Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-843/2025 04.02.2026 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Nəsimiyev Fərid Aydın oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1990-cı ildə Biləsuvar rayonu, Aşağı Cürəli kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, Biləsuvar rayonu, Aşağı Cürəli kəndində qeydiyyatda olan, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Məlik-Aslanov küçəsi, döngə 6, fərdi evdə yaşamış, xx.xx.2025-ci il tarixli qərarla barəsində ”həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan xeyli miqdarda qanunsuz olaraq psixotrop maddə olan metamfetamini əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan vaxtda və mənbədən, satış məqsədi olmadan, qanunsuz olaraq, 01 (bir) ədəd bükümdə, xeyli miqdarda, təmiz çəkisi 0.490 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə etməklə əynindəki şalvarının sağ yan kiçik cibində saxlamaqla daşımış, 05 sentyabr 2025-ci il tarixdə, saat 01:50 radələrində Sumqayıt ŞPİ-nin CAŞ-ın əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri zamanı Sumqayıt şəhəri, Bulvar küçəsi, “Büllur” restoranı yaxınlığında saxlanılmaqla orada üzərinə keçirilmiş baxış zamanı təmiz çəkisi 0.490 qram metamfetamin əynindəki şalvarının sağ yan kiçik cibindən aşkar edilərək götürülmüşdür. Həmin hərəkətləri ilə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs bildirmişdir ki, iş üzrə özünü təqsirli bilir. Sumqayıt şəhərində polis əməkdaşları tərəfinən saxlanılmışdır. Əlavə olaraq verilmiş suallara cavab olaraq bildirmişdir ki, ibtidai istintaqda verdiyi ifadəsini təsdiq edir. Bakı şəhəri sakinidir, saxlanıldığı gün Sumqayıt şəhərinə yaxınını görmək üçün gəlmişdi. Polis əməkdaşları tərəfindən saxlanılarkən üzərində psixotrop maddə olan metamfetamin olub, həmin maddəni şəxsi istifadəsi üçün əldə etmişdi. Psixotrop maddəni satmaq və ondan gəlir əldə etmək məqsədi olmamışdır. Saxlanılarkən polis əməkdaşları tərəfindən ona qarşı hər hansı təzyiq və ya təsir göstərilməmişdir. Hazırda qeyri-rəsmi nikahdadır. Həmin nikahdan 2 yaşında övladı var. Övladının doğum haqqında şəhadətnaməsində soyadı həyat yoldaşının soyadı, ata adı isə həyat yoldaşının atasının adı qeyd olunub. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ibtidai istintaq müddətində verdiyi ifadəsi elan edilməklə tədqiq edildi. O, ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək müdafiəçisinin iştirakı ilə vermiş olduğu ifadəsində göstərmişdir ki, 05 sentyabr 2025-ci il tarixdə saat 01:50 radələrində o tək Bulvar küçəsi, “Büllur" restoranı yaxınlığında piyada keçən zaman üç nəfər mülki geyimli şəxs ona yaxınlaşıb, polis əməkdaşları olduqlarını deyərək, xidməti vəsiqələrini göstərib özlərini ona təqdim etmişlər. Sonuncular onu üzərində narkotik vasitə gəzdirməkdə şübhəli olduğunu deyib, hüquqlarınm izah edərək, üzərində qanunla qadağan olunmuş hansı əşyalar olduğunu soruşmuşlar. O əynində olan qara rəngli şalvarının sağ yan cibliyində saxladığı bir ədəd şəffaf rəngli sellofan bükümdə psixotrop maddə olan metamfetamini polis əməkdaşlarına təqdim etmiş. Təqdim etdiyi bir büküm psixotrop maddə olan metamfetamini elektron tərəzidə çəkilərək 0.540 qram olması müəyyən olunmuş və qablaşdırılmış. Həmçinin sənədləşmə işləri aparmaq üçün onlarla birlikdə Sumqayıt ŞPİyə gəlmiş. Polis İdarəsində otaqların birində polis əməkdaşlarının və ona təqdim olunmuş vəkil X3 iştirakı ilə və onun razılığı ilə videoçəkilişlə üzərinə şəxsi axtarış keçirilmiş. Şəxsi axtarış zamanı üzərindən qanunla qadağan olunmuş heç bir əşya aşkar olunmamış. Polis əməkdaşları onu saxlayan zaman üzərindən aşkar olunan psixotrop maddə olan metamfetamini bir daha onun iştirakı ilə elektron tərəzidə ölçülmüşdür. Həmin psixotrop maddə polis əməkdaşları tərəfindən yenidən qablaşdırılaraq bu barədə protokol tərtib olunmuş. Qeyd etmiş ki, həmin psixotrop maddəni Bakı şəhəri. ”20 Yanvar” metrostansiyası yaxınlığında tanımadığı şəxsdən 10 manata almış. Bundan sonra protokol tərtib olunduqdan sonra isə ucadan oxunmuş və o digər iştirakçılarla birlikdə protokola imza etmişdir. Daha sonra Təqsirləndirilən şəxs məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli özünün cinayəti etirafedici ifadələri ilə yanaşı, şahid ifadələri, xx.xx.2025-ci il tarixli “əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair", xx.xx.2025-ci il tarixli “şəxsi axtarışın keçirilməsi və təqdim olunmuş əşyanın götürülməsi haqqında”, xx.xx.2025-ci il tarixli “elektron məlumat daşıyıcısına baxış keçirilməsi haqqında" protokol. 25.1 1.2025-ci il tarixli “elektron məlumat daşıyıcısına baxış keçirilməsi haqqında" protokol, məhkəməkimyəvi ekspertizasının xx.xx.2025-ci il tarixli 3-16-16/2-20/799/2025 saylı, məhkəmənarkoloji ekspertizasının xx.xx.2025-ci il tarixli 7623 saylı rəyləri və digər istintaq materialları ilə kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin CAŞ-ın əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, 05 sentyabr 2025-ci il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitələri əldə etməsi, üzərində gəzdirməsi və istifadə etməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Əməliyyat məlumatını yoxlamaq məqsədi ilə əməliyyat qrupu yaradılmışdır. Sonra isə tərəflərindən Təqsirləndirilən şəxs ola biləcəyi yer müəyyən edilərək Sumqayıt şəhəri, Bulvar küçəsi, “Büllur” restoranı yaxınlığında əməliyyat müşahidəsinə götürülmüşdür. Həmin gün saat 01:50 radələrində Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, Bulvar küçəsi, “Büllur” restoranı yaxınlığında piyada keçən zaman videoçəkiliş aparmaqla sonuncuya yaxınlaşaraq saxlamış və özlərini təqdim etmişlər. Təqsirləndirilən şəxs üzərində olan bir ədəd şəffaf rəngli sellofan bükülünü çıxarıb təqdim etmişdir. Həmin bükülüyə baxan zaman içərisində bir ədəd ağ kağızda olan ağ rəngli, kristalşəkilli psixotrop maddə olan metamfetaminə bənzər maddənin olması müəyyən olunmuşdur. Həmin maddə elektron tərəzi vasitəsilə çəkilərək çəkisi müəyyən edildikdən sonra qablaşdırılıb götürülmüşdür. Sonra isə digər sənədləşmə işləri aparılması üçün Təqsirləndirilən şəxs Sumqayıt ŞPİ-yə aparmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin CAŞ-ın əməliyyat müvəkkili Şahid2 ifadəsi Sumqayıt ŞPİ-nin CAŞ-ın əməliyyat müvəkkili Şahid1 ifadəsi ilə oxşar məzmunlu olmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs müdafiəçi Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi çıxışında Təqsirləndirilən şəxs barəsində aşağı həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini, xx.xx.2025-ci il tarixli Amnistiya qərarının 3.1-ci maddəsinə əsasən 6 ay müddətin təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmasını xahiş etmişdir. İbtidai istintaq müddətində şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin CAŞ-ın kiçik inspektoru Şahid3 ifadəsi məhkəmə iclasında elan edilməklə tədqiq edilmişdir. O, Sumqayıt ŞPİ-nin CAŞ-ın əməliyyat müvəkkili Şahid1 ilə oxşar məzmunlu ifadə vermişdir. Cinayət işinin 1-ci vərəqəsində olan xx.xx.2025-ci il tarixli “cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” qərardan görünür ki, CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və icraata qəbul edilmişdir. Cinayət işinin 27-ci vərəqəsində olan xx.xx.2025-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 01.50-də şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 55-56-cı vərəqələrində olan 06 sentyabr 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə ittiham elan edilmişdir. Cinayət işinin 69-70-ci vərəqələrində olan 06 sentyabr 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin gün saat 12.20-də Sumqayıt ŞPİ-nin MSY-dən azad edilərək barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 82-ci vərəqəsində olan xx.xx.2025-ci il tarixli təqsirləndirilən şəxsə axtarış elan edilməsi və cinayət təqibi üzrə icraatın dayandırılması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və ********* nömrəli cinayət işi üzrə icraat dayandırılmışdır. Cinayət işinin 85-ci vərəqəsində olan xx.xx.2025-ci il tarixli axtarışda olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 07:50də Bakı şəhəri ərazisində saxlanılaraq Sumqayıt ŞPİ-nin 4-cü PB-yə gətirilmişdir. Cinayət işinin 86-cı vərəqəsində olan xx.xx.2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat təzələnərək istintaqı davam etdirilmişdir. Cinayət işinin 108-113-cü vərəqələrində olan Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 02 (iki) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Həbsetmənin əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmışdır. Cinayət işinin 8-9-cu vərəqələrində olan 05 sentyabr 2025-ci il tarixli “əməliyyat axtarış tədbirinin keçirilməsi və şübhəli şəxsin üstünün yoxlanılması” haqqında protokoldan görünür ki, əməliyyat müvəkilləri tərəfindən Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, Bulvar küçəsində yerləşən “Büllur" restoranı yaxınlığında saxlanılmış və sonuncu bundan sonra əynində olan qara rəngli cins şalvarın sağ yan kiçik cibindən 01 ədəd şəffaf rəngli sellofana bükülmüş metamfetaminə bənzər maddəni təqdim etmişdir. Cinayət işinin 32-33-cü vərəqələrində olan xx.xx.2025-ci il tarixli şəxsi axtarış və təqdim olunan əşyaya baxış keçirilməsi haqqında protokoldan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs Sumqayıt ŞPİ-yə gətiriləndən sonra təhqiqatçı tərəfindən üzərinə şəxsi axtarış keçirilmiş, ancaq qanunsuz əşya və ya predmet aşkar edilməmiş, bir ədəd “Samsung” markalı telefon aşkar olunaraq götürülür. Təqsirləndirilən şəxs saxlanılan zaman əynində olan şalvarın sağ yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş psixotrop maddə olan metamfetaminə bənzər maddənin olduğunu bildirdi. Həmin maddə elektron tərəzidə çəkildivə çəkisinin şəffaf sellofanla birlikdə 0,54 qram olması müəyyən olundu. Cinayət işinin 44-45-ci vərəqəsində olan ƏN-nin MEM-i tərəfindən verilmiş məhkəməkimyəvi ekspertizasının xx.xx.2025-ci il tarixli, 3-16-16/2-20/799/2025 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Şahid1 /imza/; Şahid3 /imza/; Şahid2 /imza/; Təqsirləndirilən şəxs /imza/”əl yazılar və imzalar olan 01 (bir) ədəd üzərində AR DİN “arayışlar üçün №124” möhür əksi olan ağ rəngli kağız paketdə təmiz çəkisi 0,490 qram ağ rəngli kristalşəkilli kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Qeyd: Metamfetaminin təmiz çəkisi – 0,490 qram, tədqiqata sərf edildi - 0,05 qram, qalıq - 0,440 qram qalıq qalmışdır. Cinayət işinin 43-cü vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 60 (altmış) manat müəyyən edilmişdir. Cinayət işinin 72-ci vərəqəsində olan xx.xx.2025-ci il tarixli telefona baxış keçirilməsi haqqında protokoldan görünür ki, baxış zamanı iş üzrə əhəmiyyət kəsb edən sübut aşkar edilməmişdir. Cinayət işinin 80-81-ci vərəqələrində olan MTE-nın xx.xx.2025-ci il tarixli 1392 saylı rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs bədəni üzərində xəsarət aşkar olunmadı. Cinayət işinin 142-143-cü vərəqələrində olan Azərbaycan Respublikası SN-nin Respublika Narkoloji Mərkəzi X7 tərəfindən verilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2025-ci il tarixli 7623 saylı rəyləri rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindroumu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. VSİS-dən alınan məlumata əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən Respublika NM-də (F19x2) diaqnozu ilə dispanser qeydiyyatdadır. Cinayət işinin 77-78-ci vərəqələrində olan xx.xx.2025-ci il tarixli Azərbaycan Respublikası DİN-nin BƏSİİ-yə verilmiş sorğunun cavabından görünür ki, Təqsirləndirilən şəxs Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə CM-in 234.1 və 69.3cü maddələri ilə 5 ay 26 gün müddətə azadlıqdan məhrum etmə, həmin məhkəmənin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1, 66.5, 69.3-cü maddələri ilə 08 ay 28 gün azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. xx.xx.2024-cü il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Cinayət işinin 133-141-ci vərəqələrində olan Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin Məhkəməsinin 1(001)-663/2023 saylı xx.xx.2023-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Cinayət işinin 120-ci vərəqəsində olan diskə baxış keçirilməsi haqqında 25 noyabr 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs yol ilə piyada hərəkətdə olan zamanı üç nəfər mülki geyimli şəxslər sonuncuya yaxınlaşaraq saxlamaqla özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirirlər. Sonra isə polis əməkdaşı Şahid1 həmin şəxsə özünü təqdim etməsi bildirir, həmin şəxs də özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu deyir. Polis əməkdaşları özlərini təqdim etdikdən sonra Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinərək saxlanıldığı üzərində baxış aparılacağı, üzərində qanunla qadağan olunmuş narkotik vasitə, psixotrop maddə və ya digər əşya varsa təqdim etməsi təklif olunur. Təqsirləndirilən şəxs isə qara rəngli cins şalvarının sağ yan kiçik cibindən bir ədəd şəffaf rəngli sellofan bükülünü çıxararaq təqdim edir. Həmin bükülüyə baxıldıqda içərisində ağ rəngli kristallardan ibarət psixotrop maddə olan metamfetaminə bənzər maddənin olması müşahidə olunur. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin bükülüdə psixotrop maddə “şüşə” olduğunu, həmin maddəni Bakı şəhəri, 20 Yanvar metrosu ərazisində tanımadığı şəxsdən şəxsi istifadəsi üçün aldığını bildirir. Həmin maddə elektron tərəzi vasitəsilə çəkildikdə çəkisinin 0.54 qram olması müəyyən edilir. Sonra Təqsirləndirilən şəxs üzərində baxış keçirilir, qanunla qadağan olunmuş hər hansı əşya və ya maddə aşkar olunmur, Samsung markalı telefon Təhqiqat Şöbəsinə təqdim olunması üçün özünə qaytarılır. Sonda isə çəkiliş dayandırılır. Cinayət işinin 122-ci vərəqəsində olan diskə baxış keçirilməsi haqqında 25 noyabr 2025-ci il tarixli protokoldan görünür ki, təhqiqatçı Zaur Cəfərov özünü təqdim edərək vətəndaşa özünü təqdim etməsini bildirir, vətəndaş da özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirir. Sonra təhqiqatçı Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində və saxlamasında şübhəli olduğu üçün saxlanılaraq Sumqayıt ŞPİ-nə gətirildiyini bildirir. Bundan sonra təhqiqatçı Təqsirləndirilən şəxs hüquq və vəzifələri barədə bildirişi, həmçinin özünün seçdiyi vəkil Tural Məmmədov təqdim edir və polis əməkdaşlarına da özlərini təqdim etmələrini bildirir, onlar da özlərini təqdim edirlər. Sumqayıt ŞPİ-nin CAŞ-ın əməkdaşı Şahid1 bir ədəd zərfi təqdim edərək həmin zərfin içərisində bir ədəd ağ rəngli kağız bükümdə psixotrop maddə olan metamfetaminə bənzər maddənin olduğunu, həmin maddənin saxlanılan zaman Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürüldüyünü bildirir. Soğru zamanı Təqsirləndirilən şəxs həmin zərfin içrisindəki bir ədəd bükümdə olan metamfetaminin ona məxsus olduğunu, saxlanılan zaman polis əməkdaşları tərəfindən onun üzərindən götürüldüyünü, həmin maddəni Bakı şəhəri, 20 Yanvar metrosu ərazisində tanımadığı şəxsdən 10 manat pul verərək şəxsi istifadəsi üçün aldığını bildirir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılır, sonuncunun üzərindən bir ədəd “Samsung” markalı telefon aşkar olunaraq götürülür, qanunla qadağa olunmuş əşya və ya maddə aşkar olunmur. Sonda isə çəkiliş dayandırılır. Həmin 01 ədəd DVD formatlı disk cinayət işinə əlavə edilmişdir. Cinayət işinin 144-150-ci vərəqələrində olan xx.xx.2025-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş ilkin təmiz çəkisi 0,490 qram psixotrop maddə olan metamfetamin və 02 ədəd DVD diskin maddi sübut kimi tanınmış və cinayət işi materiallarına əlavə edilməsi nəzərə alınmışdır. Ekspertiza tədqiqatından sonra qalıq 0,440 qram metamfetamin saxlanılması üçün Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvi verilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, ekspert rəyləri, məhkəmə istintaqı zamanı baxış keçirilmiş şəxsi axtarış zamanı qeydə alınmış video görüntülər və digər iş materialları ilə onun satış məqsədi olmadan, xeyli miqdarda psixotrop maddə olan metamfetamini qanunsuz olaraq əldə edərək saxlama və daşıma cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Ona görə də Təqsirləndirilən şəxs həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının CM-in 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxsin təqsirini etiraf edərək əməlindən peşman olması cəzanı yüngülləşdirən hal kimi qiymətləndirilir. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxsin əməlində cinayətin residivi yaranmışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluğu olmayan hesab edilir. Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin Məhkəməsinin 1(001)-663/2023 saylı xx.xx.2023-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2024-cü il tarixində cəzasının sonu ilə azad olunmasına baxmayaraq məhkumluğu ödənilmədən və götürülmədən xx.xx.2025-ci ildə yenidən qəsdən az ağır cinayət törətmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Məhkəmə həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxsin əməlində cinayətin residivinin olmasını cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, ağırlaşdırıcı hal kimi təqsirləndirilən şəxsin əməlində cinayətin residivinin olmasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Ona görə də onun barəsində azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxsin xx.xx.2025-ci və xx.xx.2025-ci il tarixlərində şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti azadlıqdan məhrum etmə cəzası saxlanılmalı, həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı 21 noyabr 2025-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X2 ekspert komissiyasının xx.xx.2025-ci il tarixli 7623 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixsotimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindiromu (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə təyin edilməlidir. Ərazi narkoloji tibb müəssisəsində dispanser qeydiyyatda olması nəzərə alınmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Məhkəmə eyni zamanda qeyd edir ki, Təqsirləndirilən şəxs “Konstitusiya və Suverenlik ili” münasibətilə Amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının 1.1-1.16-cı bəndlərində nəzərdə tutulan şəxslər kateqoriyasına daxil deyil, bu səbəbdən də həmin Amnistiya Qərarının Təqsirləndirilən şəxs tətbiq edilməsi əsasları müəyyən edilməmişdir. Belə ki, məhkəmə iclası zamanı Təqsirləndirilən şəxs azyaşlı uşağının olmasını bildirmiş, bu səbəbdən Məhkəmə “EMİS” sistemində Təqsirləndirilən şəxs yaxın qohumları bölməsində uşaqla bağlı hər hansı məlumatın olmadığını müdafiə tərəfinin nəzərinə çatdırılmış, məhkəmə iclasını təxirə salınaraq müvafiq sənədlərin təqdim edilməsini müdafiə tərəfinə təklif edilmişdir. Lakin növbəti iclasda təqsirləndirilən şəxs həyat yoldaşı ilə rəsmi nikaha daxil olmadığını, uşağı olmasına baxmayaraq anasının soyadını daşıdığını, ata olaraq isə uşağın babası, yəni qaynatasının adı qeyd edildiyini bildirmişdir. Məhkəmə hesab edir ki, hazırda Təqsirləndirilən şəxs uşağı olması barədə hər hansı sübut mövcud olmadığından onun barəsində amnistiya qərarının müvafiq bəndi tətbiq edilərək cinayət məsuliyyətindən azad edilə bilməz. Həmçinin, müdafiəçi çıxışında xx.xx.2025-ci il tarixli Amnistiya qərarının 3.1-ci maddəsinə əsasən təyin ediləcək cəzanın 6 ay azaldılmasını xahiş etmişdir. Həmin çıxışa münasibətdə məhkəmə qeyd edir ki, xx.xx.2025-ci il tarixli “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Qərarın 3.1-ci maddəsinə əsasən az ağır cinayət törətməyə görə təyin edilmiş müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasının bu Qərar qüvvəyə mindiyi günədək çəkilməmiş hissəsi 1 ildən artıq olan məhkumların cəzasının 6 ay azaldılması qeyd edilmişdir. Həmin qərarın 5-ci bəndində məhkəmələrə icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1–1.16-cı bəndlərində nəzərdə tutulan şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verilməsi və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarılması səlahiyyəti verilsə də, həmin Qərarın 5.2.3-cü bəndində Qərarın 3-cü hissəsində nəzərdə tutulan şəxslərin cəzalarını azaldılması üçün hökmlərin bu Qərar qüvvəyə mindiyi günədək çıxarılması, amnistiyanın tətbiq edildiyi günədək apellyasiya qaydasında mübahisələndirilməməsi, qanuni qüvvəyə minməməsi şərtləri müəyyən edilmişdir. Göstərilən səbəblərdən Təqsirləndirilən şəxs barəsində Amnistiya aktının 3.1-ci maddəsi tətbiq edilməməlidir. Maddi sübutlarla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq Sumqayıt ŞPİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan ekspertiza tədqiqatından sonra qalmış 0,440 qram çəkidə psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə digər maddi sübut olan 02 (iki) ədəd disk cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 60 (altmış) manat Təqsirləndirilən şəxsdən tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat miqdarında müəyyən edilmişdir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixlərində şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 01 (bir) il 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 21 noyabr 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun və ərazi narkoloji dispanserdə qeydiyyatda olmağı nəzərə alınsın. Sumqayıt ŞPİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,440 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 02 (iki) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci cəmi – 60 (altmış) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 10 saata görə 110 (yüz on) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunandan (həbsdə olan təqsirləndirilən şəxsə təqdim edildiyi gündən) 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Fərid Nəsimiyev
Məhkəmə qərarları › İş №1(060)-843/2025
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-843/2025
04.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver