Məhkəmə qərarları › İş №1(060)-840/2022

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-840/2022

08.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-840/2022 08.12.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Azər İbrahim oğlunun sədrliyi, Rəhimov Səbuhi Fərəc oğlunun katibliyi, Xüsusi ittihamçı-X2 nümayəndəsi və vəkili Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2, Barəsində Xüsusi ittiham qaydasında şikayət verilən şəxs-X3 və onun müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, xx.xx.1977-ci ildə Sumqayıt şəhərində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, subay, Sumqayıt şəhəri 65 nömrəli körpələr evi-uşaq bağçasında tərbiyəçi işləyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmaları barədə xüsusi ittiham qaydasında şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: X7 xüsusi ittiham qaydasında şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə cinayət məsuliyətinə cəlb edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Xüsusi ittihamçı şikayətini onunla əsaslandırmışdır ki, X8 xx.xx.1996-cı ildən Sumqayıt şəhəri 65 nömrəli körpələr evi - uşaq bağçasında tərbiyəçi müəllimə vəzifəsində işləyir. X8 onun barəsində sosial şəbəkələrdə həqiqətə uyğun olmayan məlumatlar paylaşıb. Belə ki, X8, “Facebook”, “Youtube”, “Tik-Tok” və sair sosial şəbəkələrdə video görüntü paylaşıb və həmin video görüntüdə qeyd edir ki, “guya həm onun, həm də digər işçilərin əmək haqqları düzgün hesablanıb ödənilmir, onun və digər işçilərin pulu bağça müdiri tərəfindən mənimsənilir”. X8 yalan olduğunu bilə-bilə ona böhtan atır, şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi informasiya vasitəsində yayır. Dedikləri heç bir həqiqəti əks etdirmir. Bu barədə bir neçə dövlət qurumları ona rəsmi qaydada məlumat verib. X1, onun barəsində Sumqayıt şəhər Prokurorluğuna da şikayət edib və həmin şikayətində qeyd edib ki, guya o, “dövlət əmlakını mənimsəyirmiş”. X8 onun barəsində yalan olduğunu bilə-bilə, şərəf və ləyaqətini ləkələyən, onu nüfuzdan salan məlumatları kütləvi informasiya vasitələrində hər gün yayır və bu əməlini bu günə kimi davam etdirir. Bununlada hesab edir ki, “Facebook”, “Youtube”, “Tik-Tok” və sair internet saytlarında yalan olduğunu bilə-bilə, şərəf və ləyaqətini ləkələyən, nüfuzdan salan məlumatları yaymaqla onu cinayətdə ittiham etməklə böhtan atdığına və internet informasiya ehtiyatında şərəf və ləyaqətini qəsdən alçaltdığına görə X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə cinayət məsuliyətinə cəlb edilməsi barədə qərar qəbul edilməlidir. Məhkəmə iclasında xüsusi ittihamçı X2 nümayəndəsi və vəkili Müdafiəçi2 şikayəti müdafiə edərək bildirdi ki, X7 vaxtı-vaxtında X3 əmək haqqısını ödəmişdir. Sadəcə qanunvericiliyin tələblərinə əsasən onun əmək haqqısından tutulmalar olmuşdur. X8 bunları nəzərə almamış, bu barədə müxtəlif sosial şəbəkələrdə X4 böhtan atmışdır. Həmin əməllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsində nəzərdə tutulmuşdur. Ona görə də, X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməklə barəsində ittiham hökmü çıxarılmasını xahiş edir. Məhkəmə iclasında təqsirləndirilən şəxs X8 ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilməyərək bildirdi ki, o, başqa işçilərin yerinə şikayət etməmiş bunu sübut edəcək videolarda var. X12 ilə əlaqədar heçnə yoxdur. İkinci dəfə Youtube sosial şəbəkəsində yayımlanan video isə Əmək müfəttişliyindən olan şikayəti ilə bağlıdır. Həmin videoçəkilişdən sonra Əmək Müfəttişliyi müvafiq sənədləri ona təqdim etmişdir. Belə ki, onun əldə etdiyi sənədlərdə əmək haqqısı 435 manat olduğu təqdirdə, 362 manat əmək haqqı almışdır. Onun heç kimə böhtan atmaq fikri olmamış, o sadəcə öz əmək haqqısını tələb etmişdir. Məhkəmədən göstərilənləri nəzərə almağı və barəsində bəraət hökmünün çıxarılmasını xahiş edir. Məhkəmə iclasında təqsirləndirilən şəxs X3 müdafiəçisi Müdafiəçi1 X3 göstərdiklərinin nəzərə alınmasını və əməlində cinayət tərkibi olmadığı üçün ona bəraət verilməsini xahiş etdi. Aparılmış məhkəmə araşdırması zamanı müəyyən edildi ki, barəsində şikayət verilmiş şəxs ilə xüsusi ittihamçı eyni təhsil ocağında çalışırlar. X7 65 nömrəli körpələr evinin direktoru, X8 isə həmin körpələr evində tərbiyəçi müəllimə vəzifəsində çalışır. X8 əmək haqqısının düzgün hesablanmaması ilə bağlı dəfələrlə körpələr evinin direktoruna,həmçinin maliyyə şöbəsinə müraciət etmişdir. Maliyyə şöbəsində maaşların direktorun təqdim etdiyi iş saatlarına uyğun verilməsi ona məlum olmuşdur. Bundan sonra X8 öz əmək haqqısını tələb etmişdir. Tərəfələr arasında mübahisə də məhz bu səbəbdən baş vermişdir. Məhkəmədə xüsusi ittiham qaydasında şikayətə əlavə edilmiş diskdəki görüntülər nümayiş olundu. Həmin görüntülərdə X3 həm təkbaşına həm də digər iş yoldaşları ilə birlikdə öz əmək haqqısını tələb etməsi ilə bağlı görüntülər öz əksini tapmışdır. Belə olan halda Məhkəmə xüsusi ittiham qaydasında şikayətdə göstərilənləri təqdim edilmiş sübutlar, tərəflərin göstərdiyi hallar əsasında tam, obyektiv və hərtərəfli araşdıraraq hesab edir ki, X3 hərəkətlərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi yoxdur və ona bəraət verilməlidir. “Azərbaycan Respublikası CM-nin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin cinayət-mühakimə icraatının vəzifələri və əsas prinsiplərini tənzimləyən 21.1-ci maddəsinin tələbinə görə cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri Azərbaycan Respublikası CPM-də nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə, təqsirsiz sayılır. Həmin Məcəllənin 21.3-cü maddəsinin tələbinə görə ittihamı sübuta yetirmək, təqsirləndirilən şəxsin müdafıəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Həmin Məcəllənin 28.5-cimaddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Həmin Məcəllənin 139.0-cı maddəsində göstərilmişdir ki, cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi, cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar yalnız sübutlara əsasən müəyyən edilir. Həmin Məcəllənin 145.3-cü maddəsinə görə isə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin İ hissəsinə əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Həmin maddənin İİ və V hissələri müəyyən edir ki, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Məhkəmənin hökmü olmasa, kimsə cinayətdə təqsirli sayıla bilməz. Bu, hamılıqla qəbul olunmuş hüquq olmaqla, İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 11-ci maddəsinin 1-ci bəndində, “Mülki və siyasi hüquqlar haqqında Pakt”ın 14-cü maddəsinin 2-ci bəndində və “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya”nın 6-cı maddəsinin 2-ci bəndində təsbit olunmuşdur. Həmin müddəalara görə, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri məhkəmə araşdırması vasitəsilə qanun əsasında sübut edilənədək təqsirsiz hesab olunur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Barbara, Messege və Habordo İspaniyaya qarşı işində qeyd etmişdir ki, təqsirsizlik prezumpsiyası prinsipi digər maddələrlə yanaşı tələb edir ki, öz vəzifəni yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar, sübutetmə ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hoanq Fransaya qarşı” işində qeyd etmişdir ki, bütün sübutlar diqqətlə qiymətləndirilmədən hüquqi fərziyyənin tətbiq edilməsi təqsirsizlik prezumpsiyasını böyük ehtimalla pozmuş olur. Azərbaycan Respublikası CPM-nin təqsirsizlik prezumpsiyası adlanan 21.2-ci maddəsinə görə şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayətprosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq Avropa Məhkəməsi xatırlatmışdır ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur (“Van de Huk Niderlanda qarşı” iş üzrə 19 aprel 1994-cü il tarixli Qərar). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsində deyilir ki, yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Qeyd olunan maddənin məzmunundan da göründüyü kimi, cinayət məsuliyyətinin əsasını cinayət tərkibinin əlamətlərini özündə ehtiva edən ictimai təhlükəli əməlin törədilməsi təşkil edir. Bu isə o deməkdir ki, törədilmiş hər hansı bir əməldə, onu cinayət kimi xarakterizə edən və bilavasitə cinayət qanununda nəzərdə tutulan obyektiv və subyektiv əlamətlərin, yəni cinayətin obyekti; cinayətin obyektiv cəhəti; cinayətin subyekti; cinayətin subyektiv cəhətinin bütövlükdə hamısının, həm də eyni vaxt ərzində mövcud olduğu təqdirdə, törədilmiş həmin əməl cinayət məsuliyyəti yaradır. Göstərilən əlamətlərdən bir neçəsinin və yaxud da heç olmasa birinin mövcud olmaması əməlin cinayət əməli kimi xarakterizə edilməsini və onu törətmiş şəxsin cinayət məsuliyyətini istisna edir (Azərbaycan Respublikası CM-nin 3-cü maddəsi). Məhkəmə qeyd etməyi zəruri sayır ki, vətəndaşların şərəfini, şöhrətini və işgüzar nüfuzunu qorumaq hüququ onların konstitusiya hüququdur. 1948-ci il Ümumdünya İnsan Hüquqları Bəyannaməsində, 1966-cı il Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktda və Azərbaycan Respublikası Konstitusiyasının (bunan sonra, Konstitusiya) 46-cı maddəsində deyilir ki, hər kəsin şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır, heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. Konstitusiyanın İİİ fəslinin müddəalarına əsasən bir şəxsin və vətəndaşın hüquq və azadlıqları beynəlxalq hüququn ümumi qəbul edilmiş prinsipləri, normalarına uyğun olaraq tanınır və təmin edilir. Eyni zamanda, insan və vətəndaş hüquq və azadlıqlarının həyata keçirilməsi başqalarının hüquq və azadlıqlarını pozmamalıdır. Konstitusiya müddəalarını nəzərə alaraq, şərəf və işgüzar nüfuzun qorunmasına dair mübahisələrin həllində məhkəmələr bir tərəfdən vətəndaşların şərəf, ləyaqət və işgüzar nüfuzunu müdafiə etmək hüququ və Konstitusiya ilə təmin edilmiş digər hüquq və azadlıqları arasında bir tarazlığı təmin etməlidir. Azərbaycan Respublikası CM-nin 147.1-ci maddəsinə əsasən, böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma—min manatdan min beş yüz manatadək miqdarda cərimə ilə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli Qərarının 5-ci bəndində göstərilir ki, “Böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. Lakin CM-nin 147-ci maddəsinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür. Kütləvi nümayiş etdirilən əsər dedikdə, ən azı iki nəfər kənar şəxsin görə və ya qavraya biləcəyi şəraitdə nümayiş etdirilən əsərlər (fotoşəkillər, rəsm əsərləri, kinematoqrafıya əsərləri, reklam və sair) başa düşülür. Kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür. Böhtan və təhqir xarakterli məlumatların müxtəlif orqan və təşkilatlara ünvanlanmış ərizə və şikayətlərdə əks olunması və ya ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatların kütləvi çıxış şəklində yayılması sayılmır və belə hallarda onları yaymış (bildirmiş) şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsi istisna edilir”. Beləliklə, məhkəmə xüsusi ittiham qaydasında şikayətdə göstərilənləri xüsusi ittihamçının təqdim etdiyi sübutlar əsasında qiymətləndirərək belə nəticəyə gəldi ki, şikayətdə göstərilən hallar və dəlillər X3 barəsində ittiham hökmü çıxarılması üçün əsas deyildir. X3 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin tərkibi olmadığına görə ona bəraət verilməlidir. Azərbaycan Respublikası CPM-nin 39.1.1 və 39.1.2-ci maddələrinə əsasən cinayət hadisəsi olmadıqda və əməldə cinayət tərkibi olmadıqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir): Həmin Məcəllənin 42.1.2-ci maddəsinə əsasən əməldə cinayət tərkibi olmadıqda məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Həmin Məcəllənin 350.1-ci maddəsinə əsasən məhkəmənin bəraət hökmü təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edildiyi və məhkəməyə verildiyi ittiham üzrə cinayətin törədilməsində onun təqsirli olmaması haqqında məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. Həmin Məcəllənin 350.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Həmin Məcəllənin 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 349.4-cü maddəsində göstərilmişdir ki, məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Həmin Məcəllənin 349.5.1 və 349.5.3-cü maddələrinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab edilir. Məhkəmədə X3 müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. X3 hüquqlarının müdafiəsi üçün Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən 10 (on) iş saatı məsrəf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi1 60 (altmış) manat məbləğində pul ödənilməlidir. İş üzrə mülki iddia, maddi sübut yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 42.1.2, 344-350, 352- 353, 356, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə bəraət verilsin. X8 müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardımın haqqını ödəməkdən azad edilsin və vəkil Müdafiəçi1 tərəfindən göstərilmiş hüquqi yardıma görə isə 60 (altmış) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə nəzərdə tutulan müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Azər İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar