Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-832/2023 29.11.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, X1 oğlunun katibliyi ilə, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, müdafiəçi “Şimal” Vəkil Bürosunun vəkili Müdafiəçi Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.1982-ci ildə, Abşeron rayonu, Şurabad kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, natamam orta təhsilli, məhkumluğu olmayan, fərdi əməklə məşğul olan, Xızı rayonu, Şurabad kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə, təxminən saat 21:30 radələrində Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, S.Bəhlulzadə küçəsi, ev 3, mənzil 78-də birgə yaşadıqları ünvanda qeyri-rəsmi ər-arvad münasibətində olduğu Zərərçəkmiş şəxs ilə aralarında baş vermiş ailə-məişət münasibətləri zəminində baş vermiş mübahisə zamanı Zərərçəkmiş şəxs qəsdən döyərək, sağ gicgah nahiyyəsinin dərialtı hematoması, sağ bazunun yuxarı 1/3-nin bayır səthinin qançırından ibarət sağlamlığın qısa müddətə müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid xəsarətlər yetirmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə özünü təqsirli bilərək bildirdi ki, həyat yoldaşı Zərərçəkmiş şəxs və oğlu Əliyev Xanəli Xalid oğlu ilə birlikdə kirayə yaşayırlar. xx.xx.2023-cü il tarixdə, saat 14:00 radələrində kirayə yaşadığı evdə yemək yeyib spirtli içki qəbul etmişdi. Sonradan həyətə düşmüş və təxminən saat 21:45 radələrində evə gəldikdə həyat yoldaşı Nuranə, oğlu Xanəli və qaynanası Fəridə evdə idilər. Nuranə son günlər onu qısqanaraq guya hansısa qadınlarla mesajlaşdığını bildirirdi və bu səbəbdən aralarında mübahisələr olurdu. O, evə girən kimi yenə Nuranə ona deyib ki, niyə başqa qadınlara mesaj yazırsan. Bu səbəbdən aralarında mübahisə baş verib. Mübahisə zamanı əsəbləşdiyi üçün sol əli ilə Nuranənin sağ üz nahiyəsinə bir neçə sillə vurub. Daha sonra bədənini müxtəlif nahiyələrinə bir neçə dəfə yumruqla vurub. Həmin vaxt Nuranənin anası Fəridə onu arxadan tutub saxlamış və Nuranə evdən çıxıb küçəyə tərəf qaçmışdır. Dava-dalaş və mübahisə mənzilin içərisində təxminən 10 dəqiqə davam edib. O, Nuranəni evdə döyən vaxt evdə Nuranənin anası Fəridə və oğlu Xanəlidən başqa heç kim yox idi. O, əməlindən peşmandır və zərərçəkmiş şəxslə barışlb. Bu səbəbdən təqsirləndirilən şəxs barəsində olan iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmədə Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, xx.xx.2023-cü il tarixdə, saat 21:30 radələrində anası Şahid Məhəmməd qızı və oğlu Əliyev Xanəli Xalid oğlu ilə birlikdə xalası Laləzar gildən evə gəliblər. Həmin vaxt əri Xalid evdə yox idi. Onunla Xalid arasında son vaxtlar qısqanclıq zəmnində mübahisələri olduğu üçün Xalidin evdə olmamasından yenə şübhələnib. Təxminən 10-15 dəqiqə sonra Xalid sərxoş vəziyyətdə evə gəlib. O, Xalidə deyib ki, “yenə hardan gəlirsən mən sənin ailənəm, sən nə üçün başqa qadınlarla yazışırsan”. Onun bu sözümdən sonra Xalid üstünə gələrək başqa qadınlarla yazışmasını ona sübut etməyini tələb edib və sol əli ilə sağ qulaq nahiyəsindən bir neçə dəfə sillə ilə vurub. Daha sonra dayanmadan yumruqla başına və kürəyinə bir neçə zərbə vurub. Bununla sakitləşməyərək təpiklə arxa kürək və bud nahiyəsinə bir neçə zərbə vurub. Anası onları aralamağa çalışıb. O, evdə olan döşəməsilən ağacı götürüb ki, özünü müdafiə etsin, lakin Xalidin üstünə gəldiyini görüb və küçəyə qaçıb. Xalid onu evdə döyən vaxt anası Fəridə və oğlu Xanəlidən başqa heç kim yox idi. O, təqsirləndirilən şəxslə barışıb və ondan heç bir şikayəti yoxdur. Qeyd edilənlərə əsasən zərərçəkmiş şəxs iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında Şahid Məhəmməd qızı ifadəsində göstərdi ki, mübahisə zamanı orada olmuşdur. Xalid evə girən kimi Nuranə ona deyib ki, “mən sənin ailənəm, sən nə üçün başqa qadınlarla yazışırsan”. Nuranənin bu sözündən sonra Xalid Nuranənin üstünə gedərək Nuranənin sağ qulaq nahiyəsinə bir neçə dəfə sillə ilə vurub. Daha sonra dayanmadan yumruqla Nuranənin başına və kürəyinə bir neçə zərbə vurub. O, onları araralamağa çalışıb. Bundan sonra Nuranə küçəyə qaçıb. İş materiallarında olan xx.xx.2023-ci il tarixli, 1551 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşağıdakı xəsarətlər vardır: Sağ gicgah nahiyyəsinin dərialtı hematoması, sağ bazunun yuxarı 1/3-nin bayır səthinin qançırı. Qeyd olunan xəsarətlər küt əşya (əşyalar) təsirindən törənmişdir, törənmə müddəti zərərçəkmişin müayinəsindən 1-2- gün əvvəl olmaqla qərarda göstərilən şəraitdə və qaydada 17.09.23cü il tarixdə əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərərvurmaya aiddir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi tam sübuta yetirilir. Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək, Təqsirləndirilən şəxs ilə barışdıqlarını bildirərək sonuncunun barəsində olan cinayət təqibi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs ərizə ilə məhkəməyə müraciət edərək özünü təqsirli bildiyini, zərərçəkmiş şəxslə barışdığını bildirərək barəsində olan cinayət təqibi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan Sumqayıt şəhər Narkoloji Dispanserinin 3528 saylı, xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər Narkoloji Dispanserində qeydiyyatda yoxdur. İş materiallarında olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində heç bir şikayət daxil olmamışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. İşdə olan Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 21 saylı Mənzil-Kommunal Sahəsinin xx.xx.2023-cü il tarixli, 1613 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs himayəsində 2008 və 2013-cü il təvəllüdlü 2 uşağı vardır. Məhkəmə, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsini, himayəsində azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4, 59.1.12, və 59.2-ci maddələrinə əsasən cəzanı yüngülləşdirən hallar hesab edir. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanılmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlanıla bilməz, başlanılmış cinayət işi üzrə icraata xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılır. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. «Şimal» Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt Şəhər Məhkəməsinin qərarını icra edərək, vəkil Müdafiəçi onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 08 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 48 manat dövlət büdcəsindən tutularaq «Şimal» Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia, məhkəmə xərci və maddi sübut yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40, 43, 321, 346, 347, 381, 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs «Şimal» Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 08 saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 48 (qırx səkkiz) manat pul dövlət büdcəsindən tutularaq «Şimal» Vəkil Bürosunun hesabına köçürülsün. Qərar elan olunduğu andan 20 (iyirmi) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №1(060)-832/2023
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-832/2023
29.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver