Məhkəmə qərarları › İş №1(060)-855/2025

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-855/2025

11.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-855/2025 11.02.2026 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Nəsimiyev Fərid Aydın oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Müdafiəçi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1989-cu ildə Ağdam rayonu, Çuxurməhəllə kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, DOST MMC 1 saylı MKSdə bağban, əvvəllər məhkum olunmamış, Ağdam şəhəri, Çuxurməhəllə kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan, xx.xx.2025-ci il tarixli qərarla barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 16:00 radələrində Sumqayıt şəhəri, 19-cu məhəllə ərazisində yerləşən C.Cabbarlı adına kitabxananın arxasında, ictimai yerdə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq edilməsi ilə müşayiət edilən qərəzli hərəkətlər edərək, cəmiyyət içində bərqərar olunan etik davranış qaydalarına riayət etməyərək öz şəxsiyyətini digər şəxslərdən üstün tutub heç bir əsaslı səbəb olmadan Zərərçəkmiş şəxs sol əlinə və qarın nahiyyəsinə təpiklə zərbə vuraraq sol əlin İV barmağının ovuc səthinin yarası, qarnın qançırı ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərərvurmaya aid xəsarətlər yetirməklə qərəzli xuliqanlıq etmişdir. xx.xx.2026-cı il tarixində məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, hadisə iş vaxtı təxminən saat 16.00 radələrində baş vermişdir. O, həmin gün sahə rəisinin yanına işdən icazə almaq üçün getmişdi. Bu vaxt Zərərçəkmiş şəxs ona “sən də işləməlisən” demiş, bu səbəbdən aralarında mübahisə baş vermiş, Zərərçəkmiş şəxs ona və onun vəfat etmiş valideynlərinə qarşı nalayiq ifadələr işlətmişdir. Valideynləri 1 il əvvəl vəfat etdiyi üçün Zərərçəkmiş şəxs onun valideynlərini təhqir etməsi onu özündən çıxartmışdır. Onun mübahisə etmək niyyəti olmamışdır. Zərərçəkmiş şəxs nalayiq ifadə işlətdikdən sonra “yaxşı edirəm” demiş, bu ifadə onda daha çox qıcıq yaratmışdır. Həmçinin, Xəyalə ona “vur məni” demişdir. Bundan sonra Zərərçəkmiş şəxs onun üzərinə gəlmiş, o özünü qorumaq üçün Xəyaləni itələmiş, lakin həmin vaxt özündə olmadığı üçün onun yıxıldığını görməmiş, 2 övladını gözünün qarşısına gətirərək arxasını dönüb getmiş, daha sonra ona ətrafdakılar barmağındakı üzüklə Xəyalənin əlini kəsdiyini bildirmişlər. O, Xəyalənin əlini zədələdiyini görməmişdir, əgər görsəydi təcili tibbi yardıma müraciət edərdi. Hətta o, hadisədən sonra zərərçəkmiş şəxsin evinə barışıq üçün getmiş, lakin evdən qovulmuşdur. Həmçinin, ona vurulmuş zərərin əvəzini ödəyəcəyini də deyib. O, zərərçəkmiş şəxslə barışmaq istəyib. Həmin hadisədən sonra işdə olduğu yeri dəyişib zərərçəkmiş şəxsdən daha uzaq yerə keçmişdir. Əlavə olaraq verilmiş suallara cavab olaraq bildirmişdir ki, ona köhnə prokurorluğun binası ərazisində bağbanlıq işi həvalə edilmişdir. Zərərçəkmiş şəxs isə C.Cabbarlı adına kitabxananın arxasında dalandardır, həmin ərazini təmizləyir. Yəni onların işlədiyi ərazilər fərqlidir. Hadisə vaxtı orada Reyhan, Sərvər və təxmini 2-3 nəfər iş yoldaşı olub. Mübahisə təxmini 10 dəqiqə davam etmişdir. Xəyalə ona qarşı həm nalayiq ifadə işlətmiş, həm də üzərinə hücum etmişdir. Onların arasında hadisədən əvvəl 5-6 metr məsafə var idi. Xəyaləyə təpik vurmayıb, həmçinin onun qarın nahiyəsinə də vurmayıb. Xəyaləni itələyəndən sonra özündə olmamışdır. Xəyalə ilə əvvəllər düşmənçiliyi, həmçinin aralarında ciddi mübahisə olmamışdır. Xəyalə ona qarşı küçə söyüşü işlətmişdir. xx.xx.2026-cı il tarixində məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü təqsirli bilmədiyini, hadisə vaxtı özündə olmadığını, belə hadisənin baş verməsini istəmədiyini, Xəyaləyə qarşı nalayiq ifadə işlətmədiyini bildirmiş və barəsində bəraətverici əsaslarla ittiham hökmünün çıxarılmasını xahiş etmiş, amnistiya qərarının tətbiqinə də etiraz etmədiyini bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs son söz olaraq özünü təqsirli bilmədiyini bildirmişdir. İbtidai istintaq müddətində Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə elan edilmiş ittihamla özünü təqsirli bilməyərək ifadəsində bildirmişdir ki, DOST MMC 1 saylı MKS-də bağban işləyirəm. 2016-cı ildən DOST MMC 1 saylı MKSdə bağban kimi işləyir. Xəyalə ilə eyni yerdə işləyirlər, o dalandar kimi fəaliyyət göstərir. Aralarında əvvəllər heç bir ədavət olmamışdır. 26 avqust 2025-ci il tarixdə saat 16:00 radələrində Sumqayıt şəhəri, 19-cu məhəllə ərazisində yerləşən C.Cabbarlı adına kitabxananın arxasında ərazilərinə rəhbərlik edən şəxslərlə söhbət edirdi. Xəyalə xanım mühəndis Sərvaz bəyə onun niyə işləməməyini bildirdi və nəlayiq sözlər işlətdi. O da qayıdıb ağzının danışığını bilməsini dedi, sonra isə oradan aralaşdı. Xəyalə xanım arxasınca söyməyə başladı, o zaman isə onun yanına qayıtdı. Onun hansı ixtiyarla onun rəhmətə gedən valideynlərini təhqir etdiyini bildirdi. O “yaxşı eləmişəm, əcəb eləmişəm, vur məni” kimi ifadələr işlətdi. Xəyalə xanım üzərinə gəldi və yenə “vur məni, vur məni” dedi. O səni niyə vurum dedikdə üzərinə cumdu. Üzərinə gəldikdə yüngülcə onu arxaya itələdi ki, ona cırmaq atmasın. Bu zaman yanlarında mühəndis Sərvaz, əraziyə nəzarət edən Reyhan xanım da ordaydı. Xəyalə xanım ona şər atır, onu söyməmiş və təpik vurmamışdır. Hadisə zamanı o Xəyalə xanımı sadəcə itələmişdir, buna da səbəb o idi ki, o üzərinə gəlirdi və rəhmətə gedən valideynlərini təhqir edirdi. Onların ruhları incindiyindən üzərinə tərəf getdi. O "məni vur,məni vur” deməyə başladı. Ona cırmaq atacağını düşündüyündən sadəcə yüngülcə itələdi. Əlinin partlamasından xəbəri olmadı, çünki o vaxt “Panik Atak” adlanan xəstəlik keçirdiyindən əlinin partlayıb-partlamamasına diqqət edə bilmədi. Həmçinin, Xəyalə xanım barışıq üçün 1000 manat təzminat istəmişdir. Onun istədiyi təzminat da tam əsassızdır. Sadəcə Xəyalə xanımın ondan pul niyyəti olduğundan ona şər atmışdır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Zərərçəkmiş şəxs ifadəsi, şahid ifadəsi, hadisə yerinə baxış protokolu, fotoşəkillər, məhkəmə-tibbi ekspertizasının xx.xx.2025-ci il tarixli 1319 saylı rəyi və digər istintaq materialları ilə kifayət qədər sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, DOST MMC 1 saylı MKS-də dalandar kimi işləyir. Təqsirləndirilən şəxsla eyni yerdə işləyirlər, sonuncu bağban kimi fəaliyyət göstərir. 26 avqust 2025-ci il tarixdə saat 16:00 radələrində Sumqayıt şəhəri, 19-cu məhəllə ərazisində yerləşən C.Cabbarlı adına kitabxananın arxasında iş yerinin parkında oturmuşlar. Rəhbəri onu işləmək üçün çağırmışdır. O gedərkən görmüş ki, digər işçilər Aslanı işləmədiyinə görə tənqid edirmişlər. Bu zaman Aslan onları təhqir etməyə başlamış, o buna dözmədiyindən Aslana reaksiya vermiş, Aslan onu da təhqir etməyə başlamış, bu zaman o da sonuncunu təhqir etmişdir. Aslan əsəbiləşib təpiklə onun qarın nahiyəsinə zərbə endirmişdir. Həmin zərbə onu narahat etmiş və qarın nahiyəsini əzmişdir. Digər işçilər onları aralamışdır. Aslan yenə üstünə gəlmiş və 2-ci təpiyi də atmışdır. Bu zaman təpik barmağına dəymişdir. X4, Ruslan bəy və Reyhan xanım görmüşlər. Həmin vaxt barmağından qan gəlmiş və Sumqayıt şəhər TTYX-ə müraciət etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, ərazi üzrə sahə ustasıdır. 26 avqust tarixində işçilərə ərazini təmizlədirdi, iməclik etdirirdi. İşlərin yarısı görülmüş, yarısı qalmışdı. Daha sonra işçilər arasında anlaşılmazlıq yarandı. Təmizlənməli ərazi Xəyalənin yeri idi. Orada ocaq qalanmışdı, zibillərin yığılması qadınların, zibil yeşiklərinə yığılması isə kişilərin işi idi. Aslan ondan icazə almaq üçün yanına gəlmiş, lakin ona icazəni hələ verməmişdi. Bu zaman mübahisə yarandı. Xəyalə və Aslan əlbəyaxa oldular. Xəyalənin barmağı qanamışdı. Onlar bir-birləri ilə mübahisə edirdilər. Əlavə olaraq verilmiş suallara cavab olaraq bildirmişdir ki, Aslanın Xəyaləni necə vurduğunu görməyib. X8 başqa heç kəs xəsarət yetirməyib. Həmin vaxt onları sakitləşdirməyə çalışdı. 3-5 dəqiqə sonra hadisə yerinə PPX əməkdaşları gəldilər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, təmizlik işinə baxır. Xəyalə və Aslan iş üstündə mübahisə ediblər. Həmçinin, Aslan Xəyaləni söydüyünə görə də mübahisə baş verib. Onlar bir-birilərinin üzərinə irəliləyib. Mübahisə baş verərkən o, kənarda idi. Daha sonra mübahisə böyüməsin deyə aralarına girmişdir. Aslan həmin vaxt ona qarşı kobud formada hər hansı ifadə işlətməmişdir. Aslan qadınları söydüyünə görə Xəyalə deyib ki, get qadınların yanında söy. Hadisə nəticəsində Xəyalənin əlinə, barmaq hissəsinə xəsarət yetirilmişdir. Aslanın Xəyaləyə təpik vurduğunu görmüş, lakin Xəyalənin yerə yıxıldığını görməmişdir. Mübahisə təxminən 5 dəqiqə davam etmiş, hadisədən 5 dəqiqə sonra həmin yerə polis əməkdaşları gəlmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, DOST MMC 1 saylı MKS-də mühəndis vəzifəsində işləyir. 26 avqust tarixində işçilərə ərazini təmizləməyi tapşırıq vermişdi. O da ərazidə gəzirdi, ətrafda işçilər, həmçinin Aslan da var idi. Birdən işçilər arasında səs-küy oldu, buna görə də işçiləri nizam-intizama dəvət etdi. Daha sonra Aslana oradan aralaşmasını dedi, Aslan da aralaşaraq dostunun yanına getdi. Bundan sonra həmin əraziyə gəldikdə orada PPX və TTY əməkdaşlarını gördü, lakin onların arasında nə olduğunu bilmədi. Xəyalənin barmağı qanamışdı, onu travmatologiyaya apardılar. İşçilərdən kimsə DİN-in 102 Xidmətinə zəng etmişdi. Əlavə olaraq verilmiş suallara cavab olaraq bildirmişdir ki, həmin gün işdə idi. Aslan ondan icazə almayıb. İşçilərə icazəni sahə ustası Reyhan xanım verir. Hadisə vaxtı oradan qadınların qışqırtısını, kişilərə “biz işləyirik, siz də işləyin” deməsini eşitmişdir. Hadisə yerinə gəlib PPX və TTY əməkdaşlarını gördükdə işçilərdən biri ona Aslan və Xəyalə arasında mübahisə olduğunu, Aslanın Xəyaləni itələdiyini bildirmişdir. Aslanın Xəyaləni vurduğunu görməyib. Sadəcə səs-küyə həmin yerə gəlib. Cinayət işinin 44-cü vərəqəsində olan xx.xx.2025-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuşdur. Cinayət işinin 57-58-ci vərəqələrində olan qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 89-90-cı vərəqələrində olan təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə elan edilmiş ittihama əlavələr və dəyişikliklər edilərək ona Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə yeni məzmunda ittiham elan edilərək həmin maddə ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Cinayət işinin 16-17-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X3 Publik Hüquqi şəxsi tərəfindən verilmiş tərəfindən verilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2025-ci il tarixli 1319 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşağıdakı xəsarətlər vardır: sol əlin İV barmağının ovuc səthinin yarası, qarnın qançırı. Qeyd olunan xəsarətlər küt əşya təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə kənar şəxs tərəfindən təpiklə vurulmaqla əmələ gələ bilər, müddəti zərərçəkənin Sumqayıt şəhəri TTYX-na müraciət eldiyi vaxtdan bir qədər əvvəl olmaqla xx.xx.2025-ci il tarixə uyğun gələ bilər və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilir Cinayət işinin 34-35-ci vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2025-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə cinayət təqibinə Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən xitam verilmiş və cinayət məsuliyyətindən azad edilmişdir. Cinayət işinin 62-ci vərəqəsində olan xx.xx.2025-ci il tarixli zərərçəkmiş şəxs qismində tanıma haqqında qərardan görünür ki, cinayət işi üzrə Zərərçəkmiş şəxs qismində tanınmışdır. Cinayət işinin 72-ci vərəqəsində olan xx.xx.2025-ci il tarixli protokoldan və protokola əlavə edilmiş foto cədvəldən görünür ki. hadisə yeri Sumqayıt şəhəri, 19-cu məhəllə ərazisində yerləşən C.Cabbarlı adına kitabxananın arxasındakı ərazidir. İş üzrə zərər çəkmiş şəxs qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs baxış zamanı Cabbarlı adına kitabxananın arxasında Təqsirləndirilən şəxs ona ləpik vurmasını bildirmişdir. Cinayət işinin 86-87-ci vərəqələrində olan xx.xx.2025-ci il tarixli cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə başlanmış ********* nömrəli cinayət işi üzrə törədilməsi müəyyən edilmiş əməl həmin Məcəllənin 221.1-ci maddəsinə tövsif edilmişdir. Cinayət işinin 103-108-ci vərəqələrində olan xx.xx.2025-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Zərərçəkmiş şəxs ifadəsi, şahid ifadələri, hadisə yerinə baxış protokolu, fotoşəkillər, məhkəmə-tibbi ekspertizasının xx.xx.2025-ci il tarixli 1319 saylı rəyi iş materiallarına uyğun olduğundan sübut növü kimi qiymətləndirilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş “Elektron Məhkəmə İnformasiya Sistemindən” əldə edilmiş çıxarışdan görünür ki, xx.xx.2011-ci il təvəllüdlü X5, xx.xx.2014-cü il təvəllüdlü X1 Aslan Ədalət oğlunun uşaqlarıdır. Cinayət işi materiallarına əlavə edilmiş vəkil Müdafiəçi xx.xx.2026-cı il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs barəsində amnistiya aktının tətbiq edilməsini xahiş etmişdir. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, zərərçəkmiş şəxsin, şahidin ifadələri, ekspert rəyi və digər iş materialları ilə Təqsirləndirilən şəxs ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə, habelə özgənin əmlakının zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər etməklə, xuliqanlıq etmə cinayətini törətməsi sübuta yetirildi. Onun əməli düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə tövsif edilmiş və o həmin maddənin sanksiyası həddində cəza təyin edilməlidir. Məhkəmə araşdırması zamanı təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən amnistiya aktının tətbiq edilməsi barədə ərizə verilsə də, Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirsiz bilmişdir. Lakin məhkəmə baxışının gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 221.1ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməsində təqsirli hesab edildiyindən ittiham hökmü çıxarılmalı, ona cəza təyin edilməli, CPM-in 39.1.12 və 44.2.2-ci maddələrinə əsasən ittiham hökmündə təqsirləndirilən şəxs ona təyin edilmiş cəzadan azad edilməli,barəsində seçilmiş “polisin nəzarəti altına vemə” qətimkan tədbiri ləğv edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikasının CM-nin 221.1-ci maddəsinə əsasən xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər - min manatdan üç min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən, törətdikləri cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olmasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halları, yəni himayəsində iki azyaşlı uşağının olmasını, həmçinin cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, o, təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 221.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilməlidir. Təqsirləndirilən şəxs məhkəmə iclası zamanı verdiyi ifadəsində təqsirli olmasını etiraf etməsə də, barəsində amnistiya qərarının tətbiq edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi və onun barəsində cinayət təqibinə xitam verilməsi üçün əsaslar yaranmışdır. Belə ki, Təqsirləndirilən şəxs törətdiyi ictimai təhlükəli əməl böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aiddir. Həmçinin, Təqsirləndirilən şəxs himayəsində yetkinlik yaşına çatmayan xx.xx.2011-ci il təvəllüdlü və xx.xx.2014-cü il təvəllüdlü övladları var. Bu səbəbdən də “Konstitusiya və Suverenlik ili” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının 5.1-ci bəndinin onun barəsində tətbiq edilməsi əsasları yaranmışdır. “Konstitusiya və Suverenlik ili” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının 1.12 və 1.16, 5.1-ci bəndlərinə əsasən öhdəsində (himayəsində) yetkinlik yaşına çatmayan övladı, yaxud orqanizmin funksiyalarının 61–100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş övladı olan şəxslər, o cümlədən bu Qərar qüvvəyə mindiyi günədək atalığı, övladlığa götürməsi, qəyyumluğu və himayəçiliyi qanunvericilikdə nəzərdə tutulmuş qaydada müəyyən olunmuş şəxslər barəsində məhkəmələr icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1–1.16-cı bəndlərində nəzərdə tutulan şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarırlar. (bu Qərarın 6-cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla). Həmin Qərarın 24-cü bəndinə əsasən birinci instansiya məhkəmələrinin icraatında olan, bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə amnistiyanın tətbiqi məsələlərinə baxılarkən cinayət təqibinə xitam verilməsinə müdafiə tərəfinin razılığı olduqda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.3-cü maddəsinə əsasən cinayət təqibinə xitam verilməsi haqqında qərar qəbul edilir, amnistiya tətbiq edilməklə cinayət təqibinə xitam verilməsinə müdafiə tərəfinin razılığı olmadıqda Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 44.2-ci maddəsinə əsasən şəxsə təyin edilmiş cəzadan onu azad etməklə ittiham hökmü çıxarılır. Azərbaycan Respublikası CPM-in 39.1.12-ci maddəsinə əsasən amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Məhkəmə araşdırması zamanı təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən amnistiya aktının tətbiq edilməsi barədə ərizə verilsə də, Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirsiz bilmişdir. Lakin məhkəmə baxışının gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 221.1ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməsində təqsirli hesab edildiyindən ittiham hökmü çıxarılmalı, CPM-in 39.1.12 və 44.2.2-ci maddələrinə əsasən ittiham hökmündə təqsirləndirilən şəxs ona təyin edilmiş cəzadan azad edilməlidir. Həmin Məcəllənin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Həmin Məcəllənin 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsin onun barəsində amnistiya tətbiq edilməsi barədə ərizəsini və Azərbaycan Respublikası Milli Məclisinin “Konstitusiya və Suverenlik ili münasibətilə amnistiya elan edilməsi haqqında xx.xx.2025-ci il tarixli Qərarının 5.1-ci bəndinin tələblərini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində amnistiya tətbiq edilməli, o məsuliyyətdən azad olunmalı və cinayət təqibinə xitam verilməli, onun barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş vəkilə dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. İş üzrə maddi sübut, mülki iddia və ekspertiza xərcləri yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-in 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini və Azərbaycan Respublikası Milli Məclisinin “Konstitusiya və Suverenlik ili” münasibətilə amnistiya elan edilməsi haqqında xx.xx.2025ci il tarixli Qərarının 5.1-ci bəndinin tələblərini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirli bilinərək 09 (doqquz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Milli Məclisinin “Konstitusiya və Suverenlik ili” münasibətilə amnistiya elan edilməsi haqqında xx.xx.2025-ci il tarixli Qərarının 5.1-ci bəndi tətbiq edilərək o cinayət məsuliyyətindən azad edilsin və onun barəsində olan iş üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 12 saata görə 132 (yüz otuz iki) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə maddi sübut, mülki iddia və ekspertiza xərcləri yoxdur. Hökmdən elan olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Fərid Nəsimiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar