Məhkəmə qərarları › İş №1(060)-82/2024

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-82/2024

16.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-82/2024 16.04.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1994-cü il tarixdə Lerik rayonu Çayrud kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum edilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda yəni 22 ədəd bükümdə 5,98 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib daşıyaraq üzərində saxlamış, 11 iyul 2023-cü il tarixdə saat 20:35 dəqiqədə Sumqayıt ŞPİ-nin NMB-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Sumqayıt şəhəri, Səməd Vurğun küçəsində yerləşən «Turan» restoranının yaxınlığında saxlanılaraq Polis İdarəsinə gətirilib orada üzərinə şəxsi axtarış keçirilərkən əynindəki qara rəngli şalvarın sağ yan cibindəki qara rəngli eynək torbasının içərisindən 22 ədəd ağ rəngli kağız bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri - 0,5 qram, 0,31 qram, 0,65 qram, 0,21 qram, 0,36 qram, 0,29 qram, 0,25 qram, 0,41 qram, 0,19 qram, 0,21 qram, 0,14 qram, 0,21 qram, 0,21 qram, 0,43 qram, 0,14 qram, 0,22 qram, 0,21 qram, 0,32 qram, 0,11 qram, 0,10 qram, 0,31 qram, 0,20 qram, ümumi təmiz çəkisi 5,98 qram olan bitki mənşəli kütlə, tərkiblərinə görə eyni olub, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, bir neçə ildir ki, narkotik vasitədən istifadə edir. xx.xx.2023-cü il tarixdə Corat sakini ilə danışaraq narkotik vasitə istəmişdir və həmin şəxs ona beş büküm marixuna gətirməli imiş. xx.xx.2023-cü il tarixdə axşam saatlarında o, tanışları Sənan, Pərvin və Anar adlı şəxslərlə Sumqayıt şəhəri, Səməd Vurğun küçəsində yerləşən “Turan” restoranının yanında olarkən Corat sakini ona narkotik vasitəni gətirdiyini bildirmişdir. O da uşaqlardan ayrılaraq narkotik vasitəni etnək torbasının içərisində götürmüşdür. Bundan az sonra iki nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq polis əməkdaşları olduqlarını bildirmişlər və narkotik vasitələrlə bağlı şübhəli şəxs kimi onu Sumqayıt ŞPİ-nə dəvət etmişlər. Polis əməkdaşları onun yanında olan şəxslərində onlarla bilikdə getməli olduqlarını bildirmişlər. Bundan sonra onlar Sumqayıt ŞPİ-nə gəlmişlər. Polis İdarəsində xidməti otaqların birində videoçəkiliş aparılmaqla ona hüqüq və vəzifələri ilə bağlı bildiriş, eləcədə hüquqlarını müdafiə etmək üçün vəkil təqdim olunmuşdur. Bundan sonra ona üzərində olan əşyaları təqdim etməsini təklif etmişlər. O, cibindən 01 ədəd qara rəngli eynək torbasını çıxarıb təqdim etmişdir. Təhqiqatçı tərəfindən torbaya baxış keçirilərkən içərisində 22 ədəd ağ rəngli kağız bükümlər aşkar olunmuşdur. Polis əməkdaşlarının suallarına cavab olaraq bildirmişdir ki, həmin bükümlərdə olan maddələr və onları bir həftə əvvəl Saray qəsəbəsi ərazisində olarkən Zamin adlı şəxsdən 180 manata özü istifadə etmək üçün almışdır. Bundan sonra üzərindən aşkar olunmuş narkotik vasitə olan çəkilmiş, qablaşdırılaraq möhürlənmişdir. Daha sonra onun üzərinə şəxsi axtarış keçirilərkən aşkar olunmuş pul qabının içərisində olan ona məxsus şəxsiyyət vəsiqəsi, bir ədəd bank kartı qablaşdılaraq götürülmüş, ümumilikdə 146 manat pul və 02 ədəd kağız parçası özünə qaytarılmışdır. Bundan sonra narkotik vasitə olan qurudulmuş marixuananın ondan aşkar edilərək götürülməsi ilə əlaqədar protokol tərtib edilmişdir. Tərtib edilmiş protokolu onlar imzaları ilə təsdiq etmişlər. O, saxlanılarkən və polis İdarəsində olarkən ona qarşı heç bir təzyiq və qanunsuz hərəkətlər olunmamışdır. O, narkotik vasitələrin alqı satqısı ilə məşğul olmamışdır. O, aldığı marixuananı bükümlərə bölməmişdir. O, marixuananı eynək torbasının içərisində bükümlərə bölünmüş halda almışdır. Polis əməkdaşları tərəfindən saxlanılarkən yanında olan Sənan, Pərvin və Anar adlı şəxslərin onun üzərində narkotik vasitə olmasından xəbərləri olmamışdır. Saxlanılan zaman narkotiki bir hərtə əvvəl Saray qəsəbəsi ərazisində olarkən Zamin adlı şəxsdən aldığını bildirsə də bu həqiqəti əks etdirmir. Narkotiki saxlanılmamışdan az öncə Corat sakinindən almışdır. Aldığı narkotik isə beş büküm olmalı imiş. Həmin vaxt torbanın içərisinə baxmadığı üçün 22 büküm olmasını bilməmişdir. Narkotiki polislərə təqdim edən zaman Corat sakininin ona 5 deyil, 22 büküm narkotik verməsini bilmişdir. Göstərilənləri, həmçinin peşman olmasını və ailə vəziyyətini nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün qismən etirafı ilə yanaşı, şahid ifadələri, ekspertiza rəyləri, şəxsi axtarış zamanı qeydə alınmış videogörüntülər və iş materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt şəhər polis idarəsinin NMB-nin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə ünvan 2 ünvanında qeydiyyatda olan və Sumqayıt şəhəri, Xəzər bağları yaşayış massivi ərazisində fərdi evdə yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələri əldə etməsi, qanunsuz üzərində saxlaması və satması barədə daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədi ilə əməliyyat qrupu təşkil etmişlər. Həmin məlumat əsasında saat 20:35 dəqiqədə baş əməliyyat müvəkkili Şahid2la birlikdə Sumqayıt şəhəri, S.Vurğun küçəsində yerləşən «Turan» restoranının yaxınlığında Təqsirləndirilən şəxs onlar tərəfindən saxlanılmışdır. Fərid saxlanılarkən yanında Sənan, Pərviz və Anar adlı şəxslər də olmuşdur. Onlar Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə etmə, saxlama, gəzdirmə və satmaqda şübhəli bilindiyi üçün saxlanıldığını bildirərək onu Sumqayıt ŞPİ-nə dəvət etmişlər. Fərid heç bir etirazının olmadığını bildirmişdir. Bundan sonra onlar Fərid və digər şəxslərlə birlikdə Sumqayıt ŞPİ-nə gəlmişlər. Polis İdarəsinə gəldikdən sonra Təqsirləndirilən şəxs yanında olan şəxslərin Şahid3, Şahid4 və Şahid5 olduğu müəyyən olunmuşdur. Həmin şəxslərin üzərinə şəxsi axtarış keçirilsə də onların üzərindən cinayət xarakterli heç bir şey aşkar olunmamışdır. Daha sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilçişdir. Şəxsi axtarışdan öncə Təqsirləndirilən şəxs hüquq və vəzifələri haqqında bildiriş verilmiş, həmçinin vəkil təqdim edilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qeyri-qanuni əşya və ya predmet varsa təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs isə əynindəki qara rəngli şalvarın sağ yan cibindən bir ədəd qara rəngli eynək torbasını çıxarıb təqdim etmişdir. Torbaya baxarkən içərisində 22 ədəd ağ kağız büküm olduğu aşkar olunmuşdur. Təqsirləndirilən şəxs bükümlərin içərisində nə olduğu soruşulduqda o, bükümlərin içərisində narkotik vasitə olan qurudulmuş marixuana olduğunu demişdir. Həmin bükümlərə baxarkən içərisində yaşıl rəngli, spesifik iyə malik narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər bitki kütləsi aşkar olunmuşdur. Təqsirləndirilən şəxs həmin narkotik maddəni tutulduğu gündən bir həftə əvvəl Saray qəsəbəsi ərazisində Zamin adlı şəxsdən 180 manata özü istifadə etmək üçün aldığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 22 ədəd bükümdəki kütlə ümumilikdə elektron tərəzidə çəkilmişdir. Daha sonra isə aşkar edilmiş maddə zərfə qoyularaq qablaşdırılmış, möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra isə Təqsirləndirilən şəxs üzərinə təhqiqatçı tərəfindən şəxsi axtarış keçirilərkən içərisində Təqsirləndirilən şəxs məxsus şəxsiyyət vəsiqəsi, bir ədəd bank kartı, iki ədəd qeydlər olan kağız parçası, ümumilikdə 146 maant pul olan pul qabı aşkar olunsuşdur. Bank kartı və şəxsiyyət vəsiqəsi iş üçün əhəmiyyət kəsb etdiyindən təhqiqatçı tərəfindən götürülmüşdür. İki ədəd kağız parçası və 146 manat pul isə pul qabı ilə birlikdə Təqsirləndirilən şəxs özünə qaytarılmışdır. Bundan sonra protokol tərtib olunmuş, iştirakçılara ucadan oxunmuş, iştirakçılar həmin protokolu imzaları ilə təsdiq etmişlər. Məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən Sumqayıt ŞPİ-nin NMB-nin əməliyyat müvəkilli Şahid2 ifadəsi elan edilmklə tədqiq edildi və müəyyən edildi ki, o, məhkəmə iclasında ifadə vermiş Şahid1 ifadəsinə oxşar eyni məzmunlu ifadə verərək göstərmişdir ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ yan cibindən bir ədəd qara rəngli eynək torbada 22 ədəd ağ kağız bükümdə olan maddləri təqdim edərək onların narkotik vasitə olan qurudulmuş marixuana olmasını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs tanıyır. xx.xx.2023- cüil tarixdə saat 20:35 radələrində o, Sumqayıt şəhəri, S.Vurğun küçəsində yerləşən “Turan” restoranının yaxınlığında Fəridlə görüşmüşdür. Həmin vaxt onunla birlikdə keçmiş iş yoldaşları Pərvin və Anar adlı şəxslər də olmuşdur. Onlar çay içmək üçün görüşmüşlər. Bir neçə dəqiqə sonra iki nəfər mülki geyimli şəxs yaxınlaşaraq polis əməkdaşları olduqlarını bildirmişlər. Polis əməkdaşları Fəridin qanunsuz olaraq narkotik vasitə əldə etmə, saxlama, gəzdirmə və satmaqda şübhəli olduğunu bildirib onları da Fəridlə birlikdə Sumqayıt ŞPİ-nə dəvət etmişlər. Polis İdarəsində xidməti otaqların birində onun üzərinə baxış keçirilmişdir. Üzərindən qanunla qadağan olunmuş hər hansı bir əşya və ya predmet aşkar olunmamışdır. Bununla bağlı protokol tərtib olunmuş və iştirakçılar tərəfindən imzalarla təsdiq olunmuşdur. Onun Fəridin üzərində narkotik vasitə olmasından xəbəri olmamışdır. O, narkotik vasitələrdən istifadə etməmişdir. Fərid ona heç vaxt narkotik vasitə verməmiş və ya satmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ondan öncə məhkəmə iclasında şahid qismində ifadə vermiş Şahid3 ifadəsinə oxşar, eyni məzmunlu ifadə vermişdir. Məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən Şahid4 ifadəsi elan edilmklə tədqiq edildi və müəyyən edildi ki, o, məhkəmə iclasında ifadə vermiş şahidlər Şahid3 və Şahid5 ifadəsinə oxşar, eyni məzmunlu ifadə vermişdir. Cinayət işinin 21-ci vərəqəsində olan xx.xx.2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 73-74-cü vərəqələrində olan şəxsin azad edilməsi və qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs müvəqqəti saxlama yerindən azad edilərək barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 31-32-ci vərəqəsində olan xx.xx.2023-cü il tarixli şəxsi axtarış aparılması haqqında protokola və həmin baxış zamanı qeydə alınmış video görüntülərə məhkəmə iclaasında baxış keçirilərkən müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 23:40-dan saat 23:55-dək olan müddət ərzində Sumqayıt ŞPİ-nin inzibati binasında videoçəkiliş aparılmaqla polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarışdan öncə Təqsirləndirilən şəxs hüquq və vəzifələri haqqında bildiriş verilmiş, həmçinin vəkil təqdim edilmişdir. Şəxsi axtarış zamanı üzərində qanunla qadağan olunmuş hər hansı əşya və ya predmet varsa təqdim etməsi Təqsirləndirilən şəxs təklif edilmiş, o da əyinində olan qara rəngli şalvarının sağ yan cibindən 01 ədəd kiçik torbanı təqdim etmişdir. Həmin torbaya baxış keçirilərkən içərisində 22 ədəd büküm aşkar edilmişdir. Təhqiqatçı tərəfindən bükümlərin içərisinə baxış keçirilən zaman orada narkotik vasitə olan qurudulmuş marixunaya bənzər kütlələrin olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitəni özü istifadə etmək üçün bir həftə əvvəl Saray qəsəbəsində Zamin adlı şəxsdən 180 manata əldə etdiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə təhqiqatçı tərəfindən şəxsi axtarış keçirilmiş, onun əynindəki şalvarın arxa sağ cibindən bir ədəd qəhvəyi rəngli pul qabı aşkar olunmuşdur. Pul qabının içərisindən şəxsiyyət vəsiqəsi, bir ədəd Leobank bank kartı, qeylər oln iki ədəd kağız parçası və ümumilikdə 146 manat pul aşkar olunmuşdur. Aşkar edilmiş ümumilikdə 22 ədəd büküm elektron tərəzidə ölçülən zaman ümumi çəkisinin 10 qram olması müəyyən edilmiş, həmin maddələr zərfə qoyularaq qablaşdırılmış, möhürlənmiş və iştirakçılar tərəfindən üzəri imzalanmışdır. Aşkar olunmuş 146 manat pul və iki ədəd kağız parçası Təqsirləndirilən şəxs qaytarılmış, bir ədəd bank kartı və şəxsiyyət vəsiqəsi isə iş əhəmiyyət kəsb etdiyindən təhqiqatçı tərəfindən götürülmüşdür. Pul qabının isə yaxın qohumlarına təqdim ediləcəyi bildirilmişdir. Təqsirləndirilən şəxs narkotik vasitənin özünə məxsus olduğunu, saxlanılarkən və daha sonra heç bir təsirə və ya təzyiqə məruz qalmadığını bildirmişdir. Cinayət işinin 51-52-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 12 iyul 2023-cü il tarixli, 3-16-16/2-71/1003 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 22 (iyirmi iki) ədəd kağız bükülüdə ayrı- ayrılıqda təmiz çəkiləri - 0,5 qram, 0,31 qram, 0,65 qram, 0,21 qram, 0,36 qram, 0,29 qram, 0,25 qram, 0,41 qram, 0,19 qram, 0,21 qram, 0,14 qram, 0,21 qram, 0,21 qram, 0,43 qram, 0,14 qram, 0,22 qram, 0,21 qram, 0,32 qram, 0,11 qram, 0,10 qram, 0,31 qram, 0,20 qram və ümumi təmiz çəkisi 5,98 qram olan bitki mənşəli kütlə, tərkiblərinə görə eyni olub, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Qeyd: Marixuananın təmiz çəkisi - 5,98 qram, tədqiqata sərf edildi -0,44 qram, qalıq-5,54 qram. Cinayət işinin 50-ci vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 72 (yetmiş iki) manat müəyyən edilmişdir. Cinayət işinin 85-ci vərəqəsində olan xx.xx.2023-cü il tarixli maddi sübut kimi tanınma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş və ekspertiza tədqiqatından sonra qalmış 5,54 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuna maddi sübut kimi tanınmış və saxlanılması üçün Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmişdir. Həmçinin Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilməsi barədə görüntüləri özündə əks etdirən 01 ədəd disk maddi sübut kimi tanınaraq cinayət işinin istintaq materiallarına əlavə edilmişdir. Cinayət işinin 98-99-cu vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X2 ekspert komissiyasının xx.xx.2023-cü il tarixli 4565 nömrəli rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur.Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır.Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 93-cü vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün qismən etirafı, şahidlərin ifadələri, ekspert rəyləri, şəxsi axtarış zamanı qeydə alınmış videogörüntülər və digər iş materialları ilə onun satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı əldə etmə, saxlama və daşıma cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmiş, o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs ilk dəfə məhkum edilməsini və özünü qismən təqsirli bilməsini cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, yüngülləşdirici halları, habelə cəzanın fərdiləşdirilməsi prinsipini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Ona görə də onun barəsində azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 11 iyul 2023-cü il tarixdən 13 iyul 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti azadlıqdan məhrum etmə cəzası saxlanılmalı, həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin başlanğıcı hazırki hökmün qəbul edildiyi tarixdən, yəni 16 aprel 2024-cü il tarixdən hesablanmalıdır. Həmçinin Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilərək, barəsində həbs qətimkan tədbiri seçilməli, o məhkəmə iclas zalından həbsə alınmalı, saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına göndərilməli və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslərin cəzasını ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Həmin Məcəllənin 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X2 ekspert komissiyasının xx.xx.2023-cü il tarixli 4565 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicəyə təyin olunmalı və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutlarla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq Sumqayıt ŞPİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan ekspertiza tədqiqatından sonra qalmış 5,54 qram narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə digər maddi sübut olan 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 72 (yetmiş iki) manat təqsirləndirilən şəxsdən tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş vəkilə dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2008-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara və AzərbaycanRespublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 11 iyul 2023-cü il tarixdən 13 iyul 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 16 aprel 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilərək, barəsində həbs qətimkan tədbiri seçilsin o, məhkəmə iclas zalından həbsə alınsın və saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına göndərilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Sumqayıt ŞPİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 5,54 qram narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci cəmi – 72 (yetmiş iki) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 25 saata görə 150 (yüz əlli) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunandan (həbsdə olan təqsirləndirilən şəxsə təqdim edildiyi gündən) 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Samir İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar