış və həmin gün günorta saatlarında Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi, “Simurq” şadlıq sarayının yaxınlığında Təqsirləndirilən şəxs yaxınlaşaraq onu saxlamışlar və özlərini təqdim etmişlər. Daha sonra onun narkotik vasitə gəzdirməsi ilə bağlı şübhəli olmasını bildirmişlər. O da üzərində narkotik vasitə olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs bölməyə dəvət emişlər və o etiraz etmədən onlarla birlikdə getmişdir. Bölmədə Təqsirləndirilən şəxs vəkil təqdim edilmiş, həmçinin hüquq və vəzifələri izah edilmişdir. Daha sonra vəkilin və onların iştirakı ilə video çəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı üzərində qanunla saxlanması və daşınması qadağan edilmiş əşyalar varsa təqdim etməsi Təqsirləndirilən şəxs təklif edilmiş, o da əynində olan şalvarın cibindən 01 ədəd bükümdə olan kütləni təqdim etmişdir. Həmin büküm açıldıqda bükümün içərisində ağ rəngli kristal şəkilli psixotrop maddə olan metamfetaminə bənzər maddə aşkar olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs aşkar edilmiş maddəni həmin gün səhər saatlarında Sumqayıt şəhəri, Xəzər bağları yaşayış masssivində tanımadığı şəxsdən öz istifadəsi üçün 15 manata aldığını bildirmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirildikdə digər qanunla saxlanılması və ya daşınması qadağan edilmiş hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Aşkar edilmiş kütlə tərəzidə çəkilmiş və qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi ilə bağlı protokol tərtib edilmiş, həmin protokol ucadan oxunmuş, protokola əlavə və düzəlişlər daxil olmadığı üçün üzərində iştirakçılar tərəfindən imzalar edilmiş, o da öz növbəsində tərtib edilmiş protokolla tanış olaraq doğruluğunu imzası ilə təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 4-cü Polis Bölməsinin kiçik əməliyyat müvəkkili Şahid2 ondan öncə ifadə vermiş Şahid1 ifadəsinə oxşar, eyni məzmunlu ifadə verərək ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman o əynində olan şalvarın cibindən 01 ədəd bükümdə olan maddəni təqdim etmiş və həmin maddənin psixotrop maddə olan metamfetamin olmasını bildirmişdir. Cinayət işinin 19-cu vərəqəsində olan xx.xx.2024-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 70-71-ci vərəqələrində olan qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs müvəqqəti saxlama yerindən azad edilərək barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 102-103-cü vərəqələrində olan xx.xx.2024-cü il tarixli axtarışda olan şəxsin tutulması haqqında protokoldan və Sumqayıt ŞPİ-nin 4-cü Polis Bölməsinin eyni tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə tutularaq Sumqayıt ŞPİ-nin müvəqqəti saxlama yerinə təhvil verilmişdir. Cinayət işinin 107-108-ci vərəqələrində olan xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə MSY-dən azad edilmiş və onun barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri qüvvədə saxlanılmışdır. Cinayət işinin 29-30-cu vərəqələrində olan xx.xx.2024-cü il tarixli şəxsi axtarış aparılması haqqında protokola və həmin baxış zamanı qeydə alınmış video görüntülərə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə keçirilmiş şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan boz rəngli şalvarın sağ yan cibindən 01 ədəd bükümdə olan olan maddəni təqdim etmiş və həmin maddənin psixotrop maddə olan metamfetamin olmasını bildirmişdir. Həmin maddə bükümü ilə birlikdə elektron tərəzidə çəkilərkən çəkisinin 0,90 qram olması müəyyən olunmuşdur. Cinayət işinin 39-40-cı vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3-16-16/2- 6/2948 saylı məhkəmə-kimyəvi ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 1 ədəd şəffaf sellofan bükülüdə təmiz çəkisi 0,766 qram olan ağ rəngli, kristal şəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Qeyd: Metamfetamin təmiz çəkisi - 0,766 qram, tədqiqata sərf edildi - 0,05 qram, qalıq - 0,716 qram. Cinayət işinin 38-ci vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 110 (yüz on) manat müəyyən edilmişdir. Cinayət işinin 90-91-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 ekspert komissiyasının 29 may 2024-cü il tarixli, 3795 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabionoidlərdən istifadə halları olmuş, lakin, narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur, narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 87-88-ci vərəqələrində olan xx.xx.2024-cü il tarixli maddi sübut kimi tanıma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,716 qram psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmış və saxlanılması üçün Sumqayıt ŞPİ-nin maddi sübutları saxlanc anbarına təhvil verilmişdir. Həmçinin Təqsirləndirilən şəxs üzərində şəxsi axarış zamanı qeydə alınmış video görüntüləri özündə əks etdirən 01 ədəd DVD disk maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmişdir. Cinayət işinin 94-cü vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarına əlavə edilmiş elektron məhkəmə sistemindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs evli olmaqla üç uşağı var (uşaqların təvəllüdləri: xx.xx.2006, xx.xx.2007 və xx.xx.2010). Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə - təqsirləndirilən şəxsin özünün etriafı, şahidlərin ifadələri, ekspert rəyləri, şəxsi axtarış zamanı qeydə alınmış video görüntülər və digər iş materialları ilə Təqsirləndirilən şəxs satış məqsədi olmadan xeyli miqdarda psixotrop maddə olan metamfetamini qanunsuz olaraq əldə edərək saxlama və daşıma cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Ona görə də Təqsirləndirilən şəxs həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikasının CM-in 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Bundan başqa, cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamında nəzərə alınmalıdır. Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfındən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının CM-in 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs ilk dəfə məhkum edilməsini, özünü təqsirli bilərək əməlindən peşman olmasını və evli olmaqla himayəsində yetkinlik yaşına çatmayan iki uşağının olmasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, eləcə də cəzanı yüngülləşdirən halları, yəni ilk dəfə məhkum edilməsini, özünü təqsirli bilərək əməlindən peşman olmasını və evli olmaqla himayəsində yetkinlik yaşına çatmayan iki uşağının olmasını, cəzanı ağırlaşdıran halların isə olmamasını nəzərə alaraq hesab edir ki, onu cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də, o, təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-in 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilməli, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən onun 24 may 2024-cü il tarixdən 26 may 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün, həmçinin 02 sentyabr 2024-cü il tarixdən 04 sentyabr 2024-cü il tarixədək axtarışda olan şəxs kimi tutulduğu 02 (iki) gün, ümumilikdə 04 (dörd) gün müddətin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, 08 (səkkiz) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, hökmün icrası təqsirləndirilən şəxsin yaşayış yeri üzrə Suqmayıt şəhər Probasiya şöbəsinə tapşırılmalı, həmçinin Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin üzərinə Sumqayıt şəhər Probasiya şöbəsinə məlumat vermədən saat 00:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı ünvan 1 ünvanını tərk etməmək, Sumqayıt və Bakı şəhərlərinin, həmçinin Abşeron rayonunun hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Azərbaycan Respublikasının CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 ekspert komissiyasının 29 may 2024-cü il tarixli, 3795 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanımış və hazırda Sumqayıt ŞPİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,716 qram psixotrop maddə olan metafetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə digər maddi sübut olan 01 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılmalı, iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 110 (bir yüz on) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş vəkilə dövlət büdcəsi hesabına haqq ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-in 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 24 may 2024-cü il tarixdən 26 may 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün, həmçinin 02 sentyabr 2024-cü il tarixdən 04 sentyabr 2024-cü il tarixədək axtarışda olan şəxs kimi tutulduğu 02 (iki) gün, ümumilikdə 04 (dörd) gün müddətin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, 08 (səkkiz) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 22 (iyirmi iki) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 00:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı ünvan 1 ünvanını tərk etməmək, Sumqayıt və Bakı şəhərlərinin, həmçinin Abşeron rayonun hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Sumqayıt Şəhər Polis İdarəsinin maddi sübutların saxlama kamerasında saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,716 qram psixotrop maddə olan metafetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 110 (bir yüz on) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 20 saata görə 120 (yüz iyirmi) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Samir İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar