Məhkəmə qərarları › İş №1(060)-820/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-820/2025

19.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-820/2025 19.02.2026 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılova Günel Rza qızının sədrliyi, Əhmədli Amid Yusif oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X3, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1991-ci il tarixdə Laçın şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, X11, ev 237 ünvanında yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı əldə edərək saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda bir ədəd üzəri yapışqanlı lentlə sarılmış qara rəngli polietilen torbada təmiz çəkisi 212,622 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib daşıyaraq üzərində saxlamış, xx.xx.2025-ci il tarixdə saat 14:49-da Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, Yarmarkanın yaxınlığında yerləşən Beton zavod ərazisində Sumqayıt Şəhər Polis İdarəsinin 2-ci PB-nin əməkdaşları tərəfindən saxlanılaraq üzərinə yoxlama keçirilərkən üzərindən yerə düşmüş bir ədəd üzəri yapışqanlı lentlə sarılmış qara rəngli polietilen torbada təmiz çəkisi 212,622 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında iştirak edən Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 16 noyabr 2025-ci il tarixdə Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsində hərəkətdə olarkən üç nəfər polis əməkdaşı tərəfindən saxlanılmışdır. Bu zaman qolunda saxladığı içərisində marixuana olan sellofan torbada yerə düşmüşdür. O, həmin narkotik vasitə olan marixuananı Bakı şəhərində işləyərkən tanımadığı Yevlax sakinindən 185 manata almışdır. Həmin şəxs ona pay gəldiyini və 200 manata sata biləcəyini təklif etmiş, o da 185 manat pulunun olduğunu bildirərək həmin qiymətə almışdır. O, həmin kütləni alarkən çəkisinin nə qədər olduğunu dəqiq bilməmiş və tərəzidə çəkməmişdir. Təxminən 220 qram çəkidə olduğunu bilmişdir. Bundan başqa, narkotik vasitədən davamlı olaraq istifadə etmədiyini, son 1 il ərzində müxtəlif şəxslərdən “şüşə”, “kola”, marixuana adlanan narkotik vasitə alıb istifadə etdiyini bildirmişdir. Polis əməkdaşları tərəfindən saxlanılarkən ona heç bir təzyiq və təsir edilməmişdir. Hazırda ailəlidir, iki azyaşlı uşağı vardır. Əməlindən peşman olduğunu və barəsində amnistiya qərarının tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Eyni zamanda, barəsində amnistiya qərarının tətbiq edilməsinə dair ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 2-ci PB-nin baş əməliyyat müvəkkili, polis mayoru Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz olaraq əldə etməsi, saxlaması və gəzdirməsi barədə daxil olmuş məlumat əsasında həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı sonuncu xx.xx.2025-ci il tarixdə saat 14:49-da Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Yarmarkanın yaxınlığında yerləşən “Betonzavod” ərazisində piyada hərəkət edərkən müəyyən edilərək videoçəkiliş aparılmaqla ona yaxınlaşıb, onu saxlayıb özlərini təqdim edib, polis əməkdaşları olduqlarını bildirərkən, onun üzərindən bir ədəd sarı rəngli yapışqanla (skoçla) sarılmış qara rəngli torba yerə düşmüşdür. Həmin şəxs də özünü təqdim etmişdir. Daha sonra ona narkotik vasitələrin qəbulu və üzərində gəzdirilməsində şübhəli olduğunu bildirib, üzərinə yoxlama və götürmə aparılmamışdan əvvəl hüquq və vəzifələri, o cümlədən tutulan andan müdafiəçiyə malik olmaq hüququ izah olunmuşdur. O, Eyvazın üzərindən yerə düşmüş həmin torbanı yerdən götürüb torba ilə bağlı ondan soruşduqda, Eyvaz həmin torbanın içində narkotik vasitə olan qurudulmuş marixuana olduğunu, onu xx.xx.2025-ci il tarixdə Bakı şəhəri ərazisində olarkən tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 185 manata aldığını bildirmişdir. Həmin marixuana tərəzidə çəkilmiş və torba ilə birlikdə çəkisinin 245 qram olması müəyyən olunmuşdur. Aşkar olunaraq götürülmüş həmin 01 ədəd sarı lentlə sarılmış torba xüsusi qaydada qablaşdırılaraq möhürlənmiş, qablaşdırılmış torba Eyvaz və o, polis əməkdaşları tərəfindən imzalanmışdır. Daha sonra Eyvazın üzəri yoxlanılmış və üstündən başqa heç nə aşkar olunmamışdır. Bundan sonra, videoçəkliş dayandırılmışdır. Daha sonra müvafiq sənədləşmə aparılması üçün Eyvaz tutulduğu yerdən birbaşa Sumqayıt Şəhər Polis İdarəsinin 2-ci PB-yə gətirilmişdir. Orada xidməti otaqların birində Eyvazın üzərinə şəxsi axtarışa başlanmazdan əvvəl ona hüquq və vəzifələri barədə bildiriş və hüquqlarının müdafəsini təmin edəcək Sumqayıt Regional Vəkil Bürosunun vəkili Adil Bünyadov təqdim olunmuşdur. Eyvaz bildirişlə tanış olaraq, vəkilinə etiraz etməmişdir. Daha sonra Eyvazın üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilərək üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyanın təqdim edilməsi təklif olunmuşdur. Eyvaz üzərində heç bir qanunsuz əşya olmadığını bildirmişdir. Şəxsi axtarış zamanı onun üzərindən qanunla qadağan olunmuş heç bir əşya və ya predmet aşkar olunmamışdır. Daha sonra təhqiqatçı saxlanıldığı vaxtda və yerdə üzərində olan marixuananın polis əməkdaşları tərəfindən götürüldüyünü bildirmişdir. Bundan sonra o, təqdim etdiyi üzərində müvafiq qeydlər aparılmış 01 ədəd torbaya baxış keçirilmişdir. Həmin torba yenidən tərəzidə çəkilmiş və çəkisinin 259 qram olması müəyyən edilmişdir. Həmin marixuana yenidən qablaşdırılaraq, möhürlənmişdir. Məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş Sumqayıt Şəhər Polis İdarəsinin 2-ci PB-nin əməliyyat müvəkkili, polis baş leytenantı X6 və həmin bölmənin CA üzrə kiçik inspektoru, polis baş serjantı Şahid3 da Şahid1 ifadəsinə oxşar ifadələr vermişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və icraata qəbul edilmişdir. (i.v.1) Əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair xx.xx.2025-ci il tarixli protokola və həmin əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi zamanı qeydə alınmış video görüntüyə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddələri əldə etməsi, istifadə etməsi və üzərində gəzdirməsi barədə daxil olmuş məlumat əsasında həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı o, xx.xx.2025ci il tarixdə saat 14:49 dəqiqədə Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, Yarmarkanın yaxınlığında yerləşən “Betonzavod” ərazisində saxlanılmışdır. Təqsirləndirilən şəxs hüquq və vəzifələri, o cümlədən tutulan andan müdafiəçiyə malik olmaq hüququ izah olunmuş, saxlanılan zaman üzərindən bir ədəd qara rəngli sellofan torba üzəri skoçla bağlanmış vəziyyətdə yerə düşmüş və götürülmüşdür. Saxlanılan şəxsin paltarlarında, əşyalarında və ya bədənində narkotik vasitənin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan saxlanıldığı yerdə havanın küləkli olması səbəbindən onun üstünü həmin yerdə yoxlamaq mümkün olmadığı üçün təxminən 5 metr yaxınlıqda yerləşən istifadəsiz binanın arxa hissəsində yoxlamağa başlamışlar. Təqsirləndirilən şəxs saxlanılan zaman üzərindən yerə düşmüş qara rəngli sellofan torbanın içərisində olan kütlənin narkotik maddə olan “marixuana” olmasını bildirmişdir. Üstünü yoxlama və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən digər narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş hər-hansı bir əşya, predmet olmadığını bildirmişdir. Sonra Təqsirləndirilən şəxs üstü yoxlanılmışdır. Yoxlama zamanı onun üzərindən qanunla qadağan edilmiş hər-hansı bir əşya, predmet aşkar olunmamışdır. Təqsirləndirilən şəxs saxlanılan zaman üzərindən yerə düşmüş qara rəngli sellofan torbanın içərisində olan qurudulmuş marixuanaya bənzər kütlə elektron tərəzidə çəkilmiş və ümumi çəkisi 245 (iki yüz qırx beş) qram olmuşdur. Həmin kütlə qablaşdırılmış, iştirakçılar tərəfindən imzalanaraq götürülmüşdür. Təqsirləndirilən şəxs suallara cavab olaraq üzərindən aşkar olunmuş narkotik vasitəyə bənzər kütlənin qurudulmuş marixuana olmasını və istifadə etmək məqsədi ilə əldə etdiyini bildirmişdir. (i.v.10-11) “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə, saat 14:49 radələrində Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, Yarmarkanın yaxınlığında yerləşən “Betonzavod” ərazisində Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. (i.v.22) Təqdim olunan maddi sübutların götürülməsi haqqında xx.xx.2025-ci il tarixli qərara əsasən, Təqsirləndirilən şəxs üzərində sübut əhəmiyyəti kəsb edə biləcək saxlanılması və gəzdirilməsi qanunla qadağan edilmiş hər hansı bir əşya, predmet, eləcə də narkotik vasitə və psixotrop maddə aşkar edilərsə götürülməsi nəzərdə tutulmuşdur. (i.v. 28) Təqdim olunan əşyaların götürülməsi barədə xx.xx.2025-ci il tarixli protokola və həmin əməliyyat axtarış tədbirinin həyata keçirilməsi zamanı qeydə alınmış video görüntüyə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 16:21-dən 16:25-dək polis bölməsində xidməti otaqların birində videoçəkiliş vasitəsilə təqdim olunun əşyanın götürülməsi keçirilmiş, Təqsirləndirilən şəxs hüquq və vəzifələr barədə bildiriş və hüquqlarının müdafiəsini təmin edəcək vəkil təqdim olunmuşdur. Təqsirləndirilən şəxs ona təqdim edilmiş vəkilə hər hansı bir etirazı olmadığını hüquq və vəzifələrinin ona tam aydın olduğunu bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və müvafiq qaydada qablaşdırılmış narkotik vasitəyə bənzər kütlələri videoçəkiliş altında təqdim edilmişdir. Sorğu zaman Təqsirləndirilən şəxs təqdim olunan möhürlənmiş bağlamadakı narkotik vasitəyə bənzər kütlənin onun üzərindən aşkar edildiyini, həmin kütlənin özünə məxsus olduğunu, həmin narkotik vasitəyə bənzər kütləni şəxsi istifadəsi üçün tanımadığı şəxsdən Bakı şəhəri ərazisində 185 manata aldığını bildirmişdir. Daha sonra təhqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və müvafiq qaydada qablaşdırılmış narkotik vasitəyə bənzər kütlənin olduğu bağlamanın içində həqiqətəndə üzəri şəffaf yapışqan lentlə bağlanılmış mavi rəngli sellofan paketin içərisində bükülmüş yaşıl rəngli spesifik iyə malik narkotik vasitə olan qurudulmuş “marixuana” ya bənzər bitki kütləsinin olduğu görülmüşdür. Həmin kütlə elektron tərəzidə çəkilən zaman həmin bağlamanın çəkisinin 259 qram olduğu müəyyən edilmiş və qablaşdırılmış, DİN-nin 126 saylı möhürü ilə möhürlənmişdir. Təqsirləndirilən şəxs ona verilən suallara cavab olaraq polis əməkdaşları tərəfindən qanunsuz hərəkətlərə, qeyri-insani rəftara məruz qalmadığını, üzərindən aşkar olunmuş narkotik vasitənin özünə məxsus olduğunu bildirmişdir. (i.v.29-30) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli 20/1004 nömrəli ekspert rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs üzərindən götürülmüş narkotik vasitəyə bənzər kütlə...” sözlər və imzalar olan 01 ədəd üzəri yapışqanlı lentlə sarılmış qara rəngli polietilen torbada təmiz çəkisi 212, 622 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim edildi 212,622 qram, nümunə götürüldü 0,05 qram, 212,572 qram kütlə geri qaytarıldı. Ekspertiza tədqiqatının dəyəri 63 (altmış üç) manat məbləğində müəyyən edilmişdir. (i.v.40-43) Şəxsin təqsirləndirilən şəxs qismində cəlb edilməsi barədə xx.xx.2025-ci il tarixli qərara əsasən ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin tarixdə ona ittiham elan edilmişdir. (i.v.53-54) AZİV seriyalı 398194 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X16 oğlu xx.xx.2019-cu il tarixdə doğulmuş, atası Təqsirləndirilən şəxsdur. AZİV seriyalı 666008 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X8 xx.xx.2021-ci il tarixdə doğulmuş, atası Təqsirləndirilən şəxsdur. (i.v.64-65) Təqsirləndirilən şəxsin MSY-dən azad edilməsi və barəsində qətimkan tədbiri seçilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt ŞPİ-nin MSY-dən azad edilmiş və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. (i.v.69-70) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır. (i.v.81-82) Maddi sübut kimi tanınma haqqında xx.xx.2025-ci il tarixli qərara əsasən Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş təmiz çəkisi 212,622 qram narkotik vasitə olan qurudulmuş marixuana maddi sübut kimi tanınmış və tədqiqatdan sonra qalıq qalmış 212,572 qram qurudulmuş marixuana saxlanılması üçün Sumqayıt Şəhər Polis İdarəsinin məsul saxlanışına təhvil verilmişdir. (i.v.87) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X13 şəxsin Ambulator X2 barədə xx.xx.2025-ci il tarixli, 7253 nömrəli rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji tibbi müəssisəsində dispanser qeydiyyata alınması məsləhət görülür. (i.v.88-89) Sübutların qiymətləndirilməsi haqqında xx.xx.2025-ci il tarixli qərara əsasən iş üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham və barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri öz qüvvəsində saxlanılmış, Təqsirləndirilən şəxs üstünün yoxlanılması və təqdim olunan əşyanın götürülməsini əks etdirən 01 (bir) ədəd DVD-R formatlı disk maddi sübut kimi tanınmış və cinayət işinin materiallarında saxlanılması qərar alınmışdır. (i.v.91-96) AZ-İİ seriyalı 278081 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs X7 ilə xx.xx.2018-ci il tarixdə nikahları bağlanmış, nikahın bağlanması haqqında akt qeydləri kitabında 1468 nömrəsi ilə qeyd edilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı əldə etmə, saxlama və daşıma cinayətini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə - özünün etirafı, şahidlərin ifadələri, ekspert rəyləri, əməliyyat-axtarış tədbirinin keçirilməsi və şübhəli şəxsin üstünün yoxlanılması, həmçinin şəxsi axtarış və təqdim olunmuş əşyaya baxış keçirilməsi zamanı qeydə alınmış video görüntülər və digər iş materialları ilə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmçinin, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi və onun barəsində cinayət təqibinə xitam verilməsi üçün əsaslar yaranmışdır. Belə ki, Təqsirləndirilən şəxs evli olmaqla, himayəsində iki azyaşlı uşağının olması müəyyən edilmiş və bu səbəbdən də “Konstitusiya və Suverenlik ili” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının 1.16 və 5.1-ci bəndlərinin onun barəsində tətbiq edilməsi əsasları yaranmışdır. “Konstitusiya və Suverenlik ili” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının 1.16-cı bəndinə əsasən öhdəsində (himayəsində) yetkinlik yaşına çatmayan övladı, yaxud orqanizmin funksiyalarının 61–100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş övladı olan şəxslər, o cümlədən bu Qərar qüvvəyə mindiyi günədək atalığı, övladlığa götürməsi, qəyyumluğu və himayəçiliyi qanunvericilikdə nəzərdə tutulmuş qaydada müəyyən olunmuş şəxslər təyin edilmiş cəzanın müddətindən asılı olmayaraq, müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasından azad edilsinlər (bu Qərarın 6-cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla). Həmin Qərarın 6-cı bəndinə əsasən “Amnistiya aktlarının tətbiqinin məhdudlaşdırılması haqqında” Azərbaycan Respublikasının 1994-cü il 24 fevral tarixli 793 nömrəli Qanununda nəzərdə tutulmuş şəxslər barəsində amnistiya tətbiq edilmir. Həmin Qərarın 6-cı və 7-ci bəndlərində amnistiyanın tətbiqinə məhdudiyyətlər nəzərdə tutulmuşdur ki, Təqsirləndirilən şəxs əməli həmin məhdudiyyətlərin tətbiqi dairəsinə düşmür. Həmin Qərarın 5.1-ci bəndinə əsasən məhkəmələr icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1–1.16-cı bəndlərində nəzərdə tutulan şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarırlar. (bu Qərarın 6-cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla). Həmin Qərarın 24-cü bəndinə əsasən birinci instansiya məhkəmələrinin icraatında olan, bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə amnistiyanın tətbiqi məsələlərinə baxılarkən cinayət təqibinə xitam verilməsinə müdafiə tərəfinin razılığı olduqda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.3-cü maddəsinə əsasən cinayət təqibinə xitam verilməsi haqqında qərar qəbul edilir, amnistiya tətbiq edilməklə cinayət təqibinə xitam verilməsinə müdafiə tərəfinin razılığı olmadıqda Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 44.2-ci maddəsinə əsasən şəxsə təyin edilmiş cəzadan onu azad etməklə ittiham hökmü çıxarılır. Azərbaycan Respublikası CPM-in 39.1.12-ci maddəsinə əsasən amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Həmin Məcəllənin 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Beləliklə, məhkəmə “Konstitusiya və Suverenlik ili” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının 1.16-cı bəndinə uğun olaraq Təqsirləndirilən şəxs himayəsində yetkinlik yaşına çatmayan uşaqlarının olmasını, həmin qərarın 6-cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlərin onun barəsində müəyyən edilməməsini və cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsinə müdafiə tərəfinin razılığının olmasını nəzərə alaraq hesab edir ki, qeyd edilən Amnistiya Qərarının 1.16 və 5.1-ci bəndlərinə əsasən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə olan cinayət təqibinə xitam verilərək o, cinayət məsuliyyətindən azad edilməli və barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika X5 X2 ekspert komissiyasının xx.xx.2025-ci il tarixli, 7253 nömrəli rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs ərazi narkoloji tibb müəssisəsində dispanser qeydiyyata alınmalıdır. Maddi sübutlarla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq Sumqayıt ŞPİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan ekspertiza tədqiqatından sonra qalmış 212,572 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə digər maddi sübut olan 01 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının cəmi xərci 63 (altmış üç) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə, həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin dövlət hesabına hüquqlarını müdafiə etmiş X3 məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 18 saata görə 198 (bir yüz doxsan səkkiz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 nömrəli qərarına (həmin qərara xx.xx.2025-ci il tarixli 141 nömrəli qərarı ilə edilmiş dəyişikliklərə əsasən) 11 (on bir) manat miqdarında müəyyən edilmişdir. İş üzrə xüsusi müsadirə edilməli əmlak və mülki iddia yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39, 43, 356, 381 və 383-384-cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: “Konstitusiya və Suverenlik ili” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının 1.16 və 5.1ci bəndlərinə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs ərazi narkoloji tibb müəssisəsində dispanser qeydiyyata alınsın. Sumqayıt Şəhər Polis İdarəsinin maddi sübutların saxlama kamerasında saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 212,572 qram narkotik vasitə olan qurudulmuş marixuana qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci cəmi – 63 (altmış üç) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X4, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxsə göstərilmiş hüquqi xidmətə görə Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X3 məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 18 saata görə 198 (bir yüz doxsan səkkiz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə xüsusi müsadirə edilməli əmlak və mülki iddianın olmaması nəzərə alınsın. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Günel İsmayılova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar