Məhkəmə qərarları › İş №1(060)-842/2023

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-842/2023

28.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-842/2023 28.11.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1969-cu il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2yan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin sağlamlığının qısa müddətə pozulmasına səbəb olan qəsdən yüngül zərər vurmuşdur. Belə ki, o, 21 iyun 2023-cü il tarixdə saat 11 radələrində yaşadığı ünvan 3 ünvanına xx.xx.2023-cü il tarixli 1038 saylı akta əsasən orta dərəcəli sərxoş vəziyyətdə gələrək keçmiş həyat yoldaşı Zərərçəkmiş şəxs ilə Sumqayıt Şəhər Məhkəməsinin qətnaməsinə əsasən evdə ona məxsus otaqdakı əşyaların sonuncu tərəfindən yığışdırılmasına görə aralarında bu zəmində, yəni şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı yumruqla Zərərçəkmiş şəxs baş və bədən nahiyyəsinə qəsdən bir neçə dəfə zərbə vuraraq ona dərəcəsinə görə sağlamlığa yüngül zərər vurmaya aid sağ saidin yuxarı 1/3nin ön-bayır səthinin qançırı, boyunun aşağı 1/3-nin arxa səthinin sıyrığı, sağ gicgah-təpə nahiyyəsinin dərialtı hemotomasından ibarət xəsarətlər yetirərək Zərərçəkmiş şəxs sağlamlığının qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun keçmiş həyat yoldaşıdır. Onların 3 övladı vardır. 2016-ci ildə spirtli içki qəbul etdiyinə görə Pərvanə ondan boşanmışdır. Həmin ildən bəri onlar arasında dəfələrlə ev üstündə mübahisə olmuşdur. Pərvanə onu yaşadığı evdən çıxarmış və bu barədə dəfələrlə məhkəməyə müraciət etdikdən sonra məhkəmənin qətnaməsi əsasında evə yerləşdirilmişdir. Bu səbəbdən bir yerdə qalmağa başlamışlar. xx.xx.2023-cü il tarixdə saat 11 radələrində yaşadığı Sumqayıt şəhəri, 17-ci mikrorayon bina 21 mənzil 19-dakı evdə dişi ağrıdığı üçün spirtli içki qəbul etmiş və sərxoş vəziyyətə düşmüş, həmin vaxtı anası Elmira da evdə olmuşdur. Belə ki, Pərvanə onun yerləşdirildiyi otaqdakı stol, stulların hamsını yığışdırmış və evdə oturmağa yeri olmadığından Pərvanəyə nə səbəbə evdəki əşyaların hamısını yığışdırmasını deyən zaman Pərvanə evdə ona aid heç nəyin olmadığını demiş, nəticədə mübahisə etməyə başlamışlar. Həmin vaxt o da Pərvanəni təhqir etsə də onu vurmamışdır. Pərvanə isə dərhal polisə zəng vurmuşdur. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi ilə məhkəmə istintaqı zamanı verdiyi ifadələri arasında ziddiyyət yarandğı üçün ifadələrin ziddiyyət yaranmış hissəsi elan edilmiş və müəyyən edilmişdir ki, həmin hissədə Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı bildirmişdir ki, mübahisə zamanı içkili olduğuna görə əsəbləşib Pərvanənin üzərinə hücum çəkmiş, yumruqla onun başına və boynuna zərbələr vurmağa başlamış və bu zaman anası Elmira araya girib onları ayırmışdır. Hadisə evdə baş vermiş, 3-4 dəqiqə davam etmiş, hadisə zamanı evdə kənar şəxslər olmamışdır. Təqsirləndirilən şəxs ifadəsində olan ziddiyyətlərlə bağlı suala cavab kimi bildirmişdir ki, hər şeydən bezdiyi üçün ibtidai istintaq zamanı özünü təqsirli bilməsi barədə ifadə vermişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı özünü təqsirli bilməsə də, onun təqsiri zərərçəkmiş şəxsin və şahidin ifadələri, həmçinin təqirləndirilən şəxsin özünün istintaq zamanı verdiyi etiraf edici ifadələr ilə məhkəmə istintaqı zamanı verdiyi ifadələrin birgə tədqiqi, ekspert rəyi və iş materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, keçmiş yoldaşı Mehman spirtli içki aludəçisi olduğu və daima evdə onunla mübahisə etməsinə görə məhkəmənin qərarı ilə 2016-cı ildə ondan ayrılmışdır. Həmin ildən bəri də Mehman ondan ayrı yaşamışdır. Son zamanlar məhkəmənin qərarı ilə onun yaşadığı Sumqayıt şəhəri, 17-ci mikrorayon ev 21 mənzil 19dakı evə yerləşmişdir. Buna baxmayaraq yenə həmişə evə spirtli içkinin təsiri altında gəlmiş, sonuncu dəfə xx.xx.2023-cü il tarixdə saat 11 radələrində evdə olan zaman Mehmanın evə yenə içkili vəziyyətdə gəlmişdir. Bu zaman onun evdə söz söhbət yaradacağını düşündüyümdən keçmiş qaynanası Elmiraya məlumat vermişdir. Həmin vaxtı Elmira da onların yaşadığı evə gəlmişdir. Bu zaman Mehman otağında əşyaların harda olduğunu soruşmuşdur, o da Mehmana əşyaları özünün aldığını demiş və daha sonra içməsi ilə bağlı ona iradını bildirmişdir. Nəticədə aralarında mübahisə yaranmış, bu zaman Mehman anası Elmiranın yanında onun bədən və baş nahiyyəsinə yumruqla zərbələr vurmağa başlamışdır. Elmira da araya girib Mehmanı ondan uzaqlaşdırmışdır. Daha sonra Mehman mətbəxtdən bıçaq götürüb onun üzərinə hücum çəkmək istəyən zaman anası Elmira araya girib ondan bıçağı almışdır. Hadisə zamanı Mehman onu yumruqla vursa da o, Mehmana toxunmamışdır. Həmin vaxt evdə Elmira da olmuş, hadisə evdə baş vermiş, 3-4 dəqiqə davam etmişdir. Daha sonra zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək təqsirləndirilən şəxslə barışdığını, ona qarşı heç bir tələb və şikayətinin olmamasını, bu halların nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun oğlu, Pərvanə keçmiş gəlinidir. 2016-ci il tarixdən bəri oğlu Pərvanədən ayrılmışdır. Buna baxmayaraq Pərvanə onun oğluna məxsus evi özünə götürərək oğluna evdə yaşamağa icazə vermirdi. Sumqayıt məhkəmənin qətnaməsi əsasında oğlu Sumqayıt şəhəri, 17-ci mikrorayondakı evinə yerləşdirilmiş, xx.xx.2023-cü il tarixdə səhər radələrində oğlunun yanına Sumqayıt şəhəri, 17-ci mikrorayondakı evinə getmiş, oraya çatan zaman oğlu Mehmanın içkili vəziyyətdə olduğunu görmüş, bu zaman Mehmanın qaldığı otaqda əşyaların hamsının yığışdıldığının şahidi olmuş və həmin vaxtı Mehman Pərvanəyə evdəki əşyaları nə səbəbə yığışdırmasını soruşmuşdur. Bu zaman Pərvanə Mehmanın ünvanına yanında nalayiq sözlər işlətmiş, həmçinin qarşılıqlı söyüşlər olmuşdur. Bundan əsəbləşən Mehman isə Pərvanənin üzərinə getmişdir. Pərvanə isə oğlunu şərləmək üçün başını önə tutaraq “vur-vur” demişdir. Lakin, Mehman onu vurmamışdır. Şahid ibtidai istintaq zamanı verdiyi ifadəsi ilə məhkəmə istintaqı zamanı verdiyi ifadələri arasında ziddiyyət yarandığı üçün ifadələrin ziddiyyət yaranmış hissəsi elan edilmiş və müəyyən edilmişdir ki, həmin hissədə Şahid ibtidai istintaq zamanı bildirmişdir ki, mübahisə zamanı Mehman əsəbi olduğu üçün Pərvanənin baş nahiyyəsinə yumruqla zərbə vurmuşdur. Cəld araya girib Pərvanəni kənara çəkmişdir. Pərvanə isə kənara keçib polisə məlumat vermişdir. Hadisə evdə baş vermiş, kənar şəxslər olmamışdır. Şahid ifadəsində olan ziddiyyətlərlə bağlı suala cavab kimi bildirmişdir ki, ibtidai istintaq zamanı ifadəsini oxumadan imzalamışdır. Cinayət işinin 15-18-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X2 xx.xx.2023-cü il tarixli 967 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşağıdakı xəsarətlər aşkar edilmişdir: sağ saidin yuxarı 1\3-nin ön bayır səthinin qançırı, boyun aşağı 1\3-nin arxa səthinin sıyrığı, sağ gicgah təpə nahiyyəsinin dərialtı hemotoması. Qeyd olunan xəsarətlər küt əşya (əşyalar) təsirindən törənmişlər, törənmə müddəti zərərçəkmişin müayinəsindən bir günə qədər olmaqla xx.xx.2023-cü il tarixdə əl zərbəsi nəticəsində əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərəvurmaya aiddir. Cinayət işinin 10-cu vərəqəsində olan sərxoşluq hallarının tibbi müayinəsi haqqında xx.xx.2023-cü il tarixli 1038 saylı aktdan görünür ki, hadisə zamanı Təqsirləndirilən şəxs orta dərəcəli alkoqol sərxoşluğunda olmuşdur. Cinayət işinin 29-cu vərəqəsində olan Sumqayıt şəhər Narkoloji Dispanserinin xx.xx.2023-cü il tarixli 2357 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs 2003-cü il tarixdən “Alkoqolun qəbulu nəticəsində yaranan” psixi-davranış pozuntusu aslılıq sindromu diaqnozu ilə qeydiyyatdadır. Cinayət işinin 104-105-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixatrik Ekspertiza Mərkəzinin kompleks psixatrik və psixoloji ekspertizasının 07 sentyabr 2023-cü il tarixli 2560 saylı rəyindən görünr ki, Təqsirləndirilən şəxs müayinə zamanı həmin dövrdə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab olunur. Təqsirləndirilən şəxs hərəkəti Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs öz psixi vəziyyətinə görə iş üzrə prosessual fəaliyyət qabiliyyətlidir. Həmçinin Təqsirləndirilən şəxs cinayət əməlini törətdiyi zaman öz hərəkətlərini dərk etmək onları idarə etmək qabiliyyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməlini törədən zaman psixi emosional vəziyyətində iş üçün əhəmiyyət kəsb edəcək hər hansı dəyişiklik yaranmamışdır. Təqsirləndirilən şəxs cinayət hadisəsini törədən zaman fizioloji affekt vəziyyətində olmamışdır. Cinayət işinin 52-ci vərəqəsində olan Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-ci il tarixli Qərarı ilə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə başlanılmış cinayət işinə CM-nin 73.2-ci maddəsinə əsasən xitam verilmişdir. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Avropa İnsan Hüquqları Məhkəməsinin «Van Mexelen və başqalarının Niderlanda qarşı» işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən mili qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhs mili məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Məhkəmənin (İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin) vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilibkeçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. B.Yusifavanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız Cinayət Prosesual Məcəlləsində (bundan sonra - CPM) göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-nin həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olub-olmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericirik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosesual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPM-nin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə ictintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM-nin 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. Məhkəmə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları araşdırıb, onlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin sağlamlığının qısa müddətə pozulmasına səbəb olan qəsdən yüngül zərər vurma cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmə iclasında özünü təqsirli bilməməsi barədə ifadələri həqiqətə uyğun olmamaqla yanaşı, eyni zamanda işin həqiqi halları ilə uyğunluq təşkil etmir. Belə ki, təqsirləndirilən şəxs ibtidai istintaq zamanı özünü təqsirli bilməsi barədə ifadə vermiş, məhkəmə iclasında isə ibtidai istintaq zamanı hər şeydən bezdiyi üçün elə ifadə verməsini qeyd etmişdir. Yəni, ifadəni özü könüllü şəkildə verməsini təsdiq etmişdir. Digər tərəfdən zərərçəkmiş şəxsin və şahidin ifadələri, ekspert rəyi və digər iş materialları ilə onun ittiham edildiyi əməli törətməsi tam sübuta yetirilmişdir. Bu səbəbdəndə məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadələr özünü müdafiə kimi qiymətləndirilməldir. Həmin ifadələr təqsirləndirilən şəxs tərəfindən cinayət məsuliyyətindən yaxa qurtarmaq üçün verilmişdir. Məhkəmə həmçinin qeyd edir ki, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi və barəsində olan cinayət təqibinə xitam verilməsi üçün əsaslar müəyyən edilməmişdir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 72-ci maddəsinin Qeyd hissəsinin 1-ci bəndinə əsasən şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinin “cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilmə” ilə bağlı müddəasının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 dekabr 2022-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndi həmin Məcəllənin 72–73-2 və 74-1-ci maddələri ilə cinayət məsuliyyətindən azad edilmiş şəxsin məsuliyyətdən azad edilənədək törətmiş olduğu digər cinayət əməlinə görə cinayət məsuliyyətindən azad olunmasının mümkünlüyünü istisna etmir. İndiki halda zərərçəkmiş şəxs təqsirləndirilən şəxslə barışıq əldə edərək ona qarşı heç bir tələb və şikayətinin olmamasını bildirsə də, müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs daha öncə bir dəfə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilmişdir və onun cinayət məsuliyyətindən azad edilməsi barədə qərar hazırki cinayəti törətməmişdən öncə qəbul edilmişdir. Belə ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-ci il tarixli Qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndiriliyi iş üzrə CM-nin 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilmiş və barəsində olan cinayət təqibinə xitam verilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsinə əsasən sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma - min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-nın 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Bundan başqa, cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamıda nəzərə alınmalıdır. Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfındən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamasını, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir tələb və şikayətinin olmamasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının CM-nın 61-ci maddəsində əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 nömrəli Qərarının 2-ci bəndi ilə məhkəmələrə tövsiyə edilmişdir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Həmin Qərarın 3-cü bəndində izah edilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, sonuncunu cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də, ona təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş digər cəzaların təyin edilib-edilməməsi məsələsini də araşdıraraq belə qənaətə gəlmişdir ki, maddənin sanksiyasında nəzərdə tutulmuş daha yüngül cəzaların, yəni cərimə, ictimai işlər islah işləri cəzalarından hər hansı birinin təqsirləndirilən şəxsə təyin edilməsi məqsədə müvafiq deyil. Belə ki, təqsirləndirilən şəxs 2003-cü il tarixdən “Alkoqolun qəbulu nəticəsində yaranan” psixidavranış pozuntusu aslılıq sindromu diaqnozu ilə Sumqayıt şəhər Narkoloji Dispanserində qeydiyyatda olduğu üçün həmin cəzaların icra prosesində çətinliklər yarana bilər. Məhkəmə həmçinin hesab edir ki, cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, hökmün icrası təqsirləndirilən şəxsib yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılmalı, həmçinin Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxsin üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 00:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 9V, mənzil 86 ünvanını tərk etməmək, Sumqayıt, Bakı şəhərlərinin və Abşeron rayonunun hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Hazırki halda, məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2008-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. İş üzrə maddi sübut, ekspertiza xərci və mülki iddia yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının CPM-nin 197-198, 341-349, 351-353, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinərək 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxsin üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 00:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 9V, mənzil 86 ünvanını tərk etməmək, Sumqayıt, Bakı şəhərlərinin və Abşeron rayonunun hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 13 saata görə 78 (yetmiş səkkiz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə maddi sübut, ekspertiza xərci və mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Samir İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar