Məhkəmə qərarları › İş №1(060)-841/2023

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-841/2023

22.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-841/2023 22.12.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçisi - Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Sumqayıt şəhər məhkəməsinin inzibati binasında xx.xx.1985-ci ildə Siyəzən şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Xızı rayonu, Stalçay qəsəbəsi, hərbi şəhərcikdə yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən, satış məqsədi olmadan, qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,897 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə etməklə əynindəki boz rəngli şalvarının sağ yan cibində daşıyaraq saxlamış, 04 sentyabr 2023-cü il tarixdə saat 11:45 radələrində Sumqayıt ŞPİ-nin 2-ci PB-nin əməkdaşları tərəfindən Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, M.Müşfiq küçəsində yerləşən poçtun yaxınlığında keçirilmiş əməliyyat tədbirləri zamanı saxlanılmaqla 2-ci PByə aparılaraq üzərinə keçirilmiş şəxsi axtarış zamanı həmin heroin əynindəki qara rəngli şalvarının sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərdi ki, bir neçə ildir narkotik vasitə heroindən istifadə edir. 02 sentyabr 2023-cü il tarixdə səhər saatlarında Bakı şəhəri, 20 Yanvar metro stansiyasının yaxınlığında olduğu zaman xarici görünüşündən nakomana oxşatdığı bir nəfər şəxslə tanış olmuşdur. Söhbət zamanı həmin şəxsə 25 manat pul təklif edərək bunun müqabilində istifadə etmək üçün heroin verməsini istəmişdir. Həmin şəxs də cibindən 01 (bir) ədəd göy rəngli bükülünü verib oradan çıxıb getmişdir. O, həmin şəxsdən aldığı heroini cibinə qoyub yaşadığı Xızı rayonundakı evinə getmişdir. Heroini istədiyi zaman itifadə etməsi üçün cibində gəzdirmişdir. 04 sentyabr 2023-cü il tarixdə təxminən saat 11:45 radələrində şəxsi işi ilə əlaqədar olaraq Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, M.Müşfiq küçəsində yerləşən poçtun yaxınlığında olduğu zaman mülki geyimli şəxslər ona yaxınlaşıb özlərini təqdim edərək Sumqayıt ŞPİ-nin 2-ci PB-nin polis əməkdaşları olduqlarını, onun narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirmişlər. Sonra isə polis əməkdaşları onu 2-ci Polis Bölməsinə dəvət etmişlər, o, da polis əməkdaşları ilə birlikdə Polis Bölməsinə getmişdir. Orada ona hüquq və vəzifələri izah edildikdən sonra üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmiş, o da buna etiraz etməmişdir. Üzərinə şəxsi axtarışa başlanmazdan əvvəl hüquq və vəzifələri barədə bildiriş, özünün seçdiyi və hüquqlarının müdafiəsini təmin edəcək vəkili Sədirxan Sədirxanov təqdim olunmuşdur. Daha sonra isə vidoçəkiliş vasitəsilə üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilərək üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyanı təqdim etməsi təklif olunduqda 02 (iki) gün əvvəl aldığı heroini özü şavarının sağ yan cibindən çıxararaq təqdim etmişdir. Sorğu zamanı da narkotik vasitəni şəxsi istifadəsi üçün 20 Yanvar metrosunun yaxınlığında tanımadığı şəxsdən əldə etdiyini bildirmişdir. Bundan sonra polis əməkdaşları tərəfindən həmin bükülüyə baxış keçirilmiş, elektron tərəzidə çəkildikdən sonra ekspertizaya göndərilməsi üçün qablaşdırılmışdır. Heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamış, üzərindən aşkar olunmuş heroini şəxsi istifadəsi üçün əldə etmişdir. Polis əməkdaşları tərəfindən saxlanılarkən ona qarşı heç bir fiziki və psixi təsir göstərilməmişdir. Narkotik vasitəni aldığı şəxsi əvvəllər görməmiş, həmin şəxsin adını xatırlamır, harada yaşamasını bilmir, həmin şəxsin onda mobil telefon nömrəsi yoxdur. Əməlindən peşman olmasını və himayəsində 02 (iki) azyaşlı uşağının olmasını nəzərə alaraq məhkəmədən ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 2-ci PB-nin əməliyyat müvəkkili Şahid1 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla ədavət və düşmənçiliyi olmamışdır. 04 sentyabr 2023-cü il tarixdə Tərlan Abbasovun narkotik vasitələri əldə etməsi, üzərində saxlaması və daşıması barədə əməliyyat məlumatı daxil olmuşdur. Əməliyyat məlumatını yoxlamaq məqsədi ilə əməliyyat qrupu yaradılmış, sonra isə Təqsirləndirilən şəxs ola biləcəyi yer müəyyən edilərək Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, M.Müşfiq küçəsində yerləşən poçtun ətrafı və yaxın ərazilər əməliyyat müşahidəsinə götürülmüşdür. Həmin gün təxminən saat 11:45 radələrində Təqsirləndirilən şəxs həmin poçtun yaxınlığında tək piyada hərəkətdə olduğunu görüb bir neçə dəqiqə müşahidə etdikdən sonra sonuncuya yaxınlaşaraq özlərini təqdim etmişlər. Sonra isə Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olmasını bildirmişlər. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparmamışlar və bu məqsədlə sonuncunu Sumqayıt ŞPİ-nin 2-ci PB-yə dəvət etmişlər. Təqsirləndirilən şəxs da etiraz etməyərək onlarla birlikdə 2-ci Polis Bölməsinə gəlmişdir. Orada xidməti otaqların birində kriminalist Asəf Həbibovun video görüntüyə alması və müdafiəçi X1 iştirakı ilə təhqiqatçı Taleh Abdullayev tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Axtarış aparılmazdan əvvəl Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və ya qanunla qadağan olunmuş hər-hansı bir əşyanın olubolmaması soruşulmuş və sonuncuya təklif olunmuşdur ki, əgər üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya və ya maddə varsa təqdim etsin. Təqsirləndirilən şəxs özü əynində olan qara rəngli şalvarının sağ yan cibindən 01 (bir) ədəd göy rəngli siqaret kağızı bükümünü çıxararaq təqdim etmişdir. Həmin bükülü açılaraq içərisinə baxış keçirilən zaman içərisində qəhvəyi rəngli narkotik vasitə olan heroinə bənzər maddələrin olması müəyyən olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin maddə narkotik vasitə “kakos”dur, saxlanılmazdan 02 (iki) gün əvvəl Bakı şəhəri, 20 Yanvar metrostansiyası yaxınlığında tanımadığı şəxsdən istifadəsi üçün 25 manata almışdır. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, lakin onun üzərindən başqa qanunla qadağan olunmuş əşya və ya maddə aşkar olunmamışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş kütlə elektron tərəzidə çəkildikdən sonra ekspertizaya göndərilməsi üçün qablaşdırılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 2-ci PB-nin kiçik inspektoru Şahid3 da ifadəsində Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs üzərindən heroinin aşkarlanaraq götürülməsini özündə əks etdirən 01 (bir) bir ədəd CD Compact diskə baxış keçirilmişdir. Görüntüdən müəyyən olunur ki, təhqiqatçı Taleh Abdullayev özünü təqdim edərək vətəndaşa özünü təqdim etməsini bildirir, vətəndaş da özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirir. Bundan sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz döviyyəsində şübhəli olduğu üçün saxlanılaraq Sumqayıt ŞPİ-nin 2-ci PB-yə gətirildiyini bildirilir və polis əməkdaşlarına da ölərini təqdim etməsini deyir, onlar da özlərini təqdim edirlər. Sonra təhqiqatçı Təqsirləndirilən şəxs hüquq və vəzifələri barədə bildirişi təqdim edərək hüquqlarının özünün seçdiyi Sumqayıt Regional Vəkil Bürosunun vəkili X2 tərəfindən müdafiə edəcəyini deyərək vəkili ona təqdim edir. Təhqiqatçı Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılacağını bildirərək, şəxsi axtarış aparılmazdan əvvəl üzərində qanunla qadağan olunmuş əşya və ya maddə varsa təqdim etməsini təklif edir. Təqsirləndirilən şəxs özü əynində olan boz rəngli cins şalvarının sağ yan cibindən 01 (bir) ədəd göy rəngli bükülünü çıxaraq təqdim edir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində axtarış aparılır, onun üzərində başqa qanunla qadağan olunmuş əşya və ya maddə aşkar olunmur. 01 (bir) ədəd göy rəngli bükülü açılan zaman içərisində qəhvəyi rəngli narkotik vasitə olan heroinə bənzər maddənin olduğu müəyyən edilir. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunan maddənin “kakos” olduğunu, həmin maddəni saxlanılmazdan 02 (iki) gün əvvəl Bakı şəhəri, 20 Yanvar metro stansiyasının yaxınlığında tanımadığı şəxsdən 25 manat pul verərək aldığını və üzərində gəzdirdiyini bildirir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş həmin bükülü elektron tərəziyə qoyulub çəkilir və çəkisinin 1,16 qram olması müəyyən olunur. Bundan sonra həmin bükülü qablaşdırılır, möhürlənir və imzalanır. İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli, 3- 16-16/2-6/4686 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində AR. DİN-in "‘Arayışlar üçün 126” möhür əksi, “ş/ş Təqsirləndirilən şəxs...” və s. sözlər, soyadlar, imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,897 qram maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələf’in siyahısına (Syahı İ) daxildir. Qeyd: Heroinin təmiz çəkisi – 0,897 qram, tədqiqata sərf edildi - 0,05 qram, qalıq – 0,847 qram. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin "Respublika Narkoloji Mərkəzi X9" tərəfindən verilmiş məhkəmə-narkoloji ekpsertizasının xx.xx.2023-cü il tarixli, 5717 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan ekspert rəylərini də sübut növü kimi qəbul edir. İş materiallarından görünür ki, 0,897 qram narkotik vasitə olan heroindən tədqiqatdan sonra qalıq qalmış 0,847 qram çəkidə narkotik vasitə olan heroin cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışın aparıldığı video görüntüləri özündə əks etdirən 01 (bir) ədəd CD formatlı disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarında olan cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il şübhəli şəxs qimsində tutulmuş, xx.xx.2023-cü il tarixdə Sumqayıt ŞPİ-nin MSY-dən azad olunaraq barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-841/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs təyin olunmuş məhkəmə iclaslarına gəlmədiyi üçün barəsində həbssiz axtarış elan edilmiş və tutulduqda Sumqayıt Şəhər Məhkəməsinə gətirilməsi qərara alınmışdır. İş matriallarında olan Sumqayıt ŞPİ-nin 2-ci PB-nin xx.xx.2023-cü il tarixli məktubundan və həmin tarixli axtarışda olan şəxsin tutulması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saxlanılmış və Sumqayıt Şəhər Məhkəməsinə təhvil verilmişdir. İş materiallarında olan 1 nömrəli MKS tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. İş materiallarında olan şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 02 (iki) azyaşlı uşaq vardır (xx.xx.2016-cı il təvəllüdlü X4 və xx.xx.2019cu il təvəllüdlü X5). İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2007-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.4.1-ci maddəsi ilə təqsirli bilinərək 09 (doqquz) il müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Sumqayıt Appelyasiya Məhkəməsinin xx.xx.2008-ci il tarixli qərarı ilə cəzası 07 (yeddi) ilə endirilmiş və xx.xx.2014-cü ildə cəzasının sonu ilə azad edilmişdir. Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “sübutların qiymətləndirilməsi barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin tərkib əlamətləri olmadığından barəsində həmin maddə ilə cinayət təqibi rədd edilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs himayəsində 02 (iki) azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən, səmimi etiraf etməsini isə Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən ona təyin olunacaq cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Beləliklə də, məhkəmə ittiham və müdafiə tərəfini, şahidləri dinləyib, iş üzrə toplanmış sübutların cəminə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Odur ki, o, həmin cinayətin törədilməsinə görə cəzalandırılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəzanı təyin edərkən cəzaçəkmə müəssisəsinin rejimini Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən müəyyən edir. İş materiallarından müəyyən edildi ki, Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 10 (on) saat vaxt sərf etmişdir. Ona görə də, 60 (altmış) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı xx.xx.2023-cü il tarixdən xx.xx.2023cü il tarixədək və xx.xx.2023-cü il tarixdə həbsdə olduğu 03 (üç) gün müddət cəzaçəkmə müddətinə hesablanaraq təyin olunmuş cəzadan çıxılaraq ona qəti olaraq müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək “həbs” qətimkan tədbiri ilə əvəz edilməklə, məhkəmə iclas zalından həbs edilməli, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində barəsində Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut 01 (bir) ədəd CD formatlı disk cinayət işində saxlanılmalı, iş üzrə maddi sübut olan və Sumqayıt şəhər Polis İdarəsində saxlanılan təmiz çəkisi 0,897 qram narkotik vasitə olan heroindən tədqiqatdan sonra qalıq qalmış 0,847 qram heroin məhv edilməli və ekspertiza tədqiqatının dəyəri olaraq 110,00 (bir yüz on) manat məbləğində pul Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı xx.xx.2023-cü il tarixdən xx.xx.2023cü il tarixədək və xx.xx.2023-cü il tarixdə həbsdə olduğu 03 (üç) gün müddət cəzaçəkmə müddətinə hesablanaraq Təqsirləndirilən şəxs təyin olunmuş cəzadan çıxılaraq ona qəti olaraq 11 (on bir) ay 27 (iyirmi yeddi) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək “həbs” qətimkan tədbiri ilə əvəz edilməklə, məhkəmə iclas zalından həbs edilsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində barəsində Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Sumqayıt şəhər Polis İdarəsində saxlanılan qalıq çəkisi 0,847 qram heroin məhv edilsin. İş üzrə maddi sübut 01 (bir) ədəd CD formatlı disk cinayət işində saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri olaraq 110,00 (bir yüz on) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 60 (altmış) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun “Kapital Bank” 1 saylı Sumqayıt filialında olan hesabına (№ AZ 09AİİB******************** VÖEN: **********) köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar