Məhkəmə qərarları › İş №1(060)-854/2024

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-854/2024

10.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-854/2024 10.12.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Sumqayıt şəhər 1 saylı Vəkil Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1997-ci il tarixdə Abşeron rayonu, Məmmədli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olan, Abşeron rayonu, Məmmədli kəndində qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitə olan qurudulmuş marixunananı əldə edərək saxlamış və daşımışdır. Belə ki, o istintaqa məlum olmayan vaxtda və mənbədən, qanunsuz olaraq satış məqsədi olmadan ümumilikdə 285,0 qram çəkidə xeyli miqdarda narkotik vasitə qurudulmuş marixuananı əldə edib daşıyaraq üzərində saxlamış, 12 avqust 2024-cü il tarixdə saat 18:10-da Sumqayıt şəhəri, Sahil küçəsində yerləşən “Sahil” restoranının yaxınlığında Sumqayıt ŞPİ-nin CAŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri zamanı saxlanılıb polis idarəsinə gətirildikdən sonra, polis idarəsinin xidməti otaqlarının birində üzərinə şəxsi axtarış aparılarkən sağ əlində saxladığı 01 (bir) ədəd şəffaf rəngli sellofan torbanın içərisində üzəri yapışqan lentlə sarınmış qara rəngli sellofanda təmiz çəkisi 285,0 qram xeyli miqdarda bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, xeyli müddətdir narkotik tərkibli maddələr qəbul edir. Qəbul etdiyi narkotik vasitəni ayrı tanımadığı şəxslərdən əldə etmişdir. Polis əməkdaşları tərəfindən saxlanılmamışdan bir il əvvəl sosial şəbəkədə tanış olduğu İran İslam Respublikası vətəndaşından şəxsi istifadəsi üçün ona narkotik vasitə olan qurudulmuş marixuana verməsini xahiş etmişdir. Həmin şəxs xx.xx.2024-cü il tarixdə narkotik vasitəni Sumqayıt şəhəri ərazisində yerləşdirib, həmin yerin ünvanını ona göndərmişdir. Bundan sonra ona göndərilmiş geolokasiya və fotoşəkillərdə göstərilən Sumqayıt şəhəri, Sahil küçəsində yerləşən, “Sahil” restoranının yaxınlığına getmiş və axtarıb narkotik vasitənin gizlədildiyi yeri taparaq narkotik vasitəni qoyulduğu yerdən götürmək istəmişdir. Lakin, götürənə qədər yaxınlıqda olan tikilinin içərisində olan polis əməkdaşları yaxınlaşaraq onu saxlamışlar və narkotik vasitəni də polis əməkdaşları özləri saxlanıldığı yerdən götürmüşlər. Daha sonra onu Sumqayıt ŞPİ-nin inzibati binasına gətirmişlər. Polis idarəsində ona vəkil təqdim olunmuşdur. Daha sonra isə videoçəkiliş vasitəsilə üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarışdan öncə İran vətəndaşı tərəfindən əraziyə qoyulmuş narkotik vasitəni polis əməkdaşları ona vermişlər ki, çəkiliş zamanı təqdim etsin. O da polis əməkdaşlarının dediyi kimi şəxsi axtarış zamanı narkotik vasitəni təqdim edərək özünə məxsus olduğunu bildirmişdir. O, saxlanılarkən və ya daha sonar polis əməkdaşları tərəfindən hər hansı təsir və ya təzyiqə məruz qalmamışdır. Həmçinin bildirmişdir ki, həmin İran vətəndaşından əvvəllər də bir dəfə narkotik vasitə almışdır. Belə ki, aralarnda olan danışığa əsasən narkotik vasitəni Digah qəsəbəsi ərazisində bir yerə yerləşdirmiş, oda gedib götürmüş və sonradan pulunu karta göndərmişdir. Göstərilən halları nəzərə alaraq iş üzrə ədalətli qərar qəbul edilmişdir. Daha sonra özünü təqsirli bilməsini, əməlindən peşman olmasını, astma xəstəliyindən əziyət çəkməsini, rəsmi olmasa da faktiki olaraq evli olmasını və həyat yoldaşının hamilə olmağını nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı verdiyi ifadəsi arasında qismən ziddiyyət yarandığı üçün ifadələrin ziddiyyətli hissəsi məhkəmə iclasında elan edilmişdir. Müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı bildirmişdir ki, Sumqayıt şəhəri, Sahil küçəsində yerləşən, “Sahil” restoranının yaxınlığına getmiş və axtarıb narkotik vasitənin gizlədildiyi yeri taparaq narkotik vasitəni qoyulduğu yerdən götürmüşdür. Bu zaman saat 18:10-da polis əməkdaşaları yaxınlaşaraq onu saxlamışlar. Təqsirləndirilən şəxs təqsirli olması özünün qismən etirafı ilə yanaşı, şahid ifadələri, ekspertiza rəyləri, şəxsi axtarış zamanı qeydə alınmış video görüntülər və iş materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin Cinayət Axtarış Şöbəsinin əməliyyat müwəkkili Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə xidmət etdiyi Sumqayıt ŞPİ-nin CAŞ-nə Pərvin adlı şəxsin narkotik tərkibli və psixotrop maddələrin qanunsuz olaraq əldə edilməsi, saxlanması və qəbulu ilə məşğul olması ehtimalı olması barədə əməliyyat məlumatı daxil olduğundan, Pərvin adlı şəxsin şəxsiyyətinin müəyyən olunması və onun narkotik tərkibli və psixotrop maddələrin qanunsuz olaraq əldə edilməsi, saxlanması və qəbulu ilə məşğul olub-olmamasını müəyyən etmək məqsədi ilə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə tərəfindən qərar qəbul edilmişdir. Bundan sonra keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Pərvin adlı şəxsin Abşeron rayonu, Məmmədli kəndində qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs olduğu müəyyən olmuşdur. Daha sonra əməliyyat- axtarış tədbirləri davam etdirilmiş və Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, Sahil küçəsində yerləşən “Sahil” restoranının yaxınlığında olduğu müəyyən edildiyindən həmin gün saat 18:10-da Təqsirləndirilən şəxs Sumqayıt ŞPİ-nin CAŞ-nin cinayət axtarışı üzrə kiçik əməliyyat müwəkkili Şahid2la yaxınlaşaraq onu saxlamışlar. Daha sonra ona özlərini təqdim edib, Təqsirləndirilən şəxs narkotik tərkibli və psixotrop maddələri qanunsuz olaraq əldə etməkdə, üzərində gəzdirməkdə, eləcədə istifadə etməkdə şübhəli olduğundan saxlanıldığını izah edib, ona birlikdə Sumqayıt ŞPİ-nə getməli olduğunu bildirdikdə, Təqsirləndirilən şəxs etiraz etmədən onlarla birlikdə idarəyə getmişdir. İdarədə xidməti otaqların birində Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmiş, həmçinin ona vəkil təqdim edilmişdir. Dah sonra video çəkilişlə onun üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı üzərində qanunla saxlanması və daşınması qadağan edilmiş əşyaları təqdim etməsi təklif edildikdə, Təqsirləndirilən şəxs əlində saxladığı bir ədəd sellofan torbanı təqdim edərək içəsində narkotik vasitə olan qurudulmuş marixuana olmasını bildirmişdir. Sorğu zamanı həmin kütləni onunla anket məlumatlarını bilmədiyi İran İslam Respublikası vətəndaşının ona göndərdiyi məkan yerinə yaxınlaşaraq götürdüyünü, narkotik vasitəni sonradan ona deyiləcək yerə yerləşdirmək müqabilində həmin İran İslam Respublikası vətəndaşının ona 80 və ya 100 manat pul verəcəyinə söz verdiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, ancaq Təqsirləndirilən şəxs üzərindən digər hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs tərəfindən təqdim edilmiş sellofan torbanın içərisinə baxış keçirilərkən bitki mənşəli kütlə aşkar edilmişdir. Bundan sonra aşkar edilmiş kütlə olan çəkilmiş və qablaşdırılmaqla götürülmüşdür. Sonda Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi ilə bağlı protokol tərtib edilmiş, həmin protokol ucadan oxunmuş, protokola əlavə və düzəlişlər daxil olmadığı üçün üzərində iştirakçılar tərəfindən imzalar edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin Cinayət Axtarış Şöbəsinin əməliyyat müwəkkili Şahid2 ondan öncə məhkəmə iclasında ifadə vermiş Şahid1 ifadəsinə oxşar, eyni məzmunlu ifadə verərək bildirmişdir ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əlində olan sellofan torbada olan kütləni təqdim edərək həmin kütlənin narkotik vasitə olan qurudulmuş marixuana olduğunu bildirmişdir. Cinayət işinin 19-cu vərəqəsində olan xx.xx.2024-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 68-ci vərəqələrində olan təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs müvəqqəti saxlama yerindən azad edilərək barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 27-28-ci vərəqəsində olan xx.xx.2024-cü il tarixli şəxsi axtarış aparılması haqqında protokola və həmin baxış zamanı qeydə alınmış video görüntülərə məhkəmə iclaasında baxış keçirilərkən müəyyən edilmişdir ki, müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə keçirilmiş şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əlində saxladığı sellofan torbada olan kütləni təqdim edərək narkotik vasitə olan qurudulmuş marixuana olmasını bildirmiş, həmin kütlə elektron tərəzidə çəkilərkən bükümü ilə birlikdə çəkisinin 323 qram olması müəyyən olunmuşdur. Cinayət işinin 44-45-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-bioloji ekspertizasının xx.xx.2024-cü il tarixli 3-16-16/2-7/1349 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd qara rəngli sellofan bağlamada təmiz çəkisi 285,0 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətə (kannabis) bitkisindən kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Qeyd: Marixuananın təmiz çəkisi - 285,0 qram, tədqiqata sərf edildi - 0,05 qram, qalıq - 284,95 qram. Cinayət işinin 43-cü vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 72 (yetmiş iki) manat müəyyən edilmişdir. Cinayət işinin 78-ci vərəqəsində olan xx.xx.2024-cü il tarixli maddi sübut kimi tanıma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş və ekspertiza tədqiqatından sonra qalmış 284,95 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana maddi sübut kimi tanınmış və saxlanılması üçün Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmişdir. Cinayət işinin 112-120-ci vərəqəsində olan xx.xx.2024-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilməsi barədə görüntüləri özündə əks etdirən 01 ədəd disk maddi sübut kimi tanınaraq cinayət işinin istintaq materiallarına əlavə edilmişdir. Cinayət işinin 108-109-cu vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X2 ekspert komissiyasının xx.xx.2024-cü il tarixli, 5731 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 103-cü vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 09 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Cinayət işinin 92-ci vərəqəsində olan Sumqayıt şəhər Probasiya Şöbəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 09 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 7(012)-203/2022 saylı qərarı ilə barəsində amnsitiya tətbiq edilərək cəzası 01 il azaldılmış və xx.xx.2023-cü ildə cəzası başa çatmışdır. Cinayət işinin materiallarında olan Elmi-Tədqiqat Ağ ciyər xəstəlikləri İnstitunun verdiyi sənəddən görünür ki, Təqsirləndirilən şəxs bronxial-astma xəstəliyindən əziyət çəkir. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, Təqsirləndirilən şəxs özünün qismən etirafı, şahidlərin ifadələri, ekspert rəyləri, şəxsi axtarış zamanı qeydə alınmış videogörüntülər və digər iş materialları ilə onun törətdiyi cinayət əməli, yəni satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitə olan qududulmuş marixuananı əldə etmə, saxlama və daşıma cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs özünü təqsirli bilməsini və bronxial astma xəstəliyindən əziyət çəkməsini cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 09 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 7(012)-203/2022 saylı qərarı ilə barəsində amnsitiya tətbiq edilərək cəzası 01 il azaldılmış və xx.xx.2023-cü ildə cəzası başa çatmışdır. Bundan sonra isə 01 il keçmədən, yəni məhkumluğu ödənilmədən 12 avqust 2024-cü ildə yenidən qəsdən az ağır cinayət əməli törətmişdir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkumluğu ödənilmədən yenidən cinayət törətsə də, onun əməlində cinayətlərin residivi yaranmamışdır. Belə ki, onun ödənilməyən məhkumluğu üzrə cəzası azadlığın məgdudlaşdırılması növündə cəza olmuşdur. Azərbaycan Respublikasının CM-in 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Həmin Məcəllənin 83.3.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzasını yüngülləşdirici halları, habelə cəzanın fərdiləşdirilməsi prinsipini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Ona görə də onun barəsində azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 12 avqust 2024-cü il tarixdən 14 avqust 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti azadlıqdan məhrum etmə cəzası saxlanılmalı, həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin başlanğıcı hazırki hökmün qəbul edildiyi tarixdən, yəni 10 dekabr 2024-cü il tarixdən hesablanmalıdır. Həmçinin Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilərək, barəsində həbs qətimkan tədbiri seçilməli, o məhkəmə iclas zalından həbsə alınmalı, saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına göndərilməli və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslərin cəzasını ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Həmin Məcəllənin 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X2 ekspert komissiyasının xx.xx.2024-cü il tarixli, 5731 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicəyə təyin olunmalı və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutlarla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq Sumqayıt ŞPİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan ekspertiza tədqiqatından sonra qalmış 284,95 qram narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə digər maddi sübut olan 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 72 (yetmiş iki) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş vəkilə məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 17 saata görə 102 (yüz iki) manat dövlət büdcəsi hesabına haqq ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara və AzərbaycanRespublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 12 avqust 2024-cü il tarixdən 14 avqust 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti olaraq 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 10 dekabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilərək, barəsində həbs qətimkan tədbiri seçilsin o, məhkəmə iclas zalından həbsə alınsın və saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına göndərilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Sumqayıt ŞPİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 284,95 qram narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci cəmi – 72 (yetmiş iki) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X3, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 17 saata görə 102 (yüz iki) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunandan (həbsdə olan təqsirləndirilən şəxsə təqdim edildiyi gündən) 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Samir İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar