Məhkəmə qərarları › İş №1(060)-822/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-822/2025

25.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-822/2025 25.02.2026 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Rafiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əkbərli Nicat Mais oğlunun katibliyi ilə, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, Zərərçəkmiş şəxs - Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs və onun müdafiəçisi Qanunçuluq Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1978-ci ildə Sumqayıt şəhərində anadan olmuş. Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan barəsində "başqa yerə getməmək haqqında iltizam" seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin materiallarına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 10 radələrində ünvan 3 ünvanında əvvəlcədən aralarında ev bölgüsü ilə bağlı olan zidiyyətlə əlaqədar yaranmış mübahisə zamanı bacısı Zərərçəkmiş şəxs qəsdən sol qol nahiyyəsindən əli ilə sıxıb yumruq zərbəsi ilə vuraraq ona sol bazunun orta və yuxarı 1/3-nin bayır səthinin dərialtı hematoması kimi dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Hazırkı cinayət işi üzrə məhkəmənin əsaslandığı sübutlar aşağıdakılardır: Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə ona elan edilmiş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, hadisə 30 may tarixində baş vermişdir. Həmçinin bundan əvvəldə bir neçə dəfə zərərçəkmiş şəxs ilə aralarında mübahisə olmuşdur. Onun yaşadığı ev, həyət evidir. Atası öldükdən sonra evdə o yaşayır. Digər şəxslərin hamısı evdən çıxıblar. Evin ayrı-ayrı iki dənə qapısı var. O, yoldaşı və qızı həmin evdə yaşayır. Orada iki ev var, biri atası tərəfindən 1959-da tarixdə, digər isə 1989da tarixdə qardaşı Natiq tərəfindən tikilib. Həmin evlər səkkiz sot torpağın içərisindədir.Torpaq sahəsi valideynləri tərəfindən iki yerə bölünüb. Valideynlərinin qanuni varis odur. O, evin kilidini dəyişmişdir. Buna səbəb Natiqin ətrafada əxlaqsız söyüşlər söyməsi, uyğunsuz geyim ilə gəzməsidir. Aralarında olan mübahisə isə onun övladının olmaması və bacanağının övladını himayə götürməsi ilə bağlıdır. Hadisə baş verən günü böyük bacısı Rəna evinə gələrək niyə görə qapının kilidini dəyişdiyimi soruşmuş və o, cavab olaraq bildirmişdir ki, yaxşı eləyib kilidi dəyişmişdir. Belə ki, Natiq uyğunsuz geyimlə ətrafda gəzir və himayəsində qızı var ona görə qorxur. Daha sonra Natiq və onun ardınca Cəmilə evə gəldi. Həmçinin qeyd edir ki, Natiqin onu döyməsi ilə bağlı sonuncuyu məhkəməyə vermiş və məhkəmənin müvafiq qərarı ilə 400 manat miqdarında cərimə edilmişdir. Qarşı tərəf ilə aramızda barışıq yoxdur, o, barışmaq istəsə də, zərərçəkmiş şəxs istəmir. Cəmilə hadisə baş verən günü evinə gələrək onun evdən çıxmasını istəmişdir. Cəmiləyə qanuni vərəsə olduğunu, mülkiyyətin ona məxsus olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, onu itələyərək evindən çıxartmışlar. Qeyd etdiklərini edənlər Natiq, Rəna və Cəmilədir. O, özünü müdafiə etmək üçün zərərçəkmiş şəxsi itələmiş, sonuncunu özündən uzaqlaşdırmağa çalışmışdır. Hadisə evində baş vermişdir. Təqsirləndirilən şəxs məhkəməyə müdafiəçisi tərərfindən təqdim edilmiş xx.xx.2026-cı il tarixli ərizədə qeyd edilənləri təsdiq edərək bildirmişdir ki, barəsində “Konstitusiya və Suverenlik ili” münasibətilə elan edilmiş amnistiya aktının tətbiq edilməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Aydının verdiyi ifadələr hamısı yalandır. Aydın orada yaşayır. Həmin yer ata mülküdür. Xəstə anası və xəstə qardaşına o və digər 2 bacısı baxmışdır. O, evin 2 otağında anası, digər 2 otağında isə qardaşı Aydın və ailəsi yaşamışdır. Ev anası tərəfindən ortadan hörülüb ayrılmışdır. Həmin mənzilə hər kəs fərqli qapıdan daxil olur. Hazırda aralarında mülk məsələsinə görə məhkəmə mübahisəsi gedir. O, evə gəldiyi zaman Aydının anasının hördüyü divarı dağıtdığını müşahidə etmişdir. Buna görə aralarında mübahisə yaranmışdır. O, öz övladına məxsus əşyaları həmin evdə anasına aid otaqlara yerləşdirmişdir. Anası öldükdən sonra evin açarı onlarda qalmışdır. O, evdə divarın, əşyaların və cihazların dağıldığını görmüşdür. Bunun səbəbini Aydından soruşduqda sonuncu ona evin ona məxsus olduğunu və yaxşı elədiyini bildirmişdir. Aydın orada əli ilə onun üz nahiyyəsinə vurmuşdur. Bundan sonra DİN-nin 102 qaynar xəttinə zəng edərək məlumat vermiş, polis əməkdaşları evə gəldikdən sonra onlar da evin dağıldığını bildirərək, oradakıları sakitləşdirib getdilər. Həmin zaman vəfat etmiş valideynlərinin xatirinə Aydından şikayət etməmiş və ekspertizaya gedib müayinə olunmamışdır. Hadisə baş verən günü, yəni ayın 30-u bacısı həmin evə gedərək qapını açmağa çalışmış, lakin qapının kilidinin dəyişdirildiyini aşkar etmişdir. Aydından bunun səbəbini soruşanda, sonuncu bacısını itələyib yerə yıxmışdır. O, özünü təxminən 5-10 dəqiqəyə oraya çatdırmışdır. Aydından ona bunları etməyə kimin ixtiyar verdiyini soruşduqda, sonuncu yaxşı elədiyini bildirərək onun sol qolundan bir neçə dəfə zərbə vurmuşdur. O isə həmin zaman başını qorumağa çalışmışdır. Hadisə evdə baş vermiş və həmin zaman orada bacısı və qardaşı olmuşdur. Daha sonra DİN-nin 102 qaynar xəttinə zəng edərək məlumat vermişdir. Onları aparıb izahatlarını almışlar və onu ekspertizaya aparmışlar. Məhkəmədən ədalətli qərar çıxarılmasını xahiş edir. Zərərçəkmiş şəxs məhkəmə iclasında ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, Aydın onun qol nahiyyəsindən təxminən 10-20 dəfə yumruqla vurmuşdur. Hadisə ayın 30-u səhər saat 10-a qalmış baş vermişdir. Bacısı və qardaşı onu Aydından ayırmağa çalışmışlar. Aydın onu vurub yıxmışdır. Bədəni göyərmiş və o bu barədə polisə şikayət etmişdir. Mübahisə zamanı Aydının yoldaşına toxunmamışam. O, Aydının yoldaşının videoçəkiliş etməsini görmüşdür. İlkin olaraq hadisə yerinə bacısı gəlmiş, təxminən 5 dəqiqə sonra o gəlmişdir. Hadisə qapını açıb, içəri daxil olmaq istəyənda baş vermişdir. Belə ki, o, içəri daxil olmuş, Aydın onu itələyib evdən çıxarmağa çalışmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, hadisə zamanı onun özü xəsarət almış, lakin bu barədə şikayət etməmişdir. O, hadisə baş verən ünvandan bir məhəllə uzaqda yaşayır. Anasının evinə gəlib qapını açmaq istədiyi zaman ona məlum olmuşdur ki, qapının açarı dəyişdirilmiş, bu səbəbdən aça bilməmişdir. O, Aydına səsini ucaldaraq niyə görə açarı dəyişdirdiyini soruşmuşdur. Aydın ona yaxşı elədiyini, evin özünə məxsus olduğundan açarı dəyişdirdiyini bildirdirmişdir. Həmin zaman onu itələmiş və nəticə də o, yerə yıxılmışdır. Bacısı Cəmilə 10 nömrəli avtobusla evə gəlmiş və Aydınla mübahisə etməyə başlamışdır. Şahid1 məhkəmə iclasında ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, Aydın Cəmilənin qol nahiyyəsindən vurmuşdur. Hadisə baş verən günü evə ilk dəfə o gəlmişdir, daha sonra Cəmilə gəlmişdir. Aydın qapını açdıqdan sonra onu yerə yıxmışdır. Aydın mübahisə zamanı Cəmilənin evin içərisinə daxil olmasına icazə vermirdi. Cəmilənin döyülməsinə şahid olmuşam. Hadisə zamanı Aydının yoldaşı vurulmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, hadisə baş verən günü evində olmuş, nəvəsi ağlayaraq gəlib bibisinin döyüldüyü bildirmişdir. Pəncərəni açmış və səs-küy gəldiyini eşitmişdir. Ora getdiyi zaman Cəmilənin döyüldüyünü, Rənanın isə yerə yıxılmış vəziyyətdə olduğunu müşahidə etmişdir. O, Rənanın yerdən qaldırmağa çalışsa da buna gücü çatmamışdır. Şahid3 məhkəmə iclasında ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, Aydın əli ilə yumruqla Cəmilənin qol və baş nahiyyəsindən vururdu. O, Cəmilənin döyülmə anında hadisə baş verən evə gəlmişdir. O, istintaq zamanı Cəmilə ilə birlikdə evə gəldiyini deməmişəm, daha sonra hadisənin bu formada baş verdiyini eşitmişdir. O, ilkin olaraq Cəmilə ilə Aydını ayırmağa çalışmış, ancaq buna gücü çatmadığından Rənaya kömək etmişdir. Cəmilə Aydının yoldaşını vurmamışdır. Cəmilə zərbələr dəyməməsi, özünü müdafiə etmək məqsədi ilə Aydını iyələyib özündən kənarlaşdırmağa çalışırdı. Hadisə baş verən zaman Cəmilə həm əli ilə üzünü qorumağa, həm də Aydını kənarlaşdırmağa çalışırdı. Hadisə evin içərisində baş verirdi. Mübahisə zamanı Cəmilə heç kəsi vurmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, hadisə baş verən zaman evdə televizora baxırdı. Qız nəvəsi həyəcanla evə gələrək ağlamalı halda bibisini döydüklərini bildirmişdir. O, həmin evə gedəndə böyük bacısının yerdə oturduğunu, Aydının var gücü ilə Cəmilənin üzərinə hücum edib, döydüyünü görmüşdür. İnsan öz bacısına qarşı belə hərəkət etməməlidir. Hətta o, belə qardaşından qorxur. Şahid2 məhkəmə iclasında ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, Aydın əli ilə Cəmilənin qol və ayaq nahiyyəsindən vurmuşdur. Əsasən zərbələr Cəmilənin qol nahiyyəsinə yetirirdi. Həmin zaman Rəna yerə yıxılmışdı. Aydın təpiklə Cəmilənin qoluna vururdu. Cəmilə Aydının yoldaşını vurmamışdır. O, qeyd olunan hadisə baş verən zaman evdə olmuş, sonra hadisə yerinə gəlmişdir. Hadisə yerinə yoldaşı ilə birlikdə getmişdir. O, səs-küy eşidib həmin yerə gedəndə bacısının döyüldüyün görmüşdür. Hadisə təxminən 5- 6 dəqiqə davam etmişdir. O, təxminən 10-20 saniyə ərzində hadisə yerinə gəlmişdir. Buna baxmayaraq bütün hadisənin ümumi olaraq neçə dəqiqə davam etdiyini xatırlamır. Hadisədən sonra Cəmilənin zəngi ilə polislər evə gəlmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində göstərmişdir ki, mübahisənin baş verdiyi evin 2 girişi var. Hazırda həmin evlə bağlı vərəsəliklə bağlı mübahisə mövcuddur. Qayınanası evin özünə aid hissəsini yoldaşı aydına bağışlamışdır. Aydın qapının kilidini dəyişdirmişdir. Evdə baş verənlərin videogörüntülərini o, lentə almışdır. Rəna evə gələrək qapını döymüş və Aydın qapını açmışdır. Rəna qapının kilidinin niyə görə dəyişdirildiyini soruşmuş, Aydın isə yaxşı elədiyini bildirmişdir. Rəna Natiqi çağırıb, birlikdə Aydını və onu döymüşlər. Aydın Cəmiləni vurmamışdır. Şahid X2 məhkəmə iclasında ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, hadisə baş verən zaman heç kim digər şəxsi qəsdən vurmamışdır. Tərəfindən videoçəkiliş aparan zaman onu vurublar. Aydın Cəmiləni vurmamış, itələməmişdir. Aydın o, döyülən zaman Rənanı ayırmaq üçün itələmişdir. Sözügedən videogörüntüləri o, çəkmişdir. Videogörüntülərin hissə-hissə olmasına səbəb tərəflər eyni sözləri təkrar-təkrar səsləndirmələri ilə bağlıdır. Videogörüntüləri Aydının telefonu ilə çəkilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: İş materiallarında olan xx.xx.2025-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və istintaq aparılması üçün icraata qəbul edilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində xx.xx.2025-ci il tarixdə, saat 18:15-də tutulmuşdur. İş materiallarından görünür ki, xx.xx.2025-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutlan ittiham elan olunmuş, həmin tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş və müvəqqəti saxlama yerindən azad edilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirinin şərtlərini pozduğundan barəsində axtarış elan edilmiş və cinayət işi üzrə icraat dayandırılmışdır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə istintaq orqanına könüllü olaraq gəlmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə icraat təzələnərək, istintaqı davam etdirilmişdir. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2025-ci il tarixli 759 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşağıdakə xəsarətlər aşkar edilmişdir: sol bazunun orta və yuxarı 1/3-nin bayır səthinin dərialtı hematoması xəsarətləri vardır. Qeyd olunan xəsarətlər küt əşya (əşyalar) təsirindən törənmişdir, törənmə müddəti zərərçəkənin müayinəsindən bir günə qədər əvvəl olmaqla xx.xx.2025-ci il tarixdə qərarın təsviri hissəsində göstərilən şəraitdə təkrari yumruq zərbələri nəticəsində əmələ gələ bilər və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərərvurmaya aiddir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2025-ci il tarixli 761 saylı rəyində qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs bədəni üzərində aşağıdakə xəsarətlər aşkar edilmişdir: sol saidin aşağı 1/3-nin ön səthinin 3(üç) ədəd sol bazunun aşağı 1/3-nin ön səthinin, sol bazunun orta 1/3-nin bayır səthinin, sol bazunun aşağı 1/3nin arxa səthinin, sağ saidin yuxarı 1/3-nin ön səthinin, döş qəfəsinin ön sol hissəsinin qançırları xəsarətləri vardır. Qeyd olunan xəsarətlər küt əşyanın (əşyalar) təsirindən törənmişdir, törənmə müddəti zərərçəkənin müayinəsindən bir günə qədər əvvəl olmaqla xx.xx.2025-ci il tarixdə əmələ gələ bilər və sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilmir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır. İş materiallarında olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2016-cı il təvəllüdlü Zeynəb Cəbrayılova adlı övladı var. İş materiallarında olan xx.xx.2025-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 221-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmiş, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri qüvvədə saxlanılmışdır. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayətprosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsinə şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin, şahidlərin ifadəsi, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Onun törətmiş olduğu cinayət əməli «Konstitusiya və Suverenlik İli münasibətilə amnistiya elan edilməsi haqqında» Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarın 5.1-ci bəndinin təsiri altına düşür. «Konstitusiya və Suverenlik İli münasibətilə amnistiya elan edilməsi haqqında» Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının 5.1-ci bəndinə əsasən icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1—1.16-cı bəndlərində nəzərdə tutulan şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarırlar (bu Qərarın 6-cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla); Həmin Qərarın 24-cü hissəsinə əsasən birinci instansiya məhkəmələrinin icraatında olan, bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə amnistiyanın tətbiqi məsələlərinə baxılarkən cinayət təqibinə xitam verilməsinə müdafiə tərəfinin razılığı olduqda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.3-cü maddəsinə əsasən cinayət təqibinə xitam verilməsi haqqında qərar qəbul edilir, amnistiya tətbiq edilməklə cinayət təqibinə xitam verilməsinə müdafiə tərəfinin razılığı olmadıqda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2-ci maddəsinə əsasən şəxsə təyin edilmiş cəzadan onu azad etməklə ittiham hökmü çıxarılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.12-ci maddəsinə əsasən amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsin onun barəsində amnistiya tətbiq edilməsi barədə ərizəsini və «Konstitusiya və Suverenlik İli münasibətilə amnistiya elan edilməsi haqqında» Azərbaycan Respublikasının Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının 5.1-ci bəndinin tələblərini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində amnistiya tətbiq edilməli, o məsuliyyətdən azad olunmalı və cinayət təqibinə xitam verilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli (iş № 1(060)- 822/2025) qərarını icra edərək, xx.xx.2025-ci il tarixli 2152 saylı orderə əsasən vəkil X4 onun vəkili təyin etmişdir. Müdafiəçi X5 məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 03 (üç) saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2025-ci il tarixli 141 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 33 (otuz üç) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi sübut olan iki ədəd disk və 01 ədəd elektron yaddaş qurğusu (flashcard) cinayət işində saxlanılmalıdır. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.12, 43.3, 321, 346-347, 356 və 358-ci maddələrini, Azərbaycan Respublikası Milli Məclisinin “Konstitusiya və Suverenlik İli münasibətilə amnistiya elan edilməsi haqqında” xx.xx.2025-ci il tarixli Qərarının 5-ci bəndinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Milli Məclisinin “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” xx.xx.2025-ci il tarixli Qərarının 5.1-ci bəndi tətbiq edilərək o, cinayət məsuliyyətindən azad edilsin və onun barəsində olan iş üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun vəkili X3 göstərdiyi 03 (üç) saat hüquqi yardıma görə 33 (otuz üç) manat Azərbaycan Respublikası dövlət büdcəsindən tutularaq Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə maddi sübut olan 02 ədəd disk və 01 ədəd elektron yaddaş qurğusu (flashcard) cinayət işi materiallarında saxlanılsın. İş üzrə mülki iddianın olmaması və xüsusi müsadirə tətbiq olunmalı əmlakın müəyyən olunmaması nəzərə alınsın. Qərardan elan olunduğu andan 20 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar