Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-85/2025 13.02.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılova Günel Rza qızının sədrliyi, Əhmədli Amid Yusif oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Müdafiəçi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1982-ci il təvəllüdlü, Quba şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işsiz, (əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, götürülməmiş) Quba rayonu Zərqava kəndində qeydiyyatda olmaqla faktiki olaraq ünvan 1 ünvanında yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitə metamfetamin əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, o, satış məqsədi olmadan, qanunsuz olaraq, istintaqa məlum olmayan vaxtda və mənbədən öz istifadəsi üçün, xeyli miqdarda 01 ədəd bükümdə təmiz çəkisi 0,309 qram ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edərək üzərində saxlamaqla daşımış, 14 avqust 2024-cü il tarixdə, saat 19:40 radələrində Sumqayıt Şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Sumqayıt şəhəri 21-ci mikrorayon ərazisində yerləşən “He man” idman zalının yaxınlığında küçədə piyada hərəkətdə olarkən saxlanılaraq, Sumqayıt ŞPİ-nin 3-cü PB-nin inzibati binasına gətirildikdən sonra, həmin tarixdə saat 20:30 dəqiqədə üzərinə şəxsi axtarış keçirilən zaman həmin bir ədəd bükümdə psixotrop maddə metamfetamin əynində olan qara rəngli cins şalvarının sol yan cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilmədiyini qeyd etsə də, ifadəsində göstərmişdir ki, o, narkotik vasitə və ya psixotrop maddə qəbul etmir, lakin, şəxsi istifadəsi üçün metamfetamin almış və axtarış zamanı həmin kütlənin onun üzərindən aşkar olunmuşdur. xx.xx.2024-cü il tarixdə Sumqayıt şəhəri 21-ci mikrorayonda yerləşən «Не man» idman zalının yaxınlığında olan zaman iki nəfər mülki geyimli şəxs ona yaxınlaşıb özlərini təqdim edib Sumqayıt ŞPİ-nin 3-cü PB-nin əməkdaşları olduqlarını, qanunsuz olaraq narkotik vasitə və ya psixotrop maddə əldə edib üzərində saxlamaqda şübhəli olduğu üçün saxladıqlarını bildirərək onu Sumqayıt ŞPİ-nin 3-cü PB-yə dəvət etmişlər. Həmin vaxt o, üzərində psixotrop maddə olduğundan məsuliyyətdən yaxa qurtarmaq məqsədi ilə qaçaraq uzaqlaşmaq istəmişdir. Həmin vaxt yıxılaraq yuvarlanmış və bədəninin müxtəlif nahiyələrindən xəsarət almışdır. Polis əməkdaşlarının köməkliyi ilə ayağa qalxaraq onlarla birlikdə 3-cü PB-yə gəlmişdir. PB-yə gətirildikdən sonra orada xidməti otaqların birində ona şübhəli şəxs qismində tutulması elan edilərək, videoçəkiliş aparılmaqla üzərinə şəxsi axtarış keçirtmək istədiklərini bildirilən zaman o, buna etiraz etməmişdir. Bundan sonra ona üzərində hər hansı bir əhəmiyyət kəsb edən, qanunla qadağan olunmuş əşyanın olub-olmaması soruşulub, onu təqdim etmək təklif olunmuşdur. O da əynində olan qara rəngli cins şalvarının sol yan cibindən 01 ədəd siqaret kağızına bükülmüş psixotrop maddə olan metamfetamini təqdim etmişdir. Bundan sonra üzərinə şəxsi axtarış davam etdirilərkən üzərindən 02 ədəd açılmamış qutuda və 01 ədəd açılmış qutuda üzərində «Maqna» yazısı olan siqaret qutuları aşkar edilmiş, üzərindən iş üçün əhəmiyyət kəsb edən hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Polis əməkdaşları tərəfindən saxlanılarkən, o cümlədən 3-cü PB-yə gətirildikdən sonra ona qarşı hər hansı bir qanunazidd hərəkətlərə yol verilmədiyini, həmçinin xx.xx.2024-cü il tarixdə polis əməkdaşları ona yaxınlaşarkən qaçaraq uzaqlaşmaq istədikdə yıxıldığını, nəticədə bədəninin müxtəlif hissələrinin zədələndiyini bildirmişdir. O, həmin psixotrop maddə olan metamfetamini xx.xx.2024-cü il tarixdə Sumqayıt şəhərində «Əşya bazarı» adlanan yerdə tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 10 manata alıb üzərində saxlamış, metamfetamini aldığı şəxsin anket məlumatlarını bilməmiş, onunla təsadüf nəticəsində tanış olmuş, sözügedən metamfetamini özü istifadə edəcəkdi, onu satmaq niyyəti olmamış, o narkotik vasitələrin, psixotrop maddələrin satışı ilə ümumiyyətlə məşğul olmamış, metamfetamini almaqda ona kömək edən olmamış, bunu tək etmişdir. Ona qarşı heç kim heç bir psixi və ya fiziki zor tətbiq etməmiş, heç bir hüququ pozulmamışdır. O polis əməkdaşlarından qaçarkən yıxılmış və bədən xəsarəti almışdır. Daha sonra xəstəliyini və azyaşlı uşağının olmasını nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün qismən etirafedici ifadəsi ilə yanaşı, şahid ifadələri, ekspertiza rəyləri, şəxsi axtarış zamanı qeydə alınmış video görüntülər və iş materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 3-cü PB-nin K/M üzrə əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə Sumqayıt şəhərində Fərasət adlı şəxsin qanunsuz olaraq narkotik vasitələrin qəbulu və üzərində gəzdirməsi barədə məlumat daxil olmuşdur. Daxil olmuş məlumat əsasında həmin gün saat 19:40-da sonradan anket məlumatları bəlli olan Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, 21-ci mikrorayon ərazisində yerləşən “He man” idman zalının yaxınlığında saxlanılaraq Sumqayıt ŞPİ-nin 3-cü PB-yə gətirilmişdir. Orada xidməti otaqların birində Sumqayıt ŞPİ-nin KTB-nin inspektor-kriminalisti tərəfindən videokamera işə salınaraq Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməzdən əvvəl həmin bölmənin baş təhqiqatçı, polis kapitanı Əlinasir Nəsirli özünü təqdim edərək, ona da özünü təqdim etməsini xahiş etmiş, o da özünü təqdim etmişdir. Onlar da özlərini təqdim etmişlər. Bundan sonra baş təhqiqatçı Əlinasir Nəsirli ona daxil olmuş əməliyyat məlumatına əsasən qanunsuz olaraq narkotik vasitələrin qəbulu və üzərində gəzdirməsinə görə saxlanılıb bölməyə gətirildiyini bildirib, hüquq və vəzifələri barədə bildiriş təqdim edilmişdir. Daha sonra videoçəkilişlə onun üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilərək üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olubolmaması, əgər vardırsa, həmin əşyanı təqdim edilməsi təklif olunmuşdur. O da əynində olan qara rəngli cins şalvarının sol yan cibində saxlamış olduğu 01 ədəd qızılı rəngli siqaret kağızına bükülmüş psixotrop maddə olan metamfetamini çıxarıb təqdim etmişdir. Bundan başqa şəxsi axtarış davam etdirilərkən onun üzərindən 02 ədəd açılmamış qutuda və 01 ədəd açılmış qutuda üzərində «Maqna» yazısı olan siqaret qutuları müəyyən edilmişdir. Sorğu zamanı Fərasət üzərindən aşkar olunmuş 01 ədəd bükümdə psixotrop maddə olan metamfetamini xx.xx.2024-cü il tarixdə Sumqayıt şəhəri «Əşya bazarı» adlanan ərazidə olarkən tanımadığı şəxsdən 10 manata alıb şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini, polis əməkdaşları tərəfindən saxlanılarkən, o cümlədən 3-cü PB-yə gətirildikdən sonra ona qarşı hər hansı bir qanunazidd hərəkətlərə yol verilmədiyini, həmçinin xx.xx.2024-cü il tarixdə polis əməkdaşları ona yaxınlaşarkən qaçaraq uzaqlaşmaq istədikdə yıxıldığını, nəticədə bədəninin müxtəlif hissələrinin zədələndiyini bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 01 ədəd bükümdə olan metamfetamin qızılı kağız bükümlə birlikdə tərəzidə çəkildikdə 0,36 qram olması məlum olduqdan sonra zərfə qoyularaq qablaşdırılıb üzəri möhürlənmiş, daha sonra müvafiq sənədləşmə aparılmış və o da həmin sənədlərlə tanış olaraq, sənədlərə imza etmişdir. Təqsirləndirilən şəxs qarşı polis əməkdaşları tərəfindən hər hansı bir təzyiq göstərilməmiş, o, könüllü olaraq, törətdiyi cinayət əməlini etiraf etmişdir. Məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş, məhkəmə iclasında iştirak etməyən şahid Sumqayıt ŞPİ-nin 3-ci PB-nin əməliyyat müvəkkili, polis kiçik leytenantı Şahid1 ifadəsi elan edilməklə tədqiq edildi və müəyyən edildi ki, o məhkəmə iclasında ifadə vermiş şahid Sumqayıt ŞPİ-nin 3-cü PB-nin K/M üzrə əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 ifadəsinə oxşar eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – Cinayət Məcəlləsi) 234.1-ci maddəsi ilə cinayət işi başlanmış və icraata qəbul edilməklə istintaqı aparılmışdır. (i.v.1) “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə, saat 19:40-da Sumqayıt şəhəri, 21-ci mikrorayon, “He man” idman zalının yaxınlığında Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. (i.v.19) Şəxsi axtarış və götürmə aparılması haqqında xx.xx.2024-cü il tarixli qərara əsasən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış istintaq hərəkətinin keçirilməsi, üzərindən sübut əhəmiyyəti kəsb edə biləcək, saxlanılması və gəzdirilməsi qanunla qadağan edilmiş hər hansı bir əşya, predmet, eləcə də psixotrop maddə aşkar edilərsə qablaşdırılaraq götürülməsi qərara alınmışdır. (i.v. 26) “Şəxsi axtarışın keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə, saat 19:40-da Sumqayıt şəhəri, 21-ci mikrorayonda “Heman” idman zalının yaxınlığında Sumqayıt ŞPİ-nin 3-cü PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitə və psixotrop maddə əldə edib saxlama, daşıma və gəzdirməkdə şübhəli bilindiyi üçün saxlanılaraq 3-cü PB-yə gətirilmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən əvvəlcə ondan üzərində cinayət xarakterli hər hansı bir əşya və predmetin olub-olmadığı soruşulmuş, belə əşya və predmet varsa könüllü şəkildə çıxarıb təqdim etməsi təklif edilmiş, təklif əsasında Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sol yan cibindən 1 ədəd qızılı rəngli, siqaret kağızı bükümünü çıxarıb masanın üzərinə qoymuş, həmin bükülü açılan zaman içərisində ağ rəngli kristalşəkilli psixotrop maddə olan metamfetaminə bənzər maddə olması aşkar edilmişdir. Bundan sonra şəxsi axtarış davam etdirilərkən onun üzərindən 2 ədəd açılmamış qutuda və 01 ədəd açılmış qutuda üzərində “Maqna” yazısı olan siqaret qutuları olması, digər hər hansı iş üçün əhəmiyyət kəsb edən əşya və predmet olmadığı müəyyən edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş siqaret kağızı bükümündəki maddənin “metamfetamin” adlanan psixotrop maddə olduğunu, həmin maddəni xx.xx.2024-cü il tarixdə, Sumqayıt şəhərində “Əşya bazarı” adlanan ərazidə tanımadığı kişi cinsli şəxsdən 10 manat pul verməklə şəxsi istifadəsi üçün əldə etdiyini bildirmişdir. Polis əməkdaşları tərəfindən saxlanılarkən, o cümlədən 3-cü PB-yə gətirildikdən sonra ona qarşı hər hansı bir qanunazidd hərəkətlərə yol verilmədiyini, həmçinin xx.xx.2024-cü il tarixdə polis əməkdaşları ona yaxınlaşarkən qaçaraq uzaqlaşmaq istədikdə yıxıldığını, nəticədə bədəninin müxtəlif hissələrinin zədələndiyini bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 01 ədəd bükümdə olan metamfetamin qızılı kağız bükümlə birlikdə tərəzidə çəkildikdə 0,36 qram olması məlum olduqdan sonra zərfə qoyularaq qablaşdırılıb üzəri möhürlənmişdir. (i.v.27-28) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-6/4164 nömrəli rəyinin nəticə hissəsində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində AR DİN “Zərflər üçün №127” möhür əksi, “Vət.Təqsirləndirilən şəxs götürülmüş...” və s. soyadlar, imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,309 qram ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Tədqiqata 0,309 qram qəbul edildi, 0,05 qram istifadə edildi, 0,259 qram maddə geri qaytarıldı. (i.v.47-51) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və Anatomiya Birliyi” Publik Hüquqi şəxsin Tibbi ekspertizaya dair xx.xx.2024-cü il tarixli, 1398 nömrəli rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs bədəni üzərində aşağıdakı xəsarətlər vardır: alnın, sağ dizin, sol topuq oynağının sıyrığı, sağ yanağın, sol qulaq seyvanının qançırı. Qeyd olunan xəsarətlər küt əşya təsirindən törənmişdir, müddəti zərərçəkənin müayinəsindən 1 gün əvvəl olmaqla xx.xx.2024-cü il tarixə uyğun gələ bilər və sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilmir. Xəsarətlərin özü tərəfindən özünə yetirilməsi inkar olunur. Xəsarətlər müxtəlif vəziyyətdə əmələ gələ bilər, o cümlədən yıxılmaqla törənə bilməsi inkar olunmur. (i.v.59-61) Təqsirləndirilən şəxs qismində cəlb edilməklə ittiham elan olunması haqqında xx.xx.2024-cü il tarixli qərara əsasən Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin maddədə nəzərdə tutulmuş ittiham ona elan edilmişdir. (i.v. 64-65) Azərbaycan Respublikası şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X7 oğlu xx.xx.2019-cu il tarixdə doğulmuşdur. (i.v.78) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin TSEK-də müayinə aktından çıxarışın kötüyündə Təqsirləndirilən şəxs əlilliyi müəyyən edilmiş şəxs kimi qeyd olunmuşdur. (i.v.79) AZ-İİ №265793 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs X2 ilə xx.xx.2019-cu il tarixdə nikahlarını bağlamışlar. (i.v.80) Təqsirləndirilən şəxsin dindirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs kimi ifadəsi alınmışdır. (i.v.81-82) Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(060)-257/2024 nömrəli qərarına əsasən Təqsirləndirilən şəxs barəsində 03 ay müddətinə, yəni xx.xx.2024-cü il tarixədək həbs qətimkan tədbiri seçilmişdir. (i.v.88-89) Maddi sübut kimi tanınma haqqında xx.xx.2024-cü il tarixli qərara əsasən Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 0,309 qram çəkidə psixotrop maddə olan metamfetamin maddi sübut kimi tanınmış və tədqiqatdan sonra qalıq qalmış 0,259 qram psixotrop maddə olan metamfetamin saxlanılması üçün Sumqayıt şəhər Polis İdarəsinin saxlanc anbarına təhvil verilmişdir. (i.v.93) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Quba Rayon Məkəməsinin xx.xx.2001-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə 04 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və xx.xx.2005-ci ildə cəzasını qurtardığına görə azad olunmuşdur. Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi Rayon Məhəməsinin xx.xx.2005-ci il tarxli hökmü ilə Azərbaycan Respublikası CM-nin 180.1, 315.2, 66.3-cü maddələri ilə 05 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və xx.xx.2010-cu ildə cəzasının sonu ilə azad olunmuşdur. O, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1, 93.1.4-cü maddələri ilə 02 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və xx.xx.2013-cü ildə cəzasının sonu ilə azad olunmuşdur. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə 05 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarı ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə dəyişiklik edilməsinə dair xx.xx.2016-cı il tarixli Qanuna əsasən CM-in 177.2.4-cü maddəsi hökmdən xaric edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə edilmiş dəyişiklik haqqında xx.xx.2017-ci il tarixli 8136 VQD saylı qanunun tətbiqi ilə cəzası 05 ilə endirilmişdir. xx.xx.2018-ci il tarixdə cəza müddətinin başa çatması ilə əlaqədar cəzadan azad edilmişdir. Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 177.2.2, 177.2.5, 69.3-cü maddələri ilə təqsirli bilinərək 02 il 05 ay 29 gün azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş və xx.xx.2024-cü il tarixdə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin qərarı ilə cəzasının çəkilməmiş qalan 04 ay 19 gününü çəkməkdən şərti olaraq vaxtından əvvəl azad olunmuşdur. O məhkumluğu olan, məhkumluğu ödənilməmiş hesab olunur. (i.v.104-106) Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 7(003)-469/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs cəzasının çəkilməmiş qalan 04 ay 19 gününü çəkməkdən şərti olaraq vaxtından əvvəl azad olunmuşdur. (i.v. 107-110) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X6 şəxsin Ambulator X1 barədə xx.xx.2024-cü il tarixli 5973 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan Asılılq Sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli 39 saylı “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə” Qərarı ilə təsdiq edilmiş məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.2-ci bəndinə uyğun olaraq hal-hazırda Təqsirləndirilən şəxs İİ dərəcəli əlil olması ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (i.v.111-112). “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərarda göstərilmişdir ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirlərkən aşkar olunmuş metamfetaminin təmiz çəkisi məhkəmə-kimyəvi ekspertizasının rəyinə əsasən 0,309 qram əsas götürülmüş və həmin metamfetaminin maddi sübut kimi tanınması nəzərə alınmışdır. Təqsirləndirilən şəxs üzərindən götürülmüş, tədqiqatdan sonra qalıq qalmış 0,259 qram metamfetaminin saxlanılması üçün Sumqayıt ŞPİ-nin məsul saxlanışına verilməsi nəzərə alınmış, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış istintaq hərəkəti keçirilməsini əks etdirən 01 ədəd DVD-R formatlı disk maddi sübut kimi tanınmış və cinayət işinin materiallarında saxlanılmışdır. (i.v.119-124) Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün qismən etirafı, şahidlərin ifadələri, ekspert rəyləri, şəxsi axtarış zamanı qeydə alınmış video görüntülər və digər iş materialları ilə onun satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda psixotrop maddə metamfetamini əldə etmə, saxlama və daşıma cinayətini törətməsi tamamilə sübuta yetirilmişdir. Onun əməli düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmiş və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs ikinci dərəcəli əlilliyinin və azyaşlı uşağının olmasını cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi vardır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəlləsinin 83.3.1-ci maddəsinə əsasən şərti məhkum edilmiş şəxslər barəsində - sınaq müddəti başa çatdıqda, çəkilməmiş əlavə cəzası olduğu hallarda isə həmçinin əlavə cəza icra olunub qurtardıqda; 83.3.3-cü maddəsinə əsasən isə az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluğu olmayan hesab edilir. Belə ki, o, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 177.2.2, 177.2.5, 69.3-cü maddələri ilə təqsirli bilinərək 02 il 05 ay 29 gün azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə vaxtından əvvəl şərti azad olunmuş və xx.xx.2024-cü il tarixdə hazırki cinayət işi üzrə tutulmuşdur. Göründüyü kimi, Təqsirləndirilən şəxs hazırda ittiham olunduğu cinayəti törədərkən məhkumluğu ödənilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Məhkəmə həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin olmasını cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, ağırlaşdırıcı və yüngülləşdirici halları, təqsirləndirilən şəxsin əməlində cinayətlərin residivinin olmasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Ona görə də onun barəsində azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. İş üzrə həmçinin müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 177.2.2, 177.2.5, 69.3-cü maddələri ilə təqsirli bilinərək 02 il 05 ay 29 gün müddətinə azadlıqdan məhrum edilmiş, Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə cəzadan şərti olaraq vaxtından əvvəl azad olunmuş və cəzanın çəkilməmiş hissəsi ərzində qəsdən az ağır cinayət törətmişdir. Məhkəmə göstərilənlərə əsasən qeyd edir ki, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə məhkum edildiyi iş üzrə Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan 04 (dörd) ay 19 (on doqquz) gününü çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilməsi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 76.6.3-cü maddəsinə əsasən ləğv edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 76.6.3-cü maddəsinə əsasən cəzanın çəkilməmiş hissəsi ərzində məhkum qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə cəzadan şərti olaraq vaxtından əvvəl azad etməni ləğv edir və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırki hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə təyin edilmiş və çəkilməmiş qalan 04 (dörd) ay 19 (on doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilməklə ona azadlıqdan məhrum etmə cəzası təyin edilməli, cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı 14 avqust 2024-cü il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün - ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 ekspert komissiyasının xx.xx.2024-cü il tarixli, 5444 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutlarla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq Sumqayıt ŞPİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan ekspertiza tədqiqatından sonra qalmış 0,259 qram çəkidə olan psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə digər maddi sübut olan 01 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizaları tədqiqatının xərci cəmi 110 (yüz on) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə, həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş vəkilə dövlət büdcəsi hesabına xidmət haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara və AzərbaycanRespublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 08 (səkkiz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə məhkum edildiyi 02 il 05 ay 29 gün müddətinə azadlıqdan məhrum etmə cəzasının Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə çəkilməmiş qalan 04 (dörd) ay 19 (on doqquz) gününü çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilməsi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 76.6.3-cü maddəsinə əsasən ləğv edilsin. Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə təyin edilmiş və çəkilməmiş qalan 04 (dörd) ay 19 (on doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən ona hazırkı hökmlə təyin edilmiş 01 (bir) il 08 (səkkiz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilməklə ona qəti olaraq 01 (bir) il 10 (on) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 14 avqust 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut Sumqayıt Şəhər Polis İdarəsinin maddi sübutların saxlama kamerasında saxlanılan ekspertiza tədqiqatından sonra qalmış 0,259 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci cəmi – 110 (bir yüz on) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 24 saata görə 148 (bir yüz qırx səkkiz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Sumqayıt şəhər 1 saylı Vəkil Bürsosunun hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunandan (həbsdə olan təqsirləndirilən şəxsə təqdim edildiyi gündən) 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Günel İsmayılova
Məhkəmə qərarları › İş №1(060)-85/2025
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-85/2025
13.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver