Məhkəmə qərarları › İş №1(060)-818/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-818/2025

05.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-818/2025 05.02.2026 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, Əkbərli Nicat Mais oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1987-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, subay, himayəsində yetkinlik yaşına çatmayan iki uşağı olan, orta təhsilli, işləməyən, məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olan və Sumqayıt şəhəri, Xəzər bağlarında yerləşən fərdi yaşayış evində yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda 2 (iki) ədəd üzərində "ddp/M40” yazısı həkk olunmuş bozumtul-qəhvəyi rəngli dərman həbləri, tərkibində təsiredici maddəsinin ümumi miqdarı 0,08 qram olan narkotik vasitə metadonu əldə edib üzərində saxlayaraq daşımış. 27 oktyabr 2025-ci il tarixdə saat 14:26-da Sumqayıt şəhər Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Sumqayıt şəhəri, Xəzər bağları massivi ərazisində yerləşən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Sumqayıt şəhər X4 yaxınlığında saxlanılaraq, üzərinə keçirilən baxış zamanı əynində olan göy rəngli cins şalvarın sağ yan kiçik cibində saxladığı 02 (iki) ədəd üzərində “ddp/M40” yazısı həkk olunmuş kimyəvi komponent tərkiblərinə görə öz aralarında eynilik təşkil edən bozumtul-qəhvəyi rəngli dərman həbləri, tərkibində təsiredici maddəsinin ümumi miqdarı 0,08 qram olan narkotik vasitə metadon aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə səhər saatlarında Bakı şəhəri, 20 Yanvar metrostansiyası yaxınlığında olarkən tanımadığı şəxsdən 20 manata 02 ədəd metadon həbi almış və istifadə etmək məqsədi ilə üzərində saxlamışdır. Həmin gün günorta saatlarında Sumqayıt şəhəri, Yanğından Mühafizə Xidmətinin yaxınlığında olan zaman polis əməkdaşları tərəfindən saxlanılmışdır. Polis əməkdaşları onun narkotik vasitələrin qəbulu və üzərində gəzdirilməsində şübhəli olduğunu bildirib video çəkilişlə üzərinə baxış keçirmişlər. Baxış zamanı əynində olan şalvarın cibində saxladığı 02 ədəd metadon həbini çıxarıb təqdim etmişdir. Həmin həblər müvafiq qaydada qablaşdırılmış və üzəri möhürlənmişdir. Bundan sonra onu Sumqayıt ŞPİ-yə gətirmişlər. İdarədə ona hüquq və vəzifələri izah edilməklə vəkil təqdim edilmiş və üzərində aşkar edilmiş həblərin olduğu zərf təhqiqatçıya təqdim edilmişdir. Saxlanılarkən və daha sonra ona qarşı hər hansı təsir və ya təzyiq olmamışdır. Bundan əlavə Təqsirləndirilən şəxs bildirmişdir ki, rəsmi olaraq subay olsa da, faktiki 2009-cu ildən X5 ilə evldir, onların xx.xx.2010-cu il və xx.xx.2011-ci il təvəllüdlü iki uşaqları var, hazırda da ailə kimi faktiki birlikdə yaşayırlar və uşaqları hər ikisinin himayəsindədir. Təqsirləndirilən şəxs məhkəməyə ərizə təqdim edərək özünü təqsirli bildiyini qeyd etmiş və “Konstitusiya və Suverenlik ili” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının tətbiq edilərək barəsində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, şahid ifadələri, ekspert rəyləri, əməliyyat-axtarış tədbirinin keçirilməsi və şübhəli şəxsin üstünün yoxlanılması, təqdim olunmuş əşyaya baxış keçirilməsi və götürmə haqqında qeydə alınmış video görüntülər və iş materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin Cinayət- Axtarış şöbəsinin əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə Sumqayıt şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitələri qanunsuz qəbul etməsi və üzərində saxlaması barədə daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədi ilə əməliyyat qrupu təşkil edilmişdir. Həmin məlumat əsasında günorta saatlarında əməliyyat qrupu ilə birlikdə Sumqayıt şəhəri, Yanğından Mühafizə Xidmətinin yaxınlığında olan zaman Təqsirləndirilən şəxs saxlayaraq onu narkotik vasitələri əldə etmə, saxlama və gəzdirməkdə şübhəli şəxs kimi saxladıqlarını bildirmişlər və video çəkilişlə üzərinə baxış keçirilmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs cibində olan 02 ədəd həbi təqdim edərək metadon olduğunu, həmin həbləri Bakı şəhəri, 20 Yanvar metrostansiyası yaxınlığında tanımadığı şəxsdən 20 manata alaraq şəxsi istifadəsi məqsədi ilə üzərində gəzdirdiyini bildirmişdir. Aşkar edilmiş həblər xüsusi qaydada qablaşdırılaraq götürülmüşdür. Sonra müvafiq sənədləşmə işləri aparılması üçün Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Polis İdarəsinə aparmışlar. Bölmədə ona hüquq və vəzifələri izah edilməklə vəkil təqdim edilmişdir. Vəkilin və onların iştirakı ilə həblərin olduğu zərf təhqiqatçıya təqdim edilmişdir. Təqsirləndirilən şəxs saxlanılarkən və ya daha sonra hər hansı etiraz etməmiş və ya müqavimət göstərməmişdir. Törətdiyi əməli səmimi etiraf etmişdir. Məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş, məhkəmə iclasında iştirak etməyən şahid Sumqayıt ŞPİ-nin Cinayət Axtarış şöbəsinin əməliyyat müvəkkili Şahid1 və Sumqayıt ŞPİ-nin Cinayət Axtarış şöbəsinin kiçik inspektoru Şahid3 ifadələri elan edilməklə tədqiq edildi və müəyyən edildi ki, onlar məhkəmə iclasında ifadə vermiş Şahid2 ifadəsinə oxşar, eyni məzmunlu ifadə verərək göstərmişlər ki, əməliyyat tədbiri zamanı Təqsirləndirilən şəxs əynində olan şalvarın cibində saxladığı 02 ədəd həbi təqdim edərək metadon olmasını bildirmişdir. Cinayət işinin 23-cü vərəqəsində olan xx.xx.2025-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 75-ci vərəqəsində olan şəxsin azad edilməsi və qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs müvəqqəti saxlama yerindən azad edilərək polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 8-9-cu vərəqələrində olan “əməliyyat-axtarış tədbirinin keçirilməsi və şübhəli şəxsin üstünün yoxlanılması protokola” dair xx.xx.2025-ci il tarixli protokoldan və həmin zaman qeydə alınmış video görüntülərdən görünür ki, polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, Yanğından Mühafizə Xidmətinin yaxınlığında saxlanılmış, sonuncu əynində olan şalvarın sağ yan cibindən 02 ədəd həbi çıxarıb təqdim edərək metadon olduğunu bildirmişdir. Daha sonra həmin həblər xüsusi qaydada qablaşdırılaraq götürülmüşdür. Cinayət işinin 32-33-cü vərəqələrində olan “şəxsi axtarışın keçirilməsi və təqdim olunmuş əşyanın götürülməsi” barədə xx.xx.2025-ci il tarixli protokoldan və həmin zaman qeydə alınmış video görüntülərdən görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs, müdafiəçinin və polis əməkdaşlarının işitrakı ilə təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs daha öncədən təqdim etdiyi həblərin olduğu zərf təhqiqatçıya təqdim edilmişdir. Cinayət işinin 46-47-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 28 oktyabr 2025-ci il tarixli, 20/932 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs” sözlər və imzlar olan zərfdəki ümumi sayı 02 ədəd üzərində “ddp/M40” yazısı həkk olunmuş bozumtul-qəhvəyi rəngli dərman həblərinin tərkibində təsiredici maddəsinin ümumi miqdarı: 0,08 qram olan narkotik vasilə metadon müəyyən edildi, metadonlar kimyəvi komponent tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər. Qeyd: Metadon həblərinin ümumi sayı 2 ədəd, tədqiqata sərf edildi – 1 ədəd, qalıq- 1 ədəd həb. Cinayət işinin 45-ci vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 60 (altmış) manat müəyyən edilmişdir. Cinayət işinin 106-107-ci vərəqələrində olan xx.xx.2025-ci il maddi sübut kimi tanəma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş və ekspertiza tədqiqatından sonra qalmış üzərində “ddp/M40” yazısı həkk olunmuş 01 ədəd həb maddi sübut kimi tanınmış və saxlanılması üçün Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmişdir. Həmçinin əməliyyat-axtarış tədbirlərinin keçirilməsi və şübhəli şəxsin üstünün yoxlanılması, həmçinin təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə zamanı qeydə alınmış video görüntüləri özündə əks etdirən 02 ədəd DVD disk maddi sübut kimi tanınaraq cinayət işinin istintaq materiallarına əlavə edilmişdir. Cinayət işinin 84-85-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X2 ekspert komissiyasının xx.xx.2025-ci il tarixli 6760 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs Aril oğlunda opioidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji tibbi müəssisəsində dispanser qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 98-ci vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2025-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 10 (on) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən üzərində 09 (doqquz) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. İş materiallarına əlavə olunmuş AZ-İİİ seriyalı 760252 nömrəli doğum haqqında şəhadətnamənin və AZ-İ seriyalı 311976 nömrəli atalığın müəyyən edilməsi haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs yetikinlik yaşına çatmayan iki uşağı var (xx.xx.2010-cu il və xx.xx.2011-ci il təvəllüdlü). Cinayət işinin materiallarına əlavə olunmuş Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2026-cı il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə “Konstitusiya və Suverenlik ili” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının 1.16 və 5.1-ci bəndlərinə əsasən xitam verilmiş və o, cinayət məsuliyyətindən azad edilmişdir. Həmin Qərarla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2010-cu il və xx.xx.2011-ci il təvəllüdlü uşaqları faktiki olaraq onun himayəsindədirlər. Belə ki, uşaqların anası X5 həmin iş üzrə məhkəmə iclasında şahid qismində iştirak edərək ifadəsində bildirmişdir ki, rəsmi olaraq subay olsa da, faktiki 2009-cu ildən Təqsirləndirilən şəxs ilə evldir, onların xx.xx.2010-cu il və xx.xx.2011-ci il təvəllüdlü iki uşaqları var, hazırda da ailə kimi faktiki birlikdə yaşayırlar və uşaqları hər ikisinin himayəsindədir. Beləliklə, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitə olan metadonu əldə etmə, saxlama və daşıma cinayətini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə - özünün etirafı, şahidlərin ifadələri, ekspert rəyləri, əməliyyat-axtarış tədbirinin keçirilməsi və şübhəli şəxsin üstünün yoxlanılması, həmçinin şəxsi axtarışın keçirilməsi və təqdim olunmuş əşyanın götürülməsi zamanı qeydə alınmış video görüntülər və digər iş materialları ilə tam sübuta yetirilmişdir. Lakin, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi və onun barəsində cinayət təqibinə xitam verilməsi üçün əsaslar yaranmışdır. Belə ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2010-cu il və xx.xx.2011-ci il təvəllüdlü, yəni yetikinlik yaşına çatmayan iki uşağının olması müəyyən edilmiş və bu səbəbdən də “Konstitusiya və Suverenlik ili” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının 1.16 və 5.1-ci bəndlərinin onun barəsində tətbiq edilməsi əsasları yaranmışdır. “Konstitusiya və Suverenlik ili” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının 1.16-cı bəndinə əsasən təyin edilmiş cəzanın müddətindən asılı olmayaraq, öhdəsində (himayəsində) yetkinlik yaşına çatmayan övladı, yaxud orqanizmin funksiyalarının 61–100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş övladı olan şəxslər, o cümlədən bu Qərar qüvvəyə mindiyi günədək atalığı, övladlığa götürməsi, qəyyumluğu və himayəçiliyi qanunvericilikdə nəzərdə tutulmuş qaydada müəyyən olunmuş şəxslər təyin edilmiş cəzanın müddətindən asılı olmayaraq, müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasından azad edilsinlər (bu Qərarın 6-cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla). Həmin Qərarın 5.1-ci bəndinə əsasən məhkəmələr icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1–1.16-cı bəndlərində nəzərdə tutulan şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarırlar. (bu Qərarın 6-cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla). Həmin Qərarın 24-cü bəndinə əsasən birinci instansiya məhkəmələrinin icraatında olan, bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə amnistiyanın tətbiqi məsələlərinə baxılarkən cinayət təqibinə xitam verilməsinə müdafiə tərəfinin razılığı olduqda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.3-cü maddəsinə əsasən cinayət təqibinə xitam verilməsi haqqında qərar qəbul edilir, amnistiya tətbiq edilməklə cinayət təqibinə xitam verilməsinə müdafiə tərəfinin razılığı olmadıqda Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 44.2-ci maddəsinə əsasən şəxsə təyin edilmiş cəzadan onu azad etməklə ittiham hökmü çıxarılır. Azərbaycan Respublikası CPM-in 39.1.12-ci maddəsinə əsasən amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Həmin Məcəllənin 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Beləliklə, məhkəmə “Konstitusiya və Suverenlik ili” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının 1.16-cı bəndinə uğun olaraq Təqsirləndirilən şəxs himayəsində yetkinliş yaşına çatmayan iki uşağının olmasını, həmin qərarın 6-cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlərin onun barəsində müəyyən edilməməsini və cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsinə müdafiə tərəfinin razılığını nəzərə alaraq hesab edir ki, qeyd edilən Amnistiya qərarının 1.16 və 5.1-ci bəndlərinə əsasən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə olan cinayət təqibinə xitam verilərək cinayət məsuliyyətindən azad edilməli, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X2 ekspert komissiyasının xx.xx.2025-ci il tarixli 6760 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunmalı, o ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı və qərarın icrasına nəzarət narkomaniyadan məcburi müalicə hissəsində Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilməlidir. Maddi sübutlarla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq Sumqayıt ŞPİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan ekspertiza tədqiqatından sonra qalmış üzərində “ddp/M40” yazısı həkk olunmuş 01 ədəd həb qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə digər maddi sübut olan 02 ədəd disk cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının cəmi xərci 60 (altmış) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin dövlət hesabına hüquqlarını müdafiə etmiş Müdafiəçi məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 18 saata görə 198 (yüz doxsan səkkiz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə (vəkillərə), tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikası CPM-in 193.2, 193.4-cü və 194-cü maddələrində və Azərbaycan Respublikası MPM-in 67- 1.1-ci və 67-1.2-ci maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat məbləğində müəyyən edilmişdir. İş üzrə xüsusi müsadirə edilməli əmlak və mülki iddia yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39, 43, 356, 381 və 383-384-cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə “Konstitusiya və Suverenlik ili” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının 1.16 və 5.1-ci bəndlərinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan ləğv edilsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun, o ərazi narkoloji dispanserdə qeydiyyata alınsın və qərarın icrasına narkomaniyadan məcburi müalicə hissəsində nəzarət Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilsin. Sumqayıt Şəhər Polis İdarəsinin maddi sübutların saxlama kamerasında saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış üzərində “ddp/M40” yazısı həkk olunmuş 01 ədəd həb qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 02 (iki) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci cəmi – 60 (altmış) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X3, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxsə göstərilmiş hüquqi xidmətə görə Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 18 saata görə 198 (yüz doxsan səkkiz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə xüsusi müsadirə edilməli əmlak və mülki iddia yoxdur. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Samir İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar