Məhkəmə qərarları › İş №1(060)-832/2025

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-832/2025

24.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-832/2025 24.02.2026 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılova Günel Rza qızının sədrliyi, Əhmədli Amid Yusif oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X3, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1976-cı il tarixdə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, fərdi əməklə məşğul olan, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı əldə edərək saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən, qanunsuz olaraq satış məqsədi olmadan ümumilikdə 38,562 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı əldə edib daşıyaraq evində saxlamış, 16 sentyabr 2025-ci il tarixdə, saat 18:10-da yaşadığı ünvan 3 ünvanında olarkən Sumqayıt ŞPİ-nin PB-nin əməkdaşları tərəfindən mənzilə baxış keçirilmiş və həmin vaxt Şahid1 tərəfindən Təqsirləndirilən şəxs məxsus 01 (bir) ədəd şəffaf polietilen torbada olan təmiz çəkisi 38,561 qram çəkidə bitki mənşəli, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuana polis əməkdaşlarına təqdim edilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bildiyini söyləmiş, ifadəsində bildirmişdir ki, aşkar edilmiş narkotik vasitəni yaşadığı Zeynalabdin qəsəbəsində yerləşən evlərinin yaxınlığında olan məktəbin arxasından zibil atarkən tapmışdır. Həmin narkotik vasitə enli yarpaqları olan ot şəklində idi və televizorda gördüyü üçün onun narkotik vasitə olduğunu bilirdi. O, 2-3 ay olar ki həmin yarpaqları gündəlik siqaret əvəzi olaraq kağıza bükərək istifadə etmişdir. Həmin narkotik vasitəni gün ərzində təxminən 20 dənə olmaqla istifadə etmiş, istifadə etdikdən sonra torbaya büküb, torbanı isə həyətdə düzəltdiyi talvarın altındakı stolun üstündə olan qazanın içərisində gizlətmişdi. Onun həmin narkotik vasitəni tapıb istifadə etməsindən evdə ailə üzvlərinin məlumatı olduğunu bilmirdi. Onun qızı xx.xx.2025-ci il tarixdə işdən evə avtobusla deyil, taksi ilə gəldiyi üçün o, evdə söz-söhbət salmışdı. Sözsöhbətdən sonra kiçik qızı Şahid1 102-yə zəng edib şikayət etmişdir. Daha sonra polislər evə gəlmiş və qızı onun gizlətdiyi narkotik vasitəni polisə təqdim etmişdir. Polislər evə gələrkən o evdə olmamış, həyat yoldaşı ona zəng edib evə gəlməsini söyləmişdir. Evə gəldikdə polis əməkdaşlarını görmüş, aşkar edilmiş narkotik vasitənin ona məxsus olduğunu bildirmişdir. O, narkotik vasitə əkib becərməmiş, həmin kütləni də zibil qutusunun yanından tapmışdır. Daha sonra polis əməkdaşları onu Sumqayıt Şəhər Polis İdarəsinin 2ci Polis Bölməsinə aparmışlar. Polis əməkdaşları tərəfindən ona qarşı heç bir fiziki və ya psixi təzyiq və ya təsir göstərilməmişdir. Son söz olaraq, ilk dəfədir narkotik vasitə istifadə etdiyini, əməlindən peşman olduğunu bildirmiş və qeyd edilənlərin məhkəmədən nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun atasıdır. O, son vaxtlar atasının davranışlarının normal olmadığını, özündə olmadığını müşahidə etmişdir. Belə ki, atası Təqsirləndirilən şəxs xırda söhbətləri böyüdüb, onları hədələyirdi. O və bacısı işdə olduğu üçün anasının evdə tək olmasından narahat olmuş, atasının davranışlarından şübhələndiyi və evdə tez-tez münaqişə yaratdığı üçün 2025-ci ilin sentyabr ayının 16-da 102 xidmətinə zəng etmiş və atasının narkotik vasitə istifadə etdiyindən şübhələndiyini bildirmişdir. Təxminən 10-15 dəqiqə sonra polis əməkdaşları gəlmişdir. Daha sonra polis əməkdaşları onunla birlikdə həyəti axtarmağa başlamışlar. O, atasının alətləri qoyduğu yerdə şəffaf qapaqlı qazanın içərisində yarpaqlı bitki olduğunu görmüş və onu polis əməkdaşlarına təqdim etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ilə eyni məzmunlu ifadə vermiş və bildirmişdir ki, həyat yoldaşı Təqsirləndirilən şəxs ilə aralarında söz-söhbət olduğu üçün qızı Günel polisə şikayət etmiş və polis əməkdaşları gəlmişdir. Qızı Günel həyətdə qabın içində bitki kütləsi tapmış və polisə təqdim etmişdir. Məhkəmə iclasında iştirak edən Şahid3 istintaqdakı ifadəsini təsdiq etdiyini və ifadə vermək istəmədiyini bildirdiyi üçün onun istintaqdakı ifadəsi elan olunmaqla tədqiq edilmişdir. Belə ki, istintaq zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, son 2-3 ay ərzində atası Təqsirləndirilən şəxs onlara qarşı normal davranmır, mənasız söhbətlər üstündə mübahisə yaradırdı. Atası spirtli içki qəbul edir və bundan sonra özündə olmur, evə içkili gəlirdi. Davamlı söz-söhbət yaratması və onlarla dalaşması onları narahat edirdi. xx.xx.2025-ci il tarixdə, saat 18:00 radələrində atası yenidən evdə mübahisə yaratmış, lakin mehribançılıq olsun deyə sakitləşdirmişlər. xx.xx.2025-ci il tarixdə, saat 11:00 radələrində bacısı işdə olan zaman atası yenidən evdə mübahisə yaratmışdır. Lakin, hər hansı fiziki şiddət olmamışdır. Bacısı işdən gəldikdən sonra onların qəmgin olduğunu görmüş və bundan bezərək polis əməkdaşlarına zəng etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və icraata qəbul edilmişdir. (i.v.1) Sumqayıt Şəhər Polis İdarəsinin 2-ci PB-nin məsul növbətçisi, polis leytenantı İsmayıl İbadov tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli raportdan görünür ki, xx.xx.2025-ci il tarixdə, saat 16:50 radələrində Azərbaycan Respublikası DİN-nin 102 zəng xidməti mərkəzi sistemindən daxil olmuş ********** nömrəli məlumatda ünvan 5 ünvanında Şahid1 atası tərəfindən döyülməsi qeyd olunmuşdur. (i.v 3) Baxış keçirilməsi və təqdim olunan maddi sübutların götürülməsi haqqında xx.xx.2025-ci il tarixli qərarla Təqsirləndirilən şəxs yaşadığı ünvana baxış keçirilməsi və sübut əhəmiyyəti kəsb edə biləcək saxlanılması və gəzdirilməsi qanunla qadağan edilmiş hər hansı bir əşya, predmet, eləcə də narkotik vasitə və narkotik vasitə aşkar edilərsə qablaşdırılaraq götürülməsi nəzərdə tutulmuşdur. (i.v. 7) Baxış keçirilməsi və təqdim edilmiş əşyanı götürmə barədə xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, xx.xx.2025-ci il tarixdə Şahid1 102 zəng xidməti mərkəzinə atası Təqsirləndirilən şəxs onları döyməsi ilə bağlı müraciəti əsasında hal şahidlərinin iştirakı ilə bölmənin təhqiqatçısı, polis leytenantı X7 tərəfindən ünvan 5 ünvanında baxış keçirilməsi və təqdim edilən əşyanın götürülməsi aparılmışdır. ünvan 5 ünvanına getdikdən sonra Şahid1 təqdim etdiyi, 1 ədəd qırmızı güllü boya ilə rənglənmiş 3 litr həcmli dəmir metaldan hazırlanmış şüşə materialdan qapağı, qızılı rəngli tutacaq hissəsində tac şəklində naxış və “ELEGANCE 24 CAKAT GOLD” sözləri yazılmış yazılar olan qazana baxış keçirilmişdir. Şahid1 həmin qazanın yaşadıqları evdə istifadə etdiklərini, qazanın içərisində olan qurudulmuş bitki kütləsini atası Təqsirləndirilən şəxs həyətdə əkib-becərdiyini və həmin qazanda qurutduğunu bildirmişdir. Təqdim edilmiş qazanın içərisində olan qurudulmuş bitki kütləsi sübut əhəmiyyəti kəsb etdiyindən götürülmüş və çəkisinin müəyyən edilməsi məqsədilə sellofan torbaya yığılaraq elektron tərəzidə çəkilmişdir. Həmin qurudulmuş bitki kütləsinin çəkisinin 45 qram olduğu müəyyən edilmiş və qablaşdırılmışdır. Bundan sonra mənzildə və həyətyanı sahədə qanunla saxlanılması qadağan olunmuş hər hansı əşya və predmetin olması ehtimalını nəzərə alaraq ev sahibəsi Şahid2 müraciəti əsasında ünvan 6 ünvanın həyətyanı sahəsinə baxış keçirilmişdir. Belə ki, həmin ünvan giriş darvazasından, ondan sağda 2 mərtəbəli evdən, irəlidə kiçik setkalarla bağlanmış içərisində ağaclar və digər bitkilər olan torpaq sahədən, darvazadan solda mənzilə daxil olduqda içərisində müxtəlif tikinti materialları olan otaqdan, ondan içəridə yaşayış üçün nəzərdə tutulmuş, çarpayı, divan və digər ev əşyaları olan otaqdan ibarətdir. Həmin həyətdə və mənzildə narkotik vasitə əkib becərilməsi ilə bağlı hər hansı fakt aşkar olunmamışdır. Həmin ünvana baxış keçirilməsi ilə əlaqədar mənzilin, həyətyanı sahənin və götürülmüş narkotik vasitəyə bənzər bitkinin şəkilləri çəkilmişdir. Çəkilmiş şəkillər protokola əlavə edilmişdir. (i.v 9-18) Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan xx.xx.2025-ci il tarixli A/2145 nömrəli tibbi müayinə protokolundan görünür ki, Təqsirləndirilən şəxs yüngül dərəcədə alkoqol sərxoşluğu və marixuana qəbulu faktı aşkar edilmişdir. “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə, saat 18:10 radələrində ünvan 5 ünvanında Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. (i.v.36) Şəxsi axtarış aparılması haqqında xx.xx.2025-ci il tarixli qərara əsasən, Təqsirləndirilən şəxs üzərində sübut əhəmiyyəti kəsb edə biləcək saxlanılması və gəzdirilməsi qanunla qadağan edilmiş hər hansı bir əşya, predmet, eləcə də narkotik vasitə və narkotik vasitə aşkar edilərsə qablaşdırılaraq götürülməsi nəzərdə tutulmuşdur. (i.v. 43) Şəxsi axtarışın keçirilməsi haqqında xx.xx.2025-ci il tarixli protokol və şəxsi axtarış zamanı qeydə alınmış video görüntüyə məhkəmə iclasında baxış keçirərkən müəyyən edilmişdir ki, həmin tarixdə saat 21:01-də Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışa başlamazdan əvvəl ona hüquq və vəzifələr barədə bildiriş və hüquqlarının müdafiəsini təmin edəcək vəkil təqdim olunmuş, daha sonra Təqsirləndirilən şəxs yaşadığı ünvandan aşkar edilərək götürülmüş və müvafiq qaydada qablaşdırılmış narkotik vasitə olan “marixuana”-ya bənzər bitki kütləsi təqdim edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs təqdim olunan möhürlənmiş bağlamadakı narkotik vasitə olan “marixuana”ya bənzər bitki kütləsinin onun evindən aşkar edildiyini, həmin kütlənin özünə məxsus olduğunu bildirmişdir. Daha sonra təhqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus və müvafiq qaydada qablaşdırılmış narkotik vasitə olan “marixuana”ya bənzər bitki kütləsinin olduğu bağlamanın içərisində həqiqətən də yaşıl rəngli spesifik iyə malik narkotik vasitə olan “marixuana”ya bənzər bitki kütləsinin olduğu görülmüşdür. Həmin büküm elektron tərəzidə çəkilən zaman çəkisinin 45 qram olduğu müəyyən edilmiş və yenidən qablaşdırılmış, üzəri möhürlənmişdir. (i.v.44-45) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli 20/847 nömrəli ekspert rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş, “Şübhəli şəxs Təqsirləndirilən şəxs...” yazılar və imzalar olan kağız paketdəki, 01 ədəd üzəri yapışqanlı lentlə sarılmış polietilen torbada təmiz çəkisi 38,561 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Tədqiqata təqdim edildi 38,561 qram, nümunə götürüldü 0,1 qram, 38,461 qram kütlə geri qaytarıldı. Ekspertiza tədqiqatının dəyəri 63 (altmış üç) manat məbləğində müəyyən edilmişdir. (i.v.53-55) Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında xx.xx.2025-ci il tarixli qərara əsasən ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin tarixdə ona ittiham elan edilmiş, həmin tarixdə də təqsirləndirilən şəxs qismində ifadəsi alınmışdır.(i.v.64-65) Təqsirləndirilən şəxs qətimkan tədbiri seçilməsi haqqında xx.xx.2025-ci il tarixli qərara əsasən, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və həmin tarixdə saat 16:00-da saxlandığı Sumqayıt Şəhər Polis İdarəsinin MSY-dən azad edilmişdir. (i.v.75-76) Maddi sübut kimi tanınma haqqında xx.xx.2025-ci il tarixli qərara əsasən Təqsirləndirilən şəxs məxsus 01 (bir) ədəd kağız paketdəki, 01 (bir) ədəd şəffaf polietilen torbada narkotik vasitə qurudulmuş marixuana cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən, həmin 01 (bir) ədəd şəffaf polietilen torbada təmiz çəkisi 38,561 qram təşkil edən narkotik vasitə qurudulmuş marixuana maddi sübut kimi tanınmış, ümumi təmiz çəkisi 38,561 qram olan narkotik vasitə qurudulmuş marixuanadan tədqiqata 0,1 qram sərf edildikdən sonra qalıq 38,461 qram çəkisinin qalması nəzərə alınaraq qalıq qalmış narkotik vasitə qurudulmuş marixuana saxlanması üçün Sumqayıt Şəhər Polis İdarəsinin maddi sübutların saxlanc anbarına təhvil verilmişdir. (i.v.81) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X12 şəxsin Ambulator X2 barədə xx.xx.2025-ci il tarixli, 5966 nömrəli rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmuşdur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (i.v.83- 84) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğuna dair məlumat yoxdur.(i.v.90) Sübutların qiymətləndirilməsi haqqında xx.xx.2025-ci il tarixli qərara əsasən iş üzrə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham dəyişdirilmədən qüvvədə saxlanılmış və barəsində “polisin nəzarəti” altına vermə qətimkan tədbirinin seçilməsi nəzərə alınmış, yaddaşında 01 (bir) ədəd rəngli formatda və otaq şəraitində çəkilmiş video görüntü olan 01 (bir) ədəd disk cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınaraq cinayət işi materiallarına əlavə edilməsi qərara alınmışdır. (i.v.100-104) Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün etirafı, şahidlərin ifadələri, ekspert rəyləri, şəxsi axtarış zamanı qeydə alınmış video görüntü və digər iş materialları ilə onun satış məqsədi olmadan, xeyli miqdarda narkotik vasitə olan marixuananı qanunsuz olaraq əldə edərək saxlama və daşıma cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Ona görə də Təqsirləndirilən şəxs həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Bundan başqa, cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamıda nəzərə alınmalıdır. Belə ki, həmin Sərəncamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfındən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının CM-in 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs əməlini səmimi etiraf etməklə təqsirini boynuna almasını və əməlindən peşman olmasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən narkotik vasitənin növünü və miqdarını, eləcə də, cəzanı yüngülləşdirən halları, yəni əməlini səmimi etiraf edərək təqsirini boynuna almasını, əməlindən peşman olmasını, cəzanı ağırlaşdıran halların isə olmamasını nəzərə alaraq hesab edir ki, onu cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də, o, təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilməli, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən onun xx.xx.2025-ci il tarixdən xx.xx.2025ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddətinin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, 04 (dörd) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti olaraq azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Cəzaçəkmə müddətinin başlanğıcı onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, hökmün icrası təqsirləndirilən şəxsin yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya şöbəsinə tapşırılmalı, həmçinin Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin üzərinə Sumqayıt şəhər Probasiya şöbəsinə məlumat vermədən saat 23:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı ünvan 2 ünvanını tərk etməmək, Sumqayıt və Bakı şəhərlərinin, Abşeron rayonunun hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Həmin Məcəllənin 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Məhkəmə, həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika X6 X2 ekspert komissiyasının xx.xx.2025-ci il tarixli, 5966 nömrəli rəyində Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacının olması qeyd edilməklə ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika X6 X2 ekspert komissiyasının xx.xx.2025-ci il tarixli, 5966 nömrəli rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanımış və hazırda Sumqayıt ŞPİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan keçirilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 38,461 qram narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə digər maddi sübut olan 01 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılmalı, iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 63 (altmış üç) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə, həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmənin hazırlıq iclasında dövlət hesabına hüquqlarını müdafiə etmiş vəkilin təqdim etdiyi hesabata əsasən onun məhkəmənin hazırlıq iclasında iştirakı və işlə tanış olduğu 18 saata görə 198 (bir yüz doxsan səkkiz) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Dövlət büdcəsi hesabına ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 nömrəli qərarına (xx.xx.2025-ci il tarixli 141 nömrəli qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat miqdarında müəyyən edilmişdir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-in 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi : Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 02 (iki) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddətin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, 04 (dörd) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 02 (iki) il 01 (bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin başlanğıcı onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası təqsirləndirilən şəxsin yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxsin üzərinə Sumqayıt şəhər Probasiya şöbəsinə məlumat vermədən saat 23:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı ünvan 2 ünvanını tərk etməmək, Sumqayıt və Bakı şəhərlərinin, Abşeron rayonunun hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Sumqayıt Şəhər Polis İdarəsinin maddi sübutların saxlama kamerasında saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 38,461 qram narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 63 (altmış üç) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X4, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X5 məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 18 saata görə 198 (bir yüz doxsan səkkiz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Günel İsmayılova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar