Məhkəmə qərarları › İş №1(060)-850/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-850/2023

06.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-850/2023 06.11.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, Əhmədli Amid Yusif oğlunun katibliyi, Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs Əliyeva Hicran Fəzayıl qızının, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X1 və onun müdafiəçisi Sumqayıt şəhər 1 saylı Vəkil Bürsounun vəkili X2 iştirakı ilə, X1 Azərbaycan Respublikası CM-nin 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi barədə Əliyeva Hicran Fəzayıl qızının xüsusi ittiham qaydasında şikayətinə məhkəmənin hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Əliyeva Hicran Fəzayıl qızı xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək X1 Azərbaycan Respublikası CM-nin 148-ci maddəsi ilə cinayət məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Şikayətini onunla əsaslandırmışdır ki, 2020-ci ilin yay aylarında sosial şəbəkədə X3 adlı bir şəxslə tanış olmuşdur. M.Nüsrət özünü ona subay kimi təqdim etmişdir. (Sonralar onun evli olduğunu öyrənmişdir). Həmin şəxslə bir müddət danışdıqdan sonra onun Tik- Tok sosial şəbəkə hesabında “Lezginka83” adlı qadın istifadəçiyə aid səhifənin cox aktiv olduğunu görmüşdür. M.Nüsrətdən bu barədə soruşmuş və o, ona cavabında Tik-Tok hesabını Elçin adlı dostuna verdiyini və həmin qadının da onun dostu olduğu dedi. O bundan əmin olmaq üçün həmin qadının eyni “Lezginka83” adlı instagram sosial şəbəkə hesabının şəxsi bölümünə yazmışdır. Ondan “Green_line83" adlı Tik-Tok səhifəsinin sahibi M.Nüsrəti tanıdığını soruşmuş və həqiqətən Elçin adlı şəxs hal-hazırda "Green_line83" Tik-Tok səhifəsini işlədirmi və siz Elçin adlı şəxsin sevgilisi və ya dostusunuzmu suallarını ona söyləmişdir. Qarşı tərəf ona cavabında “Nüsrət məni niyə başqasının adına çıxır?”,dedi. Elçini tanımadığını və Nüsrətlə bir eldən olduğunu, sadəcə bir-birilərinin səhifəsini izlədiklərini və bir ailəli qadını başqa bir kişinin adına çıxılmağın təhqir olduğunu, M.Nüsrətin də ailəli olduğunu ona bildirdi. O ona cavabında M.Nüsrətin evli olmağından xəbərsiz olduğunu bildirmişdir. Sabahı gün səhər həmin “Lezginka83" adlı instagram səhifəsindən ona mesajlar gəlməyə davam etdi. Təhqirlər, alçaldıcı fikirlər onun barədə söyləməyə başladı. O Mehribanın ona yazdıqlarından anlamışdır ki, onun daxilindəki qısqanclıq ona rahatlıq verməyib və o, bu fikirləri ona yazır. O isə Mehribana “Bəs sən ailəli idin, ərin var?” Arada ona boz-baş zad bişir, başın qarışsın. Sənə qalmayıb mənim şəxsi həyatım” sözləri ilə ona cavab vermişdir. Sonra o Nüsrətlə danışmış və o, qadını tanımadığına anasının canına and içdi. O Nüsrətin yalançı və qeyri-ciddi olduğunu anlayıb ondan uzaqlaşmışdır. Bu əhvalatdan bir il yarım keçdi. Hərdən o “Lezginka83" adlı Tik-Tok səhifəsinə baxırdım və orada sırf Nüsrətə və Nüsrətin peşəsinə istinad olunan videolar, (M.Nüsrət hərbçidir, HHQ-də çalışır) təyyarələr, romantik fikirlər, şeirlər, musiqilər paylaşılırdı. Bir dəfə Nüsrət ona Bağıyeva Mehribanla evləndiyini, onların ailəli olduğunu yazaraq bildirdi. X4 deyilən qadın “Lezginka83” adlı Tik-Tok sosial şəbəkə istifadəçisinin adı idi. Hərdən sosial şəbəkə hesabına özünü tanıtmayan biri təhqir dolu mesajlar yazılırdı. Sonralar o bu mesajları Nüsrətə göstərmişdir ki, bunlar nədir? "Sən yazırdın bunları mənə?”, - deyib soruşmuşdur. Nüsrət isə cavabında ona “Bunları yazan Mehriban olub və burda yazılan sözləri o, istifadə edir”,- demişdir. Bir dəfə hətta onlar ona (Nüsrət və Mehriban) guya o onlara aid səhifənin adını və profil şəklini götürüb (oğurlayıb) yeni bir səhifə yaratmış kimi fikirlər söyləyib onu şantaj etmək istəmişdilər. xx.xx.2022-ci il tarixdə M.Nüsrət ona aid telegram sosial hesabına yazdı və zəng etdi. “Peşman” olduğunu, ondan "halallıq” istədiyini, müharibədə yaralandığını, qabırğası sındığını dedi (yalan idi) və Bağıyeva Mehriban haqqında xoşa gəlməz fikirlər söylədi. Onun pozğun qadın olduğunu, xalası oğlu ilə eşq yaşadığını və həmin şəxsin eyni zamanda Mehribanın bacısının əri olduğunu söylədi. O isə cavabında bu dediklərinin ona maraqlı olmadığını və Nüsrətin özünün də ona önəmli olmadığını bildirmişdir. O, isə ona xahişyanə gəl görüşək, "mənə halallıq ver”.-dedi. Bir neçə gün keçdi, onlar görüşdülər. Və o həmin görüşdə Mehribanın ailəli olduğunu və həyat yoldaşının Bağıyev Elman olduğunu, onların eyni ünvanda yaşadığını və Ramil adlı bir övladları olduğunu öyrənmişdir. M.Nüsrət B.Mehribanın ailəli olmağına rəğmən onun yüngül əxlaqlı olduğunu, onunla münasibətdə olduğuna çox peşman olduğunu, Mehribanın onu şantaj etməyini, polislə hədələməyini ona söylədi. Onlar söhbət etdikləri zaman Nüsrətin çiynindəki paqona əlini qoyub şəkil çəkmək istəmişdir və o, narazı olmadı, o həmin şəkli Tik-Tok sosial şəbəkə hesabında səhifəsinin profil şəkli etmişdir. Bundan sonra B.Mehriban öz səhifəsində onunla bağlı təhqir dolu paylaşımlar edərək onun Tik-Tok səhifəsini etiket edirdi. O ona xəbərdarlıq etmişdir ki, ondan uzaq olsun, onun şərəf və ləyaqətinə toxunub təhqirlər etməsin, onu kütləvi olaraq müzakirəyə çıxarmasın. Lakin o, sakitləşmədikdə o Nüsrətlə əlaqə saxlayıb, Mehribanın nömrəsini istədikdə, Nüsrət nömrəni verməkdən imtina etdi. Bundan sonra o Mehribana əks kommentlər yazmışdır. Bundan sonra Mehriban Nüsrətlə aralarında olan "WhatsApp”yazışmalarını, hansı ki, orada onun barəsində onun adını çəkərək ikisi arasında ona ünvanlanmış təhqir dolu mesajlar yazmışdılar və bu “WhatsApp” mesajlarını Mehriban onun səhifəsini etiket edərək "Tik-Tok” sosial şəbəkəsinə yerləşdirərək paylaşmışdı. Beləliklə, o onun barəsində növbəti şərəf və ləyaqətini alçaldan hərəkətlərə yol vermişdir. Bu hadisələr zamanı dəfələrlə tanışlarından və qohumlarından ona zənglər gəlmiş, onlar ondan şəxsi həyatında nələr baş verdiyini soruşmuş, bəzi insanların qınayıcı rəftarı ilə qarşılaşmışdır. Dəfələrlə buna görə sarsıntı və iztirab keçirmişdir. Hətta bu hadisələri dəfələrlə hüquq mühafizə orqanlarında da yaşamışdır. X5 qeyri-qanuni hərəkətləri nəticəsində keçirdiyi əsəb sarsıntıları nəticəsində onun səhhətində də problemlər yaranmışdır. Göstərilənləri nəzərə alaraq M.V.Bağıyevanın Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə cinayət məsuliyyətə cəlb edilməsi və həmin maddənin sanksiyasında nəzərdə tutulmuş ən ağır cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında iştirak edən xüsusi ittiham qaydasında şikayət vermiş şəxs H.F.Əliyeva şikayətinin məzmununa uyğun çxış etmiş, həmçinin məhkəməyə təqdim etdiyi izahat başlıqlı ərizəsində şikayətində göstərdiklərindən əlavə olaraq M.V.Bağıyevanın onun barəsində işlətdiyini iddia etdiyi təhqir xarakterli söz və ifadələri qeyd etmişdir. Göstərilən halları nəzərə alaraq şikayətinin icraata götürülməsini xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında iştirak edən M.V.Bağıyeva bildirmişdir ki, yüzlərlə eyni adlı sosial şəbəkə istifadəçiləri vardır. Hər kəs istədiyi adda hesab yarada bilər və nəsə yaza bilər. Şikayətdə iddia edilən sosial şəbəkə hesabı ona məxsus deyil və o heç kimi təhqir etməmişdir. Bu barədə heç bir mötəbər sübut da mövcud deyil. Göstərilən halları nəzərə alaraq şikayətin icraata götürülməməsini xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında iştirak edən müdafiəçi H.S.Dadaşova şikayətin dəlillərini təsdiq edən heç bir mötəbər sübutun olmamasını nəzərə alaraq icraata götürülməməsini xahiş etmişdir. Məhkəmə şikayətlə tanış olaraq, habelə xüsusi ittiham qaydasında şikayət vermiş şəxsin ittihamı səciyyələndirdiyi dəlilləri nəzərdən keçirərək hesab edir ki, şikayət üzrə məhkəmə baxışının keçirilməsi qeyri-mümkündür və icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 88.4.1-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayət üzrə materialların hazırlanmasını həyata keçirmək xüsusi ittihamçının vəzifəsidir. Həmin Məcəllənin 293.3.1-293.3.7-ci maddələrinə əsasən böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda aşağıdakılar göstərilir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş; şikayətin verildiyi tarix (il, ay və gün) və yer; şikayəti vermiş şəxsin imzası. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 302.1-ci maddəsinə əsasən aşağıdakı hallarda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir: 302.1.1. şikayət həmin məhkəməyə aid olmadıqda; 302.1.2. şikayət xüsusi ittiham qaydasında cinayət təqibinə hüququ olmayan şəxs tərəfindən verildikdə; 302.1.3. şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda; 302.1.4. cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdikdə; 302.1.5. barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməl ictimai və ya ictimai-xüsusi qaydada təqib edilməli olduqda; 302.1.6. cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda; 302.1.7. şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə. Məhkəmə şikayət ərizəsini nəzərdən keçirərək qeyd edir ki, əvvəla xüsusi ittiham qaydasında şikayət şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmir. Belə ki, şikayət vermiş şəxs onunla bağlı yazılar yazdığını iddia etdiyi “Lezginka83" adlı “Tik-Tok” səhifəsinin məhz M.V.Bağıyevaya aid olmasını təsdiq edən heç bir ilkin mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəməyə yalnız bir neçə “Tik-Tok” sosial şəbəkəsindən çıxarışlar təqdim edilmiş və həmin çıxarışlardan da səhifə sahibinin, müvafiq yazıları yazan şəxsin kim olmasını müəyyən etmək mümkün deyil. Nəzərə almaq lazımdır ki, xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasında sübutlar mahiyyəti üzrə araşdırılıb qiymətləndirilməsə də, onların ilkin olaraq mövcudluğu, həmin sübutların şəxsə aidiyyəti məhz hazırlıq iclasında yoxlanılır. Belə ki, məhz oların nəticələrindən asılı olaraq işin məhkəmə baxışının mümkünlüyü yoxlanılır. İş icraata götürülərək məhkəmə baxışında təyin edildiyi halda isə artıq barəsində şikayət verilmiş şəxs təqsirləndirilən şəxs statusu almış olur və bu qərar öz prosessual əhəmiyyətinə görə ictimai ittiham qaydasında icraatı aparılan cinayət işləri üzrə cinayət işinin başlanması və təqsirləndirilən şəxs qismində cəlb etmə qərarlarını bir növ əvəz edir. Bu baxımdan xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə hazırlıq iclasında sübutların ilkin olaraq mövcudluğunun yoxlanılması və şəxsə bilavasitə aidiyyətinin yoxlanılması əhəmiyyətlidir. İş üzrə ilkin olaraq kifayət qədər sübutlar mövcud olduğu halda şikayətin icraata qəbul məsələsinə baxıla bilər. Qeyd edildiyi kimi şikayət icraata götürüldüyü halda bu barəsində şikayət verilmiş şəxs üçün ciddi məhrumiyyətlər yaradır və bu baxımdan hazırlıq iclası mərhələsindən şəxsin hüquq və mənafelərinin təmini baxımından qeyd edilən məsələlər ciddi yoxlama və qiymətləndirmə tələb edir. Digər tərəfdən şikayətçi ərizəsinə qoşma kimi əlavə etdiyi materiallara nəzər saldıqda görünür ki, onların bir qismi sosial şəbəkədə ümumi (hər kəs görə biləcəyi) yazılmış yazılardan çıxarışlardır. Bir qismi isə həm sosial şəbəkədə, həm də Vhatsapp-da yazılmış şəxsi yazışmalardan ibarətdir. Şikayətə əlavə edilmiş diskdə olan məlumatlara baxdıqda isə müəyyən edilmişdir ki, burada iki şəxsin telefon danışığının qeyləri öz əksini tapmış və şikayət üzrə hazırlıq iclasında hər hansı halın müəyyən edilməsi üçün əhəmiyyət kəsb etmir. Şikayətçi məhz hansı söz və ifadələrin ümumi (hər kəs görə biləcəyi) yazılmasını, hansıların ümumi deyil iki şəxs arasında olan yazışmalarda olmasını fərqləndirməmişdir. Nəzərə almaq lazımdır ki, birinci halda kütləvilik əlaməti yaransa da, digərində bu əlamət olmadığı üçün Azərbaycan Respublikası CM-nin 148-ci maddəsi ilə məsuliyyət istisna edilir. Bundan əlavə şikayətin forma və məzmunca CPM-nin 293.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərinə uyğun tərtib edilməmişdir. Belə ki, şikayət vermiş şəxs ərizəsində özü barədə məlumatları natamam göstərmişdir. Ərizəsində doğulduğu ili, məşğuliyyət növünü və vəzifəsini göstərməmişdir. Həmçinin şikayət ərizəsində iddia etdiyi cinayət əməlinin nə vaxt törədilməsini göstərməmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, qanunvericilikdə bu tələbin nəzərdə tutulması iş üzrə cəlb etmə müddəti, həmçinin digər əhəmiyyətli halların müəyyən edilməsi baxımından əhəmiyyətli və zəruridir. Şikayət ərizəsində iddia edilən təhqir xaakterli söz və ifadələrin məhz hansı söz və ifadələrdən ibarət olması, həmin söz və ifadələrin hansının hansı tarixdə (dəqiq göstərilməklə) hansı şəkildə harada yazılması və s. əhəmiyətli hallar göstərilməlidir. Əks halda isə hazırlıq iclası mərhələsində bu hallar qeyd edilməklə şikayətin icraata götürülməsindən imtina edilməsi barədə qərar qəbul edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, şikayət Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi ilə müəyyən edilmiş forma və məzmuna uyğun olmadığından, həmçinin şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədiyindən xüsusi ittiham qaydasında şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 302.2.3-cü maddəsinə əsasən bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 302.1.3, 302.1.7 və 302.2.3-cü maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: X1 Azərbaycan Respublikası CM-nin 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi barədə Əliyeva Hicran Fəzayıl qızının xüsusi ittiham qaydasında şikayətinin icraata qəbul edilməsindən imtina edilsin. Qərardan elan olunandan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Samir İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar