Məhkəmə qərarları › İş №1(060)-853/2022

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-853/2022

23.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-853/2022 23.12.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, X1 iclas katibliyi, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxs - Əsgərov Eldar Şahniyar oğlunun və müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçinın, Zərərçəkmiş şəxs - Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.1983-cü ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkumluğu olunmamış, Sumqayıt şəhəri, 15-ci məhəllə, 1 nömrəli yataqxana, otaq 57 ünvanda qeydiyyatda olan və yaşayan Əsgərov Eldar Şahniyar oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: xx.xx.2022-cl il tarixdə, saat 20:30 radələrində Sumqayıt şəhəri, 15-ci məhəllə, yataqxana 5, otaq 57-də Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs aralarında yaranmış şəxsi münasibət zəminində baş vermiş mübahisə zamanı Zərərçəkmiş şəxs yumruq ilə, baş və sağ qulaq nahiyəsinə qəsdən vuraraq və saçından tutub yolaraq, Zərərçəkmiş şəxs ənsə-təpə nahiyyəsinin dərialtı hemotoması, boyun nahiyyəsinin geniş ölçülü qançırı və sağ qulaq seyvanının əzilmiş-cırılmış yarası ilə nəticələnən, dərəcəsinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa YÜNGÜL zərərvurmaya aid xəsarət yetirilmişdir. Məhkəmə baxışı zamanı Əsgərov Eldar Şahniyar oğlu Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsində özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs ilə 2011-ci ildə evlənmişdir, birgə nikahdan 3 azyaşlı övladları vardır. Həyat yoldaşı Şəmsiyyə adını bilmədiyi sexdə işləyir. Hadisədən bir neçə gün əvvəl o, Şəmsiyyənin işlədiyi yerə gedib həmin sexdə işə düzəlmişdir. Həmin günü günorta yeməyinə qədər orada işləmişdir. Günorta yeməyi zamanı həyat yoldaşının iş yoldaşı olan 1 nəfər yeməyi gətirib həyat yoldaşının qabağına qoymaqla israrla yeməsini istədiyindən yad kişinin belə bir davranışı onda qısqanclıq yaratmışdır. O yoldaşından tələb etmişdir ki, işdən çıxsın. Yoldaşı bildirmişdir ki, Ramiz adlı şəxs işdən çıxıb. Bunu deməklə Şəmisyyə onda rahatlıq yaratmaq istəmişdir. Lakin sonradan o, Ramizin işdən çıxmadığını və həmin sexdə yenə də işlədiyini öyrənmişdir. Düşünmüşdür ki, bununla bağlı yoldaşı ondan nəsə gizlədir və bu onda qısqanclıq hissini bir qədər də oyatmışdır. xx.xx.2022-ci il tarixdə saat 20:30 radələrində bir qədər spirtli içki qəbul edib evə gəlmişdir. Həmin məsələ ilə əlaqədar qısqanclıq zəmnində evdə aralarında mübahisə baş vermişdir. O, həyat yoldaşından nəyə görə ona yalan danışmasını, onu aldatmasını soruşduqda Şəmsiyyə onunla kobud danışaraq üstünə acıqlanmışdır. Buna görə də o, əsəbləşib əvvəlcə onun saçından tutmuş və sonra əlli ilə onun sağ qulaq və boynunun arxasına iki dəfə zərbə endirmişdir. Bundan sonra Şəmsiyyə onun əlindən çıxaraq dəhlizə qaçmışdır. O, da qonşulardan ayıb olduğu üçün onun arxasınca çıxmamışdır. Sonradan bilmişdir ki, həyat yoldaşı onun barəsində 3-cü PB-yə şikayət etmişdir. Həmin vaxt evdə ikisindən başqa heç kim olmamışdır. Mübahisə təxminən 5-6 dəqiqə davam etmişdir. Elə bir səs-küy olmamışdır. Hər hansı bir qonşu gəlməmiş, onların davasına müdaxilə etməmişdir. Əməlindən peşmandır. Fəhlə işləyir qazancı ailəni dolandırmağa çatmadığı üçün 200 manat sosial yardım alır. Himayəsində 3 uşağının olmasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini Məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun həyat yoldaşıdır. Onunla 2011-ci il tarixdə rəmi nikaha daxil olmaqla ailə həyatı qurmuşdur. Birgə nikahdan 3 azyaşlı övladı vardır. Həyat yoldaşı Təqsirləndirilən şəxs həddindən artıq spirtli içkiyə meyilli şəxsdir. Mütəmadi olaraq evə sərxoş vəziyyətdə gəlib əsaslı bir səbəb olmadan onunla mübahisə edir. Yenicə Sumqayıt şəhəri ərazisi olmaqla, yerləşdiyi yeri bilmədiyi qapı sexində şkulkaçı kimi işə düzəlmişdir. Həyat yoldaşı Elşad xaraktercə qısqanc biri olduğundan ondan Elşadı da həmin sexə işə düzəltməyini istəmişdir. O da bu barəd sex rəhbərliyinə bildirmiş və razılıq vermişlər. xx.xx.2022-ci il tarixdə Elşadın ilk iş günü olmuşdur. İşdə günorta yeməyi zamanı iş yoldaşları Ramiz qadınlara bildirmişdir ki, onlar mətbəxdə əyləşsinlər və o gətirib onların yeməyini verəcəkdir. O Ramizə bildirmişdir ki, həyat yoldaşı burdadır və onun xasiyyəti pisdir. Ramiz də bildirmişdir ki, o təkcə ona yemək gətirmir, 10 nəfər qadının hamısına gətirir. Bundan sonra razılaşmış və Ramiz onun da qabağına yemək gətirib qoymuşdur. Bu məsələ həyat yoldaşının xoşuna gəlməmişdir. Buna görə iş yerində Ramizlə mübahisə etmişdir. Bu səbəbdən də Ramiz 2-3 gün işə gəlməmişdir. O da həyat yoldaşı Elşada demişdir ki, Ramiz artıq işdən çıxmışdır. Lakin 3-4 gün sonra yenidən işə qayıtmışdır. Onun işə qayıtması haradansa həyat yoldaşı Elşada məlum olub. xx.xx.2022-ci il tarixdə saat 20:30 radələrində Elşad sərxoş vəziyyətdə yaşadıqları evə gəlmişdir. Ramizin işə qayıtdığını bildirib onun Elşadı aldatdığını demişdir. Qısqanclıq zəmnində aralarında mübahisə baş vermişdir. Mübahisə zamanı Elşad üstünə hücum edib saçından tutub yolmuş, həmçinin yumruqla sağ qulaq və boynunun arxa nahiyəsinə güclü zərbələr vurmuşdur. O, çətinliklə onun əlindən çıxıb kolidora qaçmışdır. Onu dəqiq görmədiyi hansısa qonşu yataqxananın dəhlizində saxlamış və o bundan istifadə edib həyətə düşərək gizlənmişdir. Bir müddət sonra isə 3-cü PB-yə gəlib bu barədə həyat yoldaşından şikayət etmişdir. Mübahisə yaşadıqları evin içərisində baş vermiş, evdə ikisindən başqa heç kim olmamış, Elşadın onu döyməsi 5-10 dəqiqə ərzində davam etmişdir. Mübahisə zamanı o, Elşadı heç nə ilə vurmamışdır. Hal-hazırda Təqsirləndirilən şəxs ilə barışmışdır. Barəsində həbslə əlaqədar olmayan cəza təyin edilməsini Məhkəmədən xahiş etdi. Məhkəməyədək sadələşdirilmiş icraat materiallarında olan məhkəmə-tibbi ekspertizasının 1641 saylı, xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində “təpə-ənsə nahiyəsinin dərialtı hematoması, boyun nahiyənin geniş ölçülü qançırı və sağ qulaq seyvanın səthi əzilmiş-cırılmış yarası” xəsarətləri vardır. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən yaranmışdır, müayinədən bir günə qədər əvvəl olmaqla qərarda göstərilən vaxtda və şəraitdə, yəni xx.xx.2022-ci il tarixdə yumruqla yetirilən zərbələrin təsirindən əmələ gələ bilər və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa «YÜNGÜL» zərərvurmaya aiddir. Məhkəməyədək sadələşdirilmiş icraat materiallarında olan ərizələrdən görünür ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Əsgərov Eldar Şahniyar oğlu və Zərərçəkmiş şəxs şikayət ərizəsi əsasında toplanmış material üzrə təhqiqatın sadələşdirilmiş icraat qaydasında aparılmasına etiraz etməmişlər. Məhkəməyədək sadələşdirilmiş icraat materiallarında olan Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 22 saylı MKS tərəfindən verilmiş 2025 saylı, xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Əsgərov Eldar Şahniyar oğlu ünvan 2 ünvanında yaşayır. Məhkəməyədək sadələşdirilmiş icraat materiallarında olan Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 22 saylı MKS tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Əsgərov Eldar Şahniyar oğlu yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəməyədək sadələşdirilmiş icraat materiallarında olan Sumqayıt şəhər Narkoloji Dispanseri tərəfindən verilmiş 4194 saylı, xx.xx.2022-cci il tarixli arayışdan görünür ki, Əsgərov Eldar Şahniyar oğlu Sumqayıt şəhər Narkoloji Dispanserində qeydiyyatda yoxdur. Məhkəməyədək sadələşdirilmiş icraat materiallarında olan “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” X4 4 nömrəli xəstəxanasının poliklinikasının şöbəsi tərəfindən verilmiş 350 saylı, xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Əsgərov Eldar Şahniyar oğlu 4 nömrəli xəstəxananın poliklinika şöbəsinin psixiatrik kabinetində qeydiyyatda yoxdur. Məhkəməyədək sadələşdirilmiş icraat materiallarında olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmışdır. Məhkəməyədək sadələşdirilmiş icraat materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Əsgərov Eldar Şahniyar oğlu xx.xx.2018-ci il tarixdə Sumqayıt ŞPİ tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilmiş, xx.xx.2018-ci il tarixdə Azərbaycan Respublikası CPM-nin 39.1.11-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərarın surətindən görünür ki, tərəflər arasında barışıq olduğuna görə cinayət işinin başlanması rədd edilmişdir. Məhkəməyədək sadələşdirilmiş icraat materiallarında olan xx.xx.2022-ci il tarixli “sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında” qərardan görünür ki, Əsgərov Eldar Şahniyar oğlunun əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221-ci maddəsinin tərkib əlamətləri olmadığından həmin xüsusatlar üzrə cinayət işinin başlanılması rədd edilmişdir. Məhkəməyədək sadələşdirilmiş icraat materiallarında olan “Elektron Məhkəmə İnformasiya Sistemi”ndən çıxarışdan görünür ki, Əsgərov Eldar Şahniyar oğlunun himayəsində xx.xx.2011-ci il təvəllüdlü Şəhla Əsgərzadə, xx.xx.2008-ci il təvəllüdlü Zülfiyyə Əsgərzadə və xx.xx.2006-cı il təvəllüdlü Zülfü Əsgərzadə adlı övladları vardır. Məhkəməyədək sadələşdirilmiş icraat materiallarında olan Zərərçəkmiş şəxs xx.xx.2022-ci il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona dəymiş zərər tam ödənilmişdir. Onunla bağlı indi və gələcəkdə heç bir şikayət və tələbi yoxdur. Qeyd olunanların nəzərə alınmasını xahiş edir. Məhkəməyədək sadələşdirilmiş icraat materiallarında olan Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixli ərizəsindən görünür ki,Zərərçəkmiş şəxs ilə barışmışdır və ona qarşı heç bir tələbi yoxdur. Qeyd olunanların nəzərə alınmasını xahiş edir. Beləliklə, məhkəmə toplanmış sübutları araşdıraraq və onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Əsgərov Eldar Şahniyar oğlunun əməli onun özünün ifadəsi, zərərçəkmiş şəxsin izahatı, ekspert rəyi və materiallarda olan digər sənədlərlə tam sübuta yetirilir. Əsgərov Eldar Şahniyar oğlu daha əvvəl böyük ictimai təhlükə törətməyən cinayətə görə zərərçəkmiş şəxslə barışdığı üçün məsulliyyətdən azad edildiyindən, hazırda onun yenidən törətdiyi başqa əmələ görə zərərçəkmiş şəxslə barışmasına baxmayaraq məsuliyyətdən azad edilməsinə qanun icazə vermir. Belə ki, Azərbaycan Respublikasının Cinayıt Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 72-ci maddəsinin qeyd hissəsində göstərilir ki, şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Odur ki, Əsgərov Eldar Şahniyar oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan əməli törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiya həddinə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin göstərilən normalarının müəyyən etdiyi ədalət prinsipi və cəzanın təyin edilməsinin ümumi əsasları cəza təyin edilərkən törədilmiş cinayətin xarakterinin və ictimai təhlükəlilik dərəcəsinin nəzərə alınmasını nəzərdə tutmuşdur. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxs Əsgərov Eldar Şahniyar oğlunun şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12, 59.1.4 və 59.2-ci maddələrinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Əsgərov Eldar Şahniyar oğlunun zərərçəkmiş şəxslə barışıq əldə etməsi, himayəsində azyaşlı övladlarının olması və əməlindən peşman olması onun cəzasını yüngülləşdirən hallar kimi müəyyən olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Əsgərov Eldar Şahniyar oğlunun cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə cəza təyin edərkən həm də Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinin belə bir müddəasını rəhbər tutur ki, törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Hazırkı cinayət işinə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, maddənin sanksiyasında nəzərdə tutulmuş az ciddi cəza növünün tətbiqi cəzanın məqsədlərini təmin edə bilər. Eyni zamanda işin halları, o cümlədən cəzanı yüngülləşdirən halların məcmusu təqsirləndirilən şəxsə təqsirləndirildiyi cinayət qanunu normasının sanksiyasında nəzərdə tutulan daha ciddi cəzanın təyin edilməsinə əsas vermir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Məhkəmə hesab edir ki, məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır və Əsgərov Eldar Şahniyar oğlunun cəmiyyətdən təcrid olunmadan islah olunmasını mümkün hesab edir. Ona görə də, ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 128-ci maddəsinin sanksiyası həddində, ictimai işlər növündə cəzanın təyin edilməsini məqsədə müvafiq hesab edir. Belə cəza təyini qanuni və əsaslı olmaqla bərabər, cəzanın məqsədlərini də təmin edir. Yəni, Azərbaycan Respublikası CM-nin 128-ci maddəsinin saksiyasında ictimai işlərdən daha yüngül cəza növü cərimə olsa da, təqsirləndirilən şəxsi maddi vəziyyəti məhkəmə tərəfindən nəzərə alınıb ictimai işlər növündə cəza təyin edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 47.1-ci maddəsinə əsasən ictimai işlər məhkumun əsas işindən və ya təhsilindən asudə vaxtlarında haqqı ödənilmədən cəmiyyətin xeyrinə ictimai faydalı işlər yerinə yetirməsindən ibarətdir. Cəzaçəkmənin əvvəli Əsgərov Eldar Şahniyar oğlunun Sumqayıt şəhər Probasiya Şöbəsində qeydiyyata alındığı hesablanmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli qərarında göstərilmişdir ki, “Təqsirli şəxsə islah işləri və ya cərimə cəzası təyin edilərkən onun maddi vəziyyəti, öhdəsində yetkinlik yaşına çatmayanların, əmək qabiliyyəti olmayan digər şəxslərin olması və s. aydınlaşdırılmalıdır.” Sumqayıt Regional Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128ci maddəsi ilə təqsirləndirilən Əsgərov Eldar Şahniyar oğlunun məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli (iş № 1(060)-717/2022) qərarını icra edərək xx.xx.2022-ci il tarixli, 1658 saylı orderə əsasən vəkil Müdafiəçi onun vəkili təyin etmişdir. Müdafiəçi X2 məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 10 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 60 (altmış) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə xərcləri yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351, 353 və 384-cü maddələrini rəhbər tutaraq, Məhkəmə HÖKM ETDİ: Əsgərov Eldar Şahniyar oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinsin və o, 240 (iki yüz qırx) saat müddətinə ictimai işlər cəzasına məhkum edilsin. Hökmün icrası Sumqayıt şəhər Probasiya şöbəsinə həvalə edilsin. Əsgərov Eldar Şahniyar oğlunun üzərində həmin işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxs Əsgərov Eldar Şahniyar oğluna göstərdiyi hüquqi yardıma görə 60 (altmış) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə ondan apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM: ZAUR HACİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar