Məhkəmə qərarları › İş №1(060)-844/2022

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-844/2022

08.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-844/2022 08.12.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Azər İbrahim oğlunun sədrliyi, Rəhimov Səbuhi Fərəc oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs və onun müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1983-cü il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128 və 186.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə, saat 17:50 radələrində yaşadığı ünvan 2 ünvanının 1-ci mərtəbəsində olan mənzilinin qarşısında qonşusu Zərərçəkmiş şəxs mənzilinin qapısına guya hər hansı bir məhlul atmasını irad bildirməsi səbəbindən aralarında yaranmış mübahisə zamanı sonuncunun sifət nahiyəsinə sillə və baş nahiyəsinə yumruqla vuraraq ona sol yanağın qançırı, üst dodağin qançırı və yarası, boynun qançırı kimi sağlamlığa zərər vurmayan xəsarətlər olduğundan dərəcəsi təyin edilməyən, həmçinin qapalı kəllə beyin travması, baş beyin silkələnməsi, sol gicgah-təpə nahiyyəsinin şişkinliyi-hematomasi ilə nəticələnən sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid xəsarətlər yetirməklə Zərərçəkmiş şəxs qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Bundan başqa o, özgənin əmlakını qəsdən məhv etmək məqsədi ilə qonşusu Zərərçəkmiş şəxs ilə xx.xx.2022-ci il tarixdə aralarında baş vermiş mübahisədən təxminən 15 dəqiqə sonra elə həmin tarixdə, saat 18:05 radələrində yaşadığı ünvan 2 ünvanının qarşısında Zərərçəkmiş şəxs məxsus binanın qarşısında saxladığı, zədələnməmişdən əvvəl orta bazar qiyməti təxminən 31000,00 manat olmuş, 2012-ci il buraxılışlı “Honda CRV” markalı, **-CH-*** dövlət qeydiyyat nişanlı avtomobilin müxtəlif hissələrinə özü ilə evdən gətirdiyi təsərrüfat məişət təyinatlı baltayla qəsdən vurmaqla həmin avtomobilin 24800,00 manat məbləğində olan hissəsini qəsdən zədələyərək, zərərçəkmiş Zərərçəkmiş şəxs ümumilikdə 24800,00 (iyirmi dörd min səkkiz yüz manat) manat maddi ziyan vurmuşdur. Məhkəmədə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128 və 186.1-ci maddələri ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərdi ki, 37 ildir ki, ünvan 1 ünvanında anası Minarə və qardaşı Habillə birlikdə yaşayır. Onlarla eyni blokda 2-ci mərtəbədə Zərərçəkmiş şəxs və valideynləri də yaşayır və münasibətləri normal olmuşdur.Təxminən 2 ilə yaxındir ki, Sevincin özünün və valideynlərinin də qızları Sevincin onunla ailə qurmaq istəklərini hiss etmiş, həmin müddət ərzində dəfələrlə həyətdə skamyada tək oturarkən Sevinc və valideynləri onun yanında oturmuş, atası Hüseyn ona “bəlkə sənə toy edək, 50-60 nəfər çağıraq” deyə təklif etmişdir.Təxminən 1 il bundan qabaq Sevincin anası Fəridə onlara qurbanlıq ət gətirmiş, o özü ətin içərisinə baxdıqda içində baltanın zərbəsindən parçalanmiş kağız qırıntılarının olduğunu görmüşdür. Bundan sonra Sevincgilin ona “cadu” etmələrini fikirləşmişdir.Sonradan qapıya təsadüfən baxarkən qapının üzərində maye töküldüyünü görmüş və onlardan şübhələnmişdir. O, Sevincin atası Hüseynlə əlaqəni kəsmiş və salamını almamışdır.Son vaxtlarda Hüseyn ona “niyə salamımı almırsan” dedikdə o Hüseynə bu baş verənləri danışmış, qızı Sevinclə evlənməyəcəyini və bu səbəbdən belə əməllərə ehtiyac olmadığını demiş, lakin heç bir nəticə olmamışdır. O, bu söhbətlərdən bezib xx.xx.2022-ci il tarixdə, saat 17:50 radələrində binanın həyətindən 1-ci mərtəbəyə çıxarkən həyətdə Sevincin avtomobilinin yanında gəlinləri olduğunu bildiyi şəxslə görüşdüyünü və arxasıyca gəldiyini görmüş, öz evinin qapısının qarşısında dayanaraq arxaya çönmüş və Sevincə bir daha qapısına maye atacağı və bu cür hərəkətlərinə davam edəcəkləri təqdirdə özünə məxsus avtomobilini yararsız vəziyyətə salacağını demiş, Sevinc onun sözlərinə əhəmiyyət verməyərək yaşadığı 2-ci mərtəbəyə qalxmışdır. O buna görə bərk əsəbləşib evə daxil oldmuş, təxminən 5-10 dəqiqə sonra evdən çapacaq adlanan evin təmirində istifadə etdikləri köhnə aləti götürüb həyətə çixmış və əlindəki çapacaqla Sevincə məxsus binanın qarşısında saxladığı “Honda” markalı, **-CH-*** dövlət qeydiyyat nişanli avtomobilin bütün şüşələrini sındırmış, təkərlərini yerdən tapdığı mismara bənzər əşyayla deşib, əlindəki çapacaqla avtomobilin damını, ön örtüyü əzərək qabaq oturacağı həmin dəmir əşyayla kəsmişdir. O, əlindəki yerdən tapdığı əşyanı yerə tullamış, evdən götürdüyü çapacağı evə aparmışdır. Daha sonra əsəblərinin sakitləşməsi üçün Sumqayıt şəhəri, Dənizkənarı bulvar ərazisinə getmiş və 2 saatdan sonra evə qayıdarkən polis əməkdaşları evə gəlib onu 3-cü PB-nə aparıb həmin gün onu Sumqayıt şəhər psixatiriya xəstəxanasina yerləşdirmişlər. O, əvvəlcədən Sevincin əmlakına ziyan vurmağı planlaşdırmamış, sadəcə sonuncu dəfə Sevinc onun sözlərinə əhəmiyyət vermədiyi üçün avtomobilini qəsdən yararsız vəziyyətə salmış, Zərərçəkmiş şəxs xx.xx.2022-ci il tarixdə blokda üzünə turşu məhlulu tökməklə hədələmədiyini və heç bir xəsarət yetirməmiş və ona toxunmamışdır. Həmin vaxt blokda heç kim olmamış və söhbətləri təxminən 1 dəqiqə davam etmişdir. Zərərçəkmiş şəxs avtomobilini yararsız vəziyyətə salarkən həyətdə gözə dəyəcək adam görməmişdir. Təqsirləndirilən şəxs əvvəlki məhkəmə iclaslarında əməlindən peşman olmadığını və zərərçəkmiş şəxsə vurduğu ziyanı ödəmək fikirinin olmadığını bildirsədə, son sözündə vurduğu ziyanı gələcəkdə qismən, hissə-hissə ödəməyə çalışacağını bildirdi. Təqsirləndirilən şəxs ona istinad edilən cinayət əməlini törətməsi özünün cinayəti qismən etiraf ifadələri ilə yanaşı zərərçəkmiş şəxsin, şahidlərin ifadələri və digər istintaq materialları ilə kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, xx.xx.2022-ci il tarixdə əvvəl yaşadığı ünvan 3 ünvanına daxil olub 1-ci mərtəbə ilə qalxarkən həmin mərtəbədə yaşayan qonşusu Təqsirləndirilən şəxs onun qarşısına çıxaraq geriyə dönüb qapısının üzərinə nəsə atacağı zaman üzünə turşu məhlulu atacağı ilə hədələyərək sifətinin sol üz nahiyyəsinə sağ əliylə sillə ilə və başının sol tərəfinə yumruqla vurmuşdur. Həmin vaxt o, yerə yıxılmış, bu zaman Elçin onun kürək nahiyəsinə təpiklə vurub yaşadığı mənzilə daxil olmuşdur. Həmin vaxt o, binanın həyətində gəlinləri Minayədən süd götürmüşdür. Minayə onun səsinə bloka girmiş və onu yerdən qaldırıb nə baş verdiyini soruşmuşdur. O, qonşuları Elçinin onu döydüyünü demiş və Minayə onu evə qaldırmışdır. Həmin vaxt Minayə evlərindəki ev telefonunun nömrəsi ilə DİN-nin 102 xidmətinə bu barədə məlumat vermiş, evdə atası Hüseyn və anası Firidə olmuşdur.Valideynləri ondan nə baş verdiyini soruşduqda o Elçinin dediklərini və onu vuraraq xəsarət yetirdiyini bildirmişdir.Bundan təxminən 5-10 dəqiqə sonra bloklarının qarşısında saxladığı özünə məxsus “Honda CR-V” markalı, **-CH-*** dövlət qeydiyyat nişanlı avtomobilin siqnal səsi gəldiyini eşitmiş, eyvanın pəncərəsindən baxdıqda Elçinin avtomobilin üstünə çıxıb əlindəki baltayla vurduğunu, daha sonra iti bir alətlə təkərlərini deşdiyini və avtomobili tam yararsız vəziyyətə saldığını və çıxıb evə getdiyini görmüşlər. Bundan sonra Minayə təkrar ev telefonundan zəng edərək DİN-nin 102 xidmətinə bu barədə də məlumat vermiş,təxminən 30 dəqiqə sonra Sumqayıt ŞPİ-nin 3-cü PB-nin polis əməkdaşları gəlmişlər. Təqsirləndirilən şəxs blokda ona xəsarət yetirən vaxt orada heç kim olmamış, sonradan gəlinləri Minayə köməyə gəlmiş, Təqsirləndirilən şəxs blokun qarşısında saxladığı ona məxsus “Honda CR- V” markalı, **-CH-*** dövlət qeydiyyat nişanlı avtomobili yararsız vəziyyətə salarkən həyətdə olan şəxslərin kimliyi barədə məlumatı olmamışdır. Ona dəymiş ziyan ödənilmədiyinə görə o, təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs nümayəndəsi və vəkili Nümayəndə təqsirləndirilən şəxsin əvvəllər digər bir qonşuya qarşı da cinayət törətdiyini, hazırda da vurduğu ziyanı ödəmək fikiri olmadığının nəzərə alınaraq, ona daha ağır cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Şahid1 ifadəsində göstərdi ki, xx.xx.2022-ci il tarixdə, saat 17:30 radələrində baldızı Sevincə zəng edərək yaşadığı binanın qarşısına gəldiyini dedikdə, Sevinc də həyətə çatdığını bildirmişdir. O, Sevinclə 2-3 dəqiqə söhbət edib aldığı 2 litrlik südü ona vermişdir. Sevinc bloka girəndə o öz avtomobilinə əyləşmişdir. Həmin vaxt avtomobili Sevincgilin yaşadığı blokun qarşısında olmuş, səs eşitdiyi üçün o, bloka daxil olduqda 1-ci mərtəbədə Sevinci yerə yıxılmış vəziyyətdə görmüşdür. Ondan nə baş verdiyini soruşduqda o, 1-ci mərtəbədə yaşayan qonşusu Elçinin heç bir səbəb olmadan 1-ci mərtəbə ilə qalxarkən onun qarşısına çıxaraq geriyə dönüb qapılarının qarşısına nəsə atacağı zaman üzünə turşu məhlulu atacağı ilə hədələyərək sifətinin sol üz nahiyyəsinə sağ əliylə sillə və başının sol tərəfinə yumruqla vurduğunu, həmin vaxt yerə yıxıldığını və kürək nahiyəsinə təpiklə vurduğunu demişdir. Həmin vaxt Sevincin burun nahiyyəsindən qan gəlmiş və onu yerdən qaldırıb evlərinə aparmışdır. Evdə qaynatası Hüseyn və qaynanası Firidə olmuş, dərhal ev telefonu ilə zəng edərək DİN-nin 102 xidmətinə bu barədə məlumat vermişdir. Bundan təxminən 5-10 dəqiqə sonra blokun qarşısında Sevincə məxsus “Honda CRV “markalı, **-CH-*** dövlət qeydiyyat nişanlı avtomobilin siqnal səsi gəldiyini eşitmiş, birlikdə eyvanın pəncərəsindən baxdıqda Elçinin avtomobilin üstünə çıxıb əlindəki baltayla vurduğunu, daha sonra iti bir alətlə təkərlərini deşdiyini və avtomobili tam yararsız vəziyyətə saldığını və çıxıb evə getdiyini görmüşlər. Bundan sonra o, təkrar ev telefonundan zəng edərək DİN-nin 102 xidmətinə bu barədə də məlumat vermişdir. Təqsirləndirilən şəxs blokun qarşısında Sevincə məxsus “Honda CRV” markalı avtomobili yararsız vəziyyətə salarkən həyətdə olan şəxslərin kimliyi barədə məlumatı olmamışdır. Məhkəmə iclasında Şahid2 ifadəsində göstərdi ki, xx.xx.2022-ci il tarixdə əvvəl yaşadığı ünvan 3 ünvanında olarkən qızı Sevinci gəlini Minayə xəsarət almış vəziyyətdə evə gətirmiş, həmin vaxt evdə ondan başqa həyat yoldaşı Firidə də olmuşdur. Sevinc evə daxil olarkən burun nahiyəsindən qan gəldiyini, sifətində qançırlar olduğunu görmüş, Sevincdən nə baş verdiyini soruşduqda, Sevinc 1-ci mərtəbədə yaşayan qonşuları Elçinin heç bir səbəb olmadan 1-ci mərtəbə ilə qalxarkən qarşısına çıxaraq geriyə dönüb qapılarının qarşısına nəsə atacağı zaman üzünə turşu məhlulu atacağı ilə hədələyərək sifətinin sol üz nahiyyəsinə sağ əliylə sillə və başının sol tərəfinə yumruqla vurduğunu, həmin vaxt yerə yıxıldığını və kürək nahiyəsinə təpiklə vurduğunu demişdir. Gəlini Minayə səsi eşidərək Sevinci yerdən qaldırıb evə gətirdiyini bildirmiş, Minayə dərhal evdən DİNnin 102 xidmətinə bu barədə məlumat vermişdir. Bundan təxminən 5- 10 dəqiqə sonra blokun qarşısında Sevincə məxsus “Honda CR-V” markalı, **-CH-*** dövlət qeydiyyat nişanlı avtomobilin siqnal səsi gəldiyini eşitmiş, birlikdə eyvanın pəncərəsindən baxdıqda Elçinin avtomobilin üstünə çıxıb əlindəki baltayla vurduğunu, daha sonra iti bir alətlə təkərlərini deşdiyini və avtomobili tam yararsız vəziyyətə saldığını və çıxıb evə getdiyini görmüşlər. Bundan sonra Minayə təkrar ev telefonundan zəng edərək DİN-nin 102 xidmətinə bu barədə də məlumat vermişdir. Təqsirləndirilən şəxs blokun qarşısında Sevincə məxsus “Honda CR-V” markalı, **-CH-*** dövlət qeydiyyat nişanlı avtomobili yararsız vəziyyətə salarkən həyətdə olan şəxslərin kimliyi barədə məlumatı olmamışdır. İş materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının 29 avqust 2022-ci il tarixli 9/5766 №-li rəyindən görünür ki, təmiri məqsədə müvafiq və rentabelli hesab edilməyən, zədələnməmişdən əvvəlki orta bazar qiyməti təxminən 31000,00 manat olmuş 2012-ci il buraxılışlı “Honda CRV” markalı, **-CH-*** dövlət qeydiyyat nişanlı avtomobilin zədələnməsindən dəymiş ziyanın məbləği , salamat qalmış hissələrin dəyəri nəzərə alınmaqla nəzəri qaydada təxminən 24800,00 manat müəyyən edilir. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasinin xx.xx.2022-ci il tarixli, 1143 sayli rəyindən görünür ki,

1. Zərərçəkmiş şəxs bədəni üzərində aşağıdakı xəsarətlər aşkar edilmişdir:qapah kəllə beyin travması, baş beyin silkələnməsi, sol gicgah-təpə nahiyyəsinin şişkinliyihematoması, sol yanağın qançırı, üst dodağın qançırı və yarası, boynun qançırı,

2. Qeyd olunan xəsarətlər bərk küt əşyanın təsirindən yaranmışdırlar, qərarın təsviri hissəsində göstərilən şəraitdə kənar şəxs tərəfindən vurulmaqla əmələ gələ bilər, müddəti müayinədən 1 gün əvvəl olmaqla xx.xx.2022-ci il tarixə uyğun gələ bilər və dərəcəsinə görə qapalı kəllə beyin travması, baş beyin silkələnməsi, sol gicgah-təpə nahiyyəsinin şişkinliyi-hematoması sağlamlığın qısa müddətə pozulmasina səbəb olmuş sağlamlığa Yüngül zərərvurmaya aiddir. Sol yanağın qançırı, üst dodağın qançırı və yarası, boynun qançırı-sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilmir.

3. Xəsarətlərin özü tərəfindən özünə yetirilməsi inkar olunur. İş materiallarında olan komisyon kompleks ambulator məhkəmə - psixatrik və məhkəmə-psixoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 2582 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda şizofreniya paranoid forma remissiya vəziyyəti xroniki psixi xəstəliyi aşkar edilir.Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur.Buna görə də Təqsirləndirilən şəxs cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb olunduğu təqdirdə törətdiyi əməl barəsində anlaqlı hesab olunmahdır.Bununla yanaşı nəzərə alınmalıdır ki, Təqsirləndirilən şəxs qeyd olunan xroniki psixi xəstəlik onu törətdiyi əməl dövründə öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliyini tam həcmdə dərk etmək və onları tam həcmdə idarə etmək iqtidarından mərhum etmişdir. Təqsirləndirilən şəxs hərəkəti Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür.Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə istintaq hərəkətlərində iştirak etmək qabiliyyətinə malikdir.Bununla yanaşı nəzərə alınmalıdır ki, Təqsirləndirilən şəxs qeyd olunan xroniki psixi xəstəlik onu törətdiyi əməl dövründə öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliyini tam həcmdə dərk etmək və onları tam həcmdə idarə etmək iqtidarından məhrum etmişdir.Buna görə də Təqsirləndirilən şəxs anlaqlılığı istisna etməyən psixi pozuntusu olan şəxs kimi Azərbaycan Respublikası CMnin 22.1-ci maddəsinin təsiri altına düşür.Təqsirləndirilən şəxs hazırda şizofreniya xəstəliyinin remissiya mərhələsində olduğundan və hazırki psixi vəziyyətinə görə onun halhazırda məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs eqosentrizm, kinlik, inadkarlıq, şübhəlilik kimi xarakterik xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs emosional halından asılı olaraq öz hərəkətlərini dərk etmək qabiliyyətinə malik olmuşdur. İş materiallarında olan məhkəmə-ballistik ekspertizasının 08 sentyabr 2022-ci il tarixli 3/1105 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 1 ədəd predmet, əldədüzəltmə üsulla hazırlanmış bir tərəfi kəsici-çapıcı, digər tərəfi əzici xassəyə malik olan təsərrüfat-məişət təyinatlı baltadır, soyuq silah hesab edilmir və üzərində onun təyinatını dəyişdirən hər hansı əlavə və dəyişikliklər edilməmişdir. Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin təqdim etdiyi tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. İşdən görünür ki, xx.xx.2022-ci il tarixli qərarla fakta görə Azərbaycan Respublikası CM-nin 186.1-ci maddəsi ilə cinayət işi başlanmış, xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128 və 186.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmiş və barəsində həmin tarixdə “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Beləliklə, məhkəmə toplanmış sübutları araşdıraraq və onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128 və 186.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirliliyi onun özünün qismən etirafedici ifadələri ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Onun cinayət məsuliyyətindən azad edilməsi üçün heç bir əsas yoxdur və o, həmin maddələrdə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək maddələrin sanksiyası həddində cinayətlərin məcmusu üzrə cəzalandırılmalıdır. İşdə olan sübutların mötəbərliyi, qanuni yolla əldə edilməsi şübhə doğurmur. Həmin sübutlar Azərbaycan Respublikası CPM-nin tələblərinə əməl edilməklə əldə edilmişdir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir.

Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, cəza təyin edilərkən hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Plenum həmin Qərarında CM-nin 8.1 və 58.3-cü maddələrində nəzərdə tutulmuş və cəza təyininin əsasını təşkil edən kriteriyaları da izah edərək göstərmişdir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8 və 58.3-cü maddələrinə əsasən törədilmiş cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Zərərçəkmiş şəxs təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyanla bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah olunmalıdır. İş üzrə maddi sübut - Zərərçəkmiş şəxs tərəfindən təqdim edilmiş 01 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılmalı, Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmiş 01 ədəd balta məhv edilməli və 2012-ci il buraxılışlı “Honda CRV” markalı, **-CH- *** markalı avtomobilin Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınmalıdır. İş üzrə aparılmış ekspertizaların dəyəri cəmi 114 (bir yüz on dörd) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 10 (on) iş saatı məsrəf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi 60 (altmış) manat məbləğində pul ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128 və 186.1-ci maddələri ilə təqsirli bilinsin, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186.1-ci maddəsi ilə 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzalar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmə cəzasına bir günü kimi hesablanmaqla qismən toplamaq yolu ilə, Təqsirləndirilən şəxs qəti olaraq 1 (bir) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzanın əvvəli 08 dekabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək barəsində “həbs” qətimkan tədbiri seçilsin və məhkəmə iclas zalından dərhal həbs edilsin. Zərərçəkmiş şəxs təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyanla bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah olunsun. İş üzrə maddi sübut - Zərərçəkmiş şəxs tərəfindən təqdim edilmiş 01 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılsın, Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmiş 01 ədəd balta məhv edilsin və 2012-ci il buraxılışlı “Honda CRV” markalı, **-CH- *** markalı avtomobilin Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınsın. İş üzrə aparılmış ekspertizaların ümumi dəyəri cəmi 114 (bir yüz on dörd) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab Z 34CTRE********************) keçirilsin. Təqsirləndirilən şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardımın haqqını ödəməkdən azad edilsin və vəkil Müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardıma görə isə 60 (altmış) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Hakim Azər İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar