Məhkəmə qərarları › İş №1(060)-822/2022

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-822/2022

10.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-822/2022 10.11.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Azər İbrahim oğlunun sədrliyi, Məhkəmə iclas katibi Rəhimov Səbuhi Fərəc oğlunun katibliyi ilə, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs-Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs, Müdafiəçi-Sumqayıt 1 Saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1994-cü ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, məhkum olunmamış, Sumqayıt şəhəri 11-ci mkr, ev-32, mən-38 ünvanında qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materiallarına açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə, saat 18:30 radələrində yaşadığı Sumqayıt şəhəri 11-ci mikrorayonda yerləşən 32 nömrəli evin, 38 nömrəli mənzilində şəxsi münasibətlər zəmnində aralarında baş vermiş mübahisə zamanı əlləri ilə onunla bir mənzildə yaşayan həyat yoldaşı Zərərçəkmiş şəxs yumruqla və şillə ilə başına vurub, Zərərçəkmiş şəxs sol alın gicgah nahiyəsinin şişkinliyi-hemotomiyası, alnın sağ yarsının və sol bazunun qançırı ilə müşayət olunan dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa “yüngül” zərərvurmaya aid bədən xəsarəti yetirmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə özünü təqsirli bilərək göstərdi ki, həyat yoldaşı Arzu ilə daha əvvəl də aralarında mübahisələr olmuşdur. Sonuncu dəfə, xx.xx.2022 ci il tarixdə, saat 18:30 radələrində həyətdə olan zaman dəhlizdən Arzunun səsini eşitmiş və evə qalxan zaman həyat yoldaşı Arzunun dəhlizdə uca səslə anası Gözəl ilə mübahisə etdiyini görmüşdür. O, Arzunu evə salmış və aralarında mübahisə baş vermişdir. Arzu onunla kobud rəftar etdiyi üçün əsəbləşib onun başına şillə ilə iki dəfə vurmuşdutr. Lakin o, Arzunu yerə yıxıb təpiklə vurmamışdır. Münaqişə təxminən 5 dəqiqə davam etmişdir. Hazırda zərərçəkmiş şəxslə barışmışdır. İş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs məhkəməyə təqdim etdiyi ərizəsində də göstərmişdir ki, həyat yoldaşı ilə barışmışdır. Özünü təqsirli bilir. Cinayət işi üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmədə Zərərçəkmiş şəxs göstərdi ki, xx.xx.2022-ci il tarixdə, saat 18:00 radələrində qaynanası Gözəl işdən evə gəlmiş və evin qapısını döyəndə övladının paltarını geyindirdiyi üçün qapını bir neçə dəqiqə gec açmış, qapını açan kimi qaynanası onun üstünə qışqırmış və onunla sözlü mübahisə yaratmışdır. O, uşaqlarını götürüb həyətə düşmək istədikdə dəhlizdə həyat yoldaşı Təqsirləndirilən şəxs onu görmüş və geri evə qaytarmışdır. Sonra onu yataq otağına aparmış, orada onun başına yumruqla vurmuş, sonra təpiklə yerə yıxıb başına təpiklə vurmuşdur. Münaqişə təxminən 5 dəqiqə davam etmişdir. Hal-hazırda təqsirləndirilən şəxslə barışmışdır. Təqsirləndirilən şəxsə qarşı şikayəti və tələbi yoxdur. İş üzrə icraata xitam verilməsini xahiş edir. Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizəsində də göstərmişdir ki, həyat yoldaşı ilə barışmışdır. Ona qarşı şikayəti və tələbi yoxdur. Onun barəsində olan işə xitam verilməsini xahiş edir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MTE və PAB X2 xx.xx.2022-ci il tarixli, 1582 saylı ekspert rəyi ilə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs bədəni üzərində məhkəmə tibbi ekspertizası müayinəsi zamanı sol alın gicgah nahiyəsinin şişkinliyi-hemotomiyası, alnın sağ yarısının və sol bazunun qançırı aşkar edilmişdir və həmin xəsarətlər küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində xx.xx.2022-ci il tarixdə və şəraitdə yəni əl ilə sıxılma və yumruq zərbəsi təsirindən əmələ gəlmişdir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa “YÜNGÜL” zərərvurmaya aiddir. İş materiallarında olan DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Beləliklə, Təqsirləndirilən şəxs verilmiş ittiham üzrə təqsiri iş üzrə toplanmış və tədqiq edilmiş sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəllənin 73.2-ci maddəsinə görə, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.8-ci maddəsinə əsasən zərərçəkmiş şəxsin şikayəti olmadıqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6- 39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsin təqsirini etiraf etməsini, əməlindən səmimi peşmançılıq çəkməsini, zərərçəkmiş şəxsin onunla barışmasını, zərərçəkmiş şəxsin və təqsirləndirilən şəxsin hər ikisinin barışdıqları üçün işin icraatına xitam verilməsi barədə ərizələrini nəzərə alaraq belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 3 (üç) iş saatı məsrəf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 18 (on səkkiz) manat məbləğində pul ödənilməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40, 43.3, 321, 346-347, 356 və 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilsin və iş üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından 18 (on səkkiz) manat pul Müdafiəçi vəkil işlədiyi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. HAKİM Azər İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar