Məhkəmə qərarları › İş №1(060)-84/2024

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-84/2024

10.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-84/2024 10.01.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Əhmədli Amid Yusif oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1985-ci ildə, Füzuli rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkumluğu olmayan, Füzuli rayonu Üçbulaq kəndində qeydiyyatda olan, ünvan 1 ünvanda yaşayan barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib özündə saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda, 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,189 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib üzərində saxlayaraq daşımış, 16 sentyabr 2023-cü il tarixdə saat 17:15-də Sumqayıt ŞPİ-nin, NMB-nin əməkdaşları tərəfindən Sumqayıt şəhəri, 1-ci mikrorayon, N.Nərimanov küçəsi, “Seymur Aptek” in qarşısında saxlanılaraq Sumqayıt ŞPİ-nə gətirilmiş və üzərində aparılan şəxsi axtarış zamanı 01 ədəd siqaretin gümüş rəngli kağız bükümündə təmiz çəkisi 0,189 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin əynində olan boz rəngli şalvarın sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək bildirdi ki, xx.xx.2023-cü il tarixdə, saat 17:15 radələrində Sumqayıt şəhəri 1-ci mikrorayon, N.Nərimoanov küçəsində «Seymur Apek» in yaxınlığında olan zaman polis əməkdaşları ona yaxınlaşıb narkotik vasitələrin qəbulu və üzərində gəzdirilməsində şübhəli olduğundan Sumqayıt şəhər Pİ-nə dəvət etdikləri üçün etiraz etməyərək polis əməkdaşları ilə birlikdə polis idarəsinə gəlmişlər. Pİ-də xidməti otaqların birində vəkilin iştirakı ilə vidoçəkiliş vasitəsilə üzərində şəxsi axtarış keçirilmişdir. Öncə üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyanı təqdim etməyini təklif etmişlər. Həmin vaxt əynində olan boz rəngli şalvarın sağ yan cibində saxlamış olduğu 2 ədəd «Winhçestr» tütün qutusunu təqdim etmiş, qutulardan birinin içində 1 ədəd siqaretin gümüşü kağızı bükümü aşkar edilmişdir. Aşkar edilmiş gümüşü kağız büküm açılan zaman içərisində ağ rəngli kristall şəkilli psixotrop maddə «metafetamin» ə banzər maddə, digər siqaret qutusu açıldıqda içərisində spesifik iyə malik narkotik maddə «qurudulmuş marixuana» ya bənzər yaşıl bitki kütləsi aşkar edilmişdir. Üzərindən aşkar olunmuş ağ rəngli kristal maddə “patı” (metamfetamin), digər qutuda olan yaşıl bitki kütləsi isə «nəşə» (marixuana) olmuşdur. O, metamfetamini tutulmamışdan 3 gün əvvəl Sumqayıt şəhəri «14 mərtəbənin yanı» deyilən ərazidə tanımadığı şəxsdən 10 manata, marixuananı isə həmin şəxsdən 20 manata şəxsi istifadəsi üçün almışdır. Üzərindən aşkar olunmuş 1 ədəd siqaretin gümüşü kağızma bükülmüş spesifik iyə malik ağ rəngli psixotrop maddə olan metamfetamin və narkotik vastə olan qurudulmuş marixuana elektron tərəzidə çəkilmiş və qablaşdırılmışdır.Əməlindən peşmandır və ona yüngül cəza təyin edilməsini xahiş edir. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törətməsi öz ifadəsi ilə bərabər, məhkəmə iclasında tam, obyektiv və hərtərəfli tədqiq edilmiş iş materialları və dindirilmiş şahid ifadələri ilə də təsdiq edilir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt şəhər Polis İdarəsinin NMB-nin əməliyyat müvəkkili X8 ifadəsində göstərmişdir ki, Sumqayıt ŞPİ-də NMB-də əməliyyat müvəkilli vəzifəsində çalışır və xx.xx.2023-cü il tarixdə ünvan 2 ünvanında yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin istifadəsi və üzərində gəzdirməsi barədə Sumqayıt ŞPİ-nə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatı rəhbərliyə məruzə olunduqdan sonra, Təqsirləndirilən şəxs cinayət əməllərini ifşa etmək məqsədilə müvafiq əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə qərar qəbul olunmaqla əməliyyat qrupu yaradılmışdır. xx.xx.2023-cü il tarixdə əməliyyat qrupunun digər üzvü NMB-nin əməkdaşı Şahid1 ilə birlikdə saat 17:15 radəllərində keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, 1-ci mikrorayon, N.Nərimanov küçəsi “Seymur aptek” in qarşısında saxlanılmışdır. Təqsirləndirilən şəxs özlərini təqdim edərək ona narkotik vasitə qanunsuz əldə edib üzərində gəzdirməkdə şübhəli olduğundan onlarla birlikdə Sumqayıt ŞPİ-nə gedməli olduğu bildirilmişdir. Təqsirləndirilən şəxs onlarla birlikdə ŞPİ-yə gəlmiş və Sumqayıt ŞPİ-də xidməti otaqda videoçəkilişlə, polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə, həmçionin videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş hər hansı əşya və ya predmet vardırsa təqdim etməyi təklif edildikdə o, əynində olan boz rəngli şalvarın sağ yan cibində saxlamış olduğu 2 ədəd “Winchester” tütün qutusunu təqdim etmişdir. Həmin qutullardan birisinin içərisindən bir ədəd siqaretin gümüşü rəngli kağız kəsiyinə bükülmüş vəziyətdə olan kütlə aşkar edilmiş, həmin büklü açıldığı və içərisində ağ rəngli kristal şəkilli psixotrop maddə olan metamfetaminə bənzər kütlə olduğu müəyyən edilmişdir. Digər siqaret qutusunda isə yaşıl rəngli ot şəkilli narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə olması aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin kütlələrin nə olduğunu soruşulduqda o, həmin ağ kristal şəkilli maddənin “patı” (metamfetamin) digr yaşıl kütlənin isə “nəşə” (marixuana) olduğunu və özü qəbul etmək üçün 3 gün əvvəl Sumqayıt şəhəri 14 mərtəbə adlanan ərazidə tanımadığı şəxdən patını 10 manata, nəşəni isə həmin şəxsdən 20 manata alıb istifadəsi üçün üzərində saxladığını göstərmişdir. Ondan sonra onun üzərində şəxsi axtarış davam etdirilmiş və qeyd edilənlərdən başqa iş üçün əhmiyyət kəsb edən digər əşya aşkar edilməmişdir. Aşkar edilmiş narkotik vasitə və psixotrop maddə elektron tərəzidə çəkilərək qablaşdırılmışdır. Digər Şahid1 məhkəmə iclasında üzrlü səbəbdən iştirak etmədiyi üçün məhkəmə tərəfindən onun ibtidai istintaq zamanı vermiş olduğu ifadə elan edilmişdir. Həmin şahidin ibtidai istintaq zamanı verdiyi ifadə digər şahidin ifadəsi ilə oxşarlıq təşkil etmişdir. Məhkəmə tərəfindən iş üzrə aşağıdakı sübutlar tədqiq edilmişdir. Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 17 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, fakta görə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – Cinayət Məcəlləsi) 234.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanmış və icraata qəbul edilməklə istintaqı aparılmışdır. “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, 16 sentyabr 2023-cü il tarixdə, saat 17:15 dəqiqədə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. “Şəxsi axtarışın keçirilməsi haqqında” 16 sentyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində 16 sentyabr 2023-cü il tarixində, saat 17:45-dən 17:54-dək Sumqayıt ŞPİ-də vəkilin iştirakı ilə və videoçəkilişlə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarışa başlanmazdan əvvəl ona hüquq və vəzifələr barədə bildiriş və hüquqlarının müdafiəsini təmin edəcək vəkili X1 təqdim olunmuş, daha sonra isə videoçəkiliş vasitəsilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilərək sonuncuya üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub - olmaması, əgər vardırsa, həmin əşyanı təqdim etməyi təklif edilmişdir. Təqsirləndirilən şəxs əynində olan boz rəngli şalvarın sağ yan cibində saxlamış olduğu 2 ədəd «Winçhestr» tütün qutusunu təqdim etmişdir. Həmin qutulardan birinin içində 1 ədəd siqaretin gümüşü rəngli kağız bükümü aşkar edildiyi, aşkar edilmiş gümüşü kağız büküm açılan zaman içərisində ağ rəngli kristal şəkilli psixotrop maddə «metafetamin» ə bənzər maddə, digər siqaret qutusunda isə spesifik iyə malik narkotik maddə «qurudulmuş marixuana» ya bənzər yaşıl bitki kütləsi müəyyən olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs, üzərindən aşkar olunmuş ağ rəngli kristal maddənin “patı” olduğunu, digər qutuda olan yaşıl bitki kütləsinin isə «nəşə» olduğunu, həmin ağ rəngli maddəni tutulmamışdan 3 gün əvvəl Sumqayıt şəhəri «14 mərtəbənin yanı» deyilən ərazidə tanımadığı şəxsdən 10 manata, «nəşə»ni isə həmin şəxsdən 20 manata şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 1 ədəd siqaretin gümüşü kağızına bükülmüş ağ rəngli psixotrop maddə olan “metamfetamin”ə bənzər olan maddə elektron tərəziyə qoyulub çəkilən zaman həmin maddə gümüş rəngli kağızla birlikdə çəkisinin 0,48 qram olduğu, narkotik vastə olan «qurudulmuş marixuana» ya bənzər yaşıl bitki kütləsinin isə tütün qutusu ilə birlikdə çəkisinin 6,22 qram olması müəyyən edilmiş və aşkar olunmuş həmin kütlələr Azərbaycan Respublikası ƏN-nin MEM-nə göndərilməsi üçün xüsusi qaydada qablaşdırılaraq Azərbaycan Respublikasının DİN-nin 124 saylı möhürü ilə möhürlənmişdir. 18 sentyabr 2023-cü il tarixdə, saat 10:00-da Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin maddədə nəzərdə tutulmuş ittiham ona elan edilmişdir. Təqsirləndirilən şəxsin dindirilməsi haqqında 18 sentyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs kimi ifadəsi alınmışdır. Qətimkan tədbirinin seçilməsi barədə 18 sentyabr 2023-cü il tarixli qərara əsasən Təqsirləndirilən şəxs həmin tarixdə, saat 11:30-da saxlanıldığı Sumqayıt ŞPİ-nin X6 azad edilmiş və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3-16- 16/2-6/4915 nömrəli, 17 sentyabr 2023-cü il tarixli ekspert rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində “Vət. X4 aşkar edilmiş 1 büküm maddə: Təqsirləndirilən şəxs-imza, imza;Təhqiqatçı: S.Qurbanov- imza...”yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdəki 01 (bir) ədəd bükümdəki təmiz çəkisi - 0,189 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Tədqiqata sərf edildi 0,05 qram, qalıq 0,139 qram. İş üzrə təyin edilmiş məhkəmə-bioloji ekspertizasına dair 17 sentyabr 2023-cü il tarixli, 3-16-16/2-7/1310 nömrəli rəyinə əsasən tədqiqata təqdim edilmiş, üzərində "Vət. X5 üzərindən aşkar edilmiş, 2 büküm maddə yazıları və imzalar olan kağız paketdə üzərində “Winchester” yazısı olan siqaret qutusunda təmiz çəkisi -2,46 qram bitki mənşəlli kütlə, tərkibində narkotik maddəllər olan çətənə (kannabis) bitgisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Marixuananın təmiz çəkisi -2.46 qram, tədqiqata sərf edildi -0,02 qram, qalıq - 2,44 qram. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X10 şəxsin Ambulator Məcburi-Narkoloji Tibbi yoxlama barədə 6435 saylı, xx.xx.2023-cü il tarixli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə istintaqı zamanı tədqiq edilən diskə baxış zamanı Təqsirləndirilən şəxs narkotik vasitə daşıyaraq üzərində saxlaması öz təsdiqini tapmışdır. “Maddi sübut hesab edilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərara əsasən məhkəmə-kimyəvi ekspertizasından sonra qalıq qalmış təmiz çəkisi 0,139 qram psixotrop maddə metamfetamin və 2,44 qram çəkidə qurudulmuş marixuana maddi sübut kimi tanınmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkumluğu olmamışdır. Yəni, Təqsirləndirilən şəxs hazırkı cinayət əməlini törədən zaman məhkumluğu olmayan şəxs olmuşdur. İş materiallarında olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində heç bir şikayət daxil olmamışdır. “Sübutların qiymətləndirilməsi haqqında” 16 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham və barəsində seçilmiş “polisin nəzarəti altına növündə qətimkan tədbiri nəzərə alınmış, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş təmiz çəkisi 2,46 qram bitki mənşəlli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kanabis) bitkisindən küstar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana istehlak miqdarında olduğundan cinayət işinin həmin hissəsi üzrə cinayət təqibinin başlanması rədd edilmiş, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və məhkəmə-kimyəvi ekspetizasından sonra qalıq qalmış təmiz çəkisi 0,139 qram psixotrop maddə metamfetamin və məhkəmə bioloji ekspertizasından sonra qalıq qalmış 2,44 qram narkotik vasitə qurudulmuş marixuananın maddi sübut kimi tanınması nəzərə alınmış, cinayət işi üzrə dindirmə protokolları, şəxsi axtarış və götürmə aparılması haqqında protokol, üzərində şəxsi axtarış aparılarkən videokamera ilə çəkilərək DVD diskə yazılmış videoçəkiliş, məhkəmə-kimyəvi və məhkəmə-narkoloji ekspertiza rəyləri, ilkin təhqiqat materialları, eləcə də, digər istintaq sənədləri cinayət işi üzrə sübut növü kimi tanınmış, cinayət işi üzrə dindirmə protokolları, şəxsi axtarış və götürmə aparılması haqqında protokol, həmin istintaq hərəkətlərinin aparılmasının qeydə alındığı bir ədəd DVD diskə köçürülmüş videogörüntü, məhkəmə-kimyəvi və məhkəmə-narkoloji ekspertiza rəyləri, ilkin təhqiqat materialları, eləcə də digər istintaq sənədləri cinayət işi üzrə sübut növü kimi qiymətləndirilmiş, psixotrop maddə olan metamfetamin və narkotik vasitə qurudulmuş marixuananın çəkilərinin daha yüksək dəqiqlikli ekspert tədqiqatları göstəricisi mötəbər sübut kimi qəbul edilmişdir. “Elektron məhkəmə” informasiya sistemindən çıxarışla müəyyən edilir ki, Təqsirləndirilən şəxs evlidir və xx.xx.2016-cı il təvəllüdlü X7 adlı övladı vardır. Məhkəmə təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edərək aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Konstitusiyasına əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır (63.1). Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinə (bundan sonra - CPM) əsasən məhkəmənin ittiham hökmü təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsirli bilinməsi və onun barəsində cəza tədbirinin tətbiq edilməsi (cinayət qanunu ilə bilavasitə nəzərdə tutulduğu hallarda onun barəsində cəzanın tətbiq edilməməsi və ya cəzadan azad edilməsi) barədə məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir (351.1.). Məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır (351.2.). Məhkəmə bu Məcəllənin 346.1.1—346.1.6-cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verdikdə, təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsiri aşağıdakılar nəzərə alınmaqla sübuta yetirilmiş hesab edilə bilər: təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq; bu Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq; məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq; təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək (351.3.). Məhkəmə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 4 mart 2011-ci il tarixli, 2 №-li qərarının 5-ci bəndinə görə narkotik vasitələrin və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılmasının yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Həmin qərarın 6-cı bəndinə görə narkotik vasitənin, psixotrop maddənin və prekursorların şəxsin özündə nəqliyyat vasitələri ilə və ya belə vasitələrdən istifadə etməməklə yerinin dəyişdirilməsi onların daşınması kimi qiymətləndirilməlidir. 2005-ci il 28 iyun tarixli, 961-İİQ saylı Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılar”a əsasən (birinci Siyahı) metamfetaminin 0,15 qram da daxil olmaqla yuxarı hədləri şəxsi istehlak miqdarından artıq miqdar hesab edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Cinayət Məcəlləsində göstərilmişdir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır (8.1). Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir (41.2). Cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir (58.1). Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır (58.3). Hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır (69.3). Cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir (93.1.2). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli Qərarında qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsinə yol verməməlidirlər. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəmə hüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət törətməsini, əməlindən peşman olmasını, himayəsndə yetkinlik yaşına çatmayan uşağının olmasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə cəza təyini, xüsusən cəzanın növünün və müddətinin müəyyən edilməsi zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə olan metamfetaminin miqdarının şəxsi istehlak miqdarına yaxın olmasını, əməlini ağırlaşdıran halların olmamasını, onun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır və hesab edir ki, təqsirləndirilən şəxsi cəmiyyətdən tam təcrid etmədən yaşayış yeri üzrə nəzarət altında saxlanılmaqla cəzanın məqsədlərinə çatmaq mümkündür. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halların olması, ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, ibtidai istintaq zamanı 16 sentyabr 2023-cü il tarixdən 18 sentyabr 2023-cü il tutulduğu müddət ona təyin edilmiş cəzaya hesablanmalı (CM-69.3), öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, ona narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınan və Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmiş, tədqiqatdan sonra qalıq qalmış 0,139 qram psixotrop maddə metamfetamin və 2,44 qram çəkidə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 01 ədəd “DVD-R” formatlı disk iş materiallarında saxlanılmalı, 92 manat ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində ünvan 1 ünvanında çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 22:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Sumqayıt şəhərinin və Abşeron rayonunun ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqana məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilməlidir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 10 (on) iş saatı məsrəf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 60 (altmış) manat məbləğində pul ödənilməlidir. Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinsin və o, 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 16 sentyabr 2023-cü il tarixdən 18 sentyabr 2023-cü il tarixədək tutulub saxlanıldığı 02 (iki) gün müddət bir günə iki gün hesabı ilə təyin edilən cəzadan çıxılsın və onun çəkəcəyi azadlığın məhdudlaşdırılması cəzası qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müəyyən edilsin. Cəza çəkilməsi müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 22:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı ünvan 1 ünvanını tərk etməmək, Sumqayıt şəhərinin və Abşeron rayonunun hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqana məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs 92 (doxsan iki) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. İş üzrə maddi sübut, Sumqayıt Şəhər Polis İdarəsinin saxlanc anbarına təhvil verilmiş, qalıq çəkisi 0,139 qram psixotrop maddə metamfetamin və 2,44 qram çəkidə qurudulmuş marixuana məhv edilsin. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi barədə video görüntünü əks etdirən bir ədəd disk iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardım ödəməkdən azad edilsin. Vəkil Müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardıma görə 60 (altmış) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar