Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-819/2022 30.11.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Cəfərova Süsənbər Fariz qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs X1, Təqsirləndirilən şəxs, Müdafiəçi - Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Sumqayıt şəhər məhkəməsinin inzibati binasında xx.xx.1989-cu ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşayan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 06 oktyabr 2022-ci il tarixdə saat 18:00 radələrində ünvan 2 ünvanında yaşayan həyat yoldaşı X2 aralarında şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı sonuncuya dərəcəsinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa YÜNGÜL zərərvurmaya aid xəsarət yetirmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs ona qarşı Azərbaycan Respublikası CMnin 128-ci maddəsi ilə elan edilmiş ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, o, zərərçəkmiş şəxs X2 ilə 2014-cü il tarixdə ailə həyatı qurmuş və birgə nikahlarından 02 (iki) azyaşlı övladları vardır. Ailə qurduqdan sonra əvvəllər münasibətləri yaxşı olsa da, sonradan xasiyyətləri uyğun gəlmədiyi üçün tez- tez aralarında narazılıq olmuşdur. Sonuncu dəfə xx.xx.2022-ci il tarixdə təxminən saat 18:00 radələrində radələrində işdən çıxıb evə gələn zaman evdə Gülnar ona saat 16:00 radələrində işdən çıxdığını, hara getdiyini, nə üçün evə bu vaxt gəldiyini bildirdiyi üçün aralarında mübahisə yaranmışdır. Gülnar onu əsəbləşdirdiyi üçün onun başına əli ilə bir neçə dəfə vurmuşdur. Gülnar ona evdən çıxmağını, hara istəyirsən getməyini, daha onunla yaşamaq istəmədiyini bildirdiyi üçün əsəbləşərək Gülnarı döşəməyə yıxmış və evdən özün çıx hara istəyirsdən rədd ol demişdir. Mübahisə zamanı əlindəki siqaret Gülnarın sifətinin sol yan tərəfinə dəydiyi üçün o qışqırmış, o da kənara çəkilmişdir. Sonra Gülnar 102 xidmətinə zəng edərək onu döyməyini bildirmişdir. Hadisə yaşadıqları evdə baş vermiş, həmin vaxt azyaşlı uşaqlarından başda yanlarında kənar adam olmadığı üçün heç kim aralarında baş verənləri görməmişdir. Əməlindən peşmandır. Zərərçəkmiş şəxslə barışdıqlarını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə baxışı zamanı zərərçəkmiş şəxs qismində dindirilən X2 ifadəsində göstərmişdir ki, o Sərxanla 2014-cü il tarixdə ailə həyatı qurmuş və birgə nikahlarından 02 (iki) azyaşlı övladları vardır. Ailə qurduqdan sonra onların yaxşı münasibətləri olmuş, sonradan Sərxan başqa qadınlarla görüşdüyü üçün aralarında ailə məişət zəminində dəfələrlə münaqişə olmuş və Sərxan məni döymüşdür. Sonuncu dəfə xx.xx.2022-ci il tarixdə saat 16:00 radələrində o Sərxana zəng edən zaman onun zənglərinə cavab vermədiyi üçün Sərxanın iş yoldaşı Samirə zəng edərək Sərxanın harada olmasını soruşmuş, iş yoldaşı ona Sərxanın saat 16:00 radələrində işdən çıxıb getdiyini, lakin hara getdiyini bilmədiyini demişdir. Təxminən saat saat 18:00 radələrində yaşadıqları evdə olan zaman darvazanın bərkdən döyəcləndiyini eşidib qapını açmış və Sərxan evə gəlmişdir. Evdə olan zaman o Sərxana saat 18:00-dir, saat 16:00 radələrində işdən çıxdığını niyə evə indi gəldiyini bildirmişdir. Sərxan isə guya Samirin işini bitirmək üçün getdiyii demiş, o də Sərxana yalan danışdığını, Samirlə danışdığını, onun yanında olmamasını, Sərxana onunla yaşamaq istəmədiyini, paltarlarını da götürüb hara istəyir getməsini və onun kimi ailə ona lazım olmadığını demişdir. Onun sözündən sonra Sərxan əsəbləşmiş, üstünə gəlib yumruqla başına bir neçə dəfə vurmuş, o da ona istəyirsən onu öldürməsini, xeyiri yoxdur, onu bağışlamayacağını, hara istəyirsə çıxıb getməsini, kiminlə yaşayırsa yaşamasını və onu narahat etməməsini bildirmişdir. Sərxan isə saçından tutub onu döşəmənin üzərinə yıxıb sürümüş, həmin vaxt Sərxanın əlindəki siqaret sifətinin sol yan tərəfinə dəydiyi üşün sifətinə xəsarət yetirdiyi üçün o qışqırmış və Sərxan geri çəkilmişdir. Bundan sonra o telefonu ilə Sərxanın onu döyməsi barədə DİN-nin 102 xidmətinə məlumat vermiş, sonra isə PB-nə gəlib bu barədə ərizə yazmışdır. Hadisə yaşadıqları evdə baş verniş, həmin vaxt azyaşlı uşaqlarından başda yanlarında kənar adam olmadığı üçün heç kim aralarında baş verənləri görməmişdir. Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını və cəza təyin edərkən bu xüsusatları nəzərə almasını məhkəmədən xahiş etdi. İş materiallarında olan zərərçəkmiş şəxs X1 xx.xx.2022-ci il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmışdır və ona qarşı heç bir şikayət və tələbi yoxdur. İş materiallarında olan məkəmə-tibb ekspertizasının xx.xx.2022-ci il tarixli, 1559 saylı rəyinə əsasən müəyyən edilmişdir ki, X1 bədəni üzərindəki xəsarətlər – sol yanaq nahiyyənin yarası, sol baldırın orta və yuxarı 1/3-nin arxa səthinin sıyrığı, sol ayağın İ barmağının dırnaq falanqasının ön-alt hissəsinin cərrahi tikişə ehtiyacı olan yarası vardır. Qeyd olunan xəsarətlər küt əşyanın təsirindən törənmişdir, törənmə müddətinə görə - sol yanaq nahiyyənin yarası yüksək hərarətin, ola bilsin ki, yanmış vəziyyətdə olan siqaretin, digər xəsarətlər küt əşyanın təsirindən törənmişdir, törənmə müddəti zərərçəkmiş şəxsin müayinəsindən 1-2 gün əvvəl olmaqla xx.xx.2022-ci il tarixdə əmələ gələ bilər, dərəcəsinə görə - sol ayağın İ barmağının dırnaq falanqasının ön-alt hissəsinin cərrahi tikişə ehtiyacı olan yarası sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa YÜNGÜL zərərvurmaya, digər xəsarətlər, yəni sol yanaq nahiyyənin yarası, sol baldırın orta və yuxarı 1/3-nin arxa səthinin sıyrığı isə sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilmir. Beləliklə də, təqsirləndirilən şəxsə istinad edilən cinayət əməli tam sübut olunur. İş üzrə toplanmış sübutlar onun təqsirinin sübuta yetirilməsi üçün kifayət edir. İş materiallarında olan Xəzri Məhəllə Komitəsi tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs ailəlidir, himayəsində 02 (iki) azyaşlı uşağı vardır (xx.xx.2018-ci il təvəllüdlü X5 və xx.xx.2021-ci il təvəllüdlü X3). İş materiallarında olan Sumqayıt şəhər Narkoloji Dispanseri tərəfindən verilmiş 2562 nömrəli, xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər Narkoloji Dispanserində qeydiyyatda yoxdur. İş materiallarında olan “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” Sumqayıt Tibb Mərkəzi X8 3 nömrəli xəstəxananın poliklinika şöbəsindən verilmiş 279 nömrəli, xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs 3 nömrəli xəstəxananın poliklinika şöbəsinin psixiatrik kabinetində ambulator və dispanser müşahidəsində yoxdur. İş materiallarında olan Xəzri Məhəllə Komitəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. İş materiallarında olan Azərbaycan Respublikası DİN tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-298/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci madəsinə əsasən xitam verilmiş və o, cinayət məsuliyyətindən azad edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində 02 (iki) azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən, zərərçəkmiş şəxslə barışıq əldə edilməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən, əməlini səmimi etiraf etməsini isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci əsasən ona təyin olunacaq cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinin tələbinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlililk dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsinə uyğun olaraq onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, eləcə də cəzasını ağırlaşdıran və yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, ittiham və müdafiə tərəfini dinləyib, iş üzrə toplanmış sübutların cəminə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Təqsirləndirilən şəxs ilə zərərçəkmiş şəxslə barışsa da, onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə olan materiala Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-298/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən xitam verilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin qeyd hissəsində bu Məcəllənin 72–73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilməsi göstərilmişdir. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 saylı Qərarının 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyacı olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. İş materiallarından müəyyən edildi ki, Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 05 (beş) saat vaxt sərf etmişdir. Ona görə də, 30 (otuz) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 44.1-ci maddəsinə əsasən cərimə bu Məcəllə ilə müəyyən edilmiş hallarda və məbləğdə məhkəmə tərəfindən təyin edilən pul tənbehidir. Həmin Məcəllənin 44.2-ci maddəsinə əsasən cərimə törədilmiş cinayətin ağırlığı və məhkumun əmlak vəziyyəti nəzərə alınmaqla iyirmi min manatadək miqdarda və ya cinayət nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) bir mislindən on mislinədək miqdarda, habelə cinayətin predmetinin dəyərinin yüz faizinədək miqdarda müəyyən olunur. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə cinayət qanununun onun təqsirli bilindiyi maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə cəza təyin edilməli və hökmün icrası Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılmalıdır. İş üzrə mülki iddia, məhkəmə xərci və müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347-349, 351-354-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinib 1000 (bir min) manat miqdarında cərimə cəzasına məhkum edilsin. Hökmün icrası Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılsın. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərdiyi hüquqi yardıma görə 30 (otuz) manat manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun “Kapital Bank” 1 saylı Sumqayıt filialında olan hesabına (№ AZ 09AİİB******************** VÖEN: **********) köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV
Məhkəmə qərarları › İş №1(060)-819/2022
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-819/2022
30.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver