Məhkəmə qərarları › İş №1(060)-821/2023

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-821/2023

24.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-821/2023 24.10.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1973-cü il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsində yerləşən fərdi evdə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda psixatrop maddə olan metamfetamini əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan vaxtda və mənbədən öz istifadəsi üçün şəxsi istehlak miqdarından artıq miqdarda 01 ədəd siqaret kağızı bükümündə təmiz çəkisi 0,241 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət kustar üsulla hazırlanmış psixotrop maddə metafetamin əldə edib üzərində saxlayaraq daşımış və Sumqayıt ŞPİ-nin 3-cü PB-nin əməkdaşları tərəfindən 18 avqust 2023-cü il tarixdə, saat 19:25 dəqiqədə keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Sumqayıt şəhəri, 11-ci mikrorayon, Babək prospektində yerləşən “Səməd” marketin qarşısında piyada olarkən saxlanılaraq həmin bölmənin inzibati binasına gətirilmiş, üzərinə şəxsi axtarış keçirilərkən həmin çəkidə və bükümdə olan psixotrop maddə metafetamin əynindəki şalvarın sağ yan kiçik cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, narkotik vasitə və psixotrop maddə alüdəçisi olmuşdur. Ağrılarına görə narkotik vasitə heroindən və psixotrop maddə metafetamindən uzun müddət istifadə etmişdir. Narkotik vasitə və psixotrop maddəni Sumqayıt şəhərində tanımadığı şəxslərdən əldə etmişdir. Belə ki, son olaraq 18 avqust 2023-cü il tarixdə, saat 12 radələrində şəxsi işləri ilə əlaqədar olaraq Sumqayıt şəhəri, Yaşıldərə bağlar massivi ərazisində olarkən şəxsiyyəti barədə narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmasından başqa məlumatı olmayan şəxslə qarşılaşmışdır. Həmin şəxsə istifadəsi üçün ona narkotik vasitə və ya psixotrop maddə satmasını istəmiş, həmin şəxs üzərində “patı”, yəni psixotrop maddə metafetamin olduğunu demiş və aralarındakı razılıq əsasında həmin şəxsdən 5 manata 01 ədəd siqaret kağızı bükümündə psixotrop maddə metafetamin alaraq əynindəki şalvarın sağ yan kiçik cibinə qoyub oradan uzaqlaşmışdır. Əldə etdiyi psixotrop maddə metafetamindən istifadə etməmişdir. Belə ki, həmin tarixdə, yəni 18 avqust 2023-cü il tarixdə, saat 19 radələrində Sumqayıt şəhəri, 11-ci mikrorayon ərazisində olarkən bədənində ağrılar başlamış və əldə etdiyi psixotrop maddədən istifadə etmək istəmişdir. Həmin ərazidə, Babək prospektində yerləşən “Səməd” marketin qarşısında narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə etdiyini bildiyi X1 görüb onun da üzərində narkotik vasitə və ya psixotrop maddə ola biləcəyini və birlikdə istifadə edə biləcəklərini fikirləşib “Səməd” marketin qarşısında Bəxtiyar Mahmudova yaxınlaşıb salamlaşaraq hal-əhval tutduğu zaman mülki geyimdə olan şəxslər onlara yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirməklə barələrində narkotik vasitə əldə edib üzərlərində saxlamaları, narkotik vasitələrdən istifadə etmələri ilə bağlı şübhələr olduğunu deyib, Sumqayıt ŞPİ-nin 3-cü PB-nin inzibati binasına dəvət etmişdirlər. Onlar qarşılıq vermədən polis əməkdaşları ilə birlikdə polis bölməsinin inzibati binasına gəlmişlər. Polis əməkdaşları tərəfindən saxlanıldıqda əynindəki şalvarın sağ yan kiçik cibində saxladığı psixotrop maddə metafetamini özündən kənara atmağa fürsət tapa bilməmişdir. Polis bölməsinin inzibati binasının xidməti otaqlarının birində ona hüquq və vəzifələri izah olunmuş və ona dövlət hesabına vəkil təyin olunmuşdur. Daha sonra videoçəkiliş vasitəsi ilə üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı ona üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmet vardırsa təqdim etməsi təklif olunmuş və o, əynindəki şalvarın sağ yan kiçik cibindən 01 ədəd siqaret kağızı bükümü, şalvarının sol yan cibindən ona məxsus “Nokia” markalı mobil telefonu və şalvarının sol yan cibindən 01 ədəd bir manatlıq əskinas çıxardıb təqdim etmişdir. Təqdim etdiyi siqaret bükümünün içində “patı”, yəni psixotrop maddə metafetamin olduğunu demişdir. Siqaret kağızı bükümünün içinə təhqiqatçı baxıb özü həmin kütləni aşkar etmişdir. Bundan sonra üzərinə keçirilən şəxsi axtarış zamanı başqa cinayət xarakterli əşya, predmet və sair aşkar olunmamış və götürülməmişdir. Həmçinin aşkar olunaraq götürülmüş 01 ədəd siqaret kağızı bükümündə psixotrop maddə metafetamin kütləsi elektron tərəzidə çəkilmiş və çəkisinin 0,34 qram olduğu müəyyən edilmişdir. Həmin kütlə ekspertizaya təqdim olunması üçün qablaşdırılaraq möhürlənib imzalanmışdır. Təqdim etdiyi mobil telefon araşdırma üzrə əhəmiyyət kəsb etdiyindən götürülmüş, 01 ədəd bir manatlıq əskinas isə ona geri qaytarılmışdır. Üzərindən aşkar edilərək götürülmüş psixotrop maddə metafetamin ona məxsusdur, ağrılarına görə öz şəxsi istifadəsi üçün tanımadığı şəxsdən qanunsuz olaraq əldə etmişdir. O, narkotik vasitələrin və psixotrop maddələrin istifadəçisi olmuşdur, satışı ilə məşğul olmamışdır. Ona polis əməkdaşları tərəfindən nə fiziki, nə də ki, psixi zor tətbiq edilməmişdir. Daha sonra özünü təqsirli bilməsini nəzərə alaraq yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, şahid ifadələri, ekspertiza rəyləri, DVD diskdə olan videogörüntülər və iş materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt Şəhər Polis İdarəsinin 3-cü PB-nin baş əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərmişdir ki, Sumqayıt Şəhər Polis İdarəsinin 3-cü PB-ə Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etməsi, üzərində saxlayıb, daşımasında şübhəli olması barədə əməliyyat məlumatları daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatları icra olunmasından ötrü bölmə rəhbərliyinə raportla məruzə edilərək əməliyyat-axtarış tədbirlərinin keçirilməsi xahiş edilmişdir. Rəhbərlik tərəfindən Təqsirləndirilən şəxs cinayət əməllərinin ifşa edilməsi üçün əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə razılıq verilərək əməliyyat qrupu yaradılmışdır. 18 avqust 2023-cü il tarixdə, saat 19:25 dəqiqədə Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, 11-ci mikrorayon, Babək prospektində yerləşən "Səməd” marketin qarşısında narkotik vasitələrdən, psixotrop maddələrdən istifadə etmə, üzərində saxlamaqla daşımasında şübhələr olan digər şəxs, X3 ilə birlikdə piyada olduğunu görüb onlara yaxınlaşaraq özlərini təqdim etmişlər. Onlara barələrində narkotik vasitələrdən istifadə etmələri, üzərlərində saxlayıb daşımalarında şübhələr olduğundan üzərlərinə şəxsi axtarış keçirilməli olduğunu bildirib Sumqayıt ŞPİ-nin 3-cü PB-nin inzibati binasına dəvət etmişlər. Polis bölməsinin inzibati binasındakı xidməti otaqların birində Təqsirləndirilən şəxs və Bəxtiyar Mahmudov ayrı-ayrılıqda qəbul edilmişdirlər. Belə ki, Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edildikdən sonra, ona təqdim edilmiş müdafiəçinin iştirakı ilə videoçəkiliş vasitəsilə üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya və predmet varsa təqdim etməyi təklif olunmuşdur. O da əynindəki şalvarın sağ yan kiçik cibindən 01 ədəd siqaret kağızı bükümü, şalvarın sol yan cibindən 01 ədəd “Nokia” markalı mobil telefon və şalvarın sağ yan cibindən 01 ədəd bir manatlıq əskinas təqdim etmişdir. Təqsirləndirilən şəxs siqaret kağızı bükümünün içində "patı" olduğunu demişdir. Siqaret kağızı bükümünün içinə təhqiqatçı tərəfindən baxıldıqda psixotrop maddə metafetaminə bənzər kütlə aşkar olunmuşdur. Kütlə bükümü ilə birlikdə elektron tərəzidə çəkilərək çəkisi 0,34 qram olmuş, həmin kütlə ekspertizaya təqdim olunmasından ötrü zərf qoyularaq möhürlənib imzalanmışdır. Həmçinin şəxsi axtarış keçirilərkən Təqsirləndirilən şəxs şifahi sorğu zamanı aşkar olunaraq götürülmüş kütlənin ona məxsus olduğunu, şəxsi istifadəsi üçün tanımadığı şəxsdən 05 manata aldığını, ona qarşı polis əməkdaşları tərəfindən heç bir zorakılıq edilmədiyini bildirmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə etməsi barədə əməliyyat məlumatları əldə olunsa da, onun narkotik vasitətələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olması, həmçinin üzərində aşkar olunmuş psixotrop maddə metafetamini haradan və ya kimdən əldə etməsi barədə əməliyyat aparatına hər hansı bir məlumat daxil olmamışdır. Məhkəməyədək icraat dövründə şahid qismində ifadə vermiş, məhkəmə iclasında iştiak etməyənb şahid Sumqayıt Şəhər Polis İdarəsinin 3-cü PB-nin baş əməliyyat müvəkkili Şahid1 ifadəsi elan edilməklə tədqiq edildi və müəyyən edildi ki, o məhkəmə iclasında qismində ifadə vermiş Şahid2 ilə oxşar, eyni məzmunlu ifadə verərək bildirmişdir ki, həqiqətəndə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki şalvarın sağ yan kiçik cibindən 01 ədəd siqaret kağızı bükümü çıxararaq təqdim etmiş və bükümün içərisində metamfetamin olduğunu bildirmişdir. Cinayət işinin 19-cu vərəqində olan xx.xx.2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə tutulmuşdur. Cinayət işinin 72-74-cü vərəqələrində olan Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2023cü il tarixdən hesablanmaqla 03 (üç) ay müddətində həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinə əlavə edilmiş Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş olan həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Cinayət işinin 37-41-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 3-16-16/1-6/4444 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “... Təqsirləndirilən şəxs üzərindən...” sözləri, imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi-0,241 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metafetamindir. Qeyd: Metamfetaminin təmiz çəkisi 0,241 qram olmuş, tədqiqata 0,050 qram sərf edilmiş, 0,191 qram qalıq qalmışdır. Cinayət işinin 38-ci vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 81 (səksən bir) manat müəyyən edilmişdir. Cinayət işinin 122-127-ci vərəqələrində olan xx.xx.2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,191 qram çəkidə psixotrop maddə olan metamfetamin maddi sübut kimi tanınmış və saxlanılması üçün Sumqayıt ŞPİ-nin maddi sübutların saxlama kamerasına təhvil verilmiş, həmçinin Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürülmə keçirilməsi barədə görüntüləri özündə əks etdirən 01 ədəd DVD disk sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işinin 105-106-cı vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X2 ekspert komissiyasının xx.xx.2023-cü il tarixli, 5411 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan aslılıq sindiromu (narkomaniya xəstəliyi) aşkar olunur. Təqsirləndirilən şəxs İİ dərəcəli əlil olması ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 112-115-ci vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs sonuncu, yəni 6-cı dəfə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və xx.xx.2023-cü il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Cinayət işinin 116-118-ci vərəqələrində olan Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş və cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsinə hökm edilmişdir. Cinayət işinin 26-27-ci vərəqələrində olan şəxsi axtarışın keçirilməsi barədə xx.xx.2023-cü il tarixli protokol tədqiq edilərkən, həmçinin 28-ci vərəqəsinə əlavə edilmiş DVD diskə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, şəxsi axtarış Sumqayıt ŞPİ-nin 3-cü PB-nin inzibati binasında xidməti otaqların birində polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə keçirilmiş, şəxsi axtarış aparılan zaman Təqsirləndirilən şəxs əynində olan şaların sağ yan kiçik cibindən 01 ədəd siqaret kağızı bükümü, şalvarın sol yan cibindən 01 ədəd “Nokia” markalı telefon və şalvarın sağ yan cibindən 01 ədəd bir manatlıq əskinas çıxardaraq təqdim etmişdir. Təqsirləndirilən şəxs siqaret kağızı bükümünün içində “patı” olduğunu demiş, kütlə bükümü ilə birlikdə elektron tərəzidə çəkilərək çəkisinin 0,34 qram olmuş, həmin kütlə ekspertizaya təqdim olunmasından ötrü zərf qoyularaq möhürlənib imzalanmış, 01 ədəd mobil telefonun götürülmüş, 01 ədəd bir manatlıq əskinasın Təqsirləndirilən şəxs geri qaytarılmışdır. Həmçinin şəxsi axtarış keçirilərkən Təqsirləndirilən şəxs şifahi sorğu zamanı aşkar olunaraq götürülmüş kütlələrin ona məxsus olduğunu, şəxsi istifadəsi üçün tanımadığı şəxsdən 05 manata Sumqayıt şəhəri, Yaşıldərə bağlar massivində aldığını, satışı ilə məşğul olmadığını, saxlanılarkən yanında tanışı Bəxtiyarın olduğunu, ona qarşı polis əməkdaşları tərəfindən heç bir zorakılıq edilmədiyini bildirmişdir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün, məhkəməyədək və məhkəmə istintaq dövründə şahid qismində dindirilmiş şəxslərin ifadələri, ekspert rəyləri, DVD diskdə olan videogörüntülər və digər iş materialları ilə onun satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan metamfetamini əldə etmə, saxlama və daşıma cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvələr azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün-ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs özünü təqsirli bilməsini cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi yaranmışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində-onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluğu olmayan hesab edilir. Belə ki, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə və xx.xx.2023-cü il tarixdə cəzasının sonu ilə cəzadan azad olunmasına baxmayaraq iki il keçmədən, yəni xx.xx.2023-cü il tarixdə yenidən qəsdən az ağır cinayət törətmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Məhkəmə həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin olmasını cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, ağırlaşdırıcı və yüngülləşdirici halları, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, şəxsin əvvəllər məhkum olunmasına baxmayaraq islah olunmamasını təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli və həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs azadlığı faktiki olaraq xx.xx.2023-cü il tarixdən məhdudlaşdırıldığından, sonuncunun cəzaçəkmə müddətinin əvvəli də həmin vaxtdan hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bundan başqa, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Həmçinin məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X2 ekspert komissiyasının xx.xx.2023-cü il tarixli, 5411 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs İİ dərəcəli əlil olması ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyil və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutlarla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq Sumqayıt ŞPİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan ekspertiza tədqiqatından sonra qalmış 0,191 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə digər maddi sübut olan 01 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 81 (səksən bir) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2008-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara və AzərbaycanRespublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 18 avqust 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut Sumqayıt ŞPİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan ekspertiza tədqiqatından sonra qalmış 0,191 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci cəmi – 81 (səksən bir) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X4, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 10 saata görə 60 (altmış) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunandan (həbsdə olan təqsirləndirilən şəxsə təqdim edildiyi gündən) 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.. Hakim: Samir İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar