Məhkəmə qərarları › İş №1(060)-833/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-833/2023

31.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-833/2023 31.10.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1990-cı il tarixdə Abşeron rayonu Qobustan kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Qobustan rayonu, Ərəbşalbaş kəndində qeydiyyatda olmaqla Abeşron rayonu Nübar qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat üzrə materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qəsdən sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərər vurmuşdur. Belə ki, o, xx.xx.2023-cü il tarixdə, saat 09 radələrində Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi ərazisində yerləşən N saylı hərbi hissənin ərazisində qohumu Zərərçəkmiş şəxs ilə aralarında əvvəlcədən şəxsi münasibətlər zəmnində olan ədavət səbəbi ilə baş vermiş mübahisə zamanı Zərərçəkmiş şəxs ağız nahiyyəsinə yumruq zərbəsi ilə bir dəfə vurmaqla sonuncunun sol yanağın cərrahi tikişə ehtiyacı olan yarası ilə müşayiət olan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid və alt çənədə damağın sol hissəsinin, üst dodağı sol hissəsinin qançırları xəsarətlərindən ibarət sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduğundan dərəcələri təyin edilməyən xəsarətlər yetirmişdir. Məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs qismində dindirilən Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun qohumdur və aralarında 5-6 aydır ki, narazılıq vardır. Belə ki, o Əfrayıla yük avtomobili şini bağışlamış, sonradan həmin şinə ehtiyacı olduğu üçün geri almışdır. Buna görə aralarında narazılıq yaranmışdır. xx.xx.2023-cü il tarixdə özünə məxsus Şaqman markalı avtomobil ilə tullantı tikinti materiallarını H.Z.Tağıyev qəsəbəsi ərazisində yerləşən N saylı hərbi hissəyə gətirmişdir. Hərbi hissənin həyətində olarkən Əfrayılın da idarə etdiyi Şaqman markalı avtomobilin orada olmasını görmüşdür. Əfrayılın avtomobili öndə olmuş, o da Əfrayılın yanından keçib getmək istəyərkən Əfrayıl yük boşaltma növbəsinin onun olduğunu demişdir. Avtomobilini saxlayıb yerə düşmüş, Əfrayıl isə ona tərəf gəlməyə başlamışdır. Əfrayıl yaxınılaşıb ona “sən çaşmısan” demişdir. Daha sonra Əfrayıl onun sinə nahiyyəsindən geri itələmişdir. Bu zaman o, sağ əli ilə yumruq zərbəsi ilə onun ağız nahiyyəsinə bir dəfə vurmuş və zərbənin təsirindən Əfrayıl yerə yıxılmışdır. Yerdə olarkən diz zərbəsi ilə də bir dəfə Əfrayılın sinə nahiyyəsindən vurmuşdur. Bundan sonra oradan uzaqlaşmıdır. Bundan sonra Əfrayıl qardaşı Rafailə və 102 xidmətinə məlumat vermişdir. Rəfail hərbi hissənin qarşısına gəlmiş, həmçinin polis əməkdaşları da gəlmişdir. Polis əməkdaşları ilə birlikdə polis bölməsinə gəlmişdir. Hadisə zamanı o, hər hansı xəsarət almamışdır. Əməlindən peşmandır, hazırda Zərərçəkmiş şəxs ilə aralarında barışıq olmuş və zərərçəkmiş şəxsin ona qarş hər hansı bir şikayət və tələbi yoxdur. Odur ki, qeyd olunanların nəzərə alınaraq barəsində olan cinayət işinin icraatına xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs ilə qohumdur. Aralarında 5-6 aydır ki, narazılıq vardır. xx.xx.2023-cü il tarixdə özünə məxsus Şaqman markalı avtomobil ilə tullantı tikinti materiallarını H.Z.Tağıyev qəsəbəsi ərazisində yerləşən N saylı hərbi hissəyə gətirmişdir. Hərbi hissənin həyətində olarkən Vüsal da oraya gələrək onun növbəsinə girmək istəmişdir. Vüsala irad bildirdikdə isə, sonuncu heç bir əsaslı səbəb olmadan sağ əli ilə yumruq zərbəsi ilə onun ağız nahiyyəsinə bir dəfə vurmuş və zərbənin təsirindən o yerə yıxılmışdır. Yerdə olarkən Vüsal diz zərbəsi ilə də bir dəfə onun sinə nahiyyəsindən vurmuşdur. Bundan sonra o, qardaşı Rəfailə və 102 xidmətinə məlumat vermişdir. Hazırda Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəymiş ziyanın ödənildiyini, ona qarşı şikayətinin və tələbinin olmadığını nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş, məhkəmə iclasında iştirak etməyən Şahid ifadəsi elan edilməklə tədqiq edildi, müəyyən edildi ki, o ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 10 radələrində qardaşı Əfrayıl ona zəng edərək H.Z.Tağıyev qəsəbəsi ərazisində yerləşən N saylı hərbi hissənin həyətində qohumları Vüsalın onu döyməsini bildirmişdir. O da hərbi hissənin həyətinə gəlmiş, lakin onu hərbi hissəyə buraxmamışlar. Qardaşı Əfrayıl hərbi hissənin qarşısına çıxdıqda onun ağız nahiyyəsində qan ləkləri olmasını görmüşdür. Bunda sonra şikayətlə hüquq mühafizə orqanlarına müraciət etmişlər. Həmçinin bildirmişdir ki, qardaşı Əfrayılı Vüsal vuran zaman bilavasitə görməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Elmi-Təcrübi və X2 Hüquqi şəxsin xx.xx.2023-cü il tarixli, 1544 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində müəyyən edilmiş xəsarətlər – alt çənədə damağın sol hissəsinin, üst dodağın sol hissəsinin qançırları, sol yanağın cərrahi tikişə olan yarası, qeyd edilən xəsarətlər küt əşya təsirindən törənmişlər, törənmə müddəti zərərçəkmiş şəxsin müayinəsindən bir gün qədər olmaqla qərarın təsviri hissəsində göstərilmiş xx.xx.2023-cü il tarixdə əmələ gələ bilərdi, özü-özünə yetirilməsi istisna edilir və dərəcəsinə görə alt çənədə damağın sol hissəsinin, üst dodağın sol hissəsinin qançırları sağlamlığa zərərvurmayan, digər xəsarət - sol yanağın cərrahi tikişə olan yarası sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir (i.v.15- 18); - şəxsin zərərçəkmiş qismində tanınması barədə xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs iş üzrə zərərçəkmiş şəxs şəxs qismində tanınmışdır (i.v.31); - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, DİN BƏSİİ Əməliyyat-sorğu kartotekasında Təqsirləndirilən şəxs məhkumluğu barədə məlumat yoxdur (i.v.69); - Zərərçəkmiş şəxs məhkəmə iclasında təqdim etdiyi ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş ziyanı tamamilə ödəmiş, ona qarşı heç bir şikayət və tələbi olmadığından cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. - Təqsirləndirilən şəxs məhkəmə iclasında təqdim etdiyi ərizəsindən görünür ki, o, özünü təqsirli bildiyini, əməlindən peşiman olduğunu, zərərçəkmiş şəxslə barışdığını, bu səbəbdən iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən yekun protokolda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspert rəyi, təhqiqat hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli düzgün olaraq təhqiqat orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə iclasında müdafiə tərəfi məhkəməyə müraciət edərək təqsirləndirilən şəxs barəsində cinayət təqibinə zərərçəkmiş şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxslə barışması ilə əlaqədar xitam verilməsinə razı olduğunu bildirmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqbinə isə xitam verilməlidir. Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən Bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin və zərərçəkmiş şəxsin ifadələrini dinləyərək, iş materiallarını araşdıraraq, müdafiə tərəfinin cinayət təqibinə zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslə barışması ilə əlaqədar xitam verilməsinə razılığını, Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxslə barışmasını və ona dəymiş ziyanı tamamilə ödəməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını və onun barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat üzrə materialı üzrə icraata xitam verilməsinə dair xahişini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi və barəsində olan Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə xitam verilməsi məqsədə uyğundur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2008-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. İş üzrə mülki iddia, maddi sübut və müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 39, 43, 321, 321.2.1 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən xitam verilsin və Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 14 saata görə 84 (səksən dörd) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia, maddi sübut və müsadirə edilməli əmlak yoxdur. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hakim: Samir İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar