Məhkəmə qərarları › İş №1(060)-83/2025

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-83/2025

07.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-83/2025 07.01.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, X2, Əkbərli Nicat Mais oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1996-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Əhmədli qəsəbəsi, Sarayeva 105 yaşayan, Xəzər Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli, 7(003)-1207/2023 saylı qərarı ilə 01 il 08 ay 29 gün cəzadan vaxtından əvvəl şərti olaraq azad edilmiş, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddəni xeyli miqdarda əldə edib özündə saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq, xeyli miqdarda 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,366 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib üzərində saxlayaraq daşımış, 30 iyul 2024-cü il tarixdə saat 19:30 radələrində Sumqayıt ŞPİ-nin, CAŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbiri zamanı Sumqayıt şəhəri, Sahil küçəsində yerləşən “Balıqçı” restoranının yaxınlığında saxlanılaraq Sumqayıt ŞPİ-nin inzibati binasına gətirilərək üzərində aparılan şəxsi axtarış zamanı yuxarıda qeyd edilən psixotrop maddə əynindəki şalvarının sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək bildirmişdir ki, o, 30 iyul 2024-cü il tarixdə günorta saatlarında Nərimanov rayonu ərazisində bir nəfər şəxslə görüşmüş, taksi kimi fəaliyyət göstərən tanışı Turalla əlaqə saxlayaraq onu həmin ünvandan götürüb Hövsana yəni həmin qəsəbədə olan mağasasına aparmasını xahiş etmişdir. Tural onu Nərimanovdan götürərək Hövsana həmin mağazanın yerləşdəyi 7 mərtəbə deyilən əraziyə gətirmiş, bundan sonra, Turala Əhmədli qəsəbəsinə sərnişin yığdıqdan sonra onu da götürüb aparmasını, Əhmədli metrostansiyanın yanında düşürməsini xahiş etmişdir. Bir qədər sonra o, Turalla əlaqə saxlamış, Tural ona Hövsan uşaqlarını Sumqayıta aparmalı olduğunu, daha sonra, onu həmin ünvana apara biləcəyini demişdir. Tural heç bir problemin olmadığını, sərnişinləri Sumqayıta qoyub geri qayıdacaqlarını bildirərək, onunla yol yoldaşı kimi getməyi ona təklif etmişdir. Bu səbəbdən o, əvvəldən tanıdığı Turalın təklifi ilə razılaşmış, Hövsandan sərnişinləri götürərək avtomobildə ümumi 4 nəfər olmaqla Sumqayıt şəhərinə yola düşmüşlər. Yol boyu arxada əyləşən Orxan adlı şəxsə tez-tez zənglər gəlmiş, sonuncu zəngə cavab verərək 10 dəqiqəyə çatacağını bildirmişdir. Bu zaman o, nəyinsə qaydasında olmadığını hiss etmiş, Orxandan nə məsələ olduğunu soruşduqda, sonuncu İran vətəndaşı ilə görüşəcəyini bildirmişdir. xx.xx.2024-cü il tarixdə dəqiq saatı xatırlamadığı vaxt, Sumqayıt şəhərinə yeni tikililər olan ərazini yəni Sahil küçəsini keçib, işıqfordan Sumqayıt şəhərinə dönüb, adını xatırlmadığı marketin yanında təxmini 5-6 dəqiqə avtomobil dayanmış, həmin vaxt Orxan avtomobildən düşmüş bir neçə dəqiqəlik harasa baş çəkib geri gəlmişdir. Geri qayıtdıqdan sonra Turala heç bir problemin olmadığını, “sür gedək” demişdir. Novxanı qəsəbəsində, dəniz yoluna dönməmiş, işıqfora çatmamış Tural güzgüdən ağ rəngli “Hyundai Grandeur” markalı avtomobilin onları izlədiyini onlara bildirmişdir. Tural ona hətta Orxanı gözləyən zaman həmin avtomobili gördüyünü, sadəcə narahat olmasın deye heç nə demədiyini bildirmişdir. Daha sonra Tural həmin avtomobili görməmiş və yoluna davam emişlər. Bu zaman o, Orxana üzərində qadağan edilmiş hər hansı maddənin olub-olmamasını soruşmuş, lakin sonuncu üzərində heç bir maddənin olmadığını bildirmişdir. İşıqforu keçib, təxminən 200 metr irəlilədikdən sonra yol polisi əməkdaşı onları saxlamış, onlara yaxınlaşan polis əməkdaşları qollarını qandallayaraq Polis İdarəsinə aparmışlar. Polis idarəsinə daxil olan kimi ona qərəzli yanaşılmış, keçmişdə narkotik istifadə etməsini, şərti azadlıqda olmasını əsas gətirərək şəxsi axtarış zamanı üzərində olan ondan narkotik vasitəni təqdim etməsini tələb etmişdir. Ona psixi və fiziki zor tətbiq edərək psixotrop maddəni üzərinə götürmək məcbur edilmişdir. Qeyd edir ki, təxminən 8-10 nəfər polis əməkdaşı onu döymüş, ona görə də ibtidai araşdırma zamanı vermiş olduğu ifadəsində özünü təqsirli bilmişdir. Tutulan zaman və ifadəsi alınarkən vəkil iştirak etməmiş, vəkili şəxsi axtarış keçiriləndə görmüşdür. Bununla da müdafiə hüquqlarının pozulduğunu bildirmişdir. Orxanın telefonuna baxış zamanı qadağan edilən maddə ilə əlaqədar yazışmalar çıxmış, lakin onun telefonunda qadağan edilmiş maddədən istifadə ilə bağlı heç bir yazışma çıxmamışdır. Qeyd edir ki, polis əməkdaşları ona ailəsinə zəng etməyi məcbur etmiş, əks təqdirdə işin onun üstündə qalacağı ilə hədələmişlər. O isə məcbur olub anasına və yeznəsinə zəng etmiş, kömək istəmişdir. Keçmişdə psixotrop maddə istifadəçisi olsa da, saxlanılan zaman üzərində heç bir qanunsuz saxladığı maddə olmamışdır. Qeyd olunanların nəzərə alınmasını məhkəmədən xahiş edir. Məhkəmədə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPM-nin) 327.1.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxs sərbəst ifadə verdikdən o cümlədən verilmiş suallara cavab verdikdən sonra əvvəllər verdiyi ifadələrlə məhkəmə baxışında verdiyi ifadələr arasında ziddiyyətlər olduğu nəzərə alınaraq ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilməklə tədqiq edilmişdir. Təqsirləndirilən şəxsın ibtidai istintaq zamanı verdiyi və məhkəmə istintaqı zamanı tədqiq edilmiş ifadəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 234.1-ci maddəsi ilə elan olunmuş ittihamla özünü təqsirli bilərək qeyd etmişdir ki, ünvan 4 ünvanında yaşayır. Narkotik vasitələrdən və psixotrop maddələrdən hərdənbir istifadə edir. Bədənində ağrılar olduğundan həmişəki kimi psixotrop maddə almaq qərarına gəlmişdir. Polis əməkdaşları tərəfindən saxlanıldığı gün, yəni 30 iyul 2024-cü il tarixdə günorta saatlarında Bakı şəhəri, Hövsan qəsəbəsində olduğu zaman tanımadığı şəxsdən öz istifadəsi üçün 10 manat məbləğində 1 ədəd bükümdə psixotrop maddə metamfetamin almış və üzərində saxlamışdır. Həmin günü axşam saatlarında tanışları Cəlil, Orxan və Tural ilə Bakı şəhərində görüşmüş, lakin onlara üzərində psixotrop maddə olması barədə heç nə deməmişdir. Onlar birlikdə olan zaman tanışı Orxan bildirmişdir ki, İran İslam Respublikasının vətəndaşı onun üçün Sumqayıt şəhərində ona göndərilən konum olan yerə narkotik vasitə qoymuşdur. Əgər onunla getsələr həmin narkotik vasitədən onlar birlikdə istifadə edəcəklər. Həmin konum Sumqayıt şəhəri 9-cu mikrorayon ərazisini göstərmişdir. Onlar da, Orxanla razılaşıb birlikdə Sumqayıt şəhərinə gəlmiş və konum atılan yerdən Orxan narkotik vasitəni götürmüşdür. Bundan sonra onlar Sumqayıt şəhəri, Novxanı qəsəbəsi, Sahil küçəsinə dəniz kənarına gəlmişlər. 30 iyul 2024-cü il tarixdə saat təxminən 19:30 radələrində Sumqayıt şəhəri, Novxanı qəs. Sahil küçəsində yerləşən “Balıqçı” restoranının yaxınlığında olan zaman mülki geyimli şəxslər onlara yaxınlaşmış və özlərini təqdim edərək polis əməkdaşları olduğunu bildirmişlər və Orxanı narkotik vasitələrin dövriyyəsində şübhəli olduğu üçün Sumqayıt ŞPİ-nə dəvət etmişlər. Həmçinin Orxanın yanında olduğuna görə onları da polis idarəsinə dəvət etmişlər. Onlar da etiraz etməmiş, birlikdə polis idarəsinə gəlmişlər. Polis idarəsində olan zaman o, üzərində psixotrop maddə olduğunu polis əməkdaşlarına bildirmişdir. Orada xidməti otaqda onu ora gətirən polis əməkdaşları və müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirməzdən əvvəl ona hüquq və vəzifələri izah olunmuş, sonra üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmet vardırsa təqdim etməsi təklif olunmuş, o da əynindəki şalvarın sağ yan cibində saxlamış olduğu 1 ədəd bükümü və sol yan cibində saxlamış olduğu “Redmi” markalı mobil telefonu təqdim etmişdir. Həmin büküm açılan zaman içərisində psixotrop maddə metamfetaminə bənzər maddə olduğu müəyyən olunmuşdur. Şəxsi axtarış zamanı üzərindən 1 ədəd bükümdə psixotrop maddə metamfetamindən başqa heç bir cinayət xarakterli əşya və ya predmet aşkar olunmamışdır. Həmin maddə ekspertizaya təqdim olunması üçün qablaşdırılaraq götürülmüşdür. Üzərindən aşkar edilərək götürülmüş maddə psixotrop maddə metamfetamindir, özünə məxsusdur. Öz istifadəsi üçün üzərində saxlamışdır. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törətməsi ilə bərabər, məhkəmə iclasında tam, obyektiv və hərtərəfli tədqiq edilmiş iş materialları və dindirilmiş şahid ifadələri ilə təsdiq edilir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Sumqayıt ŞPİ-nin CAŞ-nın, əməliyyat müvəkkili, polis kapitanı vəzifəsində xidmət edir. Bakı şəhəri, Suraxanı rayonu, R.Abdullayev küçəsi, ev 16, mənzil 23-də yaşayan X4 psixotrop maddələrin, narkotik vasitələrin qanunsuz dövriyyəsi, istifadə etməsi barədə daxil olmuş məlumatı yoxlamaq məqsədi ilə Sumqayıt ŞPİ-nin əməkdaşları ilə birlikdə əməliyyat qrupu yaradaraq tədbirlər keçirmiş, 30 iyul 2024-cü il tarixdə axşam radələrində Orxan Cəfərova psixotrop maddələrin, narkotik vasitələrin qanunsuz dövriyyəsində, istifadəsində şübhəli olduğunu bildirib Sumqayıt şəhəri, Sahil küçəsində yerləşən “Balıqçı” restoranının yaxınlığında küçədə saxlamışlar. Həmin vaxt Orxan Cəfərovun yanında bir neçə tanışı da olmuş, sonuncunu yanındaki tanışları ilə birlikdə Sumqayıt ŞPİ-nə dəvət etmişlər. Polis İdarəsində həmin şəxslərin şəxsiyyətləri müəyyən olunmuşdur. X11 və Təqsirləndirilən şəxslı üzərində psixotrop maddə olduğunu etiraf etmiş, Qurbanlının üzərində şəxsi axtarış keçirilməsi məqsədilə İdarəyə müdafiəçi dəvət etmiş, şəxsi axtarış keçirməmişdən əvvəl Qurbanlıya videoçəkilişlə üzərinə şəxsi axtarış keçirəcəklərini və üzərində qeyri qanuni nə varsa təqdim etməsi təklif edilmişdir. Qurban əynində olan şalvarın cibində saxladığı bir ədəd bükümü, bir ədəd mobil telefonu təqdim etmişdir. Bükümün içərisində psixotrop maddə metamfetaminə bənzər maddənin olduğu müəyyən edilmişdir. Aşkar edilmiş büküm elektron tərəzidə çəkilərək çəkisi müəyyən olunmuş, müvafiq qaydada qablaşdırılmışdır. Şahid2 ona verilmiş suallara cavab olaraq bildirişdir ki, nə o, nə də digər polis əməkdaşları tərəfindən təqsirləndirilən şəxsə qarşı fiziki və psixi zor tətbiq edilməmiş, döyülməmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsi dedikləri özünmüdafiə xarakteri daşıyır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin CAŞ-nın kiçik inspektoru, polis baş serjantı Şahid3, Şahid1 Şahid2 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiklərini təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 31 iyul 2024-cü il tarixdə (saat 16:00) fakta görə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 234.1-ci maddəsilə ********* saylı cinayət işi başlanmış, icraata qəbul edilib istintaqı aparılmışdır. (i.v.1); “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, 30 iyul 2024-cü il tarixdə, saat 19:30 dəqiqədə Təqsirləndirilən şəxs CM-nin 234.1ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. (i.v.21); Təqsirləndirilən şəxs 01 avqust 2024-cü il tarixdə CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin maddədə nəzərdə tutulmuş ittiham ona elan edilmişdir. (i.v.69-70); “Təqsirləndirilən şəxsin dindirilməsi” haqqında 01 avqust 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsi ilə bağlı ifadəsi alınmışdır. (i.v.81); AR Səhiyyə Nazirliyi MTE və PA birliyi Publik hüquqi şəxsin 1290 saylı, xx.xx.2024-cü il tarixli rəyində görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində xəsarət aşkar olunmamışdır. (i.v.60-61); “Qətimkan tədbirinin seçilməsi haqqında” 01 avqust 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, saxlanıldığı Sumqayıt ŞPİ-nin X7 dərhal azad edilmişdir. (i.v. 82-83); “mobil telefona baxış keçirilməsi haqqında” 01 avqust 2024-cü il tarixli protokoldan görünür ki, ***-***-**-** saylı mobil nömrəyə gələn və gedən SMS mesajlarda iş üçün əhəmiyyət kəsb edən hər hansı mətn müəyyən olunmamışdır. (i.v.90); “şəxsi axtarışın keçirilməsi haqqında” 31 iyul 2024-cü il tarixli protokolundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 19:30 radələrində Sumqayıt ŞPİ-nin CAŞ-nin əməkdaşları tərəfindən Sumqayıt şəhəri, Sahil küçəsində yerləşən “Balıqçı” restoranının yaxınlığında küçədə saxlanılaraq Sumqayıt ŞPİ-nə dəvət edilmiş, idarədə ŞPİ-nin əməkdaşları və Təqsirləndirilən şəxs hüquqlarını müdafiə edən vəkilin iştirakı ilə şəxsi axtarış istintaq hərəkəti keçirilmişdir. Şəxsi axtarış keçirilərkən Təqsirləndirilən şəxs özü əynində olan tünd göy rəngli cins şalvarın sağ yan cibində saxlamış olduğu bir ədəd qızılı rəngli siqaret kağızı bükümünü, sol yan cibində saxlamış olduğu bir ədəd mobil telefonu təqdim etmişdir. Həmin bükümün içərisində ağ rəngli kristal şəkilli psixotrop maddə olan metamfetaminə bənzər maddənin olduğu müəyyən edilmiş, Qurbanlı həmin maddənin metamfetamin olduğunu, həmin gün günorta saatlarında Bakı şəhəri, Hövsan qəsəbəsi ərazisində tanımadığı şəxsdən 10 manata aldığını, axşam saatlarında Sumqayıt şəhərində tanışları Cəlil, Tural, Orxan ilə birlikdə gəldiyini, Orxanın Sumqayıt şəhərində 9-cu mikrorayon ərazisində birlikdə istifadə etmələri üçün narkotik vasitə əldə etdiyini, lakin onların Sumqayıt şəhəri, Sahil küçəsində polis əməkdaşları tərəfindən saxlanıldıqlarını bildirmişdir. Aşkar edilmiş həmin büküm elektron tərəzidə çəkilən zaman çəkisinin 0,52 qram olduğu müəyyən olunaraq “Panasonic” markalı video kamera ilə görüntüsü qeydə alınmışdır. Həmin büküm təhqiqatçı tərəfindən müvafiq qaydada qablaşdırılmış və möhürlənmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ***-***-**-** nömrə ilə işləyən bir ədəd “Redmi” markalı mobil telefon və bir ədəd Leo bank kartı iş üçün əhəmiyyət kəsb etdiyindən qablaşdırılaraq götürülmüşdür.(i.v 30-31); AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 6/3896 nömrəli 31 iyul 2024-cü il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində: “Azərbaycan Respublikası DİN Zərflər üçün № 124” dairəvi möhür əksi, “(imza) Təqsirləndirilən şəxs” Yazısı və imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,366 qram ağ rəngli kristal şəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələri”- in siyahısına (Siyahı İ) daxildir. ( i.v. 54-58); AR Səhiyyə Nazirliyi Respublika X9 Hüquqi şəxsin Ambulator Məcburi-Narkoloji Tibbi yoxlama barədə 5400 saylı, xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (i.v. 98-99); Məhkəmə istintaqı zamanı tədqiq edilən diskə baxış zamanı Təqsirləndirilən şəxs psixotrop maddə daşıyaraq üzərində saxlaması öz təsdiqini tapmışdır. AR DİN BƏSİİ alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki Təqsirləndirilən şəxs əvvəllər bir neçə cinayət məsuliyyətinə cəlb edilmiş, o, Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə CM-nin 177.2.1, 177.2.3, 221.2.1, 66.2, 69.3, 66.5-ci maddələri ilə 03 il 09 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 7(003)-1207/2023 saylı qərarı ilə 01 il 08 ay 29 gün vaxtından əvvəl şərti azad edilmişdir. (i.v.101-106); Göründüyü kimi Təqsirləndirilən şəxs şərti olaraq vaxtından əvvəl azad edildiyi müddət keçməmiş, yəni cəzanın çəkilməmiş hissəsi ərzində yenidən az ağır cinayət törətmişdir. Ona görə də, onun barəsində tətbiq edilmiş cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə ləğv edilməli və ona CM-nin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edilməlidir. CM-in 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Göründüyü kimi Təqsirləndirilən şəxs bu iş üzrə ittiham olunduğu əməli törətməmişdən əvvəl qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, cəzadan şərti olaraq vaxtından əvvəl azad edilsə də, həmin müddətdə yenidən cinayət törətmiş və məhkumluğu ödənilməmişdir. Ona görə də, onun yenidən qəsdən cinayət törətməsi cinayətlərin residivini yaradır. “sübutların qiymətləndirilməsi haqqında” 24 avqust 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsilə ittiham elan edilmiş və barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılmış, 6/3896 saylı xx.xx.2024-cü il tarixli məhkəmə-kimyəvi ekspertizasının, 5400 saylı, xx.xx.2024-cü il tarixli məhkəmə-narkoloji ekspertizasının rəyi, MTE-nin 1290 saylı xx.xx.2024-cü il tarixli rəyi sübut növü kimi qiymətləndirilmiş, Qurbanlının üzərindən aşkar olunmuş ümumi təmiz çəkisi 0.366 qram olan, kimyəvi tədqiqatlardan sonra qalıq qalmış 0.316 qram psixotrop maddə metamfetamin maddi sübut kimi tanınaraq, Sumqayıt ŞPİ-nin maddi sübutların saxlanc anbarına təhvil verilmiş, sonuncunun barəsində CM-nin 234.2-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmiş, iş üzrə X10 barədə CM-nin 234.1-1-ci maddəsi ilə ********* №-li cinayət işinin istintaqının aparılması nəzərə alınmış, X5 və X6 əməllərində CM-nin 234.1-ci maddəsinin tərkib əlamətləri olmadığından barələrində həmin maddə ilə cinayət təqibi rədd edilmiş, 01 ədəd “DVD-R” formatlı disk maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilməsi qərara alınmışdır. (i.v.120-126); Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X3 haqqında Avropa Konvensiyasının 6.2-ci maddəsinə əsasən “Cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir.” Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyası, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. Məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Ədalətli cəzanın təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02 aprel 2012-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 15 mart 2022-ci il tarixli qərarları). Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda göstərilən əməlin törədilməsi özünün dolayısı ilə qismən etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək, əvvəllər narkotik vasitə istifadə etsə də, 30 iyul 2024-cü il tarixdə tutulduğu vaxt üzərində qanunla qadağan olunmuş hər hansı maddə olmadığını barədə verdiyi ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, o məsuliyyətdən boyun qaçırmaq məqsədilə bu məzmunda ifadə vermişdir. İfadəsi özünü müdafiə xarakteri daşıyır. Belə ki, Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini ittihamda göstərildiyi qaydada törətməsi məhkəmə iclasında tam, obyektiv və hərtərəfli tədqiq edilmiş iş materialları və dindirilmiş şahid ifadələri, ekspert rəyi ilə təsdiq edilir. Onun məhkəmə istintaqında göstərdiyi hallar araşdırılsa da, öz təsdiqini tapmamışdır. Təqsirləndirilən şəxs özü də istintaq zamanı verdiyi ifadəsində əməlini etiraf etmiş, iş materiallarında olan digər sübutlarla ziddiyyət təşkil etməyən, işin hallarına uyğun ifadə vermişdir. Məhkəmə aşağıda qeyd edilənlərə əsasən hesab edir ki, bu məzmunda ifadə vermək Təqsirləndirilən şəxs kimi qanunla ona verilmiş hüquqlarından istifadə etməklə seçdiyi müdafiə vasitəsidir və o, bununla məsuliyyətdən yayınmağa cəhd etmişdir. Belə ki, iş materiallarını tədqiq edərkən və Təqsirləndirilən şəxs özünün də verdiyi ifadəsindən müəyyən edilmişdir ki, o, bundan əvvəl də CM-nin 234.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilmişdir. Təqsirləndirilən şəxs ifadəsində bildirmişdir ki, əvvəldən tanıdığı Tural adlı taksi sürücüsü onunla Sumqayıt şəhərinə getmək üçün yol yoldaşı olmağına dair ona təklif etmiş, o təkliflə razılaşmışdır. Avtomobildə adını sonradan bildiyi daha üç nəfər olmuş, onlardan bir Orxan adlı şəxs olmuşdur ki, Orxan onlarla birilkdə avtomobillə Sumqayıt şəhərinə gedərkən özünü narahat aparmış, ondan bu narahatlığın səbəbini soruşduqda İran İslam Respublikası vətəndaşı ilə danışdığını, heç bir problemin olmadığını bildirmişdir. Daha sonra o, Orxandan üzərində hər hansı qanunla qadan olunmuş, predmet və ya maddə olduğunu soruşduqda sonuncu ona belə bir maddənin olmadığını bildirmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs bu məzmunda ifadəsi özünün uydurma mexanizm əsasında qurduğu təxəyyülünün məhsuludur. Narkotik vasitədən qanunsuz istifadəyə görə cəza çəkən və hal-hazırda Suraxanı rayon məhkəməsində barəsində CM-nin 234.1-ci maddəsi ilə cinayət işi olan bir şəxs özünün də qeyd etdiyi kimi avtomobildə yanında əyləşmiş tanımadığı sərnişinin İran İslam Respublikası vətəndaşı ilə danışıq aparmasından şübhələnməli, dərhal avtomilin saxlanmasını tələb edərək, həmin yerdən uzaqlaşmalı olduğu və uzaqlaşmağa imkanı olduğu halda, göründüyü kimi Təqsirləndirilən şəxs nəinki bunu etməmiş, hətta Orxan adlı şəxsə üzərində narkotik maddə varmı deyə sual vermiş, sonuncu üzərində belə bir maddənin olmadığını bildirmiş, buna baxmayaraq o, Orxanın bu cavabının səmimi olmasına nədənsə inanmışdır. Həmçinin, qeyd edilənlərdən belə bir nəticəyə gəlmək olur ki, Sumqayıt şəhərinə gəlməkdə məqsəd şəxsiyyəti məlum olmayan İran İslam Respublikası vətəndaşından əlavə narkotik maddə əldə etmək olmuşdur. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24” dekabr 2021-ci il tarixli, 15 nömrəli qərarının 25-ci bəndində göstərilmişdir ki, təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Məhkəmə eyni zamanda qeyd edir ki, hazırkı iş üzrə təqsirləndirilən şəxs təzyiqə məruz qalması ilə bağlı heç bir orqana şikayət etməmiş, ibtidai istintaq zamanı ifadəsində əməlini etiraf etmiş, saxlanılan zaman polis əməkdaşları tərəfindən ona qarşı heç bir zor və qanunsuz hərəkətlər edilmədiyini, heç bir şikayət və tələbinin olmadığını qeyd etmişdir. Lakin məhkəmə istintaqı zamanı onun döyüldüyünü bildirmiş, ifadəsini dəyuişmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş MTE PA birliyi Publik Hüquqi şəxsi tərəfindən verilmiş ekpsert rəyindən müəyyən edilir ki, Təqsirləndirilən şəxs bədəni üzərində hər hansı xəsarət aşkar edilməmişdir. Göründüyü kimi Qurban Qurbalının ifadəsində göstərdiyi hər bir hal məhkəmə tərəfindən yoxlanılsa da, öz təsdiqini tapmamışdır. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhz ibitdai istintaq zaman verdiyi ifadəsi sübut növü kimi qəbul edilməlidir. CM-nin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddəni şəxsi xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma-bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli, 8 №-li qərarının 5-ci bəndinə narkotik vasitələri və ya psixotrop maddələri qanunsuz olaraq saxlama uzanan cinayət olmaqla şəxs özü əməllərinə son verdiyi (məsələn gəlib təqsirini boynuna aldığı) və yaxud onun iradəsindən asılı olmayaraq əmələ son verildiyi, məsələn qeyd olunan əməllə əlaqədar keçirilən əməliyyat-axtarış tədbirinin gedişində yaxalandığı andan başa çatmış hesab edilir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il tarixli 28 iyun tarixli Qanunun 1.0.8-ci maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsinə dair, 1.0.9-cu maddəsində qanunsuz əldə edilməsinin izahları verilmişdir. Saxlama - bu həmin maddələrin saxlanılmasının yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Narkotik vasitənin, psixotrop maddənin və prekursorların şəxsin özündə nəqliyyat vasitələri ilə və ya belə vasitələrdən istifadə etməməklə yerinin dəyişdirilməsi onların daşınması kimi qiymətləndirilməlidir. 2005-ci il 28 iyun tarixli 961-İİQ saylı Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarın görə siyahılarının” İİ siyahısının 118-ci bəndinin tələbinə görə mütamfetaminin xeyli miqdar (təmiz halda qramlarla) daxil olmaqla, aşağı həddi 0.15 qram, külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla aşağı həddi 2 qramdır. “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. “Azərbaycan Respublikası CM-nin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarında qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Konstitusiya Məhkəməsi Plenumunun sözügedən qərarına əsasən, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan hallardır. Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. CM-nin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi müəyyən edilmişdir. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Həmin Məcəllənin 76.6.3-cü maddəsinə əsasən qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə cəzadan şərti olaraq vaxtından əvvəl azad etməni ləğv edir və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. Məhkumluğun ödənilmədiyi və ya götürülmədiyi dövrdə şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi həmin şəxs qəsdən cinayət törədilməsinin vərdişə çevirilməsinə, fərdi maraqları ilə cəmiyyətin maraqları arasında davamlı ziddiyyətin olmasına dəlalət edir ki, bu da həmin şəxsin törətdiyi əməlin ictimai təhlükəliliyinə və onun şəxsiyyətinə adekvat qiymətin verilməsini zəruri edir. Belə ki, bu şəxs barəsində artıq ittihamedici hökm çıxarılmış və cəza təyin edilmişdir. Dövlətin adından çıxarılmış bu hökmlə cinayət törətmiş şəxsə və onun davranışına mənfi mənəvi-hüquqi qiymət verilmiş, faktiki olaraq gələcəkdə bu cür cinayətkar davranışın yolverilməz olmasına dair xəbərdarlıq edilmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs yenidən qəsdən cinayət törətməklə, ona edilmiş dövlət məcburiyyətinə qarşı aşkar etinasızlıq göstərmişdir. Məhkəmə cəza təyini, xüsusən cəzanın növünün və müddətinin müəyyən edilməsi zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə metamfetaminin xeyli miqdarının minimum həddinə yaxın olmasını, bundan öncə də eyni məzmunlu cinayət törətdiyi üçün dəfələrlə məhkumluq həyatı yaşamasına baxmayaraq, islah olunmayaraq, yenə də psixotrop maddədən qanunsuz olaraq istifadə etməsini, məsuliyyəti ağırlaşdıran halları, onun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alır, lakin onun cəmiyyətdən təcrid edilmədən islah edilməsini qeyri-mümkün hesab edir. Ona görə də, ona CM-in 65.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli olmasına qənaətinə gəlir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair” 2009-cu il 25 may tarixli Qərarında qeyd edilmişdir ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir. Şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq xüsusi, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət-hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. Təqsirləndirilən şəxs CM-nin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli 07 yanvar 2025-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri seçilməlidir. Təqsirləndirilən şəxs Fikrət oğlu ərazi narkoloji dispanserində qeydiyyata alınmalı və ona narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Cinayət işi üzrə məhkəmə fiziki-kimyəvi ekspertizalarının keçirilməsi ilə əlaqədar cəmi 114 (bir yüz on dörd) manat məbləğində məhkəmə məsrəfi vardır. Həmin pul Azərbaycan Respublikası CPM-nin 195 və 196-cı maddələrinə əsasən təqsirləndirilən şəxsdən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin nəfinə tutulmalıdır. İş üzrə maddi sübut-Sumqayıt Şəhər Polis İdarəsinin saxlanc anbarında saxlanılantədqiqatdan sonra qalıq qalmış 0.316 qram psixotrop maddə metamfetamin məhv edilməli, şəxsi axtarış keçirilməsini əks etdirən 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs həmin məcəllənin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinsin və o, 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 76.6.3-cü maddəsinə əsasən Bakı Şəhəri Xəzər rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə məhkum Təqsirləndirilən şəxs barəsində tətbiq edilmiş cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə ləğv edilsin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən, bu hökmlə təyin edilmiş cəza Suraxanı Rayon Məhkəməsinin 1(010)-10/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə təyin edilmiş 03 il 09 ay müddətinə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 01 il 08 ay 29 gün hissəsi ilə hökmlərin məcmusu qaydasında qismən birləşdirilsin və Təqsirləndirilən şəxs oğluna 02 (iki) il 02 (iki) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 30 iyul 2024-cü il tarixdən 01 avqust 2024-cü il tarixədək tutulduğu 02 (iki) gün müddət təyin edilən cəzadan çıxılsın və onun çəkəcəyi azadlıqdan məhrum etmə cəzasının müddəti qəti olaraq 02 (iki) il 01 (bir) ay 28 (iyirmi səkkiz) gün müəyyən edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzanın əvvəli 07 yanvar 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək barəsində “həbs” qətimkan tədbiri seçilsin və məhkəmə iclas zalından dərhal həbs edilsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs 114 (bir yüz on dörd) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. İş üzrə maddi sübut, Sumqayıt Şəhər Polis İdarəsinin saxlanc anbarına təhvil verilmiş, tədqiqatlardan sonra qalıq çəkisi 0.316 qram psixotrop maddə metamfetamin məhv edilsin. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi barədə video görüntünü əks etdirən bir ədəd disk iş materiallarında saxlanılsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs təqdim edildiyi andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Ramiz Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar