Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-856/2023 21.11.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1988-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda psixatrop maddə olan metamfetamini əldə edərək saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd ağ rəngli kağız bükümdə təmiz çəkisi 0,511 qram olan ağ rəngli, kristalşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib üstündə saxlamaqla daşımış, xx.xx.2023-cü il tarixdə saat 12.30 radələrində Sumqayıt ŞPİ-nin 4-cü PB-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Sumqayıt şəhəri, 5-ci məhəllə ərazisində yerləşən mərkəzi poçtun yaxınlığında küçədə saxlanılaraq, Sumqayıt ŞPİ-nin 4cü PB-nə dəvət edilmiş və xidməti otaqların birində videoçəkilişlə üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən bir ədəd ağ rəngli kağız bükümdə təmiz çəkisi 0,511 qram olan ağ rəngli, kristalşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin polis əməkdaşları tərəfindən aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o bir neçə ildir ki, psixotrop maddə aludəçisidir, psixotrop maddə metamfetamindən iynə vurmaqla qəbul edir. Psixotrop maddəyə olan tələbatını ödəmək üçün müxtəlif yerlərdə tanımadığı şəxslərdən alıb şəxsi istifadəsi üçün üstündə saxlamışdır. xx.xx.2023-cü il tarixdə saat 12.30 radələrində Sumqayıt şəhəri, 5-ci məhəllə ərazisində yerləşən mərkəzi poçtun yaxınlığında küçədə piyada hərəkətdə olan zaman polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim edib onu psixotrop maddələrin qəbulu və üzərində gəzdirilməsində şübhəli olduğunu bildirib Sumqayıt şəhər polis idarəsinin 4-cü polis bölməsinə dəvət etmişlər. O, etiraz etməmiş, özü polis əməkdaşları ilə birlikdə Sumqayıt şəhər polis idarəsinin 4-cü polis bölməsinə gəlmişdir. ölmənin xidməti otaqların birində üzərinə videoçəkiliş ilə şəxsi axtarış keçiriləcəyini bildirmişlər, o, buna etiraz etməmiş, ona hüquq və vəzifələri barədə bildiriş, hüquqlarının müdafiəsi üçün vəkil təqdim olunmuşdur. O, vəkilə etiraz etməmiş. Daha sonra isə videoçəkiliş ilə üzərinə şəxsi axtarış keçiriləcəyini bildirərək üzərində qanunla qadağan edilmiş əşyanın olub olmaması, əgər vardırsa həmin əşyanı təqdim etməyi təklif etmişlər. Bundan sonra o, əynində olan qara rəngli cins şalvarın sağ yan cibində saxlamış olduğu bir ədəd ağ rəngli kağıza bükülmüş bükümü çıxarıb təqdim edərək masanın üzərinə qoymuşdur. Həmin büküm açılan zaman içərisində ağ rəngli, kristal şəkilli psixotrop maddə olan metamfetaminə bənzər maddənin olduğu müəyyən olunmuşdur. Sorğu zamanı təqdim etdiyi maddənin metamfetamin olduğunu, həmin bir bükümdə olan maddəni həmin gün Novxanı bağlı ərazisində olan zaman tanımadığı bir şəxsdən öz istifadəsi üçün 10 manata aldığını bildirmişdir. Həmin vaxt üzərindən aşkar olunmuş psixotrop maddə metamfetaminə bənzər kütləüzərində olan kağız ilə bir yerdə elektron tərəziyə qoyulub çəkilmiş, həmin büküm cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan təhqiqatçı tərəfindən müvafiq qaydada qablaşdırılmış, möhürlənmiş, bu barədə protokol tərtib olunmuş və imzalamışlar. Daha sonra Təqsirləndirilən şəxs özünü təqsirli bilməsini və əməlindən səmimi peşman olmasını nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyləri, DVD-R diskində olan videogörüntülər və iş materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 4-cü PB-nin əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs psixotrop maddələrin qanunsuz dövriyyəsi, istifadə etməsi barədə daxil olmuş məlumatı yoxlamaq məqsədi ilə Sumqayıt ŞPİ-nin 4-cü PB-nin əməkdaşı Şahid1 ilə birlikdə əməliyyat qrupu yaradaraq tədbirlər keçirmişlər. Keçirilən tədbirlər nəticəsində xx.xx.2023-cü il tarixdə saat 12:30 radələrində Təqsirləndirilən şəxs psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib Sumqayıt şəhəri, 5-ci məhəllə ərazisində yerləşən mərkəzi poçtun yaxınlığında küçədə saxlayaraq Sumqayıt ŞPİ-nin 4-cü PB-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi məqsədilə polis bölməsinə vəkil dəvət etmişlər, şəxsi axtarış keçirilməmişdən əvvəl isə saxlanılan Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah etdikdən sonra bölmənin inzibati otaqlarının birində videoçəkilişlə üzərinə şəxsi axtarış keçirəcəklərini və üzərində qeyri qanuni nə varsa təqdim etməsini bildirmişlər. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sağ yan cibində saxlamış olduğu bir ədəd ağ rəngli kağıza bükülmüş bükümü çıxarıb təqdim edərək masanın üzərinə qoymuşdur. Həmin büküm açılan zaman içərisində ağ rəngli, kristal şəkilli psixotrop maddə olan metamfetaminə bənzər maddənin olduğu müəyyən olunmuş. Sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi maddənin metamfetamin olduğunu, həmin bir bükümdə olan maddəni həmin gün tanımadığı bir şəxsdən öz istifadəsi üçün 10 manata aldığını bildirmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş psixotrop maddə metamfetaminə bənzər kütlə üzərində olan kağız ilə bir yerdə elektron tərəziyə qoyulub çəkilmişdir. Həmin büküm cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan təhqiqatçı tərəfindən müvafiq qaydada qablaşdırılaraq möhürlənmiş, bu barədə protokol tərtib olunmuş və iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəməyədək icrat dövründə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 4-cü PBnin əməliyyat müvəkkili Şahid1 ifadəsi elan edilməklə tədqiq edildi və müəyyən edildi ki, o məhkəmə iclasında şahid qismində ifadə vermiş Şahid2 ifadəsinə oxşar, eyni məzmunlu ifadə verərək bildirmişdir ki, həqiqətəndə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki qara rəngli cins şalvarın sağ yan cibində saxlamış olduğu bir ədəd kağız bükümdə olan maddəni təqdim etmiş və bükümün içərisində psixatrop maddə olan metamfetamin olduğunu bildirmişdir. Cinayət işinin 18-ci vərəqəsində olan xx.xx.2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 58-ci vərəqəsində olan təqsirləndirilən şəxsin MSY-dən azad edilməsi və qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs müvəqqəti saxlama yerindən azad edilərək barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 34-37-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 3-16-16\2- 6\4809 saylı ekspert rəyindən görünür ki, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün 128 nömrəli” dairəvi möhür əksi, “...Şübhəli (imza) Təqsirləndirilən şəxs ...” sözləri və imzalar olan bir ədəd zərfin içərisində 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,511 qram olan ağ rəngli, kristalşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Qeyd: metamfetaminin təmiz çəkisi 0,511 qram, sərf edidi 0,05, qalıq 0,461 qram. Cinayət işinin 61-ci vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 80 (səksən) manat müəyyən edilmişdir. Cinayət işinin 84-85-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X2 ekspert komissiyasının xx.xx.2023-cü il tarixli 5873 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 66-cı vərəqəsində olan xx.xx.2023-ci il tarixli maddi sübut kimi tanıma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatından sonra qalmış təmiz çəkisi 0,461 qram olan psixatrop maddə olan metamfetamin maddi sübut kimi tanınaraq Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmişdir. Cinayət işinin 88-82-ci vərəqələrində olan xx.xx.2023-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışın aparılması barədə görüntüləri özündə əks etdirən bir ədəd DVD-R disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işinin 25-26-ci vərəqələrində olan şəxsi axtarış keçirilməsi haqqında protokol və şəxsi axtarışın keçirilməsi barədə görüntüləri özündə əks etdirən DVD-R diskə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, Sumqayıt ŞPİ-nin 4-cü PB-də polis əməkdaşlarının, vəkilin və Təqsirləndirilən şəxs iştirakı ilə Sumqayıt ŞPİ-nin 4-cü PBnin təhqiqatçısı X4 tərəfindən şəxsi axtarış istintaq hərəkəti keçirilmişdir. Şəxsi axtarış keçirilərkən Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sağ yan cibində saxlamış olduğu bir ədəd ağ rəngli kağıza bükülmüş bükümü çıxarıb təqdim edərək masanın üzərinə qoymuşdur. Həmin büküm açılan zaman içərisində ağ rəngli, kristal şəkilli psixotrop maddə olan metamfetaminə bənzər maddənin olduğu müəyyən olunmuş. Sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi maddənin metamfetamin olduğunu, həmin bir bükümdə olan maddəni həmin gün tanımadığı bir şəxsdən öz istifadəsi üçün 15 manata aldığını bildirmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş psixotrop maddə metamfetaminə bənzər kütlə üzərində olan kağız ilə bir yerdə elektron tərəziyə qoyulub çəkilmiş və həmin büküm təhqiqatçı tərəfindən müvafiq qaydada qablaşdırılaraq möhürlənmiş, bu barədə protokol tərtib olunmuş və iştirakçılar tərəfindən imzalanmışdır Cinayət işinin 71-73-cü vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs 1) Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 04 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş; 2) Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək həmin Məcəllənin 66.5-ci maddəsinə əsasən 04 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2018-ci il tarixdə Azərbaycan Respublikası CM-nə dəyişiklik tətbiq olunmuş, cəza 03 il 06 aya endirilmiş, xx.xx.2018-ci ildə cəzasının sonu ilə azad edilmişdir. Sumqayıt Ağır Cinayətlər məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirliyinin sübuta yetirilməməsi əsası ilə bəraət verilmiş, xx.xx.2023-cü ildə Sumqayıt Apellyasiya məhkəməsinin qərarı ilə xx.xx.2022-ci il tarixli hökm dəyişdirilmədən saxlanılmışdır. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün, şahidlərin ifadələri, ekspert rəyləri, məhkəmə istintaqı zamanı baxış keçirilmiş DVD-R diskdə olan videogörüntülər və digər iş materialları ilə onun satış məqsədi olmadan, qanunsuz olaraq psixatrop maddə olan metamfetamini şəxsi istehlak miqdarından artıq miqdarda əldə edərək saxlama və daşıma cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Bundan başqa, cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamıda nəzərə alınmalıdır. Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfındən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs özünü təqsirli bilməsini və əməlindən səmimi peşman olmasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halları, yəni özünü təqsirli bilməsini və əməlindən səmimi peşman olmasını, cəzanı ağırlaşdıran halların isə olmamasını nəzərə alaraq hesab edir ki, onu cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də, o, təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilməli, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 09 sentyabr 2023-cü il tarixdən 11 sentyabr 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddətinin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, 04 (dörd) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti qəti cəza saxlanılmalıdır. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, hökmün icrası təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılmalı, həmçinin Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 00:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı ünvan 1 ünvanını tərk etməmək, Sumqayıt, Bakı şəhərlərinin və Abşeron rayonunun hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Bundan başqa, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X2 ekspert komissiyasının xx.xx.2023-cü il tarixli 5873 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanımış və hazırda Sumqayıt ŞPİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,461 qram psixatrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə digər maddi sübut olan 01 (bir) ədəd DVD-R disk cinayət işinin materiallarında saxlanılmalı, iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 80 (səksən) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2008-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 09 sentyabr 2023-cü il tarixdən 11 sentyabr 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddətinin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, 04 (dörd) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxsin üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 00:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı ünvan 1 ünvanını tərk etməmək, Sumqayıt, Bakı şəhərlərinin və Abşeron rayonunun hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Sumqayıt ŞPİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,461 qram psixatrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd DVD-R disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 80 (səksən) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X3, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 12 saata görə 72 (yetmiş iki) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Samir İsmayılov
Məhkəmə qərarları › İş №1(060)-856/2023
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-856/2023
21.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver