Məhkəmə qərarları › İş №1(060)-828/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-828/2025

22.01.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-828/2025 22.01.2026 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, Əkbərli Nicat Mais oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1972-ci il tarixdə Füzuli rayonunda anadan olmuş, subay, orta təhsilli, işləməyən, 2-ci qrup əlil, məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olnaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda, yəni, 0,487 qram çəkidə ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə olan “metamfetamin” əldə edib daşıyaraq üzərində saxlamış, Sumqayıt şəhər Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinə daxil olmuş əməliyyat məlumatı əsasında 24 noyabr 2025-ci il tarixdə saat 13:55-də həmin Şöbənin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Sumqayıt şəhəri, 19-cu məhəllədə yerləşən 8/21 saylı yaşayış binasının yaxınlığında cinayətdən məlumatı olan tanışı Şahid4 ilə birlikdə piyada hərəkətdə olan zaman saxlanılaraq orada videoçəkiliş aparılmaqla üzərinə baxış keçirilən zaman əynində olan göy rəngli cins şalvarının sağ yan cibində saxladığı şəffaf rəngli sellofan kəsiyinə bükülmüş vəziyyətdə 01 (bir) ədəd bükümdə çəkisi 0,487 qram olan həmin psixotrop maddə “metamfetamin” aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə Sumqayıt şəhəri, Novxanı qəsəbəsində olarkən tanımadığı şəxsdən 15 manata psixotrop maddə olan metamfetamin almış və istifadə etmək məqsədi ilə üzərində saxlamışdır. Həmin gün günorta saatlarında Sumqayıt şəhəri, 19-cu məhəllə, 8/21 saylı evin yaxınlığında olan zaman polis əməkdaşları tərəfindən saxlanılmışdır. Polis əməkdaşları onun narkotik vasitələrin qəbulu və üzərində gəzdirilməsində şübhəli olduğunu bildirib video çəkilişlə üzərinə baxış keçirmişlər. Baxış zamanı əynində olan şalvarın cibində saxladığı 01 büküm metamfetamini çıxarıb təqdim etmişdir. Həmin vaxt üzərindən aşkar edilmiş büküm elektron tərəziyə qoyulub çəkilmiş, müvafiq qaydada qablaşdırılmış və üzəri möhürlənmişdir. Bundan sonra onu Sumqayıt Şəhər Polis İdarəsinə gətirmişlər. İdarədə ona hüquq və vəzifələri izah edilməklə vəkil təqdim edilmiş və üzərində aşkar edilmiş maddənin olduğu zərf təhqiqatçıya təqdim edilmişdir. Həmin zərf açılmış, aşkar edilmiş maddəyə baxış keçirilmiş və yenidən qablaşdırılaraq götürülmüşdür. Bu barədə protokol tərtib olunmuş o, və iştirakçılar tərəfindən imzalanmışdır. Saxlanılarkən və daha sonra ona qarşı hər hansı təsir və ya təzyiq olmamışdır. Təqsirləndirilən şəxs məhkəməyə ərizə təqdim edərək özünü təqsirli bildiyini qeyd etmiş və “Konstitusiya və Suverenlik ili” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının tətbiq edilərək barəsində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidin ifadələri, ekspert rəyləri və işin digər halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin Cinayət Axtarış şöbəsinin kiçik inspektoru Şahid2 ifadəsində göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə Sumqayıt şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitələri qanunsuz qəbul etməsi və üzərində saxlaması barədə daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədi ilə əməliyyat qrupu təşkil edilmişdir. Həmin məlumat əsasında günorta saatlarında əməliyyat qrupu ilə birlikdə Sumqayıt şəhəri, 19-cu məhəllə, 8/21 saylı evin yaxınlığında olan zaman Təqsirləndirilən şəxs saxlayaraq onu narkotik vasitələri əldə etmə, saxlama və gəzdirməkdə şübhəli şəxs kimi saxladıqlarını bildirmişlər və video çəkilişlə üzərinə baxış keçirilmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs cibində olan bir ədəd bükümü təqdim edərək içərisində psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Həmin bükümə baxarkən orada psixotrop maddə metamfetaminə oxşar maddə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs həmin maddəni saxlanıldığı gün Sumqayıt şəhəri, Novxanı qəsəbəsində tanımadığı şəxsdən 15 manata aldığını və şəxsi istifadəsi məqsədi ilə üzərində gəzdirdiyini demişdir. Aşkar edilmiş maddə elektron tərəzidə çəkilmiş, daha sonra xüsusi qaydada qablaşdırılaraq götürülmüşdür. Sonra müvafiq sənədləşmə işləri aparılması üçün Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Polis İdarəsinə aparmışlar. Bölmədə ona hüquq və vəzifələri izah edilməklə vəkil təqdim edilmişdir. Vəkilin və onların iştirakı ilə narkotik vasitənin olduğu zərf təhqiqatçıya təqdim edilmişdir. Təqsirləndirilən şəxs saxlanılarkən və ya daha sonra hər hansı etiraz etməmiş və ya müqavimət göstərməmişdir. Törətdiyi əməli səmimi etiraf etmişdir. Məhkəməyə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin Cinayət Axtarış şöbəsinin kiçik inspektoru Şahid3 digər Şahid2 ifadəsinə oxşar, eyni məzmunlu ifadə verərək göstərmişlər ki, əməliyyat tədbiri zamanı Təqsirləndirilən şəxs əynində olan şalvarın cibində saxladığı bir ədəd bükümdə olan maddəni təqdim edərək həmin maddənin psixotrop maddə metamfetamin olmasını bildirmişdir. Məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş, məhkəmə iclasında iştirak etməyən şahid Sumqayıt ŞPİ-nin Cinayət Axtarış şöbəsinin əməliyyat müvəkkili X4 ifadəsi elan edilməklə tədqiq edildi və müəyyən edildi ki, o məhkəmə iclasında ifadə vermiş şahidlər Şahid3 və Şahid2 ifadəsinə oxşar, eyni məzmunlu ifadə verərək göstərmişdir ki, əməliyyat tədbiri zamanı Təqsirləndirilən şəxs əynində olan şalvarın cibində saxladığı bir ədəd bükümdə olan maddəni təqdim edərək həmin maddənin psixotrop maddə metamfetamin olmasını bildirmişdir. Məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş, məhkəmə iclasında iştirak etməyən Şahid4 ifadəsi elan edilməklə tədqiq edildi və müəyyən edildi ki, o ifadəsində göstərmişdir ki, o, xx.xx.2025-ci il tarixdə tanışı Təqsirləndirilən şəxslə narkotik vasitə almaq üçün Sumqayıt şəhəri, Novxanı qəsəbəsinə getmişlər. Onlar tanımadıqları şəxsdən 15 manata bir büküm psixotrop maddə olan metamfetamin almışlar. Həmin gün saat təxmini saat 13-55 radələrində Sumqayıt şəhəri, 19-cu məhəllə, 8/21 saylı evin yaxınlığında olan zaman polis əməkdaşları tərəfindən saxlanılmışlar. Polis əməkdaşları ona və Təqsirləndirilən şəxs narkotik vasitələrin qəbulu və üzərində gəzdirilməsində şübhəli olduğunu bildirib video çəkilişlə üzərinə baxış keçirmişlər. Baxış zamanı Bəkir əynində olan şalvarın cibində saxladığı 01 büküm metamfetamini çıxarıb təqdim etmişdir. Baxış zamanı Bəkir əynində olan şalvarın cibində saxladığı 01 büküm metamfetamini çıxarıb təqdim etmişdir. Həmin vaxt üzərindən aşkar edilmiş büküm elektron tərəziyə qoyulub çəkilmiş, müvafiq qaydada qablaşdırılmış və üzəri möhürlənmişdir. Daha sonra həmin qaydada onun üzərinə videoçəkilişlə baxış keçirilmişdir. Bundan sonra onları Sumqayıt Şəhər Polis İdarəsinə gətirmişlər. İdarədə onların hər birini ayrı-ayrılıqda xidməti otaqlara dəvət etmişlər. Cinayət işinin 23-cü vərəqəsində olan xx.xx.2025-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 97-98-ci vərəqələrində olan şəxsin azad edilməsi və qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs müvəqqəti saxlama yerindən azad edilərək polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 9-11-ci vərəqələrində olan “əməliyyat-axtarış tədbirinin keçirilməsi və şübhəli şəxsin üstünün yoxlanılması protokola” dair xx.xx.2025-ci il tarixli protokoldan və həmin zaman qeydə alınmış video görüntülərdən görünür ki, polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, 19-cu məhəllə, 8/21 saylı evin yaxınlığında saxlanılmış, sonuncu əynində olan şalvarın sağ yan cibindən 01 ədəd bükümdə olan maddəni təqdim edərək psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Həmin maddə elektron tərəzidə çəkilərkən bükümü ilə birlikdə çəkisinin 0,51 qram olması müəyyən edilmiş, daha sonra xüsusi qaydada qablaşdırılaraq götürülmüşdür. Cinayət işinin 31-32-ci vərəqələrində olan “şəxsi axtarış və təqdim olunmuş əşyanın götürülməsi” barədə xx.xx.2025-ci il tarixli protokoldan və həmin zaman qeydə alınmış video görüntülərdən görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs, müdafiəçinin və polis əməkdaşlarının işitrakı ilə təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs daha öncədən təqdim etdiyi maddənin olduğu zərf təhqiqatçıya təqdim edilmiş, həmin zərf təhqiqatçı tərəfindən açılaraq aşkar edilmiş maddə yenidən elektron tərəzidə çəkilmiş və çəkisinin 0,51 qram olması müəyyən edilmişdir. Cinayət işinin 48-49-cu vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Sumqayıt Regional Bölməsi tərəfindən verilmiş 25 noyabr 2025-ci il tarixli, 20/1028 saylı məhkəmə-kimyəvi ekspertizasının rəyindən görünür ki, tədqiqata tcqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün N 124” dairəvi möhür əksləri olan, Təqsirləndirilən şəxs üzərindən aşkar olunan metamfetaminə bənzər kütlə; Şahid1 “imza” və digər ad, soyad və imzalar qeyd edilmiş 01 (bir) ədəd zərfdəki 01 (bir) ədəd şəffaf rəngli sellofan kəsiyinə bükümündə təmiz çəkisi 0,487 qram olan ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir.Qeyd: Metamfetaminin təmiz çəkisi - 0,487 qram, tədqiqata sərf edildi - 0,05 qram, qalıq- 0,437 qram. Cinayət işinin 47-ci vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 63 (altmış üç) manat müəyyən edilmişdir. Cinayət işinin 157-166-cı vərəqələrində olan xx.xx.2025-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş və ekspertiza tədqiqatından sonra qalmış 0,437 qram psixotrop maddə olan metamfetamin maddi sübut kimi tanınmış və saxlanılması üçün Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmişdir. Həmçinin əməliyyat-axtarış tədbirlərinin keçirilməsi və şübhəli şəxsin üstünün yoxlanılması, həmçinin təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə zamanı qeydə alınmış video görüntüləri özündə əks etdirən 02 ədəd DVD disk maddi sübut kimi tanınaraq cinayət işinin istintaq materiallarına əlavə edilmişdir. Cinayət işinin 86-88-ci vərəqələrində olan Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Elmi-Təcrübi və X7 Hüquqi şəxsin xx.xx.2025- ci il tarixli 1811 nömrəli məhkəmə-tibbi eksprtizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində hər hansı xəsarət və ya xəsarət izi aşkar olunmamışdır. Cinayət işinin 149-150-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X2 ekspert komissiyasının xx.xx.2025-ci il tarixli, 7422 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opoidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli 39 saylı “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə” Qərarı ilə təsdiq edilmiş məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.2-ci bəndinə uyğun olaraq hal-hazırda Təqsirləndirilən şəxs İİ dərəcəli əlil olması ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edlməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 98-ci vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2025-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinərək 09 (doqquz) ay müddətinə azadlığın məhdudlşadırılması cəzasına məhkum edilmiş və Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli “Amnistiya” qərarının 2.5-ci bəndinə əsasən cəzasının çəkilmməmiş hissəsindən azad edilmişdir. İş materiallarına əlavə olunmuş Elektron məhkəmə sistemindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs İİ qrup əlildir. Beləliklə, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda psixotrop maddə olan metamfetamini əldə etmə, saxlama və daşıma cinayətini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə - özünün etirafı, şahidlərin ifadələri, ekspert rəyləri, əməliyyat-axtarış tədbirinin keçirilməsi və şübhəli şəxsin üstünün yoxlanılması, həmçinin şəxsi axtarış və təqdim olunmuş əşyaya baxış keçirilməsi zamanı qeydə alınmış video görüntülər və digər iş materialları ilə tam sübuta yetirilmişdir. Lakin, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi və onun barəsində cinayət təqibinə xitam verilməsi üçün əsaslar yaranmışdır. Belə ki, Təqsirləndirilən şəxs 2-ci qrup əlil olması müəyyən edilmiş və bu səbəbdən də “Konstitusiya və Suverenlik ili” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının 1.15 və 5.1ci bəndlərinin onun barəsində tətbiq edilməsi əsasları yaranmışdır. “Konstitusiya və Suverenlik ili” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının 1.15-ci bəndinə əsasən bu qərar qüvvəyə mindiyi günədək orqanizmin funksiyalarının 61–100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər təyin edilmiş cəzanın müddətindən asılı olmayaraq, müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasından azad edilsinlər (bu Qərarın 6-cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla). Həmin Qərarın 5.1-ci bəndinə əsasən məhkəmələr icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1–1.16-cı bəndlərində nəzərdə tutulan şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarırlar. (bu Qərarın 6-cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla). Həmin Qərarın 24-cü bəndinə əsasən birinci instansiya məhkəmələrinin icraatında olan, bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə amnistiyanın tətbiqi məsələlərinə baxılarkən cinayət təqibinə xitam verilməsinə müdafiə tərəfinin razılığı olduqda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.3-cü maddəsinə əsasən cinayət təqibinə xitam verilməsi haqqında qərar qəbul edilir, amnistiya tətbiq edilməklə cinayət təqibinə xitam verilməsinə müdafiə tərəfinin razılığı olmadıqda Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 44.2-ci maddəsinə əsasən şəxsə təyin edilmiş cəzadan onu azad etməklə ittiham hökmü çıxarılır. Azərbaycan Respublikası CPM-in 39.1.12-ci maddəsinə əsasən amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Həmin Məcəllənin 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Beləliklə, məhkəmə “Konstitusiya və Suverenlik ili” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının 1.15-ci bəndinə uğun olaraq Təqsirləndirilən şəxs İİ qrup əlil olmasını (orqanizmin funksiyalarının 61–80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxs), həmin qərarın 6-cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlərin onun barəsində müəyyən edilməməsini və cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsinə müdafiə tərəfinin razılığını nəzərə alaraq hesab edir ki, qeyd edilən Amnistiya qərarının 1.15 və 5.1-ci bəndlərinə əsasən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə olan cinayət təqibinə xitam verilərək o, cinayət məsuliyyətindən azad edilməli və barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X2 ekspert komissiyasının xx.xx.2025-ci il tarixli, 7422 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Maddi sübutlarla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq Sumqayıt ŞPİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan ekspertiza tədqiqatından sonra qalmış 0,437 qram psixotrop maddə olan metamfetamin qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə digər maddi sübut olan 02 ədəd disk cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının cəmi xərci 63 (altmış üç) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin dövlət hesabına hüquqlarını müdafiə etmiş Müdafiəçi məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 16 saata görə 176 (yüz yetmiş altı) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə (vəkillərə), tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikası CPM-in 193.2, 193.4-cü və 194-cü maddələrində və Azərbaycan Respublikası MPM-in 67- 1.1-ci və 67-1.2-ci maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat məbləğində müəyyən edilmişdir. İş üzrə xüsusi müsadirə edilməli əmlak və mülki iddia yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39, 43, 356, 381 və 383-384-cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə “Konstitusiya və Suverenlik ili” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının 1.15 və 5.1-ci bəndlərinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan ləğv edilsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Sumqayıt Şəhər Polis İdarəsinin maddi sübutların saxlama kamerasında saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,437 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 02 (iki) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci cəmi – 63 (altmış üç) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X3, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ**********0003003944, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxsə göstərilmiş hüquqi xidmətə görə Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 16 saata görə 176 (yüz yetmiş altı) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə xüsusi müsadirə edilməli əmlak və mülki iddia yoxdur. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Samir İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar