Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-85/2023 20.04.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Şahbazov Abdulla Tofiq oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı1, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx xxxxxxx 1989-cu ildə Naxçıvan MR-nın Naxçıvan şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, əvvələr məhkum olunmamış, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, Naxçıvan MR-nın Naxçıvan şəhəri, İ.Məmmədov küçəsi, döngə 2, ev 3-də qeydiyyatda olmaqla Bakı şəhəri, Xətai rayonu, Babək prospektində müvəqqəti yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1 və 264cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 09 iyun 2022-ci il tarixdə saat 22:56-da Sumqayıt şəhəri 5-ci mikrorayon Cəlil Məmmədquluzadə küçəsində qanuni əsaslarla idarə etdiyi “Toyota Prius” (Hibrid) markalı ** FJ *** dövlət qeydiyyat nişanlı avtomobili 50 km/saat sürətlə hərəkət etdirərkən təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda buna riayət etməyərək «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq Sumqayıt şəhəri 5-ci mikrorayon ev 24/139 mənzil 1-də yerləşən “Al Market”in qarşısındakı yolu sağ hərəkət hissəsinin kənarından adi yerişlə sola doğru keçən piyada Zərərçəkmiş şəxs Anatoliyeviçi avtomobilinin qabaq sağ tərəfi ilə vurmuş, onun ehtiyatsızlığı sonuncunun sol ayağın İİ-İİİ daraq sümüyünün qapalı yerdəyişən sınığı, İ barmağın proksimal falanqasının yerdəyişməyən sınığı, sol diz oynağının hemartrozu, əzilməsi, sol ayağın sol saidin sıyrığı ilə nəticələnən dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid bədən xəsarətləri almasına səbəb olmuş, belə bir şəraitdə xəsarət alan Zərərçəkmiş şəxs Anatoliyeviçi köməksiz vəziyyətdə olduğunu dərk etdiyi, habelə hadisə haqqında Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına xəbər verməli, hadisəni görmüş adamların soyadlarını, ünvanlarını yazmalı və Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı əməkdaşlarının gəlməsini gözləməli olduğu halda «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 37-ci maddəsinin 4-cü hissəsinin tələblərini pozaraq idarə etdiyi Toyota Prius (Hibrid) markalı ** FJ *** dövlət qeydiyyat nişanlı avtomobillə yol-nəqliyyat hadisəsi yerindən qəsdən qaçmışdır. Məhkəmədə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 263.1 və 264-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, Bakı şəhərində taksi sürücüsü işləmək üçün tanışı Sarxan köməklik etmişdir ki, hər ay Toyota Prius markalı avtomobili idarə etdiyinə görə onun dostu Sadaya 750-800 manat arası pul verəcəkdir. Qazandığı qalan pul isə özünə qalacaqdır. Bundan sonra Saday ona məxsus “Toyota Prius” markalı ** FJ *** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək üçün ona elektron qaydada etibarnamə vermişdir. Həmin maşınla Uber sərnişin daşıma şirkətinə qoşulmuş və həmin şirkət vasitəsilə aldığı sifarişlər əsasında müştəriləri lazım olan yerlərə aparmışdır. 09 iyun 2022-ci il tarixdə Uber şirkəti vasitəsilə Sumqayıt şəhərinə müştəri aparmağı ilə bağlı sifariş qəbul etmişdir. Bundan sonra həmin müştərini Sumqayıt şəhərinə aparmışdır. Sumqayıt şəhəri ərazisində olduğu zaman şirkətdən əlavə bir sifariş gəlmişdir. Həmin şəxslərin sifariş verdikləri yerə gedərək 3 nəfər cavan oğlanları avtomobilə mindirmiş, Sumqayıt şəhəri daxilində hazırda xatırlamadığı ünvana aparan zaman saat 22:55-də ünvan 2 hərəkət zolağı ilə təxminən 40-50 km/saat sürətlə hərəkətdə olan zaman yolun sağ kənarından yolun orta hisəssinə doğru hərəkət edən piyadanı görmüş, piyadanı görən kimi əyləci basaraq avtomobilin sükanını sola doğru çəkmiş, lakin buna baxmayaraq avtomobilin qabaq sağ hissəsi həmin piyadaya dəymiş və piyada yerə yıxılmışdır. Dərhal maşını saxlayaraq piyadaya yaxınlaşıb köməklik edərək yolun kənarına gətirib onu orada otuzdurmuşdur. Bundan sonra orada olan şəxslərin köməkliyi ilə vurduğu piyadanı maşınına əyləşdirmişdir ki, onu xəstəxanaya aparsın. Həmin vaxtı piyadanın rus milliyətindən olduğunu bilmişdir. Həmin şəxsə xəstəxananın ünvanını izah etməyini deyərək ona xəstəxanaya aparmalı olduğunu demişdir. Lakin həmin şəxs spirtli içkinin təsiri altında olduğundan onu başqa bir avtomobilin vurduğunu zənn etdiyindən onu hadisənin törədildiyi yerə aparmağını israrla ona demişdir. Nə qədər çalışsa da həmin şəxs xəstəxanaya getmək istəmədiyini deyərək onu hadisə baş verən yerə qaytarmağını tələb etmişdir. Ona görə də həmin şəxsi hadisə baş verən yerə gətirərək həmin yerdə düşürtmüşdür. Həmin şəxs yaxınlıqda olan dükanı göstərərək orada işləyən şəxsi çağırmağını demişdir. Ona görə də, dükana gedərək həmin şəxsi çağırmışdır. Həmin şəxs təxminən 45-50 yaşlarında alçaq boylu arıq bədənli kişi olmuşdur. Həmin kişidən xəsarət alan şəxsi tanıyıb-tanımadığını soruşduqda həmin şəxs onu tanıdığını bildirmişdir. Bundan sonra özü də avtomobil ilə vurduğu şəxsdən hər hansı bir narahatçılığı olub-olmadığını soruşduqda o, yalnız sol ayağında azacıq ağrı olduğunu, lakin başqa heç bir problemi olmadığını demişdir. Ona nəyəsə ehtiyacı olub-olmamasını soruşduqda isə heç bir şeyə ehtiyacı olmadığını demişdir. Bundan sonra oradan uzaqlaşıb Bakı şəhərinə qayıtmışdır. Bu hadisədən bir neçə gün sonra 12 iyun 2022-ci il tarixdə Sarxan ona zəng edərək Sumqayıt şəhəri ərazisində yol nəqliyyat hadisəsi törədərək adam vurduğunu və Sumqayıt Şəhər Polis İdarəsindən onu axtardıqlarını bildirmişdir. Sarxana özünün Suqmayıt şəhər Polis İdarəsinə gedəcəyini demişdir. Bundan sonra həmin gün Sumqayıt şəhər Polis İdarəsinə gəlmişdir. Sumqayıt şəhər Polis İdarəsinə gəldikdən sonra ona məlum olmuşdur ki, avtomobil ilə vurduğu şəxs Zərərçəkmiş şəxs olmuş və onun sol ayaq nahiyəsi sınmışdır. Piyada sərxoş olduğundan hadisədən sonra özü haqqında məlumatları ona verməmişdir. Piyada özü də ondan bu barədə heç bir söz soruşmamışdır. Həmin şəxsdən vəziyyəti ilə maraqlanan zaman o heç bir şikayəti olmadığını dediyinə görə bu barədə heç yerdə qeydiyyat aparılmadığını fikirləşmişdir. Ona görə də polis idarəsinə və ya hər hansı bir hüquq mühafizə orqanlarına məlumat verməmişdir. Əməlindən peşmandır. Anası xəstədir. Ailədə gəlir gətirən şəxs yalnız odur. Məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə ibtidai istintaq dövründə zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs Anatoliyeviçin elan edilmiş ifadəsindən görünür ki, Rusiya Federasiyasının Starvropol vilayətində Zabilinski rayonu Zabilini şəhərində doğulmuşdur. Atası rus, anası yəhudi millətindəndir. Azərbaycan dilində danışılanları başa düşsə də danışdıqda bəzi sözlərdə çətinlik çəkir. 5 yaşına qədər Stavropol vilayətində yaşamış, sonradan isə valideynləri ilə birlikdə Sumqayıt şəhərinə köçmüşdür. Sonradan müxtəlif vaxtlarda Rusiya Federasiyası və Ukrayna Respublikasında yaşamışdır. 11 fevral 2022-ci il tarixdə Azərbaycan Respublikasına qayıtmışdır. Həmin vaxtdan da Sumqayıt şəhərinə köçmüş və orada yaşamışdır. 09 iyun 2022-ci il tarixdə saat 23 radələrində istirahət etmək məqsədilə Sumqayıt şəhəri 6-ci mikrorayon ərazisində yerləşən Cəlil Məmmədquluzadənin heykəlinin yerləşdiyi parka getmək istəyirmiş. Həmin vaxtı Sumqayıt şəhəri Cəlil Məmədquluzadə küçəsini yolu sağ tərəfdən sol tərəfə keçmək istəyən zaman ağ rəngli Toyota Prius markalı avtomobil qabaq sağ tərəfi ilə onun sol ayaq nahiyəsindən vurmuşdur. Zərbənin təsirindən yerə yıxılmışdır. Həmin avtomobil onu vurduqdan sonra avtomobili saxlamışdır. Avtomobildən sürücü və başqa bir neçə nəfər şəxslər düşmüşdür. Həmin sürücü maşından düşdükdən sonra ona yaxınlaşmışdır. Bundan sonra sürücü onu avtomobilə mindirərək Novxanı kəndi istiqamətində maşını sürərək xəstəxananın yerini soruşmuşdur. Sürücünün Sumqayıt şəhərini tanımadığını və onu xəstəxana istiqamətinə aparmadığını görmüşdür. Ona görə də sürücüyə bildirmişdir ki, onu götürdüyü yerə aparıb düşürtsün. Bundan sonra sürücü avtomobili geriyə döndərərək onu avtomobil ilə vurduğu yerə gətirərək orada düşürtmüşdür. Sürücü onu yolun kənarında səki üzərində düşürtmüşdür. Bundan sonra sürücü onun barəsində polisə şikayət etməməyi xahiş etmişdir. Lakin sürücüyə heç bir söz deməmişdir. Bundan sonra sürücü maşına əyləşərək onu orada qoyub çıxıb getmişdir. Həmin vaxtı sol ayağında bərk ağrı hiss etmiş və ayağa qalxa bilməmişdir. Bu zaman yaxınlıqda olan şəxslərdən kömək istəmişdir. Həmin vaxtı yaxınlıqdan keçən tanımadığı şəxslər onu yaxınlıqda olan parkın skamyasına gətirib orada otuzdurmuşlar. Bundan sonra skamyanın üzərində uzanmışdır. Ayağı ağrıdığına görə tərpənə bilməmişdir. Həmin gecəni səhərə qədər skamyada qalmışdır. Səhər açıldıqdan sonra yaxınlıqdan keçən polis əməkdaşları keçdiyini görmüşdür. Polis əməkdaşlarını səsləyərək kömək etmələrini bildirmişdir. Bundan sonra polis əməkdaşları onu Sumqayıt şəhər X5 Xəstəxanasına gətirmişlər. Orada onu müayinə edən zaman sol ayaq nahiyəsinin sındığını bilmişdir. Bundan sonra həmin xəstəxanada müalicə olunmağa davam etmişdir. Xəstəxanada olduğu zaman Sumqayıt ŞPİ-nin təhqiqatçısı gələrək ondan izahat almışdır. Hadisə zamanı yolu yavaş yerişlə keçmişdir. Hadisə zamanı spirtli içki içməmiş, ayıq vəziyyətdə olmuşdur. Hadisə zamanı orada olan kimisə tanımamışdır. Onu ağ rəngli Toyota prius markalı avtomobil vurduğunu, avtomobildən düşən sürücü onu maşına mindirib Novxanı kəndi istiqamətində hərəkət etməyə başlamışdır. Həmin vaxtı sürücü ondan xəstəxanın yolunu soruşduqda onu geri qaytararaq vurduğu yerə gətirib düşürtməsini bildirmişdir. Həmin sürücü onu gətirərək onu vurduğu yerdə düşürtmüşdür. Sonradan araşdırma zamanı ona məlum olmuşdur ki, onu vuran sürücü Naxçıvan şəhərindən olan Təqsirləndirilən şəxs adlı şəxs olmuşdur. Həmin şəxsin idarə etdiyi avtomobilin də Uber şirkətinə məxsus taksi avtomobili olduğunu göstərmişdir. Sürücü ona özü haqqında heç bir məlumat verməmişdir. Onun kim olmasını bilməmişdir. Həmin sürücü onu gətirib hadisə yerinə düşürdən zaman onun barəsində polisə və digər yerlərə şikayət eləməməyini xahiş etmişdir. O da ağrı içərisində olduğuna görə ona heç bir söz deməmişdir. Bundan sonra sürücü onu orada qoyaraq getmişdir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs dostu Hüseynin vasitəsilə tanımışdır. Belə ki, Hüseyn ilə Çingiz həmyerli olmaqla aralarında səmimi münasibət olmuşdur. 2022-ci ilin iyun ayının əvvəllərində Hüseyn ondan xahiş etmişdir ki, onun bir nəfər həmyerlisi olan Çingiz adlı şəxs vardır. X3 gəldiyini və işsiz olduğunu deyərək ona iş tapılmasında köməklik göstərməyini xahiş etmişdir. Həmin vaxtı dostu Saday adlı şəxsə məxsus Toyota Prius markalı ** FJ *** dövlət qeydiyyat nişanlı avtomobil olduğuna görə Sadaydan xahiş etmişdir ki, həmin avtomobili etibarnamə ilə Çingizə versin ki, işləyib çörək pulu qazansın. Aralarında razılaşma olmuşdur ki, aylıq olaraq Sadaya 750-800 manat arası pul verdikdən sonra işlədiyi qalan pul Çingizin özünə qalmalıdır. Bundan sonra Saday Çingizə avtomobili idarə etmək üçün etibarnamə vermiş və Çingiz həmin avtomobil ilə taksi sürücüsü kimi fəaliyyət göstərmişdir. Bu hadisədən təxminən 10 gün sonra Sumqayıt şəhər Polis İdarəsindən Sadaya zəng edərək ona məxsus avtomobil ilə hadisə törədildiyini və piyada vurulduğunu demişlər. Saday da bu barədə ona bildirdikdən sonra Çingizə zəng edərək Sumqayıt şəhəri ərazisində hadisə törədib törətmədiyini soruşmuş, Çingiz ona 09 iyun 2022-ci il tarixdə Sumqayıt şəhəri ərazisində avtomobil ilə hərəkətdə olan zaman bir nəfər şəxsi maşınla vurduğunu, lakin həmin şəxsin heç bir xəsarəti və ona qarşı şikayəti olmadığını bildirmişdir. Çingizə onu Sumqayıt şəhər Polis İdarəsindən axtardıqlarını və Polis İdarəsinə getməyini demişdir. Bundan sonra da Çingiz özü Sumqayıt şəhər Polis İdarəsinə getmişdir. Sonradan ona məlum olmuşdur ki, Çingizin avtomobil ilə vurduğu şəxsin ayaq nahiyəsində sınıqlar olmuşdur. Hadisə nəticəsində avtomobilə hər hansı ziyan dəyməmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə cinayət işi başlanılmış və icraata qəbul edilərək istintaqı aparılmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, hadisə Sumqayıt şəhəri Cəlil Məmmədquluzadə küçəsində baş vermişdir. Hadisənin baş verdiyi yol döngəli düz olmaqla asfaltbeton örtüklüdür. Yolun hərəkət hissəsinin eni 11 metr, hərəkət zolaqlarının sayı 4dür. “Toyota Prius” markalı ** FJ *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü piyada Zərərçəkmiş şəxs yolun sağ tərəfdən 2,5 metr məsafədə, sol yan tərəfdən isə 7,5 metr məsafədə vurmuşdur. Hadisə yerində tormozlama izləri aşkar edilməmişdir. Hadisə yerindən iş üçün əhəmiyyət kəsb edə biləcək hər hansı əşya və ya predmet götürülməmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “nəqliyyat vasitəsinə baxış keçirilməsi və texniki vəziyyətinin yoxlanılması haqqında” protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, “Toyota Prius” markalı ** FJ *** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sağ buferində zədələnmə aşkar edilmişdir. Avtomobil saz vəziyyətdə olmuşdur. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli 955 nömrəli rəyindən görünür ki, vət. Zərərçəkmiş şəxs Anatoliyeviçin bədəni üzərində “sol ayağın İİ-İİİ daraq sümüyünün qapalı yerdəyişən sınığı, İ barmağın proksimal falanqasının yerdəyişməyən sınığı, sol diz oynağının hemartrozu, əzilməsi, sol ayağın, sol saidin sıyrığı” xəsarətləri aşkar edilmişdir. Qeyd olunan xəsarətlər küt əşya təsirindən törənmişdir, törənmə müddəti zərərçəkənin Sumqayıt şəhər TTYX-na dail olduğu vaxtdan bir qədər əvvəl olmaqla xx.xx.2022-ci il tarixdə qərarın təsviri hissəsində göstərilən şəraitdə yol-nəqliyyat hadisəsi zamanı əmələ gələ bilər və dərəcəsinə görə sağlamlığın uzun müddət pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid edilir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “baxış keçirilməsi barədə” protokoldan görünür ki, Sumqayıt ŞPİ-nin “Təhlükəsiz şəhər” xidmətinin STŞ-015 saylı videogörüntü kamerasında qeydə alınan görüntü əks etdirilmiş 2 ədəd fayl 1 ədəd “DVD” diskə köçürülmüşdür. Qeydə alınan iki ədəd faylda olan görüntülər hər biri 03 dəqiqə 01 saniyədən ibarətdir. Görüntüdə Sumqayıt şəhəri S.Vurğun və C.Məmmdəquluzadə küçələrində avtomobil yolu əks etdirilmişdir. Baxış zamanı görüntülərin 09 iyun 2022-ci il tarixdə saat 22:54 dəqiqədən 22:57 dəqiqəyə qədər əks olunmuş görüntülər olması müəyyən olunmuşdur. Görüntünün 22:56:35 olan vaxtında ağ rəngli “Toyota Prius” markalı avtomobilin hərəkətdə olan zaman qəfil 7 dayanması, onun arxasınca hərəkətdə olan maşınların dayanması və ətrafda olan insanların həmin istiqamətə doğru qaçması əks olunmuşdur. Görünütdə əks olunmuş hərəkət zamanı dayanan avtomobilin ağ rəngli olmaqla xarici görünüşündən “Toyota Prius” markalı avtomobilə oxşar olması aydın görünsə də avtomobilin dövlət qeydiyyat nişanı görsənmir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Sumqayıt ŞPİ- nin “Təhlükəsiz şəhər” xidmətinin STŞ-015 saylı videogörüntü kamerasında qeydə alman görüntü əks etdirilmiş 1 ədəd “DVD disk cinayət təqibi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut hesab edilərək cinayət işinin istintaq materiallarına əlavə edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 8/1780 saylı, xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən “Toyota Prius” markalı, ** FJ *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında” qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsindən həmin Məcəllənin 263.1 və 264cü maddələrinə tövsif edilmişdir. İş materiallarından görünür ki, xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1 və 264-cü maddələri ilə təqsirləndiriən şəxs qismində cəlb edilərək ona həmin maddələrlə ittiham elan edilmiş, həmin tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Naxçıvan şəhər İcra Hakimiyyəti başçısının 2 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 1356 saylı, xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, ünvan 3 ünvanında qeydiyyatdadır, qeydiyyat ünvanı üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Baş dövlət Yol Polis İdarəsinin 016-302-6246-1222 saylı, xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdə «B» kateqoriyalı AC370531 saylı on illik sürücülük vəsiqəsi almışdır. Kompyuter bazasına əsasən sürücülükdən məhrum edilənlər sırasında yoxdur. Toyota Prius markalı 77FJ246 dövlət qeydiyyat nişanlı avtomaşını etibarnamə ilə idarə edilməsi haqda kompyuter bazasına əsasən məlumat vardır. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 263-1-ci maddəsi ilə cinayət təqibinin başlanılması rədd edilmiş, hadisə nəticəsində avtomobilin faktiki mülkiyyətçisi olmuş X2 maddi zərər vurulmadığından cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınması istisna edilmişdir. İş materiallarından görünür ki, Sumqayıt şəhər Məhkəməsinin 1(060)-781/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə Zərərçəkmiş şəxs məhkəmə iclasına məcburi gətirilməsi qərara alınmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuş Sumqayıt şəhər Polis İdarəsi 3-cü Polis Bölməsinin 3-13-58-3/2-949 saylı, xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Zərərçəkmiş şəxs yerini müəyyən etmək mümkün olmadığından onun məhkəmə iclasına məcburi gətirilməsi haqqında qərarın icrası təmin edilməmişdir. İş materiallarında olan Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 7 saylı MKS tərəfindən verilmiş 122 saylı, xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Zərərçəkmiş şəxs ünvan 4 ünvanında yaşamır. Elektron Məhkəmə İnformasiya Sistemindən görünür ki, Zərərçəkmiş şəxs xx.xx.2022-ci il tarixdə ölkə sərhədindən kənara çıxmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 28.1-ci maddəsinə əsasən “Hər kəsin azadlıq hüququ vardır.” Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” Azərbaycan Respublikası Konstitusiyasının 125.7-ci maddəsinə əsasən “Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.” İnsan Hüquqlarının və X1 haqqında Avropa Konvensiyasının 5.1-ci maddəsinə əsasən “Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır.” İnsan Hüquqlarının və X1 haqqında Avropa Konvensiyasının 6.2-ci maddəsinə əsasən “Cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun” xx.xx.2013-cü il tarixli qərarında göstərilmişdir ki, “Məhkəmələrə həmçinin izah edilsin ki, bu kateqoriyadan olan cinayət işləri üzrə şəxsin təqsirlilik məsələsi həll edilərkən işin bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırılmaqla yanaşı, həm də təqsirləndirilən şəxsin «Yol hərəkəti haqqında» Qanunun məhz hansı normasının tələblərinin pozması və bu pozuntunun konkret nədə ifadə olunması qəbul edilmiş məhkəmə aktlarında göstərilməli, həmin qayda pozuntuları ilə baş vermiş nəticə arasında səbəbli əlaqənin mövcudluğu, habelə təqsirləndirilən şəxsin yol-nəqliyyat hadisəsinin qarşısını almaq üçün texniki cəhətdən imkanının olub-olmaması müəyyənləşdirilməlidir.” “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən “Yol hərəkəti haqqında Qanun yollarda nəqliyyat vasitələrinin və piyadaların təhlükəsiz və rahat hərəkətini təşkil etmək məqsədi ilə kompleks tədbirlər həyata keçirilməsi, yol hərəkəti ilə bağlı insanların həyatının və sağlamlığının qorunması, ətraf mühitin, xüsusi, bələdiyyə və dövlət əmlakının mühafizəsi, yol-nəqliyyat hadisələrinin qarşısının alınması və onların ağırlıq dərəcəsinin aşağı salınması üçün tədbirlər görülməsinin hüquqi əsaslarını və bu sahədə dövlətin, habelə yol hərəkəti iştirakçılarının hüquqlarını və vəzifələrini müəyyən edir.” Həmin Qanunun 36.3-cü maddəsinə əsasən “Yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar.” Həmin Qanunun 50.1-ci maddəsinə əsasən “Sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şərati, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməlidir. Sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir.” Həmin Qanunun 81-ci maddəsinə əsasən “Bu qanunla nəzərdə tutulmuş yol hərəkəti qaydalarının pozulmasında təqsirli olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən “Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən “Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 143.1-ci maddəsinə əsasən “Sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən “Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsində nəzərdə tutulan cinayətin obyekti yol hərəkətinin və nəqliyyat vasitələrinin istismarının təhlükəsizliyini, cinayətin əlavə obyekti kimi insan sağlamlığına zərər vurulmasından asılı olduğu üçün insanın həyat və ya sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərdir. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq ekspertiza rəylərini də sübut növü kimi qəbul etmişdir. Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə düzgün tövsif olunmuş və o, həmin maddə ilə məsuliyyətə cəlb olunub cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən “Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən “Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.” Məhkəmə təqsirləndirilən şəxsin ilk dəfə cinayət əməli törətməsini və törətdiyi əməldən səmimi peşmançılığını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hal müəyyən etmədi. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edilməsi məsələsini müzakirə edərkən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və işin digər hallarını nəzərə alaraq ona cinayət əməlinin tövsif olunduğu Azərbaycan Respublikası CM-nin 263.1 və 264-cü maddələrinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəuyğun hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən “Xüsusi müsadirə cinayət-hüquqi tədbiri şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla) məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır.” Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsinə əsasən bu Məcəllənin 263-cü və ya 263-1-ci maddələrində nəzərdə tutulmuş nəticələrin baş verdiyi hallarda nəqliyyat vasitəsini idarə edən və yol hərəkəti və ya nəqliyyat vasitəsinin istismarı qaydalarını pozan şəxsin yol nəqliyyat hadisəsi yerindən qaçması - üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 264-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsinə uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəmiyyət üçün ağır nəticələrə səbəb olan və qarşısı digər hüquq normaları ilə alınması mümkün olmayan ictimai təhlükəli əməl üçün cinayət məsuliyyəti müəyyənləşdirməkdə dövlət haqlıdır. Bu, insan hüquqlarının, xüsusilə də zərərçəkmiş şəxsin hüquq və qanuni mənafelərinin müdafiəsi baxımından mühüm əhəmiyyət kəsb edir. Cinayət məsuliyyətinin müəyyən edilməsi və cinayət törətmiş şəxsin cəzalandırılması hər bir hüquqi dövlətdə insan hüquqlarının müdafiə edilməsinin üsullarından biridir.” Həmin qərarda qeyd edilmişdir ki, CM-nin 264-cü maddəsi nəqliyyat vasitəsini idarə edən, yol hərəkəti və ya nəqliyyat vasitəsinin istismarı qaydalarını pozan və həmin Məcələnin 263-cü maddəsində nəzərdə tutulmuş nəticələrin baş verdiyi hallarda yolnəqliyyat hadisəsi yerindən qaçan şəxsin cinayət məsuliyyətinə cəlb olunmasını ehtiva edir. Bu maddənin CM-nə daxil edilməsi yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarına əməl olunması, bu qaydalar pozulduqda isə yol-nəqliyyat hadisəsi nəticələrinin tezliklə aradan qaldırılması, digər şəxslərin hüquqlarının pozulmasının qarşısının alınması və bu hüquqların təxirəsalınmadan bərpa edilməsi zərurətindən və «Yol hərəkəti haqqında» Qanunun müvafiq müddəalarından irəli gəlir. “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 264-cü maddəsinin şərh edilməsinə” dair Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsi Plenumunun 10 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, CM-in 264-cü maddəsinin məqsədi yolnəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsin gələcəkdə mülki hüquqlarının bərpasının mümkün olması üçün yol-nəqliyyat vasitələrini idarə edən şəxsləri törədilmiş hadisədən dərhal sonra hadisə yerində qalaraq şəxsiyyəti barədə qarşı tərəfi bu və ya digər vasitə ilə məlumatlandırmağa məcbur etməkdən ibarətdir. Bununla da, yol-nəqliyyat hadisəsi nəticəsində sağlamlığına az ağır zərər vurulmuş zərərçəkmiş şəxsə yol-nəqliyyat vasitəsini idarə edən şəxs barəsində dərhal düzgün məlumatı əldə etmək imkanı verilir. Müvafiq olaraq, cinayət qanununun həmin müddəası yol-nəqliyyat vasitəsini idarə edən şəxsin üzərinə fəal və pozitiv öhdəlik qoyur ki, dərhal hadisədən sonra hadisə yerində qalsın, onu tanımaq və mülki hüquqların təmin edilməsi məqsədilə sonradan tapılmasını yüngülləşdirmək üçün lazımi məlumatları bildirsin. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2, 46.3-cü maddələrinin və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.14-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli qərarında göstərilmişdir ki, “Əlavə cəzalar - müstəqil tətbiq edilməyən, yalnız əsas cəzalara qoşulan cəza növüdür. Lakin əsas cəza kimi əlavə cəzalar da cəzaların tənbeh təsirinin gücləndirilməsi, gələcəkdə yeni cinayət törədilməsinin qarşısının alınması, sosial ədalətin bərpası və vurulmuş zərərin ödənilməsi məqsədi ilə tətbiq edilir. Əlavə cəzaların sosial əhəmiyyəti onda ifadə olunur ki, onlar cinayət məsuliyyətinin daha uğurlu fərdiləşdirilməsinin təminatını möhkəmləndirir.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun” xx.xx.2013-cü il tarixli qərarında göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, CM-nin 45-ci maddəsinin mənasına görə nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə növündə cəza ictimai işlər, islah işləri, intizam xarakterli-hərbi hissədə saxlama, müəyyən müddətə azadlıqdan məhrum etmə cəzalarına, əsas cəzanın şərti olaraq tətbiq edilibedilməməsindən asılı olmayaraq, əlavə cəza kimi bir ildən beş ilədək müddətə təyin olunur. Bu növdə əlavə cəzanın səmərəli şəkildə icra olunmasının təmin edilməsi məqsədilə, həbelə şəxsin əməllərinin düzgün tövsif edilməsi üçün sürücülük vəsiqəsinin sübut əhəmiyyətli sənəd olmasını nəzərə alaraq, müvafiq qərar əsasında təqsirləndirilən şəxsin sürücülük vəsiqəsinin əsli götürülməli, cinayət işinə əlavə edilməli və ittiham hökmü qanuni qüvvəyə minənəndək iş materiallarında saxlanılmalı, hökm qanuni qüvvəyə mindikdən sonra isə icra sənədləri ilə birlikdə müvafiq icra hakimiyyəti orqanına göndərilməlidir.” Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.1 və 264-cü maddələri ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan əsas cəza növü kimi azadlığın məhdudlaşdırılması cəzası və əlavə cəza olaraq nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona cinayətlərin məcmusu üzrə qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən “Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə əsasən “Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir.” Məhkəmə, Təqsirləndirilən şəxs müəyyən ərazi hüdudlarından kənara çıxmaması məsələsi ilə bağlı hesab edir ki, Təqsirləndirilən şəxs ərazi məhdudiyyəti Bakı şəhərinin hüdudları kimi müəyyən olunmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Bakı şəhəri Xətai rayon İcra və Probasiya Şöbəsində qeydiyyata alındığı andan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut olan bir ədəd disk cinayət işində saxlanılmalıdır. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 85,00 (səksən beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Sumqayıt Regional Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1 və 264-cü maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli (iş № 1(060)- 781/2022) qərarını icra edərək, xx.xx.2022-ci il tarixli 1485 saylı orderə əsasən vəkil Müdafiəçi2 onun vəkili təyin etmişdir. Müdafiəçi2 məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 25 (iyirmi beş) saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 150 (bir yüz əlli) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-198, 344-349, 351-353, 384, 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 01 (bir) il 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 01 (bir) il 09 (doqquz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına, Azərbaycan Respublikası CM-nin 264cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 02 (iki) il 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 01 (bir) il 10 (on) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 03 (üç) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzasının əvvəli Bakı şəhəri Xətai rayon İcra və Probasiya Şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhəri Xətai rayon İcra və Probasiya Şöbəsinə məlumat vermədən saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşadığı Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, NZS qəsəbəsində yerləşən fərdi evi tərk etməmək, Bakı şəhərinin hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhəri Xətai rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. İş üzrə maddi sübut olan bir ədəd disk cinayət işində saxlanılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 85,00 (səksən beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 göstərdiyi 25 (iyirmi beş) saat hüquqi yardıma görə 150 (bir yüz əlli) manat Azərbaycan Respublikası dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Zaur Hacıyev
Məhkəmə qərarları › İş №1(060)-85/2023
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-85/2023
20.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver