Məhkəmə qərarları › İş №1(060)-83/2021

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-83/2021

10.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-83/2021 10.02.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1 katibliyilə, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə, Təqsirləndirilən şəxs, müdafiəçi-Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxxxxx 1989-cu ildə Sumqayıt şəhərində doğulmuş, , subay, orta təhsilli, işləməyən, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2rzəmisində yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Republikası Cinayət Məcəlləsinin 177.2.3-2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs özgənin dəmir yol xətlərinə münasibətdə əmlakını, yəni dəmir yolu xəttlərinə aid 29 ədəd D-65 tipli rels atlığını və 90 ədəd yol mıxını gizli olaraq ələ keçirmək məqsədi və tamah niyyəti ilə talayıb zərərçəkmiş şəxsə maddi ziyan vurmaqla oğurluq etmişdir. Belə ki, o 12 avqust 2020-ci il tarixdə gecə saat 01 radələrindən səhər saat 07 radələrinədək olan vaxt ərzində armatur parçası ilə Sumqayıt şəhər, H.Z.Tağıyev qəsəbəsində yerləşən 14 nömrəli dəmir yol sahəsinin 2609-cu kilometrliyində 1-ci və 5-ci puketlər arası məsafədə olan dəmir yolunun 29 ədəd D-65 tipli rels atlığını və 90 ədəd yol mıxını çıxararaq gizli yolla talamaqla Azərbaycan Dəmir Yolu QSC İnfrastruktur Departamentinin H.Z.Tağıyev qəsəbəsində yerləşən 14 nömrəli yol sahəsinə ümumilikdə 223,15 (iki yüz iyirmi üç manat on beş qəpik) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, əvvəllər məhkum olunmamış, hazırda heç bir yerdə işləmir, 11 avqust 2020-ci il tarixdə saat 20 radələrində Sumqayıt şəhəri ərazisində yerləşən dəmir yolları kənarlarında metal qırıntısı yığmaq məqsədilə H.Z.Tağıyev qəsəbəsinə getmiş, Dəmir Yolu kənarında bir az dəmir qırıntı topladıqdan sonra 12 avqust 2020-ci il tarixdə gecə saat 01-02 radələrində dəmir yolu relsinin altında olan dəmir yol atlıqlarını və mıxlarını oğurlamaq qərarına gəlmiş, sonra əlindəki armatur parçası ilə səhər saat 7-yə qədər H.Z.Tağıyev qəsəbəsindən keçən dəmir yolu xəttinin altından 29 ədəd rels atlığı və 90 ədəd yol mıxını çıxarıb dəmir yol xəttinin kənarına yığmış, bu zaman polis əməkdaşı onu saxlamış, yığdığı avadanlıqlarla birlikdə dəmir yolu polis bölməsinə aparmış, tərəfindən sökülmüş 29 ədəd rels atlığı və 90 ədəd yol mıxına hal şahidlərinin iştirakı ilə baxış keçiriləndən sonra protokol ilə götürülmüşdür. 12 avqust 2020-ci il tarixdə gecə saat 01 radələrində Tağıyev qəsəbəsindən keçən dəmir yol xəttinin altlığını və yol mıxlarını əlində olan armatur parçası ilə sökməyə başlamış və səhər saat 7-yə qədər davam etmiş, saat 7-də polis əməkdaşı tərəfindən saxlanılaraq bölməyə gətirilmiş, hadisəni törədərkən tək olmuş, əvvəllər heç bir oğurluq hadisəsi törətməmiş, həmin avadanlıqları oğrlamaqda məqsədi onları metal qırıntıları alınan məntəqələrə satıb pul əldə etmək olmuş, avadanlıqları relsin altından armatur parçası ilə çıxarmış, planı taksi tutaraq satmağa aparmaq olmuş, etdiyi əməldən heç kimin xəbəri olmamış və gizli olaraq etmiş, sökdüyü avadanlığı kənara toplayıb dayanan zaman polis əməkdaşları onu saxlamışdır. Təqsirləndirilən şəxs hazırda törətdiyi cinayət əməlindən səmimi peşman olduğunun və zərərçəkmiş hüquqi şəxsə vurulmuş maddi ziyanın tam olaraq aradan qaldırıldığının, sonuncunun ona qarşı şikayət və ya tələbinin olmadığının nəzərə alınaraq, məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etdi. Zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə məhkəmədə verdiyi ifadəsində göstərdi ki, “xxxx” QSC-nin Hüquq İdarəsinin Məhkəmələrlə iş şöbəsinin aparıcı hüquqşünası vəzifəsində işləyir. Nümayəndə kimi hüquq mühafizə orqanlarında, məhkəmədə QSC-ni təmsil edir. 12 avqust 2020-ci il tarixdə “xxxx” QSC-nin İnfrastruktur Departamentindən Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbsəində yerləşən 14 nömrəli yol sahəsinin 2609-cu kilometrliyində yerləşən dəmir yolunun 29 ədəd D-65 tipli rels atlığı və 90 ədəd yol mıxı oğurlanmışdır. Oğurluğu Təqsirləndirilən şəxs törətdiyi polis əməkdaşları tərəfindən müəyyən olunmuşdur. 29 ədəd D-65 tipli rels atlığı və 90 ədəd yol mıxının oğurlanması nəticəsində “xxxx” QSC-nə ümumilikdə 223,15 (iki yüz iyirmi üç manat on beş qəpik) manat məbləğində maddi ziyan dəymişdir. Zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə daha sonra Təqsirləndirilən şəxs tərəfindən hazırda təmsil etdiyi hüquqi şəxsə vurulmuş maddi zərərin aradan qaldırıldığı üçün sonuncuya qarşı heç bir şikayət və ya tələblərinin olmadığını bildirdi və bununla əlaqədar Təqsirləndirilən şəxs yüngül cəza verilməsini xahiş etdi. Məhkəmədə Şahid1 ifadəsində göstərdi ki, 2004-cü ildən DİO-da xidmət edir, hazırda Sumqayıt st.XPB-nin PPXM-nin polis nəfəri, polis baş serjantı vəzifəsində işləyir. Hadisə ilə əlaqədar tərtib olunmuş cədvələ əsasən 12.08.2020-ci il tarixdə saat 07:00 radələrində Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsində yerləşən 14 nömrəli dəmir yolu sahəsində ona təhkim olunmuş ərazidə xidmət apararkən dəmir yolunun 2609-cu kilometrliyində bir nəfər şəxsin əlindəki dəmir parçası ilə dəmir yoluna məxsus avadanlıqları söküb kənara yığdığını görmüş, həmin şəxsə yaxınlaşmış dəmir yolundan söküb əldə etdiyi avadanlıqlarla birlikdə Baş Sumqayıt XPB-nə gətirmiş, orada həmin şəxsin Sumqayıt şəhəri, Nizami küçəsi 19C, mənzil 6-da qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs olduğu müəyyən olunmuş, onun H.Z.Tağıyev qəsəbəsində yerləşən dəmir yolu ərazisindən sökərək əldə edib aparmaq istədiyi avadanlıqlara hal şahidləri və mütəxəsisin iştirakı ilə baxış keçirilmiş, həmin avadanlıqların 29 ədəd D-65 tipli rels atlığı və 90 ədəd yol mıxının olduğu müəyyən olunmuş, sorğu zamanı Təqsirləndirilən şəxs həmin avadanlıqları satıb pul əldə etmək üçün dəmir yolundan sökdüyünü bildirmiş, həmin avadanlıqlar sübut əhəmiyyəti kəsb etdiyindən protokol əsasında saxlanılması üçün götürülmüş, Təqsirləndirilən şəxs yaxınlaşanda o artıq dəmir yoluna məxsus avadanlıqları söküb kənara yığmışdır. Məhkəmədə şahid X3 ifadəsində göstərdi ki, xxxx QSC-nin 14 nömrəli H.Z.Tağıyev adına 6 nömrəli yol sahəsində yol mantyoru vəzifəsində işləyir.12 avqust 2020-ci il tarixdə saat 13:00 radələrində dəmir yolu polis əməkdaşları onu hal şahidi kimi H.Z.Tağıyev adına yol sahəsinə dəvət etmiş, orada Təqsirləndirilən şəxs adında bir nəfəri təqdim edib dəmir yolu xəttinin 2609 kilometrliyində oğurluq etdiyini və birlikdə həmin əraziyə baxış keçiriləçəyi bildirilmiş, bundan sonra dəmir yolunun 2609-cu kilometrliyinə getmiş, təxminən 500 metr məsafədə dəmir yol xəttinə baxış keçirilmiş, baxış zamanı 29 ədəd rels atlığının və 90 ədəd yol mıxının yerində olmadığı müəyyən olunmuş, sorğu zamanı Təqsirləndirilən şəxs baxış keçirilən ərazini göstərərək 12 avqust 2020-ci il tarixdə gecə saatlarında qeyd edilən avadanlıqları, yəni 29 ədəd rels atlığı və 90 ədəd yol mıxını satmaq məqsədi ilə sökərək aparmaq istədikdə polis əməkdaşı tərəfindən saxlanılaraq dəmir yol polis bölməsinə aparıldığını bildirmiş, baxış zamanı həmin ərazidən subut əhəiyyəti kəsb edən digər əşyalar aşkar edilməmiş, bu barədə protokol tərtib edilərək imzalarla təsdiq edilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş X4 şahid X3 ilə eyni məzmunlu ifadə verdi. İş üzrə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş məhkəməəmtəəşünaslıq ekspertizasının 31 avqust 2020-ci il tarixli 9/3049 nömrəli rəyindən görünür ki, xxxx QSC-nin İnfrastruktur Departamenti 14 nömrəli H.Z.Tağıyev Yol sahəsi tərəfindən tərtib edilmiş 13.08.2020-ci il tarixli 92 nömrəli məlumatdan istifadə edilməklə, ekspertiza tədqiqatına nümunə əsasında istifadədə olmuş, təkrar istifadəyə yararlı olan 29 ədəd D-65 tipli rels atlığının 2020-ci ilin avqust ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 201.55 (29x6,95m) manat, 90 ədəd yol mıxı (kastil) 21,60 (90x0,24m) manat olmaqla ümumilikdə 223,15 manat müəyyən edilir. Beləliklə, məhkəmə toplanmış sübutları araşdıraraq və onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirliliyi onun özünün tam etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin və şahidlərin ifadələri, ekspertiza rəyi və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Onun cinayət məsuliyyətindən azad edilməsi üçün heç bir əsas yoxdur və o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8 və 58.3-cü maddələrinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin şəraitinə təsirini nəzərə alır. Cinayət işinin materiallarında olan Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 25.09.2020-ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini səmimi etiraf etməsini və əməlindən peşman olmasını, törədilmiş cinayət əməli nəticəsində zərərçəkmiş hüquqi şəxsə vurulmuş maddi ziyanın tam aradan qaldırıldığını, zərəçəkmiş hüquqi şəxsin ona qarşı heç bir şikayət və ya tələbinin olmadığını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.13 və 59.2-ci maddələrinə əsasən cəzanı yüngülləşdirən hallar hesab edir. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Qeyd olunanları nəzərə almaqla məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünü təyin etmək məsələsi ilə bağlı belə nəticəyə gəlir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-2-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya şöbəsinə tapşırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməlidir. Cinayət işinin materiallarında olan qəbzdən görünür ki, iş üzrə maddi sübut olan ibtidai araşdırma orqanına təqdim edilmiş 29 ədəd D-65 tipli rels atlığı və 90 ədəd yol mıxı istifadəyə yararlı olduğu üçün zərərçəkmiş hüquqi şəxs “xxxx” QSC-nə təhvil verilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut olan və saxlanılması üçün zərərçəkmiş hüquqi şəxs“xxxx” QSC-nə təhvil verilmiş 29 ədəd D-65 tipli rels atlığı və 90 ədəd yol mıxı “xxxx” QSC-nin sərəncamına verilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə aparılmış məhkəmə-əmtəəşünaslıq ekspertizalarının dəyəri 50 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Sumqayıt Regional Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-2-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin 04 noyabr 2020-ci il tarixli (iş № 1(060)-516/2020) qərarını icra edərək, 06 noyabr 2020-ci il tarixli 393 saylı orderə əsasən vəkil Müdafiəçi onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 7 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (03.05.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 42 (qırx iki) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-2-ci maddəsi ilə təqsirli bilinib, 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Sumqayıt şəhər Probasiya şöbəsinə məlumat vermədən saat 23:00-dan növbəti gün saat 06:00-dək yaşadığı Sumqayıt şəhər, 9-cu məhəllə, İ.Sadıqov küçəsi, ev 8 ünvanını tərk etməmək, Bakı şəhəri, Abşeron rayonu və Sumqayıt şəhərinin hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya şöbəsinə tapşırılsın. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut olan və saxlanılması üçün zərərçəkmiş hüquqi şəxs“xxxx” QSC-nə təhvil verilmiş 29 ədəd D-65 tipli rels atlığının və 90 ədəd yol mıxının zərərçəkmiş hüquqi şəxs“xxxx” QSC-nə qaytarılması nəzərə alınsın. İş üzrə aparılmış məhkəmə-əmtəəşünaslıq ekspertizalarının dəyəri 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab Z 34CTRE********************) keçirilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-2-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs müdafiəçi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 7 (yeddi) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 42 (qırx iki) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elçin Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar