Məhkəmə qərarları › İş №1(060)-833/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-833/2025

23.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-833/2025 23.12.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Hüseynov İsfahan Abbas oğlunun katibliyi, Xüsusi ittiham qaydasında şikayət verən şəxs X1, onun etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə, Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X2, onun müdafiəçisi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Xüsusi ittiham qaydasında şikayət verən şəxs X1 şikayətinə məhkəmənin hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X5 xüsusi ittiham qaydasında şikayətlə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək X1 şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltdığına, eləcə də üstünə böhtan atdığına görə xx.xx.1986-cı il təvəllüdlü X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 147.1 və 148-ci maddələri ilə təqsirli bilinərək cinayət məsuliyyətinə cəlb edilməsi və ona həmin maddələrin sanksiyasında nəzərdə tutulmuş ən ağır cəza təyin olunmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmış və şikayətdə qeyd edilmişdir ki, Aytən Mehbalıyeva “Tiktok” sosial şəbəkəsində “Denaz TV” səhifəsində verdiyi intervyuda (müsahibəsində) X3 böhtan atmaqla onun şərəf və ləyaqətini qəsdən alçaltmışdır. Belə ki, yayımlanan müsahibədə X9 Serebyakova barəsində “dələduz”, “evində silah saxlayır” kimi ifadələr işlətmiş, bununla da qalmayıb, İrina Serebyakovanın ev ünvanını açıq-açıq sosial şəbəkədə paylaşmışdır. Bu müsahibənin video görüntüləri də mövcuddur. Həmin görüntülərin əks olunduğu disk şikayətə əlavə edilmişdir. Bu ifadələrin İrina Serebyakovanın şərəf və ləyaqətini alçaldan, onu təhqir edən ifadələr olduğu hesab edilmişdir. CM-nin 148-ci maddəsinə görə təhqir yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. X9 Serebyakova barəsində dediyi yuxarıda qeyd olunan təhqiramiz ifadələrə görə CM-nin 148-ci maddəsi ilə təqsirli bilinərək maddənin sanksiyasında nəzərdə tutulmuş ən ağır cəzaya məhkum edilməlidir. Bundan əlavə, o, həmin verilişdə İrina Serebyakovaya böhtan ataraq onu evində silah saxlamaqla və dələduzluqla ittiham etməklə, ona böhtan atmışdır. CM-nin 147.1-ci maddəsi - böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma - min manatdan min beş yüz manatadək miqdarda cərimə ilə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Onun X5nı dələduz adlandırması CM-nin 147.1-ci maddəsinin tərkibini yaradır və o, həmin maddə ilə təqsirli bilinib maddənin sanksiyasında nəzərdə tutulmuş ən ağır cəzaya məhkum edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 24-cü maddəsinin birinci və ikinci bəndlərinə əsasən İ. İnsan ləyaqəti qorunur və ona hörmət edilir.- İİ. Hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquqları və azadlıqları vardır. 60-cı maddəsinin birinci bəndinə əsasən İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli, 3 nömrəli qərarında qeyd olunur: İnsanın şərəfi, ləyaqəti və nüfuzu hüququn ən ali bəşəri dəyərlərindən hesab olunur. Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra Konstitusiyanın) 46-cı maddəsində, Birləşmiş Millətlər Təşkilatının 10 dekabr 1948-ci il tarixli Ümumdünya İnsan Hüquqları Bəyannaməsində və 16 dekabr 1966-cı il tarixli “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktda, “İnsan Hüquqlarının və X4 haqqında” Avropa Konvensiyasında (bundan sonra Konvensiyada) təsbit edilmiş şəxsi və ailə həyatına hörmət hüququ ilə əlaqədar olaraq qeyd olunur ki, hər kəsin şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır, hər hansı hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. İnsanın şərəfi, ləyaqəti və nüfuzu bir-biri ilə sıx surətdə bağlı olan mənəvi, əxlaqi və sosial dəyərlər olduğuna görə bu dəyərlər dövlət tərəfindən müdafiə olunur. Konstitusiya fikir və söz, məlumat və yaradıcılıq azadlıqlarını həyata keçirərkən hər kəsdən qanunlara riayət etməsini və başqalarının hüquqlarına hörmətlə yanaşmasını tələb edir. Lakin, bir sıra hallarda bəzi şəxslər, o cümlədən kütləvi informasiya vasitələrinin əməkdaşları onlara verilmiş hüquq və azadlıqlardan sui-istifadə edərək başqalarının şərəf və ləyaqətini ləkələyən, onları nüfuzdan salan təhqir və böhtan xarakterli məlumatların kütləvi şəkildə yayılmasına yol verirlər. Təhqir və böhtanla bağlı xüsusi ittiham qaydasında şikayətlər üzrə cinayət işlərinin ümumiləşdirilməsinin nəticələrinə görə, məhkəmələr bir qayda olaraq belə işlərə baxarkən qanunvericiliyin tələblərinə əməl edərək həmin işlər üzrə qanuni, ədalətli və obyektiv qərarlar qəbul edirlər. Xüsusi ittiham qaydasında şikayətlər üzrə işlərə baxarkən məhkəmələr hər kəsin toxunulmazlığının, şərəf və ləyaqətinin, habelə Azərbaycan Respublikasının Konstitusiyasında nəzərdə tutulmuş digər hüquqlarının məhkəmə müdafiəsinin təmin edilməsi üçün qanunvericiliyin tələblərinə əməl etməlidirlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 147, 148, 165.1 və 166.1-cı maddələri ilə xüsusi ittiham qaydasında şikayətlər əsasında işlərə baxılarkən bütün hallarda Konstitusiyanın 30-cu maddəsində (əqli mülkiyyət hüququ), 32-ci maddəsinin İİ və İİİ hissələrində (şəxsi və ailə həyatının sirrini saxlamaq hüququ), 46 (şərəf və ləyaqətin müdafiəsi hüququ), 47 (fikir və söz azadlığı), 50-ci (məlumat azadlığı) maddələrində, Konvensiyanın 8 (şəxsi həyata və ailə həyatına hörmət hüququ) və 10-cu (fikri ifadə etmək azadlığı) maddələrində təsbit edilmiş hüquq və azadlıqların pozulub-pozulmaması araşdırılmalı, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra Avropa Məhkəməsi) ifadə azadlığına dair presedent hüququndan geniş istifadə olunmalıdır. Avropa Məhkəməsinin presedent hüququnda demokratik sistemin davamlılığı baxımından söz azadlığının əhəmiyyətinə xüsusi diqqət yetirilir. Bununla belə, o da nəzərə alınmalıdır ki, fikri ifadə etmək azadlığı Konvensiyanın 10-cu maddəsinin 2-ci bəndinə əsasən digər şəxslərin nüfuzu və hüquqlarının müdafiəsi üçün məhdudiyyətlərə məruz qala bilər. Avropa Məhkəməsinin qərarlarındaqeyd edilmişdir ki, ifadə azadlığına hər hansı məhdudiyyətin “zəruriliyi” əaaslı qaydada müəyyən edilməlidir. İlk növbədə məhkəmələr məhdudiyyətin-tətbiqi üçün “ciddi ictimai tələbatın” mövcud olub-olmadığını müəyyən etməlidirlər; bu halda onların müəyyən mülahizə hüdudları vardır. Mətbuat ilə bağlı işlərdə məhkəmələrin malik olduğu mülahizə hüdudları demokratik cəmiyyətin azad mətbuatı təmin etmək və qorumaq marağı ilə müəyyən edilir. Eynilə, Konvensiyanın 10-cu maddəsinin 2-ci bəndinə əsasən məhdudiyyətin qanuni məqsədə mütənasib olubolmamasının müəyyən edilməsində bu maraq daha ağır çəkiyə malikdir (bax, Fressoz və Ruar Fransaya qarşı (BP), § 45). Avropa Məhkəməsi həmçinin bildirmişdir ki, mətbuatın demokratik cəmiyyətdə oynadığı “gözətçi” rolu xüsusi əhəmiyyət kəsb edən amildir (bax, X6rşı, 27 mart 1996-cı il, § 39). Onun vəzifəsi öz məsuliyyət və öhdəliklərinə uyğun qaydada siyasi məsələlər və ümumi maraq kəsb edən digər məsələlər barədə məlumat və fikirləri yaymaqdan ibarətdir (bax, başqa bir çox mənbələrlə yanaşı, De Haes və Gijsels Belçikaya qarşı, § 37 və Kolombani və digərləri Fransaya qarşı, § 55). Lakin mətbuat müəyyən hədləri, xüsusilə başqalarının nüfuz və hüquqlarına aid olan hədləri aşmamalıdır. Həmçinin nəzərə alınmalıdır ki, məqbul olan tənqidin hüdudları fərdi şəxslə müqayisədə ictimai xadim, o cümlədən siyasətçi ilə bağlı daha genişdir. Birincidən fərqli olaraq ictimai və ya siyasi xadim sözlərinin və hərəkətlərinin jurnalistlər və ümumiyyətlə ictimaiyyət tərəfindən yoxlanılmasına qaçılmaz olaraq və bilə-bilə açıq edir və buna görə o, daha böyük dərəcədə dözümlülük nümayiş etdirməlidir (bax, Lingens Avstriyaya qarşı, § 42). Böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. Qeyd edilənlərə əsasən Aytən mehbalıyevanın CM-nin 147.1 və 148- ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında xüsusi ittiham qaydasında şikayət vermiş şəxs İrina Serebyakovanın nümayəndəsi və vəkili Nümayəndə şikayətin məzmununa uyğun çıxış edərək bildirmişdir ki, Aytən Mehbalıyeva “Tiktok” sosial şəbəkəsində “Denaz Tv” səhifəsində verdiyi müsahibəsində alqı-satqı müqaviləsinin aldadılaraq bağlanması nəticəsində İrina Serebyakovanı dələduz adlandırmışdır. Qeyd etmişdir ki, dələduz adlandırılmağa əsas kimi şəxs təqsirli bilinməli və nəticədə məhkəmə hökmü çıxarılmalıdır. Hesab edir ki, belə əsassız ittiham 40 ilə yaxın müddətdə müəllim kimi fəaliyyət göstərən İrina Serebyakovanın nüfuzuna xələl gətirir. Həmçinin, Aytən Mehbalıyeva onun evində silah olmasını bildirmişdir. Qeyd edilənlər nəticəsində İrina Serebyakovanın şərəf və ləyaqəti alçaldılmışdır. Məhkəmə iclasında xüsusi ittiham qaydasında şikayət verən şəxs İrina Serebyakova bildirmişdir ki, müdafiəçisinin qeyd etdikləri ilə razıdır. Aytən Mehbalıyeva tərəfindən dələduz adlandırılmasını, adının, şərəf və ləyaqətinin ləkələnməsini, həmçinin evində silah olmasını qəbul etmir. Evində silah olmasını bildirən tutarlı əsas yoxdur. Sözügedən ev Aytən Mehbalıyevanın bacısının olmuşdur. Baş verənlərdən təsirlənən nəvəsi ona nalayiq ifadələrdən ibarət mesaj yazır. Qeyd olunanları nəzərə alaraq şikayətin icraata qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs Aytən Mehbalıyeva bildirmişdir ki, ilk olaraq onun barəsində sosial şəbəkələrdə şərəf və ləyaqətini alçaldan, təhqir və böhtandan ibarət ifadələr işlədilmişdir. Həmçinin, onun digər şəxslərlə birlikdə İrina Serebyakovanın evinə girərək oğurluq etməsi, onun tərəfindən döydürülməsini bildirən ittihamlar barədə polis bölməsində aparılan araşdırmalarla həmin ərazidə olmaması öz əksini tapmışdır. 3 övladının mənafeyi baxımından sosial şəbəkədə özünü müdafiə etmişdir. Övladlarına məktəbdə vəsaitlər və məktəb formaları verilmədiyindən direktorla danışmışdır. Qeyd edir ki, 02 avtomobili əlindən alınmış və evindən çıxarılmışdır. Silah evdə olduğu təqdirdə ora qayıtmayacağını bildirdikdə, həyat yoldaşı Anatoli silahın evdən çıxarılaraq “Qoraddelə” təhvil verilməsini ona bildirmişdir. Silahın İrina Serebyakovada deyil, həmin evdə olmasını qeyd etmişdir. Qeyd edilənləri nəzərə alaraq şikayətin icraata qəbul edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında Aytən Mehbalıyevanın müdafiəçisi Müdafiəçi çıxışında bildirmişdir ki, Aytən Mehbalıyevanın CM 147.1 və 148-ci maddələri ilə ittiham olunması üçün onun tərəfindən məlumatlar kütləvi informasiya vasitələrində yayılmalı, həmçinin şahidlər olmalı və ifadələr şər, böhtan xarakteri daşımalıdır. Qeyd edilənləri nəzərə alaraq şikayətin icraata qəbul edilməməsini xahiş etmişdir. Məhkəmə şikayəti və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar qəbul edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin, 37.2-ci maddəsinə əsasən Xüsusi ittiham qaydasında cinayət təqibi yalnız zərər çəkmiş şəxsin şikayəti əsasında Cinayət Məcəlləsinin 147, 148, 165.1 və 166.1-ci maddələrində göstərilən cinayətlər üzrə həyata keçirilir və məhkəmə müşavirə otağına gedənədək zərər çəkmiş şəxs təqsirləndirlən şəxslə barışdıqda ona xitam verilir. 88.4.1-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayət üzrə materialların hazırlanmasını həyata keçirmək xüsusi ittihamçının vəzifəsidir. 293.3.1-293.3.7-ci maddələrinə əsasən böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda aşağıdakılar göstərilir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş; şikayətin verildiyi tarix (il, ay və gün) və yer; şikayəti vermiş şəxsin imzası. 299.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. 302.1.3-cü maddəsinə əsasən şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014cü il tarixli Qərarının 11-ci bəndində göstərilir ki, xüsusi ittiham qaydasında icraatın başlanmasına səbəb yalnız zərər çəkmiş şəxs tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayət ola bilər. Xüsusi ittiham qaydasında şikayət yazılı şəkildə cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsinə verilir. Şikayətdə Cinayət-Prosessual Məcəlləsinin 293.3.1-293.3.7-ci maddələrində göstərilən yuxarıda sadalananlar göstərilməlidir. Məhkəmə qeyd edir ki, cinayət mühakimə icraatında tərəflərin çəkişmə prinsipi cinayət mühakimə icraatında ittiham və müdafiə tərəfinin çəkişməsi əsasında həyata keçirilməsini nəzərdə tutmaqla hər bir tərəfin məhkəmədə təmsil olunmasını və məhkəmədə öz mövqeyini müdafiə etmək üçün bərabər hüquqlara və imkanlara malik olmalarını ehtiva edir. Bu prinsipə görə ittiham tərəfi cinayət hadisəsinin baş verməsini, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin əlamətlərinin mövcudluğunu, bu əməlin törədilməsinə təqsirləndirilən şəxsin aidiyyatini, cinayəti tərətmiş şəxsin cinayət məsuliyyətinə cəlb olunmasının mümkünlüyünü sübut edir, müdafiə tərəfi isə əksinə cinayət təqibi ilə bağlı irəli sürülmüş ittihamı təkzib edir və ya CPM-də təsbit edilmiş digər funksiyaları yerinə yetirir. Göründüyü kimi xüsusi ittiham qaydasında şikayət vermiş şəxsin xüsusi ittiham qaydasında şikayətinin məhkəmənin hazırlıq iclasında yoxlanılması zamanı şikayətin Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi ilə müəyyən edilmiş forma və məzmuna uyğun olmadığı, törədilmiş cinayət barədə məlumatların, cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləğinin əks olunmadığı müəyyən edilmişdir. Məhkəmə iclası zamanı Aytən Mehbalıyevanın müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmiş, hüquqlarının müdafiəsi üçün Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 03 iş saatı məsrəf olunmuşdur. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 28 aprel 2025-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 manat miqdarında müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, vəkil Müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardıma görə cəmi 33 manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Odur ki, yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, xüsusi ittiham qaydasında şikayətinin icraata qəbul edilməsindən imtina edilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası CPM-nin 293-cü, 302-ci və 384.1.7-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X5 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilsin. Vəkil Müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardıma görə cəmi 33 (otuz üç) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan 20 gün müddətində Sumqayıt şəhər məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ramiz Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar