Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-86/2024 12.03.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Əkbərli Nicat Mais oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs Musayeva (Bayramova) Günel Hacırza qızının Təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs və onun müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1986-ci il tarixdə Rusiya Federasiyası Novoçerkassk şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, himayəsində 2 azyaşlı uşağı olan, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etməmişdir. Belə ki, Təqsirləndirilən şəxs cavabdeh kimi ondan, xx.xx.2014-cü il tarixdən hesablanmaqla xx.xx.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 103 manat alimentin və uşaq üç yaşına çatana kimi 50 manat maddi yardımın tutularaq Musayeva (Bayramova) Günel Hacırza qızına habelə 30 manat dövlət rüsumunun dövlət büdcəsinə ödənilməsinə dair Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 8652/2014 saylı, xx.xx.2014-cü il tarixli qanuni qüvvəyə minmiş qətnaməsinin icrası ilə bağlı icra məmurunun qanuni tələbini üzrsüz səbəbdən yerinə yetirmədiyinə görə Sumqayıt Şəhəri Məhkəməsinin xx.xx.2021-ci il və xx.xx.2022-ci il tarixli qərarları ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək müvafiq olaraq 10 gün və 12 gün müddətinə inzibati qaydada həbs olunmasına və icra sənədindəki tələbləri icra etməsi üçün ona xx.xx.2022-cü il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il və xx.xx.2023-cü il tarixlərdə məsuliyyəti elan olunmaqla rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq, şəxsi maraq niyyətilə cinayət təqibi başlanması məsələsinə baxılması üçün verilən xx.xx.2023-cü il tarixli təqdimata əsasən 6190.00 manat məbləğində aliment borcunu tələbkara ödəməməklə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini qərəzli olaraq qəsdən icra etməmiş, bununla da zərərçəkmiş şəxs Musayeva (Bayramova) Günel Hacırza qızına qeyd olunan məbləğdə maddi ziyan vurmaqla yanaşı ədalət mühakiməsinin mənafeyinə xələl gətirmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək bildirmişdir ki, Musayeva (Bayramova) Günel Hacırza qızı ilə xx.xx.2011-ci il tarixdə rəsmi nikaha daxil olmaqla ailə qurmuş, həmin nikahdan Həsən adlı övladları doğulmuş, ilk dövrdə Günel ilə münasibətləri yaxşı olsa da, sonradan münasibətləri pozulmuş və 2014-cu ildə faktiki ayrılaraq Günel uşaqla birlikdə valideynlərinin evinə köçmüşdür. Bundan sonra Günel uşağın saxlanması üçün aliment tələbi ilə bağlı məhkəməyə müraciət etmiş və Sumqayıt Şəhər Məhkəməsinin müvafiq qətnaməsinə əsasən ondan xx.xx.2014-cü il tarixdən başlayaraq xx.xx.2014-cü il təvəllüdlü Həsən Bayramovun yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 103,00 manat sabit pul məbləğində aliment və uşaq üç yaşına çatana kimi 50,00 manat məbləğində maddi yardım tutulub Günelə ödənilməsi qət edilmişdir. Qətnamə üzrə verilmiş icra vərəqəsi icra olunması üçün Bakı şəhəri Nizami Rayon İcra Şöbəsinə göndərilərək icra məmuru tərəfindən icra işi xx.xx.2015-ci il tarixdə başlanaraq, ona borclu kimi icra olunması üçün könüllü müddət verilmiş, tərəfindən öhdəliyin yerinə yetirilməməsi səbəbindən məcburi icra tədbirləri həyata keçirilmiş, daha sonra icra işi 2020-ci ildə aidiyyəti üzrə Sumqayıt şəhəri üzrə icra İdarəsinə göndərilmişdir. Qətnamə üzrə qət edilmiş aliment pulunu tam şəkildə ödəyə bilmədiyi üçün icra məmuru tərəfindən iki dəfə inzibati protokol tərtib edilib inzibati məsuliyyətə cəlb olunması üçün təqdimatla məhkəməyə müraciət olunmuş, nəticədə İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib Sumqayıt Şəhər Məhkəməsinin müvafiq qərarları ilə 10 və 12 gün olmaqla iki dəfə müxtəlif vaxtlarda inzibati qaydada həbs olunmuşdur. Lakin daha sonra icra məmuru tərəfindən ona yenidən qətnaməni icra etmək üçün müddət verilməsinə baxmayaraq aliment borcu üzrə az məbləğdə ödəniş etmişdir. O, əvvəllər müxtəlif sahələrdə fərdi əmək fəaliyyəti ilə məşğul olmuş, lakin alimenti ödəməmişdir. Ona məlumdur ki, icra məmurunun alimentin ödənilməməsi ilə bağlı Ədliyyə Nazirliyinin istintaq idarəsinə təqdimatla müraciət edərəkən onun xx.xx.2023-cü il tarixədək 6190,00 manat məbləğində ödənilməmiş aliment borcu qalmışdır. Hazırda Sabunçu rayonu Bakıxanov qəsəbəsində yerləşən çörək istehsal sexlərindən birində sürücü işləyir və əmək haqqısı 520 manat təşkil edir. Hazırda aldığı əmək haqqına borc məbləğinin yönəldilməsi edilmiş, tutulmalar həyata keçirilir, hətta bir dəfə fevral ayı üçün 270 manat vəsait tutulmuşdur. O, yeni ailə qurmuş və bu nikahdan 2 azyaşlı uşağı vardır. Təqsirləndirilən şəxs məhkəmə iclasında verilmiş suallara cavab olaraq bildirmişdir ki, onun işlədiyi istehsal sexi Sabunçu rayonu Bakıxanov qəsəbəsində yerləşir. Hər gün səhər tezdən saat təxminən 03-04 radələrində evdən çıxaraq idarə etdiyi avtobillə həmin çörək istehsal sexindən tələb olunan sayda çörək və lavaş qəbul edərək, Bakı və Sumqayıt şəhərlərinin müxtəlif ünvanlarında yerləşən pərakəndə satış həyata keçirən dükanlara çatdırmışdır. Qeyd edir ki, hazırda işlədiyi iş yeri onun qazanc əldə etdiyi yeganə rəsmi iş yeridir. Orada işləməklə həm ailəsini dolandırır, həm də alimentini ödəyir. Törətdiyi əməlin cinayət olmasını başa düşür və əməlindən peşmandır. Məhkəmədə işə baxılarkən zərərçəkmiş şəxsə olan aliment borcunundan 1586 manatını ödəmiş, ödənilməmiş 4604 manat borcu qalmış, ödənilməmiş qalıq məbləğ aldığı əmək haqqına yönəldilmişdir. Qeyd etdiklərinin nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs Musayeva (Bayramova) Günel Hacırza izahatında bildirdi ki, Təqsirləndirilən şəxs ilə xx.xx.2011 -ci il tarixdə rəsmi nikaha daxil olmaqla ailə qurmuş, həmin nikahdan Həsən adlı övladları doğulmuş, ilk dövrdə Edelmanla münasibətləri yaxşı olsa da, sonradan münasibətləri pozulmuş və 2014-cu ildə faktiki ayrılaraq uşaqla birlikdə valideyinlərinin evinə köçmüşdür. Müəyyən müddətdən sonra uşağın saxlanması üçün aliment tələbi ilə bağlı məhkəməyə müraciət edərək Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-8562/2014 saylı, xx.xx.2014-cü il tarixli qətnaməsinə əsasən Bayramovdan 14 oktyabr 2014-cü il tarixdən başlayaraq xx.xx.2014cü il təvəllüdlü Həsən Bayramovun yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 103,00 manat sabit pul məbləğində aliment və uşaq üç yaşına çatana kimi 50,00 manat məbləğində maddi yardım tutulub ona ödənilməsi qət edilmişdir. Qətnamə üzrə verilmiş icra vərəqəsi icra olunması üçün Bakı şəhəri Nizami Rayon icra Şöbəsinə göndərilərək icra məmuru tərəfindən icra işi xx.xx.2015-ci il tarixdə başlanaraq, borcluya icra olunması üçün könüllü müddət verilmiş, Bayramov tərəfindən öhdəliyin yerinə yetirilməməsi səbəbindən məcburi icra tədbirləri həyata keçirilmiş, daha sonra icra işi 2020-ci ildə aidiyyəti üzrə Sumqayıt şəhəri üzrə icra İdarəsinə göndərilmişdir. Qətnamə üzrə qət edilmiş aliment pulu borclu tərəfindən qərəzli olaraq ödənilmədiyindən icra məmuru tərəfindən iki dəfə inzibati protokol tərtib edilib inzibati məsuliyyətə cəlb olunması üçün təqdimatla məhkəməyə müraciət olunmuş, nəticədə Təqsirləndirilən şəxs İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib Sumqayıt Şəhər Məhkəməsinin qərarı 10 gün və digər qərarı ilə 12 gün müddətinə inzibati qaydada həbs olunmuşdur. Lakin daha sonra icra məmuru tərəfindən ona yenidən qətnaməni icra etmək üçün müddət verilməsinə baxmayaraq o, müxtəlif bəhanələr gətirərək aliment borcu üzrə cuzi məbləğdə ödəniş aparmışdır. Ona məlumdur ki, icra məmurunun alimentin ödənilməməsi ilə bağlı Ədliyyə Nazirliyinin istintaq İdarəsinə təqdimatla müraciət edərkən Edelmanın xx.xx.2023-cü il tarixədək 6190,00 manat aliment borcu ödənilməmiş qalmışdır. Təqsirləndirilən şəxs dəfələrlə icra məmuruna aliment üzrə ödəniş etməcəyini bildirmiş, icra məmurunun çağırışlarından yayınmışdı. Qeyd edir ki, Bayramov başqa qadınla ailə qurub və sonuncunun həmin nikahdan 2 uşağı var və həmin ailəsini və uşaqlarını maddi cəhətdən təmin edir, belə olan halda Bayramov bu uşağına da aliment ödəməyə borcludur. Təqsirləndirilən şəxs müxtəlif sahələrdə fərdi əmək fəaliyyəti ilə məşğul olmaqla, alimenti ödəməkdən yayınmışdır. Hazırda çörək istehsalı sexində işlədiyini sonuncu dəfə 2024-cü ilin fevral ayında 270 manat alimentin tutularaq ona ödənilməsini ümumlikdə isə 6190 manat aliment borcundan bu günki tarixə 4604 manat borcun qaldığını bildirmişdir. Qeyd edir ki, əsas istəyinin borclu tərəfindən ona olan aliment borcunun ödənilməsidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt Şəhəri üzrə İcra İdarəsinin icra məmuru Şahid1 ifadəsində göstərmişdir ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 8562/2014 saylı, xx.xx.2014-cü il tarixli icra vərəqəsinə əsasən xx.xx.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2014-cü il tarixdən başlayaraq borclu Təqsirləndirilən şəxs hər ay 103 manat sabit pul məbləğində aliment və uşaq üç yaşına çatana kimi 50 manat məbləğində maddi yardım tutularaq Musayeva (Bayramova) Günel Hacırıza qızına verilməlidir, icra sənədi üzrə xx.xx.2015-ci il tarixlərdə Nizami rayon İcra şöbəsində başlanılmış icraat zamanı Təqsirləndirilən şəxs tərəfindən aliment müntəzəm şəkildə ödənilməmiş, borclunun tələbin yönəldilə biləcək əmlakı aşkar edilməmişdir. Borclu Təqsirləndirilən şəxs Nizami Rayon icra şöbəsinə gələrək, yaranmış aliment borcundan ödəniş edəcəyini bildirmiş və iltizamı alınmışdır. “Elektron icra” informasiya sistemindən çıxarışa əsasən borclu Təqsirləndirilən şəxs iş yeri “X7 və Ticarət Anonim şirkəti”nin Azərbaycan Respublikasındakı Nümayəndəliyində işlədiyi müəyyən edilsə də, borclu həmin müəssisədən işdən azad olunduğu üçün tələbin onun gəlirinə yönəldilməsi mümkün olmamışdır. İcra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə borclu Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021 -ci il tarixli qərarı ilə 10 gün müddətinə inzibati qaydada həbs edilmişdir. İnzibati həbsdə olduğu müddət bitdikdən sonra aliment borcunun ödənilməsi üçün borcluya ödəniş etmədiyi təqdirdə yenidən məsuliyyətə cəlb olunacağı barədə xəbərdarlıq edilmişdir. İcra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə borclu Bayramov Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə 12 gün müddətinə inzibati qaydada həbs edilmiş, inzibati həbsdə olduğu müddət bitdikdən sonra aliment borcunun ödənilməsi üçün borcluya yenidən müddət verilmiş və əks halda cinayət məsuliyyətinə cəlb olunacağı barədə xəbərdarlıq edilmişdir. Borclu Bayramovdan borcunun ödənilməsi dəfələrlə tələb edilmiş, xəbərdarlıq olunmuş, lakin müsbət nəticə əldə edilməmiş, sonuncu izahatında işsiz olduğunu və borcu ödəyə bilməyəcəyini bildirmişdir. Görülmüş icra tədbirlərinə baxmayaraq, Bayramov icra sənədi üzrə tələbi yerinə yetirməməklə yanaşı, tələbkarın qanunla qorunan və məhkəmə qərarı ilə bərpa edilən hüquqlarının pozulmasına səbəb olan əməl törətmişdir. O, icra sənədi üzrə tələbin təmin edilməsi üçün bu və ya digər hərəkəti etməli olduğu halda, qanunla müəyyən edilmiş müddətdə həmin hərəkətləri etməmişdir. Onun bu cür hərəkət və hərəkətsizliyi məhkəmə qətnaməsi ilə müəyyən edilən tələbləri tələbkarın xeyrinə qərəzli olaraq icra etməmədə ifadə olunur. İcraat dövründə Təqsirləndirilən şəxs 6190 manat aliment borcu qalmışdır. Bu səbəbdən sonuncunun barəsində cinayət təqibinin başlanması üçün tərəfindən Ədliyyə Nazirliyi İstintaq İdarəsinə təqdimat verilmiş, təqdimatdan sonra borclu "xxxx" MMC-də işə düzəlmiş, bu səbəbdən borc məbləğinin tutulmasını təmin etmək məqsədilə sonuncunun əmək haqqına yönəltmə edilmiş, nəticədə tutulmalar həyata keçirilmişdir. Qeyd edir ki, müəyyən qədər də ödənişlər edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru Şahid2 Şahid1 ifadəsinə uyğun ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 24 avqust 2023-cü il tarixli qərardan görünür ki, toplanmış material əsasında Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin)-nin 306.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanmış, icraata qəbul edilərək istintaqı aparılmışdır (i.v.1); 13 oktyabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs CM-nin 306.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin maddədə nəzərdə tutulmuş ittiham ona elan edilmişdir. (i.v 125-126) “təqsirləndirilən şəxsin dindirilməsi haqqında” 13 oktyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə CM-nin 306.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsiləndirilməsi ilə bağlı ifadəsi alınmışdır (i.v. 130-133); “qətimkan tədbirinin seçilməsi” haqqında 13 oktyabr 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. (i.v. 134-135); Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-8562/2014 saylı, xx.xx.2014-cü il tarixli icra sənədinə əsasən Təqsirləndirilən şəxs 14 oktyabr 2014-cü il tarixdən başlayaraq xx.xx.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 103,00 manat sabit pul məbləğində aliment və uşaq üç yaşına çatana kimi 50,00 manat məbləğində maddi yardım tutulub Musayeva (Bayramova) Günel Hacırıza qızına verilməlidir. (i.v. 09-12) xx.xx.2022 və xx.xx.2022-ci il tarixlərdə qeyd olunan icra sənədinin icra edilməsi ilə əlaqədar icra məmuru tərəfindən Təqsirləndirilən şəxs yaşadığı ünvana “xəbərdarlıq” göndərilmişdir. xx.xx.2022, xx.xx.2022 və xx.xx.2023-cü il tarixlərdə icra məmuru tərəfindən Təqsirləndirilən şəxs yaşadığı ünvana “cinayət məsuliyyətinə cəlb olunma haqqında” xəbərdarlıq göndərilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 10 (on) gün müddətinə inzibati qaydada həbs edilmişdir. (i.v. 33-36) Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 12 (on iki) gün müddətinə inzibati qaydada həbs edilmişdir. (i.v. 45-47) İş materiallarına əlavə edilmiş, elektron icra informasiya sistemindən əldə edilmiş məlumatdan görünür ki, borcluda tələbin yönəldilə biləcəyi hər hansı əmlak aşkar edilməmişdir. (i.v. 69-76) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən yoxlanılmış 31 avqust 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur (i.v.97); İş materiallarında olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur, barəsində heç bir şikayət daxil olmamışdır.(i.v 54). 20 iyun 2023-cü il tarixdə icra məmuru tərəfindən Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-8562/2014 saylı, xx.xx.2014-cü il tarixli icra sənədinin borclu Təqsirləndirilən şəxs əmək haqqına yönəldilməsi üçün "xxxx" MMC-ə göndərilmişdir. 16 oktyabr 2023-cü il tarixli “Arayış”dan görünür ki, Təqsirləndirilən şəxs "xxxx" MMC-də satış departamenti Çörəkçi satış şöbəsində sürücü vəzifəsində çalışır və 620.0 AZN əmək haqqı alır. (i.v. 140) "xxxx" MMC-nin 12 yanvar 2024-cü il tarixli “arayış”ından görünür ki, 2023-cü ilin iyul-noyabr ayları ərzində Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-8562/2014 saylı, xx.xx.2014-cü il tarixli icra sənədinə əsasən Təqsirləndirilən şəxs əmək haqqından ümumilikdə 1368.5 manat pul tutulmuşdur. 29 yanvar 2024-cü il tarixdə icra məmuru tərəfindən həmin icra sənədinin borclu Təqsirləndirilən şəxs əmək haqqına yönəldilməsi üçün vəzifəli şəxs X4 göndərilmişdir. Məktubda Bayramovun xx.xx.2024-cü il tarixdə 4771 manat aliment borcu olması qeyd olunmuşdur. “sübutların qiymətləndirilməsi haqqında” 13 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 306.1-ci maddəsi ilə nəzərdə tutulmuş ittihamın elan edilməsi, iş üzrə zərərçəkmiş şəxs və şahid ifadələrinin, habelə icra işinin bütün icra sənədlərinin sübut növü kimi qiymətləndirilməməsi qərara alınmışdır (i.v. 73-78); Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X3 haqqında Avropa Konvensiyasının 5.1-ci maddəsinə əsasən “Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır.” İnsan Hüquqlarının və X3 haqqında Avropa Konvensiyasının 6.2-ci maddəsinə əsasən “Cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir.” Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, zərəçəkmiş şəxsin mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətmə- iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. “Azərbaycan Respublikası CM-nin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CMnin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Başqa bir Qərarında isə Konstitusiya Məhkəməsinin Plenumu göstərmişdir ki, hüquq normalarının dəqiqliyi, aydınlığı, birmənalılığının ümumhüquqi meyarları hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipindən irəli gəlir (Konstitusiyanın 25-ci maddəsinin İ hissəsi). Belə ki, bu cür bərabərlik normaların bütün hüquqtətbiqedicilər tərəfindən yalnız vahid anlaşılması və şərhi nəticəsində mümkündür. Əksinə, hüquq normalarının məzmununun qeyri-müəyyənliyi hüquq tətbiqetmə prosesində hədsiz (qeyriməhdud) mülahizələrə və özbaşınalığa gətirib çıxarar. Bununla da bərabərlik, qanunun aliliyi prinsipi pozulmuş olar. Hər bir cinayət, habelə onun törədilməsinə görə cinayət məsuliyyəti qanunda dəqiq müəyyən olunmalıdır. Hər kəs müvafiq normanın məzmunundan çıxış edərək öz hərəkətlərinin (hərəkətsizliyinin) cinayət-hüquqi nəticələrini qabaqcadan görmək imkanına malik olmalıdır (“Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli qərar). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 306.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli Qərarında qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsinə yol verməməlidirlər. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəmə hüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Həmin Məcəllənin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən Azərbaycan Respublikası məhkəmələrinin fəaliyyəti yalnız ədalət mühakiməsinin və qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada məhkəmə nəzarətinin həyata keçirilməsinə yönəldilmişdir. Məhkəmələr ədalət mühakiməsini həyata keçirərkən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyət formasından asılı olmayaraq bütün müəssisə, idarə və təşkilatların, siyasi partiyaların, ictimai birliklərin, digər hüquqi şəxslərin hüquqlarını və qanuni mənafelərini hər cür qəsdlərdən və qanun pozuntularından müdafiə edir, Konstitusiyada və bu Qanunda nəzərdə tutulmuş digər vəzifələri həyata keçirirlər. Həmin Qanunun 5-ci maddəsinə əsasən, məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Avropa Məhkəməsinin qərarında qeyd edilir ki, məhkəmə qərarının icrasının gecikdirilməsinə xüsusi hallarda haqq qazandırıla bilər. Amma bu gecikdirmə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ilə qorunan hüququn mahiyyətinə xələl gətirməməlidir (Burdov Rusiyaya qarşı iş üzrə 7 may 2002-ci il tarixli Qərar, §35). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin şərh edilməsinə dair» xx.xx.2012ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin Plenumu hesab etmişdir ki, Azərbaycan Respublikası CM-nın 306-cı maddəsində nəzərdə tutulmuş cinayət tərkibi məhkəmə aktını icra etməməsinə görə Azərbaycan Respublikası İXM-nın müvafiq maddəsi ilə inzibati məsuliyyətə cəlb edildikdən sonra şəxs tərəfindən həmin icra sənədinin yenidən qərəzli olaraq icra edilmədiyi hallarda yaranır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası məhkəməyə müraciət etmək hüququnun tərkib hissəsi olmaqla xüsusi önəm daşıyır. Belə ki, məhkəmə qərarının vaxtında və düzgün icra olunmaması bütövlükdə məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini səmərəsiz və qəbul olunmuş qərarı əhəmiyyətsiz edir. Konstitusiya və beynəlxalq hüquq aktlarının tələblərinə görə ədalət mühakiməsi məhkəmə qərarlarının effektiv icrası nəticəsində hüquqların səmərəli şəkildə bərpa olunmasını təmin etməlidir. (Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair” 2015-ci il 2 sentyabr tarixli Qərarı). Konstitusiya Məhkəməsi Plenumunun 2012-ci il 2 oktyabr tarixli Qərarında qeyd edilmişdir ki, məhkəmə aktlarının qərəzli icra edilməməsini məhkəmə qərarında nəzərdə tutulmuş tələblərin həmin qərarda müəyyən edilmiş müddət ərzində icra edilməməsi, borcluya məhkəmə qərarının icra edilməməsi haqqında dəfələrlə rəsmi xəbərdarlıq edilməsi, borclunun məhkəmə qərarını icra etməməsinə görə inzibati məsuliyyətə cəlb edilməsi, borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlərin görülməməsi və borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması hallarında müəyyən etmək olar. AR Konstitusiyasının 17.2-ci maddəsinə görə uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. AR Ailə Məcəlləsinin 75.1-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Göründüyü kimi həm Ali qanunvericilik aktında, o cümlədən “Ailə Məcəlləsində” uşaqları saxlamaq valideynlərin hüququ kimi yox məhz vəzifəsi kimi təsbit edilmiş və bir öhdəlik kimi bu vəzifənin icrası valideynlərin üzərinə qoyulmuşdur. Eyni zamanda həmin öhdəlikərin icrasından yayınma və icra etməmə kimi hallara dövlətin nəzarət etməli olduğu təsbit edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, himayəsində 02 azyaşlı övladının olmasını, yığılmış aliment borcundan qismən ödənişlər etməsini CM-nin 59.1.4, 59.1.14 və 59.2-ci maddələrinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmədə Təqsirləndirilən şəxs əməlini ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə cəza təyini, xüsusən cəzanın növünün və müddətinin müəyyən edilməsi zamanı Təqsirləndirilən şəxs icra sənədi üzrə yığılmış aliment borcunun miqdarını, həmin aliment borcunundan məhkəmə istintaqı dövründə qismən ödəniş etməsini, cəzasını yüngülləşdirən halları - xüsusən himayəsində 02 azyaşlı övladının olmasını, ağırlaşdıran halların olmamasını, onun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, törətmiş olduğu cinayətə tənqidi münasibətini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır və hesab edir ki, təqsirləndirilən şəxsi cəmiyyətdən tam təcrid etmədən yaşayış yeri üzrə nəzarət altında saxlanılmaqla cəzanın məqsədlərinə çatmaq mümkündür. CM-nin 306.1-ci maddəsinin sanksiyasında 5 növ cəza, yəni cərimə, ictimai işlər, islah işləri cəzası, azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulduğundan, məhkəmə təqsirləndirilən şəxsə həmin alternativ cəzalardan azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsini qanunauyğun və ədalətli hesab edir. Həmin məcəllənin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə qeyd edir ki, indiki halda daha ciddi cəzanın təyin edilməsinin müzakirə olunması üçün əsaslar yoxdur. Çünki “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003-cü il tarixli qərarının 3-cü bəndinə əsasən bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədilmiş cinayətlərdə, residivə görə cinayətdə təqsirli bilinən şəxsə cəza təyin edilərkən, əgər bu əlamətlər cinayətin tövsifedici əlamətləri deyildirsə və qanuna görə cəzanı yüngülləşdirici hallar müəyyən edilməmişdirsə, məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə cinayətkarın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq təqsirkar şəxs barədə qanunla nəzərdə tutulmuş daha ciddi cəza təyini barədə məsələni müzakirə etməlidir. Bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Beləliklə, ilk növbədə sanksiyada nəzərdə tutulmuş alternativ cəzalardan ciddi növdə cəzanın təyin edilməsi üçün Plenum Qərarının 3-cü bəndində nəzərdə tutulmuş ağırlaşdırıcı halların olması, yüngülləşdirici halların olmaması vacibdir. Ağırlaşdırıcı hallar yoxdursa, ilk növbədə daha ciddi cəzanın təyin edilməsi məsələsinin müzakirəsi Cinayət Məcəlləsinin vəzifələrini təmin etməməklə, ədalətlilik və qanunçuluq prinsipinə əməl etməməklə, CM-nin Ümumi hissəsinin müddəalarını nəzərə almamaqla nəticələnər. Plenum Qərarının 3-cü bəndində də müəyyən edildiyi kimi böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət üzrə əgər ağırlaşdırıcı hallar yoxdursa, onda məhkəmə yalnız cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə cinayətkarın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq ilk növbədə təqsirkar şəxs barədə qanunla nəzərdə tutulmuş daha ciddi cəza təyini barədə məsələni müzakirə etməsi də CM-nin cəza təyin etməklə bağlı ümumi hissəsinin müddəalarına uyğun olmaz. Çünki həm hazırkı işin halları, yəni ağırlaşdırıcı halların olmaması, yüngülləşdirici halların olması, həm də Ali Məhkəmənin Plenumunun yuxarıda qeyd edilən qərarına, CM-nin cəza təyin etməklə bağlı ümumi hissəsinin müddəalarına əsasən təqsirləndirilən şəxs barədə ilk növbədə yüngül cəza növünün təyini məsələsini müzakirə etməyi vacib edir. Bu qeyd edilən halların mövcudluğu, həmçinin Plenum Qərarının 2 və 3-ü bəndində qeyd edilənlər nəzərə alınaraq, daha ciddi cəzanın, yəni azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi üçün hökmdə əsaslandırılma da aparıla bilmir. Çünki azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi üçün ixtiyari bir əsaslandırma, yəni qanundan kənar əsaslandırma deyil, qanuni əsaslandırma, bunun üçün isə CM-nin ümumi hissəsindəki müəyyən edilmiş hallar, həmçinin Plenum Qərarının 2 və 3-cü bəndlərində müəyyən edilmiş, nəzərə alınmalı hallar üzrə əsaslandırılma aparılmalıdır. Hazırkı iş üzrə təqsirləndirilən şəxsə münasibətdə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi üçün həmin əsaslar mövcud deyildir. Hazırkı cinayət işi üzrə istinad olunan Cinayət Məcəlləsinin maddəsinin sanksiyasında alternativ cəza nəzərdə tutulduğundan, məhkəmə Cinayət Məcəlləsinin vəzifələrini təmin etmək üçün, ədalətlilik və qanunçuluq prinsipinə əməl etmək üçün, CMnin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, CM-nin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəzanı tətbiq etmədən, təqsirləndirilən şəxsə azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Belə olan məhkəmə hesab edir ki, daha ciddi cəzanın təyin edilməsi üçün əsaslar yoxdur. Eyni zamanda azadlıqdan məhrumetmə cəzasının təyin edildiyi təqdirdə, həmin cəzanın çəkildiyi dövrdə qətnamənin icrası birmənalı olaraq mümkünsüz olacaqdır. Həmçinin məhkəmə nəzərə alır ki, hazırkı iş üzrə icra edilməyən qətnamə pul məbləği ilə əlaqədar olduğundan, pul məbləğini ödəyə bilməyən şəxsin cərimə cəzasına məhkum edilməsi lüzumsuz olar. Bu eyni zamanda maddənin sanksiyasında nəzərdə tutulmuş ən yüngül cəza olduğundan şəxsin islah olunması üçün heç bir effektiv təsiri olmayacaqdır. Bundan əlavə məhkəmə hesab edir ki, şəxs barəsində yuxarıda qeyd edildiyi kimi daha ciddi cəzanın təyin edilməsi üçün əsaslar da olmadığından, belə bir vəziyyətdə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməsi dövründə qətnaməni icra etməsinə də maneə olmadığından, bu cəzanın icrası ilə həm cəzasını çəkməsinə, həm də qətnamənin icrasına nail oluna bildiyindən, bütün qeyd edilənlərə əsasən məhkəmə bu növdə cəzanın təyin edilməsini qanunauyğun və ədalətli hesab edir. Bununla da cəzanın məqsədlərinə də nail oluna bilər. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-nin 306.1-ci maddəsi ilə təqsirli bilinməli, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - ünvan 1 ünvanında çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində elektron nəzarət vasitəsi tətbiq edilməli, cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 04:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Sumqayıt və Bakı şəhərinin o cümlədən Abşeron rayonunun ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqana məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, əlavə olaraq kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalıdır. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilməlidir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmiş, hüquqlarının müdafiəsi üçün Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 25 (iyirmi beş) iş saatı məsrəf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi 150 (bir yüz əlli) manat məbləğində pul ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs həmin məcəllənin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirli bilinsin və o, 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Cəza çəkilməsi müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 23:00-dan növbəti gün, saat 04:00-dək yaşadığı ünvan 1 ünvanını tərk etməmək, Sumqayıt və Bakı şəhərinin və Abşeron rayonunun hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cinayət işi üzrə mülki iddia, məhkəmə xərcləri və maddi sübut yoxdur. Təqsirləndirilən şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardım ödəməkdən azad edilsin. Vəkil Müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardıma görə 150 (bir yüz əlli) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Ramiz Quliyev
Məhkəmə qərarları › İş №1(060)-86/2024
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-86/2024
12.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver