Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-84/2021 18.03.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 katibliyilə, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs, müdafiəçi-Bakı şəhəri 17 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1962-ciildə Qubadlı rayonu Başarat kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs 10.09.2020-ci il tarixdə, saat 19:40 radələrində Sumqayıt şəhəri, 21-ci məhəllə, 2/11 saylı binanın həyətində əvvəldən tanıdığı Zərərçəkmiş şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinə gəlməməsini irad bildirdiyi səbəbindən aralarında yaranmış mübahisə zamanı ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq edilməsi ilə müşayiət edilən qərəzli hərəkətlər edərək silah qismində istifadə etdiyi, üzərində gəzdirdiyi bıçaqla Zərərçəkmiş şəxs bir dəfə vuraraq sonuncuya döş qəfəsinin sol yarısının döş boşluğuna keçməyən kəsilmiş-deşilmiş yarası ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına yüngül zərər vurmaqla xuliqanlıq etmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən, belə ki, yalnız Zərərçəkmiş şəxs xəsarət yetirməkdə təqsirli bilərək göstərdi ki, Zərərçəkmiş şəxs 2013-cü ildən tanıyır. Belə ki, Nicat onun mərhum oğlu Rasiflə dostluq etmişdir. Nicatın atası Əhəd və sonuncunun oğlu Ramil onun oğlu Rasifi 04.09.2018-ci il tarixdə öldürdüyü üçün həmin vaxtdan onların arası olmamışdır. Bununla əlaqədar cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır. Nicat və onun dostu Orxan Əliyev həmin hadisədən sonra dəfələrlə ona, oğlu Vasifə hədə-qorxu gələrək ölüm işi ilə şikayətlərini geri çəkmədikləri təqdirdə nəticəsinin onlar üçün ağır olacağını bildirmişlər. O, Sumqayıt şəhəri Yaşıl marketin yanında dayanıb taksi fəaliyyəti ilə məşğul olur. 18.02.2020-ci il tarixdə, saat 14:40 radələrində Nicat, Orxan Əliyev və başqa 2 nəfər adını bilmədiyi şəxslər birlikdə Orxan Əliyevin idarə etdiyi «Hammer» markalı dövlət qeydiyyat nişanını xatırlamadığı avtomobillə Yaşıl marketin yanına gələrək, ona hədə-qorxu gəlmişlər və bu hal dəfələrlə təkrar olunmuşdur. 10.09.2020-ci il tarixdə, saat 15 radələrində oğlu Rasifin öldürülməsi ilə bağlı olan cinayət işi ilə əlaqədar Bakı Ağır Cinayətlər Məhkəməsinə getmiş və həmin gün saat 17 radələrində məhkəmədən çıxıb Sumqayıt şəhərinə evinə gəlmişdir. Avtomobilinin qarşı buferində problem olduğu üçün həmin gün saat 20 radələrində o, evdən çıxaraq piyada Sumqayıt şəhəri 21-ci məhəllədə yerləşən avtomtəmir sexinə getmişdir ki, orada işləyən usta İbrahimlə danışsın ki, maşını təmir etmək üçün nə vaxt vaxtı olacaq ki, maşınının buferində olan problemi həll etsin. Həmin vaxt o, görmüşdür ki, Zərərçəkmiş şəxs yaşadığı evi tərəfindən ona tərəf surətlə tək gəlir. O, buna görə yolunu dəyişmişdir. Buna baxmayaraq Nicat onu həmişəki kimi söyüb-təhqir etməyə başlamış, o, dayanmışdır. Nicat ona yaxınlaşıb heç bir söz demədən bir dəfə yumruqla onun başının alın nahiyəsinə möhkəm vurmuş, o, da Nicatı əli ilə itələmişdir. Həmin vaxt Nicat yenə də ona yaxınlaşaraq yumruqla boynunun arxa nahiyəsinə bir dəfə vurmuş, o, hüşunu itirib yerə yıxılmışdır. Görmüşdür ki, Nicat yenə də onun üzərinə gəlir, o, yerdə olarkən əlinə nəsə keçmiş və özünü müdafiə etmək üçün əlində olan nə iləsə Nicatı bir dəfə vurmuş, daha sonra isə durub oradan getmişdir. Əlindəki əşyanı isə elə orada tullamışdır. Həmin gün Sumqayıt ŞPİ-nin 4-cü PB-nə dəvət edildiyi üçün həmin bölməyə getmişdir. Hadisə vaxtı Nicatı yerdən götürdüyü dəmir parçası ilə bir dəfə vurmuş, lakin özündə olmadığından Nicatın konkret olaraq bədəninin hansı nahiyəsinə vurduğunu bilməmişdir. Dəmir parçasını da orada harasa tullamışdır. Hadisə Zərərçəkmiş şəxs yaşadığı Sumqayıt şəhəri 21-ci məhəllə, 2/11 saylı binanın həyətində baş vermişdir. Nicat onu vurarkən səs-küyə Nicatın anası da ora yaxınlaşmışdır. Hadisə vaxtı onun üzərində bıçaq olmamış, Nicatı bıçaqla vurmamışdır. Hadisə baş verdikdən sonra az miqdarda spirtli içki qəbul etmişdir. Hadisənin baş verməsinə görə peşimandır. Hadisə 2-3 dəqiqə çəkmiş, mübahisəyə səbəb Nicat olmuş, onu ifadə olunmaz söyüşlərlə təhqir edərək üzərinə gəlib zərbəni birinci Nicat vurmuş, daha sonra isə o Nicatı vurmuşdur. Hadisəyə kənar şəxslər müdaxilə etməmişdir. Daha sonra, hadisə yerinə kimlərin gəlib gəlmədiyini dəqiq olaraq bilməmişdir. Nicata xəsarət yetirsə də heç bir xuliqanlıq hərəkəti etməmişdir. Zərərçəkmiş şəxslə barışdığından məhkəmədən ona bəraət verilməsini xahiş edir. Məhkəmədə Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs uzun müddətdir tanıyır. O, Asifin oğlu Rasiflə dostluq etmişdir. 04.09.2018-ci il tarixdə Rasifin öldürülməsi ilə bağlı atası Əhəd və qardaşı Ramil cinayət məsuliyyətinə cəlb edilərək həbs edilmişdirlər. Hazırda onların barəsində Bakı Ağır Cinayətlər Məhkəməsində işə baxılır. 10.09.2020-ci il tarixdə səhər saatlarında o, anası Şahid və qohumlarını Bakı Ağır Cinayətlər Məhkəməsinə aparmışdır. Çünki həmin məsələ ilə bağlı orada işə baxılırdı. Həmin gün saat 15 radələrində onlar yenidən Sumqayıt şəhərinə qayıtmışlar. Anası Mətanətin təzyiqi qalxdığı üçün evdə uzanıb yatmışdır. Özü isə bir neçə saat evdə olduqdan sonra saat 19:30 radələrində evdən çıxaraq yaxınlıqdakı marketə getmişdir. Marketdən qayıdarkən təxminən saat 19:40 radələrində görmüşdür ki, Təqsirləndirilən şəxs yaşadığı binanın dəhlizində (podyezdində) dayanıb sağ əlini arxada saxlamaqla orada nəsə gizlədir. O, ehtiyat edib ona yaxınlaşmamışdır. Həmin vaxt Asif ona niyə məhkəməyə gəlmədiyini demişdir. Asifdən gələn qoxudan başa düşmüşdür ki, o, spirtli içki qəbul edibdir. O Asifə məhkəməyə getdiyini demiş və üzünü çevirib getmək istədikdə, Asif onu nalayiq söyüşlərlə söyüb təhqir etdiyindən o, geri çevrilib ona tərəf getmiş və onu hansı səbəbdən söydüyünü soruşmuşdur. Həmin vaxt Asif arxada gizlətdiyi sağ əlindəki bıçaqla qəfildən onun sol tərəfdən döş hissəsinə bir dəfə vuraraq qaçmışdır. O, qışqırmış, əlini sol tərəfdən döş hissəsinə tutduqda, görmüşdür ki, qan gəlməyə başlamışdır. Həmin vaxt anası Mətanət də yaşadığı binanın mənzilinin eyvanından bunu görüb, evdən həyətə düşərək yanına gəlmişdir. Onun səsisinə ətrafda olan qonşuluqda yaşayan və təsadüfən oradan keçən kimliyini dəqiq xatırlamadığı şəxslər də yanına gəlmişlər. Anası Mətanət tez DİN-nin 102 xidmətinə zəng edib hadisə barədə məlumat vermişdir. Daha sonra təcili tibbi yardım maşını gəlmiş və onu maşına mindirərək Sumqayıt şəhər TTYX-na aparmışlar. Asif onu özü ilə gətirdiyi bıçaqla bədəninin sol tərəfdən döş hissəsinə bir dəfə vurub qaçmışdır. Asif əlindəki bıçağı sonradan nə etdiyini görməmişdir. Hadisə 10.09.2020-ci il tarixdə saat 19:40 radələrində yaşadığı Sumqayıt şəhəri 21-ci məhəllə 2/11 saylı binanın evinin yerləşdiyi dəhlizin (podyezdin) qarşısında, yəni binanın həyətində baş vermişdir. Hadisə təxminən 5 dəqiqə davam etmiş, yanlarında heç kim olmamışdır. Anası Mətanət hadisəni eyvandan görüb səsə həyətə düşmüşdür. Asif onu bıçaqla vurduqdan sonra onun səsinə qonşuluqda yaşayan və təsadüfən oradan keçən kimliyini dəqiq xatırlamadığı şəxslər də yaxınlaşmışlar. Hadisə vaxtı o, Təqsirləndirilən şəxs vurmamış və döyməmişdir. Asif onu dəmir parçası ilə deyil, bıçaqla vurmuşdur. Bıçağın əlamətlərini xatırlamır. Zərərçəkmiş şəxs məhkəməyə ərizə ilə müraciət edərək təqsirləndirilən şəxslə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək təqsirləndirilən şəxs barəsində humanist qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə Şahid ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun doğma oğludur. Təqsirləndirilən şəxs uzun müddətdir ki, tanıyır. X2 dostluq etmişdir. 04.09.2018-ci il tarixdə Rasifin öldürülməsi ilə bağlı əri Əhəd və oğlu Ramil cinayət məsuliyyətinə cəlb edilərək hazırda onların barəsində iş Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır. 10.09.2020-ci il tarixdə səhər saatlarında o, oğlu Nicat və qohumları Bakı Ağır Cinayətlər Məhkəməsinə getmişlər. Çünki həmin məsələ ilə bağlı işə baxılırdı. Həmin gün saat 15 radələrində onlar yenidən Sumqayıt şəhərinə qayıtmışlar. Təzyiqi qalxdığı üçün o, evdə uzanıb yatmışdır. Həmin gün saat 19:40 radələrində o, evdə olarkən evin 1-ci mərtəbəsinin dəhlizindən (podyezdindən) səs-küy səslərini eşidib, eyvana çıxdıqda görmüşdür ki, Nicatı ətrafda olan şəxslər ayırırlar. Asif də yanındadır, onu nalayiq ifadələrlə söyüb təhqir edir. Həmin vaxt görmüşdür ki, Asif Nicata yaxınlaşaraq əlində olan bıçaqla onu bir dəfə vurub qaçmışdır. Lakin Asifin bıçağı nə etdiyini görməmişdir. Oğlu Nicat sol tərəfdə döş hissəsindən qan gəldiyindən, əlini ora tutmuşdur. O, tez aşağıya düşmüş və DİN-nin 102 xidmətinə zəng edərək hadisə barədə məlumat vermişdir. Daha sonra hadisə yerinə təcili tibbi yardım maşını gəlmiş və oğlunu xəstəxanaya aparmışlar. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının 06.10.2020-ci il tarixli, 1236 saylı rəyindən görünür ki,Zərərçəkmiş şəxs bədəni üzərində aşağıdakı xəsarət aşkar edilmişdir: Döş qəfəsinin sol yarısının döş boşluğuna keçməyən kəsilmiş-deşilmişyarası. Qeyd olunan xəsarət deşici-kəsici alətlə, ola bilsin ki, bıçaqla yetirilmişdir, müddəti qərarda göstərilən tarixə, yəni 10.09.2020-ci il tarixə uyğun gələ bilər və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilir. Xəsarətin kənar şəxs tərəfindən, eləcə də özü tərəfindən özünə yetirilməsi inkar olunmur. Beləliklə, məhkəmə toplanmış sübutları araşdıraraq və onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirliliyi onun özünün qismən etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin, şahidin ifadələri, ekspertiza rəyi və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Onun cinayət məsuliyyətindən azad edilməsi üçün heç bir əsas yoxdur və o Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə özünü təqsirli bilməməsini, yalnız Zərərçəkmiş şəxs xəsarət yetirməsində təqsirli bilməsini özünü müdafiə kimi qiymətləndirir və bunun zərərçəkmişin, şahidin ifadələri və işin digər materialları ilə təkzib olunduğunu qeyd edir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8 və 58.3-cü maddələrinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İş materiallarında olan, Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, o, təqsirləndirilən şəxslə barışmışdır, ona qarşı heç bir şikayət və tələbi yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 30.09.2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvələr məhkum olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini qismən etiraf etməsini, hadisənin baş verməsinə görə peşman olmasını, zərərçəkmiş şəxslə barışıq əldə etməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12 və 59.2-ci maddələrinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 11.09.2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və Sumqayıt Şəhər Məhkəməsinin 12.09.2020-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilməsindən imtina olunmuş, Sumqayıt Apellyasiya Məhkəməsinin 18.09.2020-ci il tarixli qərarı ilə Sumqayıt Şəhər Məhkəməsinin 12.09.2020-ci il tarixli qərarı ləğv edilərək barəsində həbs qətimkan tədbiri seçilmiş, Sumqayıt Şəhər Məhkəməsinin 13.10.2020-ci il tarixli qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 11.12.2020-ci il tarixədək uzadılmış və həmin məhkəmənin 17.11.2020-ci il tarixli hazırlıq iclasının qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünü təyin etmək məsələsi ilə bağlı belə nəticəyə gəlir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilib, barəsində həmin Məcəllənin 70-ci maddəsi tətbiq edilərək, sınaq müddəti müəyyən etməklə təyin edilmiş cəzanın şərti hesab edilməsi qanuni, ədalətli və şəxsiyyətinə uyğundur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 11.09.2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və Sumqayıt Şəhər Məhkəməsinin 12.09.2020-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilməsindən imtina olunmuş, Sumqayıt Apellyasiya Məhkəməsinin 18.09.2020-ci il tarixli qərarı ilə Sumqayıt Şəhər Məhkəməsinin 12.09.2020-ci il tarixli qərarı ləğv edilərək barəsində həbs qətimkan tədbiri seçilmiş, Sumqayıt Şəhər Məhkəməsinin 13.10.2020-ci il tarixli qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 11.12.2020-ci il tarixədək uzadılmış və həmin məhkəmənin 17.11.2020-ci il tarixli hazırlıq iclasının qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Odur ki, Təqsirləndirilən şəxs həbsdə olduğu 6 (altı) ay 1 (bir) gün müddət ona təyin olunacaq qəti cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli və o, məhkəmə iclas zalından dərhal azad edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə maddi sübut, məhkəmə xərci və mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinsin və o, 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 06 (altı) ay 01 (bir) gün müddət təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70ci maddəsi tətbiq edilərək, ona qəti olaraq təyin edilmiş 01 (bir) il 05 (beş) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası 1 (bir) il sınaq müddəti ilə şərti tətbiq edilsin. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi Sumqayıt şəhər probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs üzərinə vəzifə qoyulsun ki, sınaq müddəti ərzində onun davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməsin. Sınaq müddətinin əvvəli hökmün qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o, məhkəmə iclas zalından dərhal azad edilsin. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elçin Məmmədov
Məhkəmə qərarları › İş №1(060)-84/2021
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-84/2021
18.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver